Məhkəmə qərarları › İş №e-2(012)-1428/2023

Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-1428/2023

15.02.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-1428/2023 15.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, Ərizəçi nümayəndəsi və vəkili Nümayəndə1, Maraqlı şəxs nümayəndəsi Zeynal-X1 iştirakları ilə, Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs MMC arasında mediasiya prosesi zamanı bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişinin məcburi icrasının təmin olunması üçün təsdiq edilməsi, 60 manat mediasiya xərci və 100 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi MMC-nin nümayəndəsi və vəkili Nümayəndə1 izahatında göstərmişdir ki, tərəflər arasında reklam xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmış və həmin müqaviləyə əsasən, maraqlı şəxsin ərizəçiyə borcu yaranmışdır. Mediasiya prosesi zamanı bağlanmış barışıq sazişinə əsasən, borcun 6 ay müddətində ödənilməsi qərara alınmışdır. Qeyd olunan borc ödənilmədiyindən barışıq sazişinin məhkəmə qaydasında məcburi icrasının təmin edilməsi qərara alınmışdır. Qanunvericiliyə əsasən, barışıq sazişinin məcburi icrası xüsusi icraat qaydasında baxıldığından ərizəçi olaraq hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul olunmuş qərara əsasən, kommersiya subyektləri arasında kommersiya münasibətləri ilə əlaqədar barışıq sazişinin təsdiqlənməsi kommersiya məhkəməsində baxılmalıdır. Gələcəkdə bununla bağlı anlaşılmazlıq yaranmasın deyə, şifahi vəsatət verərək hazırki mülki işin Plenum Qərarının mövqeyi nəzərə alınmaqla hüquqi şəxs kimi ərizəçinin ünvanının olduğu yer üzrə məhkəməyə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Maraqlı şəxs MMC-nin nümayəndəsi X2 qızı izahatında göstərmişdir ki, qanunvericiliyin tələbləri pozulmuşdur. Maraqlı şəxs olaraq rəsmi məktub göndərilmiş, maliyyə sanksiyaları olduğundan ödənişlərin edilməsinin mümkün olmadığı bildirilmişdir. Ərizəçinin şifahi vəsatətinin təmin olunmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatını dinləyib, ərizəçinin şifahi vəsatətini, mülki iş materiallarını araşdırıb hesab edir ki, hazırki mülki işin məhkəmə aidiyyatı üzrə göndərilməsi zərurəti müəyyən edildiyindən baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, mülki iş materiallarında olan: -Birinci tərəf Ərizəçi MMC ilə ikinci tərəf Maraqlı şəxs MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli 02/2021 saylı müqavilə üzrə birinci tərəf göstərdiyi reklam xidmətlərinə görə yaranmış 4448.6 manat (18 faiz ƏDV daxil) borcun ödənilməsini tələb etmişdir. -Kommersiya qurumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Ərizəçi MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2014-cü il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ0116, ünvan 1urumlarının dövlət reyestri haqqında məlumatdan görünür ki, Maraqlı şəxs MMC - adlı qurum VÖEN: ********** dövlət qeydiyyatı nömrəsi ilə qeydə alınmış və xx.xx.2016-cı il tarixdə qeydə alınmaqla hüquqi ünvanı AZ1123, ünvan 2dır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 24.2. maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Beləliklə də, mülki iş materialları əsasında müəyyən olunmuşdur ki, hazırki iş üzrə tərəflər Ərizəçi MMC ilə Maraqlı şəxs MMC vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş və ərizədən göründüyü kimi, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən, tərəflər reklam xidmətinin göstərilməsinə görə yaranmış xidmət haqqı borcunun 6 ay ərzində hissə-hissə ödənilməsinə dair razılığa gəlsələr də, müqavilənin şərtləri maraqlı şəxs tərəfindən icra edilmədiyindən hüquqi şəxs olan ərizəçi barışıq sazişinin məhkəmə qaydasında məcburi icrasının təmin edilməsi məqsədilə ünvan üzrə məhkəməyə, yəni Abşeron rayon Məhkəməsinə müraciət etmişdir. Göründüyü kimi, tərəflər hər ikisi hüquqi şəxs olmaqla onlar arasındakı hüquq münasibəti hüquqi təbiətinə görə kommersiya xarakterli olduğundan xüsusi icraat qaydasında baxılmalı olmasına baxmayaraq hazırki mülki iş kommersiya mübahisələrinə aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli 4 nömrəli Qərarına əsasən, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblər) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır. Qərarın 13-cü bəndinə əsasən, əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Qərarın 22-ci bəndinə əsasən, bu baxımdan məhkəmələrə izah edilir ki, qeyrikommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların kommersiya mübahisəsinin subyekti olması imkanı mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Onların sahibkarlıq fəaliyyətindən irəli gəlməyən mülki mübahisələrinin kommersiya məhkəmələrinin baxış predmetini təşkil etməsinə isə yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda yol verilməlidir. Qərarın 25-ci bəndinə əsasən, qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn tələblərinə kommersiya məhkəməsində baxılması üçün mübahisənin onların qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi hallarda mümkün olacaqdır. Mübahisə qeyri-kommersiya qurumlarının, publik hüquqi şəxslərin və fərdi sahibkarların sahibkarlıq fəaliyyətlərindən irəli gəlmədikdə isə, işə kommersiya məhkəmələrində baxılması imkanı, yalnız MPM-in 30-cu maddəsinə əsasən digər kommersiya mübahisəsi ilə birgə baxıldığı halda mümkün olacaqdır. Beləliklə, məhkəmələr nəzərə almalıdır ki, əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi üzrə tələblərdə və ya deliktdən irəli gələn tələblərdə mübahisənin məhz hər iki tərəfin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdikləri sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsi məhkəmə aidiyyətini müəyyən edən həlledici meyardır. Dövlət və bələdiyyə orqanlarına münasibətdə isə qeyd edilməlidir ki, müqavilədən irəli gələn öhdəlik hüquqi münasibətlərdən fərqli olaraq, əşya hüquqi münasibətlərdən və deliktdən irəli gələn mübahisələrdə onların sahibkarlıq subyektləri ilə olan münasibətlərinin xarakteri mahiyyət etibarilə iqtisadi xarakterli olmadığından bu mübahisələrə ümumi məhkəmələrdə baxılmalıdır. Plenum Qərarındakı hüquqi mövqedən görünür ki, xüsusi icraat qaydasında baxılan işlərə (MPM-in 26.2-ci maddəsində qeyd edilənlər istisna olunmaqla) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq ümumi məhkəmələr baxır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının formalaşdırdığı məhkəmə təcrübəsinə və hüquqi mövqeyə əsasən, kommersiya subyektləri arasında kommersiya mübahisəsi ilə bağlı mediasiya prosesində bağlanmış barışıq sazişlərinin təsdiq edilməsi barədə xüsusi icraat qaydasında verilmiş ərizələrə kommersiya məhkəmələrində baxılmalıdır. Bu səbəbdən də, məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin şifahi vəsatətini, Plenum Qərarının hüquqi mövqeyini və qanunvericiliyin tələblərini nəzərə alaraq qeyd edir ki, hazırki mülki işdə subyektiv tərkibinə görə tərəflər vergi ödəyicisi kimi dövlət qeydiyyatından keçmiş, tərəflər arasında olan münasibətlər qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətindən irəli gələn mübahisələrə aid olduğundan mülki işə ümumi icraat qaydasında deyil, kommersiya məhkəməsində baxılmalı, bu səbəbdən də hazırki mülki iş məhkəmə aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin: 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.7-ci maddəsinə əsasən, bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda iş onu baxmağa qəbul etmiş məhkəmənin əsaslandırılmış qərardadı ilə kassasiya instansiyası məhkəməsinə göndərilir və aidiyyət məsələsi həmin məhkəmə tərəfindən həll edilir. Şərh olunanlara əsaslanaraq və Mülki Prosessual Məcəllənin 44, 45, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Ərizəçi MMC-nin mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi baxılması üçün aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar