Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-6953/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs 6 saylı Bakı “ASAN Xidmət” X13maqla, “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası - 18 oktyabr 1944-cı il təvəllüdlü X6 25 dekabr 1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizəni müdafiə edərək izahatında bildirdi ki, Ərizəçi xx xxxxxxx 1972-ci ildə Ermənistan, Kalinino rayonu, Qızıl Şəfəq kəndində anadan olmuşdur. Ərizəçinin valideynləri X10 və X4 olmuşdur. Ərizəçinin valideynləri 15 noyabr 1972-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Ərizəçinin atası X10 25 dekabr 1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmişdir. Lakin onun barəsində ölüm haqqında şəhadətnamə alınmamışdır. Belə ki, həmin dövr hamıya da məlum olduğu kimi qarışıq zaman idi. Müharibə ilə əlaqədar ərizəçigilin ailəsi Ermənistan, Kalinino rayonundan Şamaxı rayonu, Kərkənc kəndinə köç etmişdir. Çox böyük əzab əziyyətlə həmin köç baş tutmuşdur, bu çətinliklərə dözməyən X10 25 dekabr 1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmişdir. Ərizəçi də həmin zaman bu səbəbdən atası barəsində ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Daha sonra həmin şəhadətnaməni almaq üçün müraciət etsə də, lakin ala bilməmişdir. 25 fevral 1993-cü il tarixdə Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Başçısının Kərkənc kəndi üzrə nümayəndəliyi tərəfindən tərtib olunmuş arayışda qeyd olunur ki, 25 dekabr 1990-cı il tarixdə X2 rayonu, Kərkənc kəndində vəfat etmişdir. Hazırda ərizəçi anasının adına olan daşınmaz əmlakları özəlləşdirmək istəyərkən, atasının ölüm haqqında şəhadətnaməsi lazım olan sənədlər siyahısında tələb olunmaqdadır. Ərizəçi həmin şəhadətnaməni almaq üçün qeydiyyat orqanına müraciət etsə də, lakin şöbə tərəfindən verilmiş məktubda göstərilmişdir ki, qeydiyyat orqanında ölümün qeydə alınması, ölüm haqqında tibbi şəhadətnamə və ya məhkəmə qətnaməsi əsasında aparılır. Buna görə də ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı 6 saylı Bakı “ASAN Xidmət” X14 məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında xx.xx.1966-cı il təvəllüdlü X17 şahid qismində ifadə verərək bildirmişdir ki, ərizəçinin mərhum atası ilə onun atası əmiuşaqları olmuşlar. Onlarla birlikdə Şamaxı rayonunda yaşamışlar. Ərizəçi ürək xəstəliyindən əziyyət çəkirdi, 25 dekabr 1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmişdir, onun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında xx.xx.1964-cü il təvəllüdlü X5 şahid qismində iştirak edərək bildirdi ki, ərizəçi onun yaxın qohumudur, Vidadi 25 dekabr 1990-cı il tarixdə ona zəng edərək atasının vəfat etdiyini bildirmişdir, ərizəçi və onun ailə üzvləri Şamaxı rayonu, Kərkənc kəndində yaşayırdılar, X6 dəfnində iştirak etmişdir. Onu Şamaxı rayonu, Kərkənc kəndində dəfn etmişlər. Məhkəmə iclasında xx.xx.1952-ci il təvəllüdlü X19 şahid qismində iştirak edərək bildirdi ki, ərizəçi onun qohumudur, onun atası Mahmud Mustafayev uzun müddət idi ki, xəstə idi, ürək ağrılarından əziyyət çəkirdi, xx.xx.1990-cı il tarixdə vəfat etdiyini eşidib və həmin gün dəfndə iştirak etmişdir, mərhumu Şamaxıda dəfn ediblər. İş materiallarında olan 318560 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1972-ci il tarixdə Ermənistan SSRİ, Kalinino rayonunun Qızıl Şəfəq qəsəbəsində anadan olmuşdur, atası X10, anası X3r. İş materiallarında olan 824617 №-li Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X10 xx.xx.1944-cü il tarixdə Ermənistan SSRİ Stepanavan rayonunda anadan olmuşdur. İş materiallarında olan 6 saylı Bakı “ASAN Xidmət” X12 xx.xx.2022-ci il tarixli 05/Q- 516/15 saylı və xx.xx.2024-cü il tarixli 3-16-5/7-M-10511/2024 saylı məktublarından görünür ki, X6 ölüm faktının qeydiyyata alınması barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Ölüm faktını təsdiq edən tibbi sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Qaçqınlar Cəmiyyətinin xx.xx.1990-cı il tarixdə verilmiş 3279 saylı Vəsiqəsindən görünür ki, X10 AQC-nin üzvüdür. İş materiallarında olan xx.xx.1990-cı il tarixli 1743 saylı arayışdan görünür ki, X10 xx.xx.1990-cı il tarixdən Azərbaycan SSRİ Şamaxı rayonu, Kərkənc kəndinin daimi sakinidir. İş materiallarında olan Şamaxı rayon İHB-nın Kərkənc kənd üzrə Nümayəndəliyinin xx.xx.1993-cü il tarixli 661 saylı Arayışdan görünür ki, X1 həyat yoldaşı X10 xx.xx.1990-cı ildə Şamaxı rayonun Kərkənc kəndində vəfat etmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, ərizəçi tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları ilə müəyyən olunmuşdur ki, 18 oktyabr 1944-cı il təvəllüdlü X10 25 dekabr 1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində vəfat etmişdir, ərizəçi mərhumun oğludur, o ölüm faktını təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktını müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. “Hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında“ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, xx.xx.1944-cü il təvəllüdlü vətəndaş X6 xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində ölüm faktı müəyyən edilməlidir. Məhkəmə, dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ödənilmiş 100 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun xx.xx.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1944-cü il təvəllüdlü vətəndaş X6 xx.xx.1990-cı il tarixdə Şamaxı rayonu, Kərkənc kəndində ölüm faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №e-2(011)-6953/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-6953/2024
06.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver