Məhkəmə qərarları › İş №e-2(011)-4554/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4554/2022

20.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4554/2022 20.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh üzərinə MERCEDES BENZ C180 markalı **-ZY-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçının sahibliyinə verilməsi öhdəliyinin qoyulması və Cavabdeh iddiaçıya dəymiş ziyana görə 5000 (beş min) manat real zərər, 9 aylıq icarə haqqının əvəzi kimi 4500 (dörd min beş yüz) manat, 2000 (iki min) manat mənəvi zərər və 150 (bir yüz əlli) manat dövlət rüsumu olmaqla ümumilikdə 11650 (on bir min altı yüz əlli) manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixli məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi M.S.Əliyeva iddia ərizəsinin iddiaçının gəlməməsi səbəbindən baxılmamış saxlanması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarı ilə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında edilmiş dəyişikliyə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1-259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, iddiaçı göstərilən tarixdə məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmədiyindən və cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, xx.xx.2022-ci il tarixdə məhkəmə elektron qaydada daxil olmuş Vəkil tərəfindən verilmiş “hazırlıq iclasının təxirə salınması” barədə ərizəyə münasibətdə isə hesab edir ki, həmin ərizə məhkəmə tərəfindən nəzərə alına bilməz. Belə ki, iş materiallarından görünür ki, Vəkil səlahiyyətlərini təsdiq edən sənədlər (etibarnamə və vəkil orderi) ərizəyə və ya iş materiallarına əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 66-cı maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində mülki prosesdə vəkil kimi Azərbaycan Respublikasında müəyyən olunmuş qaydada səlahiyyəti təsdiq olunmuş vəkillər iştirak edirlər. Həmin Məcəllənin 69.1-1.-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən, nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Həmçinin iş materiallarından görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə 150 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlandığından ödənilmiş dövlət rüsumu da qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “maddi və mənəvi zərərin əvəzinin ödənilməsi və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə ödənilmiş 150 (yüz əlli) manat dövlət rüsumu qaytarılsın. Qərardaddan, rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar