Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-135/2023 14.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən subroqasiya qaydasında dəymiş ziyana görə 8731.12 manat sığorta ödənişi və ödənilmiş 107.71 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 MMC-yə məxsus, sürücü Cavabdeh1 tərəfindən idarə olunan ** TH *** dövlət qeydiyyat nişanlı, “Daewoo BS090” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “avtonəqliyyat vasitələrinin tam sığortası” növü üzrə sığortalanmış ** UF *** dövlət qeydiyyat nişanlı, “Audi Q7” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2021-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh1 təqsirli bilinmişdir. Müqavilə üzrə sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən, ** UF *** dövlət qeydiyyat nişanlı, “Audi Q7” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 7484 manat təmir edildiyi tədqirdə əlavə xərc (ƏDV) 1347.12 manat müəyyən edilmişdir. "xxxx" ASCnin xx.xx.2021-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə 8731.12 manat sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən, hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsuliyyətinin icbari sığortasının olmadığı müəyyən edilmişdir. Həmçinin, dəymiş zərər məbləğindən 100 manat azadolma çıxılmışdır. Qalıq məbləğ təmir mərkəzinə ödənilmişdir. Sığorta tərəfindən sığortalıya ödənilmiş 8731.12 manat vəsaitin "xxxx" ASC-nin bank hesabına ödənilməsi barədə cavabdehlərə müvafiq bildiriş göndərilmiş lakin, cavabdehlər tərəfindən 8731.12 manat məbləğini ödəməkdən yayınmışlar. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. "xxxx" ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılıb iddia ərizəsinin tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər "xxxx" MMC-yə və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Avtonəqliyyat vasitələrinin tam sığortası şəhadətnaməsindən görünür ki, X2 mülkiyyətində olan «Audi Q7» markalı, ** UF *** qeydiyyat nişanlı avtomobili şərtsiz azadolma məbləği 100 manat, sığorta predmetinin dəyəri 10000 manat, sığorta məbləği 10000 manat, sığorta haqqı 3350 manat olmaqla sığortalanmışdır. -31.3.2021-ci il tarixli sığorta aktından görünür ki, "xxxx" ASC-də İ-MİC-6691/20 saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ******* manat dəyərində sığortalanmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində «Audi Q7» markalı, ** UF *** qeydiyyat nişanlı avtomobilə 8831.12 manat ziyan dəymiş və sığorta ödənişi məbləği olaraq 100 manat azadolma məbləği çıxılmaqla 8731.12 manat pul vəsaiti avtomobilin təmiri üçün -"xxxx" MMC-nin hesabına köçürülmüşdür. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi DYP bildirir ki, xx.xx.2021-ci il tarixdə, saat 16:00-da Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh1 tərəfindən idarə olunmuş «Daewoo BS090» minik markalı, ** TH *** qeydiyyat nişanlı avtomobil X1 mülkiyyətində olan, hadisə baş verən anda X3 tərəfindən idarə olunmuş «Audi Q7» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və sonuncu avtomobilə ziyan vurulmuşdur. -xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində zərərə məruz qalmış «Audi Q7» markalı, ** UF *** qeydiyyat nişanlı avtomobil "xxxx" ASC tərəfindən 8831.12 manat zərər məbləği müqabilində təmir olunaraq səlahiyyətli şəxsə təhvil verilmişdir. -"xxxx" MMC tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, «Audi Q7» markalı, ** UF *** qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 8831.12 manat hesablanmışdır. -"xxxx" ASC-nin ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən -"xxxx" MMC-nin hesabına 8831.12 manat pul vəsaiti köçürülmüşdür. Mülki Prosessual Məcəllənin:
88. maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7 maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 9/2454 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən, avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Audi Q7” markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 7041 manat müəyyən edilir. Rəydən daha sonra görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Ə.Naxçıvani küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində "xxxx" ASC-də icbari sığorta növü üzrə sığortalanmış, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda Cavabdeh1 tərəfindən idarə edilmiş «Daewoo BS090» minik markalı, ** TH *** qeydiyyat nişanlı avtomobili ilə X1 mülkiyyətində olan, hadisə baş verən anda X3 tərəfindən idarə olunmuş «Audi Q7» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuş, nəticədə, sonuncu avtomobilə 8831.12 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 8831.12 manat müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC 100 manat azadolma məbləği çıxıldıqdan sonra qalıq qalan 8731.12 manat sığorta ödənişinin subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən, svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə-səksən manat məbləğində cərimə edilir. “İcbari Sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Məhkəmə ekspert rəyini iddia tələbi və mülki iş materiallarına əlavə edilmiş digər sənədlərlə yanaşı qiymətləndirərək belə qənaətə gəlir ki, baş vermiş yol nəqliyyat hadisəsində «Audi Q7» markalı ** UF *** qeydiyyat nişanlı nəqliyyat vasitəsinə iddiaçı tərəfindən dəymiş zərər olaraq 8731.12 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyini iddia tələbi və digər sübutlarla paralel şəkildə Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə əsasən qiymətləndirib, əsas sübut növü kimi qəbul edir. Belə ki, iddiaçı 8731.12 manat dəymiş zərər məbləği tələb etdiyi halda, ekspert rəyinə əsasən avtomobilə dəymiş zərər məbləği 7041 manat müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinə uyğun olaraq hesablanmış 7041 manat məbləğini 18 faiz ƏDV vergisi də əlavə olunmaqla (7041x18/100=1267.38, 7041+1267.38=8308,38, 8308,38-100 manat azadolma məbləği=8208.38) ümumilikdə, cəmi 8208.38 manat pul vəsaitini hesablamışdır. Beləliklə, məhkəmə 8208.38 manat pul vəsaitinin tutulmasını daha ədalətli, qanunauyğun hesab edərək cavabdehlərdən subroqasiya qaydasında sığorta ödənişini tələb etmək hüququna malik olan iddiaçının xeyrinə tutulması qənaətinə gəlir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə, mülki iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat pul vəsaiti cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,
QƏT ETDİ:
İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 8208.38 (səkkiz min iki yüz səkkiz manat otuz səkkiz qəpik) manat sığorta ödənişi və dövlət rüsumuna görə 107.31 (yüz yeddi manat otuz bir qəpik) manat olmaqla, ümumilikdə, cəmi 8315.69 (səkkiz min üç yüz on beş manat altmış doqquz qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 (əlli) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov