Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-7858/2023 26.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:
1. İddiaçı ilə cavabdeh 12. 01.2010-cu il tarixdə nikaha daxil olmuşlar və onların nikahı eyni tarixdə Bakı Xətai rayonu Qeydiyyat şöbəsində 24 nömrə ilə qeydiyyata alınmışdır. Tərəflərin birgə nikahından iki övladları – xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)-5820/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahın pozulması qət edilmişdir.
3. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişi ilə birgə nikahlarından doğulmuş uşaların iddiaçının yanında saxlanılması, maraqlı şəxsin hət həftənin şənbə günü uşaqlarla ünsiyyətdə olması, maraqlı şəxsdən yetkinlik yaşına çatmayan uşaların saxlanması üçün maraqlı şəxs hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat alimentin tutulması barədə tərəflər razılığa gəlmişlər.
4. Maraqlı şəxs Barışıq sazişində nəzərdə tutulmuş alimenti ərizəçiyə ödəmir.
Ərizənin və ona etirazın dəlilləri:
a) Ərizənin dəlilləri
5. Ərizəçi Maraqlı şəxslə aralarında mediasiyada bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin məcburi icrsı üçün təsdiq edilməsi və maraqlı şəxsdən xx.xx.2010-cu il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün "xxxx" KB ASC-nin “Leo” kartı (4098 5844 6002 4407 saylı plastik kart) vasitəsilə hər uşağa görə 300 manat olmaqla, cəmi 600 manat alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
6. Ərizəçi ərizəsində qeyd etmişdır ki, o, maraqlı tərəf ilə xx.xx.2010-ci ildə rəsmi nikaha girib ailə qurmuşdur. Birgə nikahdan iki övladı doğulmuşdur. Nikahın ləğvi barədə ərizə verməyinin səbəbi xasiyyətinin tutmaması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə nikah dövründə heç bir əsaslı səbəb olmadan aralarındakı münasibətlər kəskinləşmişdir. Xasiyyətininin tutmaması səbəbindən ailə münasibətləri dağılmışdır. Ailə münasibətlərinin bərpa olunması mümkün deyildir. Artıq bir xeyli müddətdir ki, nikahı formal xarakter daşıyır, barışıb bir ailə kimi yaşamaqları mümkün deyil. Bu səbəbdən aralarında olan rəsmi nikahın pozulması üçün məhkəməyə müraciət etmişdir. Hazırda iş Xətai rayon məhkəməsinin icraatındadır. Qanunvericiliyin tələbinə əsasən məhkəmədən öncə mediasiya prosesi keçmiş və Bakı 16 saylı mediasiya təşkilatında xx.xx.2023 -cü il tarixli, MŞB/16-001149 saylı barışıq sazişi bağlanmışdır. Sazişin şərtlərinə görə hər iki tərəf məhkəmə müstəvisində vaxt verilmədən aralarında olan rəsmi nikahın pozulmasına razıdır. Cavabdeh tərəf uşaqların ananın yanında saxlanılmasına etiraz etmir. Ana uşaqlarla atanın ünsiyyətinə maneçilik törətməyəcək. Maraqlı şəxssdən uşaqların saxlanılması üçün hər ay "xxxx"ın Leo kartına 4098 5844 6002 4407 saylı plastik kart vasitəsilə hər uşağa görə 300 manat cəmi 600 manat aliment məbləğinin ödənilməsini üzərinə götürmüşdür. Hazırda cavabdeh mediasiya sazişinin bağlanmasından xeyli müddət ötməsinə baxmayaraq öhdəliyini icra etmir və müxtəlif bəhanələrlə aliment ödəməkdən yayınır. Aliment məbləği barışıq sazişi bağlandığı vaxtdan yəni xx.xx.2023-cü il tarixdən tutulmağa başlanmalıdır.
b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:
7. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
8. Ərizəçi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi.
9. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəllləsi:
10. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.
11. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
Azərbaycan Respublikası Ailə Məcəlləsi:
12. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
13. Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
15. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
16. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
17. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.
19. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.
20. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.
“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu
21. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.
22. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.
İşə baxan məhkəmənin mövqeyi:
23. Məhkəmə ərizəçinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır.
24. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq uşağın saxlanılması üçün alimentin vaxtında ödənilməməsi işin mübahisəsiz halıdır.
25. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.
26. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər. Barışıq sazişinin 3-cü bəndində maraqlı şəxsin ərizəçiyə xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay cəmi 600 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürməsi nəzərdə tutulmuşdur.
27. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin həmin bəndi ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 2-ci bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin 2-ci bəndinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.
28. Şərh edilənlər əsasında məhkəmə hesab edir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişinin 2-ci bəndi qanunvericiliyə uyğun olduğundan, onun təsdiq edilməsinə imkan verməyən əsaslar olmadığından və maraqlı şəxs onun icrasından imtina etdiyindən həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir.
29. Lakin məhkəmə qeyd edir ki, ərizəçi alimentin xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmasını xahiş etsə də, məhkəmə qeyd edir ki, barışıq sazişində alimentin məhz xx.xx.2023-cü il tarixdən başlayaraq tutulması qeyd edilməmişdir. Lakin məhkəmə hesab edir ki, alimentin hesablanması barışıq sazişinin bağlandığı tarixdən, yəni xx.xx.2023-cü il tarixdən başlayaraq hesablanmalıdır.
30. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişinin 2-ci bəndi təsdiq edilsin:
1. Maraqlı şəxs Ərizəçi xx.xx.2023-cü il tarixdən başlayaraq övladları xx.xx.2010-cu il təvəllüdlü X3 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək hər ay hər uşaq üçün 300 manat olmaqla, cəmi 600 manat məbləğində alimenti ödəməyi öhdəsinə götürür. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı