Məhkəmə qərarları › İş №e-2(011)-4799/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-4799/2023

16.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-4799/2023 16.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abdullayeva Aynur Aydın qızı – İddiaçı qızının iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh ilə X2, X4, "xxxx" QSC, X1, X3, X7 və X5 aralarında bağlanmış alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin bağlanması və ümumi sahənin təhvil verilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. İddia tələbindən görünür ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, Sayan şossesi, 172 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanması və ümumi sahənin ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının bu iddia tələbi müstəsna aidiyyətə görə iddia predmeti olan daşınmaz əmlakın yerləşdiyi Səbail rayonu ərazisində baxılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən, tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsinə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi əlavə etməmişdir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 8.1-ci maddəsinə görə qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda – 30 manat; iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi; iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda- 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi; iddia qiyməti 100.000 manatdan 1.000.000 manatadək olduqda - 390 manat + 100.000 manatdan yuxarı olan iddia qiymətinin 0,1 faizi; iddia qiyməti 1.000.000 manatdan çox olduqda - 1.290 manat + 1.000.000 manatdan yuxarı olan iddia qiymətinin 0,05 faizi (hər bir halda 50.000 manatdan çox olmamaqla) məbləğdə dövlət rüsumu ödənilir. Belə ki, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh 8.662,0 kv.m sahənin özgəninkiləşdirilməsinə dair 5.630.495,00 (beş milyon altı yüz otuz min dörd yüz doxsan beş) manata alqı-satqı müqaviləsi bağlamaq barədə öhdəlik götürmüşlər. İddia tələbindən görünür ki, iddiaçı həmin alqı-satqı müqaviləsinin bağlanmasını və ümumi sahənin ona təhvil verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.1-ci maddəsinə görə iddianın qiyməti pul vəsaiti alınması haqqındakı iddialarda - alınan məbləğlə müəyyən edilir. Həmin Məcəllənin 112.1.2-ci maddəsinə görə iddianın qiyməti əmlakın tələb edilməsi haqqındakı iddialarda - tələb edilən əmlakın dəyəri ilə müəyyən edilir. İddiaçı iddia tələblərində alqı-satqı müqaviləsinin bağlanmasını və ümumi sahənin təhvil verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb etdiyinə görə, yəni əmlakın tələb edilməsi barədə iddia ilə məhkəməyə müraciət etdiyinə görə onun tərəfindən tələb edilən əmlakın dəyərinə uyğun olaraq dövət rüsumunu hesablamalı və dövlət nəfinə ödənilməlidir. İddiaçı tərəfindən qanunla nəzərdə tutulan məbləğdən az məbləğdə - 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən Məcəllənin 108.3-cü maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddiaçının iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq, qəraraaldı: İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqavilələrinin etibarsız hesab olunması, beh müqaviləsi üzrə alqı-satqı müqaviləsinin bağlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar