Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-5092/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Cavabdeh4 Akif oğlunun nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, iddiası üzrə hər iki cavabdehlə biznes münasibətindədir. Belə ki, 1-ci Cavabdeh3 faizlə pul verdiyindən, lazım olduqda ondan faizə pul götürmüşdür. Nəticə etibarilə ona 21.000 (iyirmi bir min) manat borcu yaranmış və onu qaytara bilməmişdir. 2-ci Cavabdeh4 isə onun biznes şərikidir və aralarında olanlardan xəbərdardır. 1-ci Cavabdeh3 borcunu təyin edilən müddət ərzində qaytara bilmədiyinə görə onun davamlı təkidləri əsasında, borcun təminatı qismində, mülkiyyətində olmaqla ünvan 1 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi ilə bağlı Bakı şəhəri 21 saylı notariat ofisində ona 7 yanvar 2021-ci il tarixdə 7E-212 reyestr nömrəli etibarnamə verməyə məcbur olmuşdur (cavabdehin hüquqdan sui-istifadə etdiyi ona məlum olduqdan sonra həmin etibarnamə ərizəsi əsasında xx.xx.2022-ci il tarixdə ləğv edilmişdir). Aralarındakı razılaşmaya əsasən Cavabdeh3, pulu qaytara bilmədiyi təqdirdə göstərilən daşınmaz əmlakı yalnız onun iştirakı ilə və həmin əmlakın mövcud bazar qiymətindən (yəni 270.000 (iki yüz yetmiş min) manatdan) aşağı olmamaq şərti ilə satıb pulunu götürməli, Azərbaycanda olmadığı halda isə aldığı puldan borcu götürərək qalan hissəni onun xeyrinə banka qoymalı idi. Lakin bu yaxınlarda ona məlum olmuşdur ki, Cavabdeh3, ondan xəlvəti olaraq, yuxarıda göstərilən 21 saylı notariat kontorunda reyestrdə 4Ə-134 № ilə qeyd edilmiş 24 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında mülkiyyətində olan daşınmaz əmlakı onun bazar qiymətindən xeyli aşağı qiymətə, yəni 119.000 (yüz on doqquz min) manat məbləğinə, biznes şəriki olan iddiası üzrə 2-ci Cavabdeh4 satmışdır. Hansı ki, biznes şəriki olan Cavabdeh4, Cavabdeh3 ilə aralarında olan haqq-hesablardan xəbərdar idi və o, qətiyyən gözləmədiyi halda, yəni bütün bunları bilə-bilə müqavilə üzrə alıcı qismində çıxış etmişdir. İddiası üzrə üçüncü şəxs olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən mülkiyyət sənədlərinin (yəni çıxarış və texniki pasportun) tərkib hissəsi olaraq eyni gündə ona verilmiş arayışdan da görünür ki, obyektin hüquqmüəyyənedici sənədlərə əsasən xx.xx.2020-ci il tarixinə bazar dəyəri 270.000 (iki yüz yetmiş min) manat təşkil edir. Göründüyü kimi, mülkiyyətində olan əmlak cavabdehlər tərəfindən açıq-aşkar surətdə yarı qiymətindən də aşağı məbləğə, yəni pis niyyətlə (yalnız özləri üçün fayda götürmək məqsədi ilə) alqı-satqı edilmişdir. Bir sözlə, ona məxsus əmlakın alqı-satqısına dair yuxarıda göstərilən əqd, onun yox, yalnız tərəflərin güddüyü mənafe üçün bağlanmış, onun niyyət və iradəsinə zidd olmuşdur (məlumat üçün qeyd etmişdir ki, hal-hazırda yuxarıda göstərilən qeyri-yaşayış sahəsində tanımadığı şəxslər tərəfindən təmir və yenidənqurma işləri aparılır). İddiaçı göstərilənləri nəzərə alaraq, Mülki Məcəllənin 337 və 339-cü maddələrinə əsasən ünvan 2 ünvanda yerləşən və ümumi sahəsi 185.0 kv.m olan qeyri-yaşayış sahəsi barədə cavabdehlər Cavabdeh3 və Cavabdeh4 arasında bağlanaraq 21 saylı notariat kontorunda reyestrdə 4Ə-1340 № ilə qeyd edilmiş 24 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi, tərəflərin əvvəlki vəziyyətə qaytarılması, habelə göstərilən əmlak üzərində onun mülkiyyət hüququnun bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh4 Akif oğlunun nümayəndəsi Vəkil2 cavabdehə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə yanaşı, iddia ərizəsinə etiraz ərizəsi təqdim edərək, göstərmişdir ki, iddiaçı iddia ərizəsində Alqı-satqı müqaviləsinin iddiaçı ilə öz nümayəndəsi arasında olan borc münasibətləri ilə əlaqəli olduğu qeyd edilərək müqavilənin etibarsız olduğunu əsaslandırmağa çalışır. Həmin hala münasibətdə bildirmişdir ki, uydurma əsasdır, buna dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı əmlakın bazar dəyərindən aşağı satıldığını əsas gətirərək müqavilənin etibarsız olduğunu əsaslandırmağa çalışır. Belə ki, DƏDRX tərəfindən verilmiş xx.xx.2020ci il tarixli arayışa əsasən əmlakın dəyəri 270.000 AZN təşkil etsə də, xx.xx.2021-ci il tarixdə alqı-satqı müqaviləsi 119.000 AZN-də bağlanmışdır. Həmin hala münasibətdə isə nümayəndə bildirmişdir ki, əvvəla qanunun və analoji əsaslandırma üzrə KM mövqeyinə görə də, «qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Bundan başqa bu mövqeyi ilə iddiaçı məhkəməni aldatmağa, ədaləti çaşdırmağa çalışır. Belə ki, iddiaçı əmlakın bazar dəyəri barədə arayışa istinad etsə də, əmlakın faktiki əldə edilmə məbləği barədə hər hansı məlumatı, sənədi məhkəməyə təqdim etməmişdir. Həmin sənədi cavabdeh olaraq məhkəməyə təqdim edərək, qeyd etmişdir ki, həmin müqavilədən göründüyü kimi İddiaçı sahəsi 192 m2 qeyd edilən həmin əmlakı "xxxx" MMC-dən xx.xx.2019- cu il tarixdə 153 600 AZN-ə (1 m2 – 800 AZN) əldə etmişdir. Eyni zamanda "xxxx" MMC-də əmlakların bir neçə nəfərə satılma faktı, həmin faktın mətbuatda geniş işıqlanması həmin binada əmlakın dəyərinə əhəmiyyətli dərəcədə təsir etmiş və heç kim həmin binadan əmlak almaq istəmir. Belə ki, "xxxx" MMC-nin təsisçisi (İctimai TV sədri İsmayıl Ömərovun qardaşı Ələsgər Ömərov) və direktoru (Ali Məhkəmə hakimi Fərhad Kərimovun qardaşı Mahir Kərimov) qeyd edilən binadan əmlakların bir neçə nəfərə satılması ilə əlaqədar istintaqa cəlb edilmişlər, Ə.Ömərov istintaq dövründə vəfat etmiş, Mahir Kərimov barəsində isə hökm çıxmışdır. İddiaçı xx.xx.2021-ci il tarixli etibarnaməni verməyə digər Cavabdeh3 tərəfindən məcbur edildiyini, əmlakı satmaq niyyətinin olmamasını, həmin etibarnaməni 1 il 1 ay sonra ləğv etdiyini bildirmişdir. İddiaçı hansı formada məcbur edildiyini əsaslandırmamışdır. Eyni zamanda məcbur edilibsə 1 il 1 aydan sonra niyə ləğv edib ki?! Etibarnaməni 1 gün sonra da ləğv edə bilərdi. Alqı-satqı müqaviləsi isə etibarnamə veriləndən 10 ay sonra bağlanmış, bu vaxta qədər etibarnaməni ləğv etmək üçün kifayət qədər vaxtı olmuşdur. İddiaçı əmlakı satmaq niyyətinin olmamasını bildirmişdir. İddiaçı əmlakı satmaq üçün könüllü etibarnamə verməsi, əmlakın sənədlərinin cavabdehə özü təqdim etməsi, bu müddət ərzində verdiyi etibarnaməni ləğv etməməsi, eyni zamanda həyat yoldaşının da həmin əmlakı satmaq barədə notarial qaydada yazılı razılıq verməsi iddiaçının bu dediklərinin həqiqət olmamasının açıq göstəricisidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Göründüyü kimi müqavilənin etibarsız hesab edilməsi, iddianın təmin edilməsi üçün hər hansı əsas yoxdur. Nümayəndə göstərilənləri nəzərə alaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İş üzrə İddiaçı, digər Cavabdeh3, eyni zamanda üçüncü şəxslər Bakı şəhəri 21 saylı Notariat Ofisi və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər, lakin Bakı şəhəri 21 saylı Notariat Ofisi məktubla məhkəməyə müraciət edərək, məhkəmə iclasına iştirakları olmadan baxılmasını xahiş etmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə iddiaçı və digər cavabdehin, həmçinin üçüncü şəxslərin və ya onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edib sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 27 oktyabr 2020-ci il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan AN-İ seriyalı, ******* №-li, 24 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən, ümumi sahəsi 185 kv/m olan qeyri-yaşayış sahəsinə dair daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Qeyri-yaşayış sahəsi 119000 manata satılmış, həmin müqavilə İddiaçı əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. İş materiallarında olan X1 tərəfindən verilmiş və Bakı şəhəri 21 saylı notariat ofisi tərəfindən təsdiqlənmiş ərizənin surətindən görünür ki, X1 Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binasının satılmasına etiraz etməmişdir. İş materiallarında olan AR-İİ seriyalı, 215693 №-li etibarnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Etibar edən İddiaçı tərəfindən etibar edilən Cavabdeh3 etibarnamə verilmişdir. Etibarnamə üzrə İddiaçı tərəfindən verilən səlahiyyətlər: Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasən ona məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binası üzərində məhdudiyyət və yüklülük olub-olmaması barədə arayışı, Forma 2 arayışı almağı, satmağı, bağışlamağı, dəyişməyi, notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməy etibar edilir; Etibarnamə 19 il müddətinə verilmiş və 07 yanvar 2040-cı il tarixədək qüvvədədir. İş materiallarında olan Daşınmaz əmlakın real bazar münasibətlərinə uyğun dəyərinin müəyyənləşdirilməsinə dair arayışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən qeyri-yaşayış sahəsinin 21 oktyabr 2020-ci il tarixinə bazar dəyəri 270000 manat təşkil etmişdir. İş materiallarında olan "xxxx" MMC-si tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən və ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin 24 noyabr 2021-ci il tarixə bazar qiyməti 157250 manat, 25 noyabr 2022-ci il tarixə isə bazar qiyməti 185000 manat təşkil etmişdir. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edibetməməsi məsələlərini araşdırılmalıdır. İddia irəli sürməyə imkan verən subyektiv mülki hüququn mövcudluğu məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız olardı. Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə) 152.1-ci maddəsinə görə mülkiyyət hüququ—subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. (Mülki Məcəllənin 337.1-ci maddəsi) Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.2-ci maddəsi) Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. (Mülki Məcəllənin 337.4-cü maddəsi) Şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. (Mülki Məcəllənin 339.2-ci maddəsi) Aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdi mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. (Mülki Məcəllənin 339.3-cü maddəsi) Azərbaycan Respublikası Mülki Məcəllənin 389.1-ci maddəsi müəyyən edir ki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Müqavilə azadlığı prinsipini müəyyən edən 390.1-ci maddə bəyan edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni məcəllənin 89-cu maddəsinin tələbinə görə yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Faks, elektron və ya digər rabitə vasitəsi ilə, yaxud sair üsulla əldə edilmiş materiallar məhkəmə tərəfindən o şərtlə yazılı sübut kimi qəbul edilə bilər ki, həmin sənədlərin həqiqiliyini müəyyən etmək mümkün olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 10 mart 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, «Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2019cu il tarixli qərarındakı mübahisəli mənzilin bazar dəyərindən ucuz qiymətə satılmasına dair qeydi ilə bağlı isə vurğulanmalıdır ki, qanunvericilik baxımından satıcının satış qiymətini özü üçün müəyyənləşdirmək azadlığı vardır.» Həmin qərarda məhkəmə vurğulamışdır ki, Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki qərarlarında da formalaşdırdığı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 2010-cu il 25 oktyabr tarixli Qərarı). Mülki Məcəllənin 140-cı maddəsi, eləcə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsində dövlət reyestrinin açıqlığı prinsipindən irəli gələrək daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası öz əksini tapmışdır. Belə ki, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Belə hüquqi akta ictimai güvənin və etimadın təmin edilməsi üçün daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası qəbul edilmişdir. Bu prezumpsiyaya əsasən, dövlət orqanının həyata keçirdiyi reyestrə və verdiyi hüquqi aktın məzmununa inanaraq əşya üzərində hüquqlar əldə edən vicdanlı üçüncü şəxslərin hüquqları dövlət tərəfindən qorunur (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 18 iyul tarixli Qərarı). Mülki Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Məhkəmə qeyd edilmiş maddi və prosessual hüquq normalarına əsaslanaraq, mülki işdə olan sübutları qiymətləndirərək, belə qənaətə gəlir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən təmin edilməməlidir. Belə ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, hazırki iş üzrə İddiaçı tərəfindən 07 yanvar 2021-ci il tarixdə Bakı şəhəri 21 saylı notariat ofisində hazırki iş üzrə Cavabdeh3 Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli, 301 nömrəli reyestr kitabının 28589 nömrəli vərəqində qeydiyyata alınmış, ********** qeydiyyat nömrəsi olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət Reyestrindən Çıxarışa əsasən İddiaçı məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış binası üzərində bir sıra səlahiyyətlərlə yanaşı, satmağı, bağışlamağı, dəyişməyi, notariat ofisində müqavilə bağlamağı, pulu banka qoymağı, pulunu almağı, bütün bank əməliyyatları aparmağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar adından ərizə verməyi və digər hərəkətləri etməyi etibar etmiş, həmin qeyri-yaşayış sahəsinə dair satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında AN-İ seriyalı, ******* №-li, 24 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmış, qeyri-yaşayış sahəsi 119000 manata satılmış, həmin müqavilə İddiaçı əvəzinə Cavabdeh3 tərəfindən imzalanmışdır. Hazırda iddiaçı mülkiyyətində olan daşınmaz əmlakının bazar qiymətindən xeyli aşağı qiymətə, yəni 119.000 (yüz on doqquz min) manat məbləğinə satılması ilə bağlı bağlanmış əqdin etibarsız olmasını, xx.xx.2021-ci il tarixli etibarnaməni verməyə digər Cavabdeh3 tərəfindən məcbur edildiyini, əmlakı satmaq niyyətinin olmamasını, həmin etibarnaməni 1 il 1 ay sonra ləğv etdiyini bildirsə də, məhkəmə tərəfindən həmin halın araşdırılması məqsədilə mütəxəssis rəyinin alınması zəruri hesab edilmiş və "xxxx" MMC-si tərəfindən verilmiş 25 noyabr 2022-ci il tarixli mütəxəssis rəyinə əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 26A ünvanında yerləşən və ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinin 24 noyabr 2021-ci il tarixə, yəni müqavilə bağlanan tarixə bazar qiymətinin 157250 manat olması müəyyən edilmişdir. Eyni zamanda iddiaçı həmin etibarnaməni verməyə hansı formada məcbur edildiyini iddia ərizəsində əsaslandırmamış, alqı-satqı müqaviləsi isə etibarnamə veriləndən 10 ay sonra bağlanmış, həmin vaxta qədər etibarnaməni ləğv etmək üçün iddiaçının kifayət qədər vaxtı olmuşdur. Sözügedən daşınmaz əmlakın iddiaçı tərəfindən satılmaq niyyətinin olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı əmlakı satmaq üçün könüllü etibarnamə vermiş, əmlakın sənədləri onun tərəfindən cavabdehə təqdim edilmiş, həyat yoldaşının da həmin əmlakı satmaq barədə notarial qaydada yazılı razılıq verməsi iddiaçının bu dediklərinin həqiqət olmamasına dəlalət etdiyinin göstəricisidir. Göstərilənləri nəzərə alaraq, məhkəmə hesab edir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh4 arasında ünvan 3 ünvanında yerləşən və ümumi sahəsi 185 kv.m olan qeyri-yaşayış sahəsinə dair bağlanmış AN-İ seriyalı, ******* №-li, 24 noyabr 2021-ci il tarixli daşınmaz əmlakın alqısatqı müqaviləsinin etibarsız sayılması ilə bağlı əsaslar mövcud olmadığından iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə uyğun olaraq məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə görə isə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddiaçı cavabdehlər Cavabdeh3, Cavabdeh4 qarşı Bakı şəhəri 21 saylı Notariat Ofisinin və Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin də üçüncü şəxs qismində cəlb olunduqları “alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-5092/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-5092/2022
26.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver