Məhkəmə qərarları › İş №e-2(012)-1288/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1288/2024

25.01.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1288/2024 25.01.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında bağlanmış nikahın pozulması, uşağın ana himayəsində qalması, aliment tələbi və uşaqlarla ünsiyyət barədə barışıq sazişinin hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin nağd formada ona hər ayın 15-nə qədər ödəməsi hissəsində Cavabdeh tərəfindən məcburi icra olunması üçün təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Nümayəndə ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli Barışıq Sazişinin 3-cü və 4-cü bəndinin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2022-ci il tarixdə ərizəçi İddiaçı ilə maraqlı şəxs Cavabdeh arasında Bakı şəhəri 14 saylı Mediasiya Təşkilatında nikahın pozulması, uşağın ana himayəsində qalması, aliment tələbi və uşaqlarla ünsiyyətin müəyyən olunması barədə mediasiya prosesi keçirilmişdir. Mediasiya prosesi nəticəsində Cavabdeh ilə aralarında aşağıdakılar barəsində razılıq əldə olunmuş və barışıq sazişi bağlanmışdır: 1. Birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 və xx.xx.2018-ci ilə təvəllüdlü X2 ana İddiaçı himayəsində saxlanması; 2. Ata Cavabdeh övladları — xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 10:00-16:00 radələrində ana İddiaçı yaşadığı evdə iştirakı olmadan görüşməsi; 3. Ata Cavabdeh hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin nağd formada ana İddiaçı hər ayın 15-nə qədər ödəməsi; 4. Alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanması. İddiaçı ilə Cavabdeh arasındakı nikaha xitam verilsə də maraqlı şəxs Cavabdeh xx.xx.2022-ci il tarixli barışıq sazişinin aliment ödənilməsi barədə 3-cü bəndi üzrə öhdəliyini indiyədək icra etməmişdir. Qeyd edilənlərə əsasən, o, barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə maraqlı şəxs Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, 1. Uşaqlar — xx.xx.2016-cı il tarixində anadan olmuş X3 və xx.xx.2018-ci il tarixində anadan olmuş X4 ana İddiaçı himayəsində saxlanılacaq; 2. Ata Cavabdeh övladları — xx.xx.2016-cı il tarixində anadan olmuş X3 və xx.xx.2018-ci il tarixində anadan olmuş X4 ilə hər həftənin bazar ertəsi, çərşənbə və şənbə günləri saat 10:00-16:00 radələrində ana İddiaçı yaşadığı evdə iştirakı olmadan görüşəcəkdir; 3. Ata Cavabdeh hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində alimenti nağd formada ana İddiaçı hər ayın 15-nə qədər ödəyəcəkdir. 4. Aliment xx.xx.2022-ci il tarixdən başlayaraq hesablansın; 5. Sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur; 6. Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir; 7. Bu Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, Tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu Sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər; 8. Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır; 9. Tərəflər Sazişdən irəli gələn öhdəliklərinin pozulmasına görə, o cümlədən, Sazişin könüllü icrasından boyun qaçırmaya görə əldən çıxmış fayda istisna olmaqla qarşı Tərəfə vurulmuş real zərəri ödəməyə borcludurlar; 10. Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 11. Sazişin məcburi icrası ilə əlaqədar müvafiq qaydada məhkəməyə müraciət edən Tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər Tərəf ona ödəməlidir; 12. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir; 13. Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır; 14. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla, habelə digər mütəxəssislərlə məsləhətləşmək hüququ vardır; 15. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı Tərəfin təqsirini və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz; 16. Əgər Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, Tərəflərdən hər biri mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, Tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı Tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığını qorumaq öhdəliyini öz üzərlərinə götürürlər. Tərəflərin bu qaydaların pozması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur; 17. Tərəflərin onlara mediasiya zamanı məlum olan məlumatları məhkəmə və arbitraj (münsiflər məhkəməsi) proseslərində, başqa mediasiya zamanı və ya hər hansı digər hallarda açıqlamaq və ya onlara istinad etmək hüququ yoxdur (həmin məlumatı verən tərəfin yazılı razılığı olduğu hallar istisna olmaqla) və belə məlumatlarla bağlı Tərəflər şahid qismində iştirak edə bilməzlər; 18. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 18.1. bu məlumatı bilmələri vacib olan rəhbərlərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 18.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edilən şəxslərə; 18.3. Sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrinin peşə səhlənkarlığı və iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 18.4. yaxın qohumlara (qarşı tərəfin yazılı icazəsi ilə); 19. Tərəflər arasında digər razılaşma yoxdursa, “iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bir məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcəkdir; 20. Tərəflər bu Sazişlə üzərlərinə götürdükləri öhdəliklərin tam və ya qismən icra edilməməsinə görə məsuliyyətdən o vaxt azad olunurlar ki, bu icra etməmə Sazişin bağlanmasından sonra yaranmış, Tərəflərin iradəsindən asılı olmayan, əvvəlcədən görə və təsirinə mane ola bilmədikləri qarşısıalınmaz qüvvənin təsirindən əmələ gəlmiş olsun. Bu cür hallara daşqın, zəlzələ, yanğın, yer sürüşməsi və digər təbii fəlakətlər, epidemiya və pandemiyalar, müharibə və hərbi əməliyyatlar, kütləvi iğtişaşlar, Tərəflərin münasibətlərini bilavasitə dəyişdirən qanunvericilikdə dəyişikliklər, dövlət və yerli özünüidarəetmə orqanlarının bu Sazişin icrasının mümkünsüzlüyünə səbəb olan hərəkətləri və ya qəbul etdikləri aktları aiddir; 21. Sazişin 18-ci bəndində göstərilən səbəblərdən Sazişin icrası mümkün olmadıqda, onun icrası həmin halın mövcud olduğu müddət ərzində dayandırılır; 22. Fors-major hallarının təsirinə məruz qalan Tərəf digər Tərəfi belə halların baş verdiyi gündən 3 (üç) təqvim günündən gec olmayaraq yazılı surətdə xəbərdar etməlidir; 23. Fors-major hallarının baş verməsi barədə xəbərdar etməyən və ya vaxtında xəbərdar etməyən Tərəf Saziş üzrə öhdəliklərini icra edə bilmədikdə fors-major hallarına istinad etmək hüququnu itirir; 24. Fors-major hallarının baş verməsinə istinad etmək hüququnu itirmiş Tərəf tətbiq edilən qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır; 25. Fors-major hallarının mövcudluğu və təsir müddəti səlahiyyətli dövlət orqanları və ya digər səlahiyyətli təşkilatlar tərəfindən verilən sənədlərlə təsdiq olunmalıdır; 26. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir; 27. Bu Saziş Azərbaycan dilində eyni hüquqi qüvvəyə malik 3 (üç) nüsxədə tərtib edilmişdir. Saziş hər birində 1 (bir) nüsxə olmaqla mediatorda və Tərəflərdə saxlanılır (Tərəflərin tələbi ilə müvafiq orqanlara təqdim etmək üçün əlavə nüsxələrdə hazırlana bilər). Məhkəmə ərizəçinin vəkili-nümayəndəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 355-26-ci maddəsi ilə müəyyən edilmiş mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin 3-cü bəndinin təsdiq edilməsindən imtina olunması ilə bağlı əsaslar müəyyən edilmədiyindən, Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin 3-cü bəndi təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası MPM-nin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 191, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı 14 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin Ata Cavabdeh hər uşağa görə 150 manat olmaqla cəmi 300 manat məbləğində alimentin nağd formada ana İddiaçı hər ayın 15-nə qədər ödəməsi barədə 3-cü və alimentin xx.xx.2022-ci il tarixdən başlayaraq hesablanması barədə 4-cü bəndi təsdiq edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar