Məhkəmə qərarları › İş №e-2(011)-4682/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4682/2022

23.09.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4682/2022 23.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ömürlük istifadə hüququnun itirilməsi və mülkiyyət hüququ” tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ömürlük istifadə hüququnun itirilməsi və mülkiyyət hüququ” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə, məhkəməyə çağırılsa da, lakin onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İddiadan görünür ki, iddiaçı ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 1 otağında olan X2 xx.xx.2020-ci ildə öldüyü üçün 3 otaqlı mənzilin 1 otağından ömürlük istifadə hüququnun ləğv edilməsi və mənzilə mülkiyyət hüququnun İddiaçı verilməsini xahiş edir. Məhkəmə hesab edir ki, mövcud iddia tələblərinə mülki məhkəmə icraatı qaydasında məhkəmədə baxılmalı olmadığından, iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iddianın ünvan 1 ünvanında yerləşən 3 otaqlı mənzilin 1 otağında olan X1 xx.xx.2020-ci ildə öldüyü üçün 3 otaqlı mənzilin 1 otağından ömürlük istifadə hüququnun ləğv edilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ölmüş şəxsin hər hansı əmlakdan istifadə hüququ olmur və həmin hissədə mübahisə yoxdur. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, qeyd edilən hissədə mübahisə olmadığından, həmin tələb məhkəmədə baxılmalı deyildir. Məhkəmə həmçinin iddianın “mənzilə mülkiyyət hüququnun İddiaçı verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, hazırkı tələblə ilk növbədə müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti olan inzibati orqana müraciət etməli və sonuncu belə aktı qəbul etməkdən imtina etdikdə isə, həmin imtinanı inzibati məhkəmədə mübahisələndirmək hüququna malikdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, məhkəmə iş üzrə icraata xitam verilməsi haqqında qərardad çıxarır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 136 saylı, xx.xx.2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”ında inzibati orqanların siyahısı verilmişdir. Həmin siyahıda Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti inzibati orqan kimi göstərilmişdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 5.1-ci bəndində göstərilir ki, inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Qeyd edilən qərarın 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia tələbi inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olduğundan, mövcud iddia tələbinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, iddia tələbləri üzrə icraata xitam verilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “ömürlük istifadə hüququnun itirilməsi və mülkiyyət hüququ” tələbi barədə iddiasına dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, Azərbaycan Respublikası MPM-in 262.4-cü maddəsinə əsasən iş üzrə icraata xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan tərəflərə rəsmi qaydada təqdim edildiyi (verildiyi) tarixdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar