Məhkəmə qərarları › İş №e-2(011)-464/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-464/2021

02.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-464/2021 02.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh, Müstəqil tələb irəli sürən üçüncü şəxs X1, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənlməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsindən çıxarılması və həmin sahənin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 900 manat pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanda yerləşən 97,9 kv.m. qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Cavabdeh həmin qeyri-yaşayış sahəsinin 11,5 kv.m. sahəsini zəbt etmişdir və hazırda orada dərzi kimi fəaliyyət göstərir. Cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilmiş və həmin sahəni boşaltması tələb olunmuşdur. Lakin cavabdehin imtina etmiş, iddiaçını hədələmişdir. İmtinasını isə belə əsaslandırmışdır ki, sözügedən qeyri-yaşayış sahəsi İddiaçı deyil, başqa şəxsə X2 məxsusdur və cavabdeh sözügedən sahəni Tərahim Abbasovdan icarəyə götürmüşdür. Sözügedən qeyri-yaşayış sahəsi heç vaxt Tərahim Abbasov adlı şəxsə məxsus olmamışdır. İddiaçı həmin qeyri-yaşayış sahəsini xx xxxx 2002-ci il tarixdə qanunvericiliyə uyğun olaraq satın almışdır. Bu barəddə iddiaçının adına 001951 saylı Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması barədə şəhadətnamə verilmişdir. Qeyd edilən ünvanda yerləşən digər qeyri-yaşayış sahələri də iddiaçı tərəfindən özəlləşdirilmiş və xx xxx 2019-cu ildə iddiaçının həmin sahələr üzərində mülkiyyət hüququnu təsdiqləyən vahid Çıxarış verilmişdir. İddiaçının xüsusi mülkiyyət hüququ pozulmaqdadır. Çünki cavabdehin həmin qeyri-yaşayış sahəsi üzərində heç bir hüququ yoxdur. Tərəflər arasında hər hansı müqavilə də bağlanmamışdır. Cavabdeh özü həmin sahəni Tərahim Abbasov adlı şəxsdən aylıq 450 manat məbləğində icarəyə götürdüyünü etiraf edir. Avqust və sentyabr ayı üçün bu məbləğ 900 manat təşkil edir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılması və həmin sahənin cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməsi, cavabdehdən iddiaçının xeyrinə 3.600 manat pul tutulması və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehə aid edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi üçün xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxs X1 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil cavabdeh İddiaçı qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx xxx 2019-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi, çıxarışın alınması zamanı korrupsiya halına yol vermiş şəxslərin məsuliyyət məsələsinə baxılması üçün iş üzrə Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinə göndərilməsi üçün xüsusi qərardad çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx xxxxx 2021-ci il tarixli 2(011)-464/2021 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “qeyri-yaşayış sahəsinin boşaldılması və zərərin əvəzinin ödənilməsi” barədə ilkin, Cavabdeh İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” barədə qarşılıqlı iddiasına, müstəqil tələb irəli sürən üçüncü şəxs X1 İddiaçı qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair 2(011)-464/2021 saylı mülki iş üzrə icraata qarşılıqlı iddia tələbinə dair və müstəqil tələb irəli sürən üçüncü şəxsin iddia tələbinə dair hissələrdə xitam verilməsi qərara alınmışdır. Məhkəmə iclasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında Cavabdeh iddia tələbinə etiraz edərək, onun rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında müstəqil tələb irəli sürən üçüncü şəxs X3, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, ünvan 1 ünvanda yerləşən qeyriyaşayış sahəsi İddiaçı məxsusdur. xx xxxx 2002-ci il tarixdə Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən İddiaçı qeyri-yaşayış sahəsinin üzərində sahiblik hüququ təsdiqləyən şəhadətnamə verilmişdir. xx xxx 2019-cu il tarixdə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən iddiaçının adına çıxarış verilmişdir. Azərbaycan Respublikası MM-nin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının mülkiyyətindədir. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı mübahisəli qeyriyaşayış sahəsinin mülkiyyətçisi olduğundan o, öz mülahizəsinə görə mübahisəli qeyri-yaşayış sahəsinə dair sahiblik, istifadə, sərəncam hüququna malikdir. Lakin cavabdehin mübahisəli qeyriyaşayış sahəsini könüllü olaraq boşaltmaması nəticəsində iddiaçı göstərilən hüquqlarını həyata keçirə bilməmişdir. Odur ki, İddiaçı mübahisəli qeyri-yaşayış sahəsinin mülkiyyətçisi olduğundan o, öz əmlakı olan həmin qeyri-yaşayış sahəsinin boşaldılmaqla ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respubikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qeyd edilən hissədə təmin edilməlidir. Belə ki, Akimovanın Azərbaycana qarşı işində “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən edən Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolunun 1-ci maddəsinin birinci hissəsindəki “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı olmamaqla əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət” kimi qiymətləndirilə bilər. Avropa Məhkəməsi istinad edilən işində bir daha xatırlatmışdır ki, mülkiyyət hüququnu təmin edən 1 saylı Protokolunun 1-ci maddəsi üç müxtəlif qaydanı ehtiva edir: birinci abzasın birinci cümləsində təsbit olunan birinci qayda ümumi xarakterlidir və mülkiyyətdən maneəsiz istifadə prinsipini bəyan edir; birinci abzasın ikinci cümləsində təsbit olunan ikinci qayda mülkiyyətdən məhrum edilməni əhatə edir və onu müəyyən şərtlərdən asılı edir; ikinci abzasda bəyan edilən üçüncu qayda təsdiq edir ki, Razılığa gələn Yüksək Tərəflər ümumi maraqlara müvafiq olaraq digər tədbirlərlə yanaşı, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək hüququna malikdirlər. İkinci və üçüncü qaydalar mülkiyyətdən maneəsiz istifadə hüququna müdaxilə misalları ilə bağlı olduğundan, birinci qaydada bəyan edilən ümumi prinsip baxımından şərh edilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Konstitusiyası, qanunları və digər normativ hüquqi aktları ilə yanaşı Beynəlxalq Konvensiyalar da mülkiyyət hüququna həddindən artıq əhəmiyyət verirlər. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdehin bu qeyri-yaşayış sahəsini qanunsuz zəbt etməsi iddiaçının mülkiyyət hüququnu məhdudlaşdıran hal olduğundan iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin sahə cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Məhkəmə iddia tələbinin 3.600 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsini araşdıraraq belə hesab edir ki, iddia tələbi həmin hissədə rədd edilməlidir. Belə ki, iddiaçı hazırkı iş üzrə cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsinə istinad etmiş, ona dəyən zərərin əvəzində cavabdehdən pul vəsaiti tələb etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinin tələbinə görə, zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış dayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iclasında iddiaçı izahatında cavabdehin sözügedən qeyri-yaşayış sahəsini aylıq 450 manat müqabilində icarəyə götürdüyünü qeyd etsə də, həmin halları təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edə bilməmiş, ona dəyən ziyan işin hər hansı halı ilə müəyyən edilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən, belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin sahə cavabdehin hesabına boşaldılaraq iddiaçıya təhvil verilməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, cavabdehdən 30 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsindən çıxarılsın və həmin sahə cavabdehin hesabına boşaldılaraq İddiaçı təhvil verilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar