Məhkəmə qərarları › İş №e-2(011)-6903/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-6903/2025

26.08.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-6903/2025 26.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1, İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, məhkəmə iclasından kənar qaydada baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəmə aidiyyəti üzrə düzgün verilmədiyindən geri qaytarılmalıdır. İş materiallarında olan: “AZEMİS” elektron məhkəmə informasiya sistemindən və Dövlət Vergi Xidmətindən əldə edilmiş çıxarışlardan görünür ki, İddiaçı və Cavabdeh fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxslərdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2. Kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1. aidiyyət qaydalarının pozulmasına yol verilmir. 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Məhkəmənin mövqeyi: İddia ərizəsinə əlavə edilmiş iltizamın məzmunundan görünür ki, Cavabdeh sahibi olduğu "xxxx" MMC-nin maliyyə çətinliyi ilə əlaqədar borc pul aldığını qeyd etmişdir. Beləliklə, tərəflər arasında mübahisə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı münasibətlərdən yaranmışdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxslər (iddiaçı və cavabdeh) arasında onların sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gələn mübahisənin məhkəmə aidiyyatı kommersiya məhkəməsidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1, 152.1.3, 152.1.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. xx.xx.2025-ci il tarixli, ********** nömrəli ödəniş qəbzinə əsasən Hökümət ödəniş portalında və ya AsanPay vasitəsi ilə dövlət rüsumu kimi ödənilmiş 1048,43 manat pul Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Bakı şəhəri Baş Maliyyə İdarəsi tərəfindən İddiaçı qaytarılsın. İddiaçı məhkəmə aidiyyati üzrə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan rəsmi verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Leyla Şövkətli-Mənsimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar