Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7676/2025 18.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Mehtiyeva Nailə Amur qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbinə dair iddia ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:
1. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2023-cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Nexia” markalı, 77PV231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. İş materiallarında olan TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərara və İXP seriyalı ******* saylı xx.xx.2023-ci il tarixli inzibati xəta haqqında protokola əsasən, hadisənin baş verməsində “Chevrolet Nexia” markalı, 77PV231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Cavabdeh İXM-nin 332.1, 327.2-ci maddələri ilə təqsirli bilinmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlarda da bu fakt təsdiq olunur.
2. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun (İSB) çıxarışından, həmçinin xx.xx.2024-cü il tarixli ödəniş aktından və digər sığorta tələbinə aid sənədlərdən görünür ki, zərərçəkən “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı "xxxx" ASC-də avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanmışdır. Azərbaycan Respublikası Mərkəzi X2 25/2 nömrəli, xx.xx.2022-ci il tarixli qərarına əsasən “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” qaydaya uyğun olaraq zərərçəkənin idarə etdiyi “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan "xxxx" ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirmə aktına uyğun olaraq zərərlə bağlı yaranmış 1285 (bir min iki yüz səksən beş) manat sığorta ödənişini iş materiallarına əlavə edilmiş № 239 saylı xx.xx.2023-cü il tarixli ödəniş tapşırığına və № ZBT140658/23 saylı ödəniş aktına əsasən zərərçəkənə ödəmişdir. Belə ki, iş materiallarında olan zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair “Yekun qüsur aktı”-dan da göründüyü kimi “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 1285 (bir min iki yüz səksən beş) AZN məbləğində zərər dəymişdir.
3. İddia ərizəsinə əlavə olunmuş subroqasiya tələblərinin reyestrindən görünür ki, nettinqin nəticələrinə əsasən 1285 AZN (bir min iki yüz səksən beş manat) məbləğində pulun ödənilməsi tələbi "xxxx" ASC tərəfindən İddiaçı Sığorta Şirkəti ASC qarşısında irəli sürülmüşdür. İş materiallarına əlavə edilmiş İcbari Sığorta Bürosunun çıxarışından və sığorta tələbinə aid sənədlərdən görünür ki, yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Nexia” markalı, 77PV231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari avtoməsuliyyət sığortası "xxxx" Şirkəti ASC-də sığortalanmışdır. Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Nexia” markalı, 77PV231 qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin icbari sığorta növü üzrə məsuliyyətini sığortalamış sığortaçısı olan İddiaçı Sığorta Şirkəti ASC “Yolnəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair” (ZBT) qaydaya və iştirakçılar arasında keçirilmiş nettinqin nəticələrinə əsasən dəymiş zərərlə bağlı 1285 AZN (bir min iki yüz səksən beş manat) məbləğində sığorta ödənişi müvafiq qaydada "xxxx" ASC-ə ödəmişdir. xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh müvafiq etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdehlə yazılı (pretenziya) müraciət olunsa və əlaqə yaradılsa da ödəniş edilməmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 1285 AZN (bir min iki yüz səksən beş manat) məbləğində sığorta ödənişi subroqasiya qaydasında qanunvericilikdə nəzərdə tutulmuş qaydada cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır.
İddiaçının tələbi:
4. Cavabdeh “Toyota Corola” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1285 AZN (bir min iki yüz səksən beş manat) məbləğində sığorta ödənişi, iddianın qaldırılması üçün ödənilmiş 32.85 (otuz iki manat səksən beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) qəpik xidmət haqqının İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin etirazı:
5. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz və digər sənədlər təqdim edilməmişdir.
Tərəflərin izahatı:
6. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir.
7. xx.xx.2025-ci il tarixində məhkəmə iclasında iştirak edən Cavabdeh öz izahatında bidlirmişdir ki, iddia tələbini qəbul edir.
İş materiallarına əlavə edilmiş sənədlər:
8. Yol nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli ZBT140658/23 saylı ödəniş aktı
9. Yekun akta əsasən, Cavabdeh “Toyota Corola” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 1285 (bir min iki yüz səksən beş) manat ödənilmişdir.
10. xx.xx.2023-cü il tarixli, 239 №-li ödəniş tapşırığına əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən X1 63510 manat məbləğində pul vəsaiti köçürülmüşdür.
11. xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokola əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir.
12. İnzibati tənbeh vermə haqqında TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli Qərara əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir, onun barəsində 60 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilmişdir.
13. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışa əsasən, xx.xx.2023-cü il tarixində saat 10:30-da yol-nəqliyyat hadisəsi baş vermişdir.
14. İddiaçı Sığorta Şirkəti ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilmiş 1285 manat məbləğində sığorta ödənişini 10 iş günü ərzində İddiaçı Sığorta Şirkəti ASC-nin bank hesabına ödənilməsini xahiş etmişdir. Qeyd olunan tarixədək həmin vəsaitin ödənilməyəcəyi təqdirdə məhkəmə qaydasında tələb irəli sürüləcəyi və bu zaman müvafiq məhkəmə xərclərinin də əlavə olaraq tələb olunacağı bildirilmişdir.
15. Digər sənədlər.
Tətbiq edilən hüquq:
16. Azərbaycan Respublikası Mülki Məcəlləsi (MM): 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir; 936.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar üfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər; 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
17. ''Sığorta haqqında'' Azərbaycan Respublikası Qanunu: 37.1. Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya reqres qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.
18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu: 22.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 25.1. Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ aşağıda göstərilən hallarda yaranır: 25.1.3. icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 25.2. Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. 25.4. Bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. 33.1. Kompensasiya ödənişi bu ödənişi tələb etmək hüququna malik olan şəxsin həmin ödənişin verilməsinə əsas olan hadisə barədə məhkəmənin qanuni qüvvəyə minmiş yekun qərarından sonra Büroya təqdim etdiyi yazılı müraciəti əsasında ödənilir. 32.4. Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 56.1. Üçüncü şəxsə dəyə bilən zərərə görə avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına dair standart və sərhəd sığorta müqavilələri üzrə sığorta məbləğləri aşağıdakı kimi müəyyən edilir: 56.1.2. üçüncü şəxslərin əmlakına dəyən zərər üzrə 5000 manat. 56.2. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta müqaviləsi üzrə sığorta məbləğləri müvafiq sığorta ödənişlərinin həyata keçirilməsindən asılı olmayaraq, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişmir. 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 63.3. Bu Qanunun 32.1.2-ci və 32.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda kompensasiya ödənişi həyata keçirdikdə, zərərçəkənin ona vurulmuş zərərə görə məsuliyyət daşıyan şəxs qarşısındakı tələb hüququ həmin ödəniş həcmində Büroya keçir.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi (İXM): 327.2. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə – yüz manat məbləğində cərimə edilir. 332.1. Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə – qırx manat məbləğində cərimə edilir.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il Qərarı: Mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; - əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; - törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; - zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. Beləliklə, mülki qanunvericiliyin normalarını pozan əməli təqsirli olaraq törətmiş şəxs həmin hüquq pozuntusu (delikt) nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti daşıyır.
Məhkəmənin mövqeyi:
22. Məhkəmə mülki iş üzrə tərəfin izahını, iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.
23. Məhkəmə ilk növbədə iddiaçının suyektiv hüququnun olub-olmamasını araşdıraraq hesab edir ki, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul” tələbi irəli irəli sürməyə haqlıdır. Belə ki, “İcbari sığortalar haqqında” Qanunun 32.4-cü maddəsinə əsasən, Büro bu Qanunun 25.4-cü və 63.3-cü maddələrində nəzərdə tutulmuş subroqasiya hüququnun həyata keçirilməsi ilə bağlı sığortaçılara aid bütün hüquqlarından istifadə edir. Həmin Qanunun 32.1.1-ci maddəsinə əsasən, sığortaçı müvafiq icbari sığorta müqavilələri üzrə sağlamlığa və (və ya) əmlaka dəyən zərərlə bağlı öhdəliklərini ödəmə qabiliyyətinin olmamasına görə yerinə yetirə bilmədikdə Büro tərəfindən kompensasiya ödənişi verilir. Qanunun 25.4-cü maddəsinə əsasən, bu Qanunun 32.1.1-ci maddəsində nəzərdə tutulmuş halda kompensasiya ödənişi həyata keçirildikdə, müvafiq icbari sığorta müqaviləsi üzrə faydalanan şəxsin sığortaçı və ya müvafiq hallarda sığortaçının ləğvetmə komissiyası qarşısındakı tələb hüququ verilmiş kompensasiya ödənişi həcmində bu Qanunun 27-ci maddəsində nəzərdə tutulmuş İcbari Sığorta Bürosuna keçir. (§18)
24. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Cavabdeh tərəfindən idarə olunan “Chevrolet Nexia” markalı, 77PV231 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Toyota Corolla” markalı, 99TL022 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə vurulmuş ziyan üzrə 1285 manat sığorta ödənişi həyata keçirilmişdir. (§8,9)
25. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, sözügedən yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli İXP ******* saylı “İnzibati xəta haqqında” Protokola əsasən, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.2 (svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi) və 332.1-ci maddəsində (nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsi) nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. (§11)
26. Məhkəmə qeyd edir ki, “İcbari Sığortalar haqqında” Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. (§18)
27. Mülki Məcəllənin subroqasiya hüquqi ilə bağlı müddəaların mənasından da görünür ki, subroqasiya hüququ zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı irəli sürülən tələbdir. Bu hüququn yaranması üçün sığorta hadisəsinin baş verməsi və zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi əsas şərtdir. İş materialları ilə iddiaçının subroqasiya hüququnun yaranması müəyyən edilir. Birinci şərt, yəni, sığorta hadisəsinin baş verməsidir ki, bu sığorta obyektinə dəymiş zərərlə bağlıdır. Yuxarıda qeyd edilənlərə əsasən, sığorta obyektinə zərərin dəyməsi öz təsdiqini tapır. İkinci şərtin, yəni zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsi də mülki iş materialları ilə təsdiq edilir. (§16)
28. Beləliklə, qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməli və Cavabdeh 1285 (min iki yüz səksən beş manat) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir.
Məhkəmə xərcləri:
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
30. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,85 (otuz iki manat səksən beş qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
32. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İddia təmin edilsin.
2. Cavabdeh 1285 (min iki yüz səksən beş manat) manat pul məbləği tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.
3. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 32,85 (otuz iki manat səksən beş qəpik) manat pul vəsaiti Cavabdeh tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Samirə Eyvazova