Məhkəmə qərarları › İş №e-2(011)-6166/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6166/2022

15.11.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6166/2022 15.11.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə. İddiaçı Babək "xxxx" ASC-nin Cavabdeh qarşı “ödənilmiş məbləğin reqres qaydada tutulması tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Babək "xxxx" ASC Cavabdeh qarşı “ödənilmiş məbləğin reqres qaydada tutulması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 5000 manat məbləğində pul vəsaitinin tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 477/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-nin cavabdehlər Cavabdeh və Babək "xxxx" ASC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” iddiası qismən təmin edilmiş, cavabdeh Babək "xxxx" ASC-dən 5000 manat məbləğində pul vəsaitinin və 30.40 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. Həmin qətnamədə Babək "xxxx" ASC-yə qətnamə ilə tutulmuş məbləği ödədikdən sonra regres qaydasında Cavabdeh qarşı həmin məbləğin tutulmasına dair iddia qaldırmaq hüququ izah edilmişdir. Qətnamə üzrə Babək "xxxx" ASC tərəfindən 5000 manat tam olaraq ödənilmiş və icra işi üzrə icraata xitam verilmişdir. Bundan sonra cavabdehə həmin məbləği ödəməsi üçün müraciət etsə də, bun günə qədər hər hansı ödəniş edilməmişdir. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, 2016-cı ildə Babək "xxxx" ASCdə sürücü kimi fəaliyyətə başlamışdır. Sözügedən yol-nəqliyyat hadisəsi xx.xx.2017-ci il tarixdə baş vermiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən, Babək "xxxx" ASC-dən 5000 manat tutularaq, "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmişdir. 5000 manat şirkət tərəfindən sığortaçıya ödənilmiş və həmçinin onun maaşından 600 manat pul da tutulmuşdur. 2018-ci ildə Babək "xxxx" ASC-dən çıxmışdır. Hətta törədilmiş qəzaya görə əlavə borcu qaldığına görə, son haqq-hesabı da ona verməmişdirlər. 2018-ci ildən sözügedən şirkətdə işləmir, taksi fəaliyyəti ilə məşğuldur. Niyə bu müddət ərzində şirkət nə mənə, nədə ki, məhkəməyə ərizə ilə müraciət etməyib? Hesab edir ki, iddiaçı iddia müddətini ötürərək məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən, iddia müddətini tədbiq etməklə, iddia ərizəsinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında çıxış edən Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia ərizəsinə etirazın məzmununa uyğun izahat verdi və iddia müddətini tədbiq etməklə, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. İş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC cavabdehlər Cavabdeh və Babək "xxxx" ASC-yə qarşı “subroqasiya tələbinin təmin edilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5000 manat sığorta ödənişi məbləğinin və 30,40 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamə ilə iddia qismən təmin edilmiş, cavabdeh Babək "xxxx" ASC-dən 5000 manat məbləğində pul vəsaitinin və 30.40 manat dövlət rüsumu tutularaq, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi qət edilmiş, həmçinin, Babək "xxxx" ASC-yə qətnamə ilə tutulmuş məbləği ödədikdən sonra regress qaydasında Cavabdeh qarşı həmin məbləğin tutulmasına dair iddia qaldırmaq hüququ izah edilmişdir. Naxçıvan MR ƏN Babək Rayon İcra və Probasıya şöbəsinin icra məmuru X1 30 09.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarından görünür ki, Bakı Şəhər Xəta Rayon Məhkəməsinin 2(011)-477/2021 nömrəli xx.xx.2021-ci il tarixli icra sənədi uzrə “X3 Azərbaycan" QSC-nin xx.xx.2021-ci il tarixli **********70 və **********71 nömrəli qəbzlərinə əsasən Babək "Sirab” ASC tərəfindən 5030,40 manat miqdarda pul vəsaiti "xxxx" Sığorta Şirkəti ASC-nın hesabına, 100 manat miqdarda pul vəsaiti isə Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmiş və "İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.1.5-cı və 20.2-ci maddələrinə əsasən icra sənədi uzrə icraata xitam verilmişdir. Babək "xxxx" ASC tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan görünür ki, cavabdehə 5 gün ərzində 5130 manat pul vəsaitinin ASC-yə ödənilməsi, əks halda bununla bağlı məhkəmədə iddia qaldırılaraq qeyd olunan məbləğin və həmçinin məhkəmə xərclərinin ondan tələb olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 14-cü maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər, dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqlar və vəzifələr müəyyənləşdirən məhkəmə aktları, qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi, elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması, başqa şəxsə zərər vurulması, əsassız varlanma, fiziki və hüquqi şəxslərin digər hərəkətləri, qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 21.2-ci maddəsinə görə zərər dedikdə hüququ pozulmuş şəxsin hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclərin, əmlakdan məhrum olması, habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər(əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 1114.1-ci maddəsinə görə başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmçinin, məhkəmə Cavabdeh iddia tələbinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci bəndinə əsasən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 377.4-cü maddəsinə görə isə, reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. İş materiallarından göründüyü kimi, Babək "xxxx" ASC tərəfindən öhdəlik xx.xx.2021-ci il tarixdə icra olunmuş, hazırki iddia ərizəsi isə məhkəməyə xx.xx.2022-ci il tarixdə, yəni bir illik iddia müddəti ötürülmədən verilmişdir. Ona görə də, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin ərizəsi əsassız olduğundan təmin oluna bilməz. Beləliklə, məhkəmə iclasında tədqiq olunmuş işin faktiki halları ilə Cavabdeh xx.xx.2015ci il tarixdən xx.xx.2019-cu il tarixədək Babək "xxxx" ASC-də sürücü vəzifəsində işləməsi, xx.xx.2017-ci il tarixdə, ASC-yə məxsus “İsuzu NPR 75” markalı, ** AF *** dövlət qeyddiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə edərkən yol-nəqliyyat hadisəsi törətməsi və müvafiq qaydada inzibati məsuliyyətə cəlb edilməsi, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-477/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə Babək "xxxx" ASC-dən 5000 manat məbləğində pul vəsaiti tutularaq, iddiaçı "xxxx" Sığorta Şirkəti ASC-yə ödənilməsi, eyni zamanda Babək "xxxx" ASC-yə qətnamə ilə tutulmuş məbləği ödədikdən sonra regres qaydasında Cavabdeh qarşı həmin məbləğin tutulmasına dair iddia qaldırmaq hüququnun izah olunmasının qət edilməsi, Babək "xxxx" ASC tərəfindən "xxxx" Sığorta Şirkəti ASC-yə xx.xx.2021-ci il tarixdə 5030,40 manat məbləğində pulun ödənilməsi, bununla da, Cavabdeh qarşı reqres qaydasında həmin məbləği tələb etmək hüququnun yaranması müəyyən olunmuşdur. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, 5000 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində pul vəsaiti və 70 (yetmiş) manat dövlət rüsumu tutulub iddiaçı Babək "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar