Məhkəmə qərarları › İş №e-2(011)-6720/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6720/2025

16.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6720/2025 16.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçının Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh 2030 (iki min otuz) manat pulun və dövlət rüsumu kimi ödənilmiş 35.8 (otuz beş manat səksən qəpik) manat məbləğində ümumilikdə 2065.8 (iki min altmış beş manat səksən qəpik) manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İsmayıllı şəhər ərazisində yerləşən “Karat Qızıl” adlanan mağazada qızıl zinət əşyalarının alqı-satışı ilə məşğul olur. xx.xx.2024-cü ildə cavabdeh mağazaya yaxınlaşaraq 08 mart 2024-cü ildə Elay şadlıq sarayında özünə toy mərasimi quracağını və ona qızıl nişan üzüyü, toy dəsti lazım olduğunu bildirmişdir. Söhbət əsasında alınan qızıl zinət əşyalarının dəyərini toydan sonra ödəyəcəyini bildirmişdir. İddiaçı da cavabdehin sözlərinə inanaraq ona 1(bir) ədəd 585 əyyar qadın nişan üzüyü və 1(bir) dəst 585 əyyar briliyant qadın toy dəsti (1 üzük, 1 cüt sırqa, 1 bilərzik, 1 kolye) vermişdir. Qızıl zinət əşyalarının ümumi dəyəri 4000 (dörd min) manat təşkil etmişdir. Müəyyən olunmuş müddətdən sonra iddiaçıya məlum oldu ki, cavabdeh özünə toy etməyib və verdiyi qızıl zinət əşyalarını başqa yerdə satmışdır. Bundan sonra iddiaçı cavabdehdən verdiyi qızıl zinət əşyalarının dəyərini tələb etmişdir. Cavabdeh isə hazırda buna maddi imkanının çatmadığını bildirərək iddiaçıdan müəyyən zaman istəmişdir. 15 mart 2024-cü ildə 2000 (iki min) manat, müxtəlif vaxtlarda cəmi 420 (dörd yüz iyirmi) manat ödəmişdir. Hal hazırda cavabdeh ümumilikdə 2420 ( iki min dörd yüz iyirmi ) manat pul ödəmişdir. İddiaçıdan dəfələrlə zaman istəməsinə baxmayaraq bu günədək pulu tam ödəməmişdir. Sonradan iddiaçı cavabdehə qızıl zinət əşyalarının satıldığı zaman qızılın bazar qiymətinin aşağı olduğunu indi isə qızılın real bazar qiymətinin xeyli yüksəldiyini bildirdi. Borc tam bağlansa belə iddiaçıya qızılın qiymət fərqi xeyli ziyan vurmuşdur. Cavabdeh isə iddiaçıya arada olan fərqi tam şəkildə həmin borcun üstünə gəlməklə ödəyəcəyini bildirmişdir. Cavabdeh evini satıb, pulu ödəyəcəyini bildirsə də sonradan iddiaçıya məlum oldu ki, o evi satıb rayonu tərk etmişdir. Hazırda cavabdehin iddiaçıya 1580 (bir min beş yüz səksən) manat qızıl zinət əşyalarının dəyəri və dəymiş ziyan isə 450 (dörd yüz əlli) manat olmuşdur.Ümumilikdə cavabdehin iddiaçıya 2030 (iki min otuz) manat məbləğdə borcu yaranmışdır Ötən dövr ərzində cavabdehlə telefon vasitəsilə qalan borcun ödənilməsini istəsə də müxtəlif cür bəhanələrlə onu aldatmış, pulu olan kimi borcu qaytaracağını bildirsə də, konkret pulu qaytarmaqdan yayınır. Axır vaxtlar isə etdiyi zənglərə cavab vermir. Belə olan halda iddiaçı məhkəməyə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Hesab edir ki, 2030 (iki min otuz) manat pulu aldatma yolu ilə ələ keçirən Cavabdeh hərəkətlərində cinayət tərkibi vardır. Həmin cinayət bütün hallarda törədilmə üsulundan asılı olmayaraq özgə əmlakına ziyan vurmaqla nəticələnir. Belə ki,Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin CM-178.1-ci maddəsinə əsasən,dələduzluq, etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə əməlidir.Maddədən göründüyü kimi,dələduzluq cinayəti iki üsulla (yolla) həyata keçirilə bilər:etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə etibardan sui-istifadə etmə dedikdə,əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi,bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Qeyd etmək istəyirəm ki,bu əməl üzrə cinayət tərkibi yaranması üçün ələ keçirilən əmlakın və ya əldə edilən əmlak hüquqlarının dəyəri 500 manatdan çox olmalıdır (CM-ya edilmiş yeni dəyişikliklərə əsasən).Ziyan 500 manatdan az olduqda şəxs inzibati məsuliyyətə cəlb olunur. Tərəflərin izahatları: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də o, məhkəmə iclasına gəlməmiş və gəlməməyinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə tədqiq edilmiş sübutlar: “Elektron Məhkəmə” İnformasiya Sistemindən əldə edilmiş əlaqə məlumatlarından görünür ki, 051 *** ** ** mobil nömrəsi Cavabdeh adına qeydə alınmışdır. İş materiallarında olan “whatsapp” tətbiqi çıxarışından görünür ki, iddiaçının cavabdehlə yazışdığı nömrə (ad Rüfət Fətullar kimi qeyd olunub) +994 51 *** ** ** nömrədir. İddiaçının cavabdehlə xx.xx.2025-ci il tarixli “whatsapp” yazışmasından görünür: -Salam Mehman -Yox satmamışam hələ sənə narahat olma -Satan kimi pulunu verəcəm qəpiyinə qədər -1-ci gün gələcəm rayona.Mehman ev satılan kimi pulunu verəcəm.Hələ satılmayıb -Müştəri (mətndə klient yazılıb) gəlib, baxıb ilkin razılaşma var, amma hələ mən burdan ev tapa bilsəm satacam, tapa bilməsəm, yox, satılmayacaq. -1500 borcum var, sənə verəcəm. Mübahisəli hüquq münasibətinə tətbiq edilmiş maddi və prosessual hüquq normaları: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli qərarında göstərmişdir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Məhkəmənin mövqeyi: Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də, iddia qismən təmin edilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, tərəflər arasında olan sms yazışmaya əsasən cavabdehin 1580 manat məbləğində borc yox, 1500 manat borcu qalmışdır. Həmin pulun iddiaçıya yaxın müddətdə qaytarılması barədə razılaşma olmuş, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini lazımı qaydada yerinə yetirməmiş, borc məbləğinin ödənilməsi gecikdirməklə hər hansı bir məbləğdə ödəniş etməmişdir. Cavabdeh dəfələrlə məhkəmə iclasına dəvət edilsə də, məhkəmədə iştirak etməmiş, ona verilmiş pul vəsaitinin qaytarılmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında iddiaçının “whatsapp” tətbiqi vasitəsi ilə cavabdehlə yazışdığı +994 51 *** ** ** nömrənin cavabdehin adına qeydə alındığı müəyyən edilmişdir. Məhkəmə iddia tələbinin dəymiş ziyan olaraq 450 manat məbləğində pulun cavabdehdən tutulması hissəsində əsassız sayır. Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər. Adıçəkilən müddəlara əsasən məhkəmə qeyd edir ki, iddiaçının öhdəliyin gecikdirilməsi üçün bank uçot dərəcəsinə uyğun olaraq faizlər tələb etmək hüququ olmuşdur. Lakin iddiaçı qızılın dəyərinin artıb-azalmasını əsasən gətirərək, 450 manat məbləğində pulun tutulmasını tələb etmişdir. Qeyd edilən pul məbləğinin isə həqiqətən iddiaçıya məhz cavabdehin hərəkətləri nəticəsində ziyan kimi dəydiyi müəyyən edilmir. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, 1500 manat pul Cavabdeh alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbləri qismən təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 35 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 1500 (min beş yüz) manat və 35 (otuz beş) manat dövlət rüsumu məbləğində pul vəsaiti alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar