Məhkəmə qərarları › İş №e-2(011)-8566/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №e-2(011)-8566/2023

23.11.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(011)-8566/2023 23.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə Ərizəçi maraqlı şəxs "xxxx" QSC-yə qarşı barışıq sazişinin təsdiq edilməsi tələbi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Tərəflər arasında xx.xx.2023-cü il tarixdə mediasiyada barışıq sazişi bağlanılmışdır. Barışıq sazişinin 1-ci bəndinə əsasən ərizəçiyə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab kimi vergi və bütün icbari tutulmalar çıxılmaqla 4200 manat ödəməyi öhdəsinə götürmüşdür. Sazişin 2-ci bəndinə əsasən tərəflər razılaşmışlar ki, ödəniş xx.xx.2023-cü il tarixdən başlamaqla 4 ay müddətinə hər ay 1050 manat olmaqla hiss-hissə ödənilməlidir.

2. Maraqlı şəxs Barışıq sazişinin şərtlərini qismən icra edərək, xx.xx.2023-cü il tarixi üzrə ödənilməli olan ödənişi etmiş, sonrakı tarixlər üzrə ödəniş edilməmişdir.

Ərizənin və ona etirazın dəlilləri:

a) Ərizənin dəlilləri

3. Ərizəçi ödənilmiş 100 manat dövlət rüsumunun, 300 manat hüquqi yardım üçün xidmət haqqının maraqlı şəxsdən tutulması və barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

4. Ərizəçi ərizəsində qeyd etmişdır ki, xx.xx.2023-cü il tarixdə ərizəçinin nümayəndəsi Nümayəndə və maraqlı şəxsin direktoru X1 arasında son haqq-hesabın ödənilməsi barədə imzalanmış barışıq sazişi 18 saylı Mediasiya Təşkilatı tərəfindən təsdiq edilmişdir. xx.xx.2023-cü il tarixli Barışıq Sazişinin imzalanmasından 4 ay müddət keçməsinə baxmayaraq maraqlı şəxs Barışıq Sazişində qeyd olunan öhdəliyini yerinə yetirməmişdir. İndiyə qədər sadəcə xx.xx.2023-cü il tarixdə 1050 azn ərizəçiyə ödənilmişdir. Qalan məbləğin ödənilməsini isə müxtəlif vədlərlə (şirkətin maliyə vəziyyəti, şəxsi səhhəti ilə bağlı problemlər və s.) uzadaraq uzun zaman keçməsinə baxmayaraq ümumiyyətlə ödəməmişdir.

b) Maraqlı şəxsin iddia ərizəsinə etirazının dəlilləri:

5. Maraqlı şəxs məhkəməyə yazılı etirazını təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. Ərizəçinin vəkili və nümayəndəsi məhkəmə baxışında ərizəyə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, maraqlı şəxs tərəfindən iyul ayı üzrə ödəniş edilmişdir.

7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikasının Mülki Məcəllləsi:

8. Maddə 881.1 Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər.

9. Maddə 881.2 Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

10. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

11. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

14. Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

15. Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

16. Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

“Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

17. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır.

18. Maddə 34.2 Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur.

İşə baxan məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən əsaslıdır.

20. Tərəflər arasında barışıq sazişinin bağlanması, sazişin şərtlərinə uyğun olaraq son haqq-hesab kimi ərizəçiyə ödənilməli olan pul vəsaitinin hissə-hissə olmaqla 4 ay müddətinə ödənilməsi barədə razılıq əldə olunması, maraqlı şəxs tərəfindən barışıq sazişinin şərtlərinin tam icra edilməməsi işin mübahisəsiz halıdır.

21. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

22. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.

23. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olduğundan və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin 1-ci və 2-ci bəndini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1-ci və ona bağlı olan 2-ci bəndi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin təsdiq edilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmuşdur.

24. Lakin məhkəmə qeyd edir ki, ərizəçi barışıq sazişinin təsdiq edilməsini xahiş etsə də, ərizə qismən təmin edilərək avqust, sentyabr, oktyabr ayları üzrə maraqlı şəxs tərəfindən ərizəçiyə ödənilməli olan pul vəsaitinin tutulması ilə bağlı barışıq sazişi təsdiq edilməlidir. Belə ki, ərizəçinin vəkili və nümayəndəsi məhkəmə baxışı zamanı izahatında bildirdi ki, maraqlı şəxs tərəfindən xx.xx.2023-cü il tarixi üzrə ödənilməli olan 1050 manat məbləğində pul vəsaiti maraqlı şəxs tərəfindən ödənilmişdir.

25. Məhkəmə həmçinin hesab edir ki, ərizə hüquqi yardım üçün ödənilmiş 300 manat məbləğində pul vəsaitinin və ödənilmiş 100 manat məbəğində dövlət rüsumunun tutulması hissəsində də əsaslıdır.

26. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş terminalından çıxarılmış qəbzdən görünür ki, iddiaçı 19 saylı vəkil bürosuna 300 manat məbləğində hüquqi xidmət xərci ödəmişdir. Həmçinin, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

27. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 355-25-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

Ərizə qismən təmin edilsin. Ərizəçi ilə "xxxx" QSC arasında xx.xx.2023-cü il tarixdə bağlanmış aşağıdakı məzmunlu Barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:

1. "xxxx" QSC Ərizəçi onun əmək əmək müqaviləsinə xitam verilməsi ilə bağlı son haqq-hesab kimi vergi və bütün icbari tutulmalar çıxılmaqla 3150 manat ödəməyi öhdəsinə götürür.

2. Ödəniş ABB bankında iddiaçının adına açılmış (İBAN:AZ39İBAZ******************** hesabına bağlı olan **********308459 saylı bank kartı) cari əmək haqqı hesabına ödəniləcək.

3. Bu Sazişinin 2-ci bəndi üzrə ödəniş göstərilən qrafikə uyğun olmadan gecikdirilərək ödənilərsə, "xxxx" QSC hər gecikdirilmiş gün üçün ödənilməli olan məbləğin 1%-i miqdarında dəbbə ödməyi öhdəsinə götürür.

4. "xxxx" QSC bu Saziş üzrə öhdəliyini vaxtında və tam yerinə yetirmədiyi halda barışıq sazişinin şərtlərinin təsdiq edilməsi üçün məhkəməyə müraciət edəcəyini bəyan edir və buna cavabdeh etiraz etmir. Bu halda gecikdirilən məbləğ üçün dəbbə bu Sazişin icra olunduğu günədək hesablanacaq və Saziş üzrə ödənilməli olan məbləği birdəfəlik və tam olaraq Ərizəçi ödəniləcək. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar