Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8206/2023 04.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “mediasiya prossesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. İşin halları:
1. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2022-ci il tarixdə borc müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1-ci maddəsinə əsasən bu müqaviləyə görə “Borc verən” 500.000 manat məbləğində pulu bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə qaytarılmaq şərtilə “Borc alan”-a verməyi, “Borc alan” həmin pulu qəbul edib bu müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə “Borc verən”-ə qaytarmağı öhdəsinə götürmüşdür. Bununla bağlı olaraq ərizəçi tərəfindən maraqlı şəxsə 500.000 manat pul verilmişdir. Maraqlı şəxs pulun qəbulu ilə bağlı xx.xx.2022-ci il tarixdə qəbzə də imza çəkmişdir. Həmin məbləğdən 50.000 manatı ödənilsə də, 450.000 manat borc ödənilməmiş olaraq qalmışdır.
2. İlkin olaraq Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət olunmuşdur. Mediasiya təşkilatında məsələyə baxılan zaman Maraqlı şəxs Ərizəçi xx.xx.2022-ci il tarixdə borc müqaviləsinə görə ödənilməmiş 450.000 pul məbləğinin 10 gün müddətinə ödəməsini öz öhdəsinə götürmüş və bununla bağlı olaraq Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli MŞB/6-0575 saylı Barışıq sazişi imzalandı. Hal-hazırda barışıq sazişində qeyd olun könüllü şəkildə icra olunma üçün nəzərdə tutulmuş 10 təqvim günü müddəti ötmüşdür və bu müddət ərzində Maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəlik icra edilməmişdir.
Ərizəçinin tələbi:
3. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0575 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin şərtləri aşağıdakı kimi müəyyən edilsin: Tərəflər aşağıdakı məzmunda razılığa gəlir: Maraqlı şəxs 450.000 manat məbləğində pulu Ərizəçi ödəməyi öhdəsinə götürür.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişi üzrə öhdəliyini qəbul etdiyini bildirmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Ərizəçinin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, onun iştirakı olmadan mülki işə baxılmasını və ərizəçinin tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxışı iclasının özünün iştirakı olmadan keçirilərək qətnamə qəbul edilməyini məhkəmədən xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Ərizəçi tərəfindən Maraqlı şəxs göndərilmiş, xx.xx.2023-cü il tarixli bildirişə əsasən, Bakı 6 saylı Mediasiya Təşkilatında xx.xx.2023-cü il tarixli MŞB/6-0575 saylı Barışıq sazişi imzalanmışdır. Saziş tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişində qeyd olunan könüllü şəkildə icra olunma üçün nəzərdə tutulmuş 10 təqvim günü müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi 2 gün ərzində icra olunmadığı təqdirdə, ərizə ilə Bakı şəhəri Xətai Rayon məhkəməsinə müraciət ediləcəyi bildirilmişdir.
8. Bakı 6 saylı mediasiya təşkilatında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinə əsasən tərəflər mübahisə ilə bağlı məsələnin barışıq yolu ilə həll edilməsi barədə razılığa gəlirlər, o cümlədən, ikinci tərəf kimi çıxış edən Maraqlı şəxs birinci tərəf kimi çıxış edən Ərizəçi xx.xx.2022-ci il tarixli Borc müqaviləsinə görə ödənilməli olan 450.000 (dörd yüz əlli min) manat pul məbləğini 10 (on) gün müddətində ödəməyi öz öhdəsinə götürür.
9. MŞB/6-0575 nömrəli, xx.xx.2023-cü il tarixli Mediasiya Xidmətlərinin Göstərilməsi barədə müqavilə.
Tətbiq edilən hüquq:
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu: 25.1. Tərəflərin qarşılıqlı razılaşması ilə həlli mümkün olan istənilən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla) mediasiya vasitəsilə həll oluna bilər. 34.1. barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla).
Məhkəmənin mövqeyi:
12. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
13. Məhkəmə yuxarıda istinad edilən qanunvericilik normalarını nəzərə alaraq və işdə iştirak edən şəxslər tərəfindən imzalanmış xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin müddəalarını təhlil edərək belə qənaətə gəlir ki, Barışıq Sazişinin təsdiq edilməsindən imtina üçün Mülki-Prosessual Məcəllənin 355-26.1-ci maddəsində göstərilən hallar mövcud deyil. Belə olan halda, Maraqlı şəxs Barışıq Sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə Barışıq Sazişi məhkəmə tərəfindən təsdiq edilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri:
14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 9-cu bəndinə əsasən Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə, o cümlədən xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin 9-cu bəndinə əsasən maraqlı şəxsdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
15. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 305, 355-23-355-26 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. Ərizəçi (birinci tərəf) və Maraqlı şəxs (ikinci tərəf) arasında bağlanmış xx.xx.2023-cü il tarixli MŞB/6-0575 nömrəli Barışıq Sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Maraqlı şəxs 450.000 (dörd yüz əlli min) manat məbləğində pulu Ərizəçi 10 gün müddətində ödəməyi öhdəsinə götürür.
3. Ərizənin verilməsinə görə 100 (yüz) manat dövlət rüsumunun əvəzi Maraqlı şəxs tutularaq dövlət nəfinə ödənilsin.
4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Samirə Eyvazova