Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1529/2023 11.09.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı hüquqi varisi Nümayəndə2 və onun vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı hüquqi varisi Nümayəndə2 cavabdehlər Cavabdeh1 və Abşeron Rayonu 1 saylı Notariat Ofisinə, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı «vərəsəlik şəhadətnaməsinin, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və törədilən cinayət əməlinin araşdırılması üçün xüsusi qərardadın qəbul edilməs» tələbinə dair mülki işə Abşeron rayon məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı hüquqi varisi Nümayəndə2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı hüquqi varisi Nümayəndə2 məhkəmə iclasında izahatında bildirdi ki, İddiaçı onun atasıdır və atası xx.xx.2023-cü il tarixində vəfat etmişdir. 10 iyul 2021-ci il tarixli vəsiyyətnaməyə əsasən, İddiaçı ölən günədək özünə məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını ona vəsiyyət etmişdir. Belə ki, atası İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi atasının mərhum anası Balaca Məmməd qızının mülkiyyətində olmuş və adına 042 nömrəli Texniki Pasport verilmişdir. Nənəsi 1977-ci ilin yanvar ayında vəfat etmişdir. Nənəsi vəfat edəndən sonra atası və ya atasının səlahiyyətli nümayəndəsi ərizə ilə müraciət etmədiyi halda həmin evə dair atasının adına Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi verilmişdir. Bundan sonra atasının və ya səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni üçüncü şəxs İdarənin hüquqi varisi olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək həmin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair atası İddiaçı adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi alınmışdır. Atası bu qanunsuz ərizənin və vərəsəlik şəhadətnaməsinin üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə Cavabdeh1 tərəfindən verildiyini və Cavabdeh1 tərəfindən həmin qeydiyyat vəsiqəsinin alındığını hesab edir. Belə ki, Cavabdeh1 həmin vərəsəlik şəhadətnaməsi əsasında qeydiyyat vəsiqəsi əldə etmiş, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında etibarından sui-istifadə edərək həmin evin bağışladığına dair Abşeron rayon 1 Saylı Dövlət Notariat Kontorunda qeyri-qanuni olaraq xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlamış və həmin evə dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Bundan sonra da Cavabdeh1 Abşeron Rayonu 1 saylı Notariat Ofisinə 19 may 2021-ci il tarixində müraciət edərək həmin bağışlama müqaviləsini əsas göstərək həmin evin yerləşdiyi 0,05045 ha torpaq sahəsinə 19 may 2021-ci il tarixli **********60-10301 reyestr, ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. Hesab edir ki, həmin çıxarışların alınmasının əsası cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi, həmin vərəsəlik şəhadətnaməsi əsasında həmin evə dair qeyri qanuni olaraq verilmiş qeydiyyat vəsiqəsi, həmin qeydiyyat vəsiqəsi də əsasında qanunsuz olaraq bağlanmış bağışlama müqaviləsi olmuşdur. Bu səbəblə cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən qanuna zidd olaraq verilmiş 22 mart 1989-cu il tarixində 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsinin, həmin vərəsəlik şəhadətnaməsi əsasında alınmış 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi əsasında atası ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız sayılmasım məhkəmədən xahiş edir. Belə ki, birincisi həmin qeydiyyat vəsiqəsinin alınması üçün 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli qanunsuz vərəsəlik şəhadətnaməsi və müvafiq ərizə, cavabdeh İdarəyə atası tərəfindən verilməmişdir. Hesab edir ki, həmin əqd (ərizə) atasının iradəsinə aid deyildir. Əqdin bağlanması üçün isə Mülki Məcəllənin 324.1-ci maddəsinin tələbinə görə, iradə ifadəsinin mövcud olması məcburi ünsürdür. İkincisi, 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsi əsasında tərtib olunmuş qeydiyyat vəsiqəsinin tarixi 1989-cu il olsaydı, məzmun latın əlifbası ilə yox, kiril əlifbası ilə yazılardı. Bu həmin qeydiyyat vəsiqəsinin 1989-cu ildə deyil, bağışlama müqaviləsinin bağlandığı 2013-cü ilə yaxın bir tarixdə tərtib edilmişdir. Bu da əqdin saxta olduğunu təsdiq edir. Belə ki, atasının mülkiyyətində olmayan bir əmlakı kiməsə bağışlaması mümkün deyildir. Bunlardan başqa həmin evə dair verilmiş qeydiyyat vəsiqəsində olan naxışların 1989-cu il tarixlərində verilmiş qeydiyyat vəsiqələri ilə müqayisə ediləndə onların kəskin şəkildə fərqli olduğunu görmək olur. Yenə həmin qeydiyyat vəsiqəsində imzası olan rəisin imzasını onun imzaladığı digər qeydiyyat vəsiqələrində olan imzalar ilə müqayisə etdikdə həmin imzanın fərqli və saxta olduğunu rahatlıqla görmək olur. Bundan başqa əgər atasının adına hüquqa uyğun yəni saxta olmayan qeydiyyat vəsiqəsi verilmiş olsaydı bu mütləq Balaca Məmməd qızının adına verilmiş 042 nömrəli texniki pasportda göstərilərdi. Eyni zamanda Cavabdeh1 adına çıxarış verilmiş olsaydı bu da həmin texniki pasportda göstərilərdi. Lakin belə göstərişlər həmin texniki pasportda yoxdur. Yenə əldə etdiyi məlumatlara görə mərhum nənəsi Balaca Məmməd qızının adına verilmiş texniki pasport, atasının adına verilmiş qeydiyyat vəsiqəsi, vərəsəlik şəhadətnaməsinə aid Elektron Skan reyestr idarəsində silinmişdir. Belə ki, iddiaçının nümayəndəsinin təkidinə əsasən həmin elektron skanın olub-olmamasının yoxlanılması zamanı bu fakt məlum olmuşdur. Hesab edir ki, bu da təsadüfi olmamış və Abşeron Rayonu 1 saylı Notariat Ofisinin hansısa işçisi tərəfindən bilərəkdən edilmişdir. Bütün bunlar əsasında hesab edir ki, Cavabdeh1 əlbir olduğu bəzi dövlət məmurları və notariat işçiləri ilə saxta vərəsəlik şəhadətnaməsini, saxta qeydiyyat vəsiqəsinin əldə etməyə, daha sonrada həmin saxta sənədlər əsasında yenə atasını yanıldaraq bağışlama müqaviləsinin bağlanmasına nail olmuşdur. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı hüquqi varisi Nümayəndə2 vəkili-nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında iddiaçının hüquqi varisinin izahatına uyğun izahat verdi. Cavabdeh1 məhkəmə iclasında izahatında bildirdi ki, sözügedən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi 1995-ci ildə onun tərəfindən tikilmişdir. O və ailəsi 2004-2018-ci illərdə köhnə daxmada yaşamışlar. O, Nümayəndə2 1 sot torpaq sahəsi və maşın yolu verməyə razıdır. Belə ki, bu ev 2013-cü ildə atasının və qardaşı Xanların razılığına əsasən ona bağışlanmışdır. Lakin Xanlar məhkəməyə müraciət edərək heç nəyə qol çəkmədiyini və vərəsəlik üzrə proseslərdən xəbəri olmadığını bildirmişdir. Abşeron Rayon Məhkəməsənin hakimi Cəmilə Səfiyevanın sədrliyi ilə məhkəmə prosesi keçirilmiş və iş ekspertizaya göndərilmişdir. Ekspertiza rəyindən məlum olmuşdur ki, sənəddə olan imza Xanlara aiddir. Abşeron Rayon Məhkəməsinin 11 mart 2019-cu il tarixli, 2(012)-599/2019 saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Qətnamədən yuxarı məhkəmə instansiyalarına şikayət verilsə də, şikayət təmin edilməmiş, qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra iddiaçı X5 cavabdehlər X6 və ona qarşı" bağışlama müqaviləsinin" etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt Apellyasiya məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(105)-3292/2021 saylı qətnaməsi ilə iddia təmin edilməmiş qətnamə qanuni qüvvəsini almışdır. Daha sonra iddiaçı X3 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında X8 Xidməti Daşınmaz Əmlakın Dövlət Kadasrtı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi idarəsinə qarşı "çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün ləğv edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-243/2022 saylı 31 yanvar 2022-ci-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, onun adına verilmiş çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Qətnamədən narazı qaldığından tərəfindən apellyasiya şikayəti verilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-351/2022 saylı 06 sentyabr 2022-ci il tarixli qərarı ilə, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli 2-1(118)-243/2022 saylı qərarı qismən-"onun adına verilmiş 19 may 2021-ci il tarixli çıxarış və həmin çıxarışın təsdiqlədiyi torpaq sahəsinin plan və ölçüsünün 0.05045 ha torpaq sahəsinə dair hissədə ləğv edilməsi " hissəsində ləğv edilmiş, ləğv edilən hissədə yeni qərar qəbul edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş qərar qalan hissəsə dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı narazı qalmış və kassasiya şikayəti verilmişdir. Kassasiya şikayəti təmin edilməmişdir. Qətnamə qanuni qüvvəsini almışdır. Atası sağ ikən Xanlara 10 sot torpaq sahəsi, ona isə 5 sot torpaq sahəsi vermişdir. Xanlar 5 sotun yarısını da ona verməyini bildirmişdir. Əlavə olaraq Xanlar ona oğlunun olmadığını və ata mülkinin yad adama qismət olmamasını demişdir. Xanlar Ali Məhkəmənin qərarından sonra atasının adından ərizə yazdırmışdır. Atası isə 2021-ci ilin 30 iyununda Daşınmaz Əmlakın 4 saylı Ərazi idarəsinə müraciət edərək torpaq sahəsinin çıxarışını, plan və ölçü sənədlərini istəmişdir. Atası 2013-cü ildə mülkü ona bağışlamışdır. Atası ömrünün sonuna yaxın ağlını itirmişdir. Gedib bacısına guya onun hədəqorxu gəldiyini demişdir. Xanlar atasını çox istədiyini desə də, atasını və onu məhkəməyə vermişdir. Bu barədə məhkəmə qətnaməsi vardır. Hal-hazırda ona, Abşeron rayon 1 saylı Dövlət Notariat kontoruna və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publıik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı "vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və bağışlama müqaviləsinin etibarsız hesab edilməsi" tələbinə dair iddianın heç bir hüquqi əsası olmadığından iddianın rədd olunmasını xahiş edir. Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında və etirazında bildirdi ki, iddia ərizəsində qeyd edilənlər həqiqəti əks etdirmir. Əgər Cavabdeh1 əlbir olduğu bəzi dövlət məmurları və notariat işçiləri ilə saxta vərəsəlik şəhadətnaməsini, saxta qeydiyyat vəsiqəsinin əldə etməyə, daha sonrada həmin saxta sənədlər əsasında yenə iddiaçını yanıldaraq bağışlama müqaviləsinin bağlanmasına nail olmuşdursa, bu Nümayəndə2 tərəfindən sübut edilməlidir. Belə ki, mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ekspert rəyi sadəcə tövsiyyəedici xarakter daşıyır. Hər bir tərəf öz tələblərini sübut etməlidir. Hər bir iş üzrə iddia müddəti vardır. Qarşı tərəf vacib əhəmiyyətli yanılmanın təsiri altında müqavilə bağladığını iddia edir. Əlavə olaraq vurğulanmalıdır ki, iddia qaldırmaq üçün müəyyən olunmuş müddət də keçmişdir. Mülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının müqavilənin etibarsızlığı ilə bağlı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir. Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir. Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Bu müddətin tətbiqi edilməsi isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında deyil, məhkəmə tərəfindən müəyyən edildiyi halda məhkəmənin özü tərəfindən tətbiq edilməlidir. Belə ki, kəsici müddət - şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Qərarında Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Mülki Məcəllənin 354.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin başlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.” Göründüyü kimi, normada şəxsə qarşı tələb hüququnun deyil, əqdi mübahisələndirmək hüququnun realizəsi ilə bağlı müddət nəzərdə tutulmuşdur. Başqa sözlə, əqdin bağlanması zamanı iradə ifadəsi zədələnmiş şəxsin məhz maddədə göstərilən müddətlər ərzində həmin əqdi mübahisələndirmək hüququ tanınmışdır. İradə ifadəsi zədələnmiş şəxsin əqdi mübahisələndirməsinə qədər həmin əqd etibarlı əqd kimi qəbul edilir və müvafiq hüquqi nəticələrə səbəb olur. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsız hesab edilir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır, digər tərəfdən isə mübahisələndirildikləri təqdirdə geriyə şamil olunaraq bağlandığı andan əqdin etibarsız sayılmasına səbəb olur. Məhz bu ikili xüsusiyyəti olduğuna görə hüquqi müəyyənlik nöqteyi-nəzərindən mübahisləndirmənin yalnız konkret və kəsici müddətlər daxilində həyata keçirilməsi zərurəti vardır. Bu baxımdan qanunvericilikdə mübahisə edilən əqdlərlə bağlı xüsusi olaraq fərqli müddət nəzərdə tutulmadığı təqdirdə, Mülki Məcəllənin 354.2-ci maddəsində göstərilmiş kəsici müddətlər ərzində mübahisələndirmənin mümkün olduğu müəyyən edilmişdir. Mülki Məcəllənin 354.2-ci maddəsində nəzərdə tutulmuş müddət kəsici müddət olmaqla əqdin mübahisələndirilməsi hüququna aiddir və bu müddətin keçməsi hüququn xitamına səbəb olur. Hazırkı halda iddia qanunvericiliyin müəyyən etdiyi 1 il ərzində qaldırılmamış, bununla da əqdlərin etibarlılığını mübahisələndirmək hüququ itirilmişdir. Qeyd olunanları nəzərə alaraq, o, iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X4 məhkəmə iclasında izahatında bildirdi ki, ilkin sənədlər İddiaçı anası Balaca Məmməd qızının adına olmuşdur, daha sonra isə İddiaçı adına olmuşdur.. Onların maraqlarına toxunan hal çıxarışın ləğv edilməsi ola bilər. Odur ki, o, iddia tələbinin təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxır. Cavabdeh Abşeron Rayonu 1 saylı Notariat Ofisinin nümayəndəsi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989cu il tarixli, 1-2-592 nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, 14 yanvar 1977-ci il tarixdə vəfat etmiş Balaca Məmməd qızının vərəsəsi: İddiaçıdur. Miras əmlak: Abşeron rayonu, Xırdalan şəhəri,B.Sərdarov küçəsi,döngə bir,ev 2-də, 504,5kv metr olan torpaq sahəsində 1938-ci ildə but daşdan tikilmiş yaşayış sahəsi 22,5 kv olan 2 otaqdan ibarət olan evdir. İş materiallarında olan Abşeron Rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsindən görünür ki, hədiyyə verən İddiaçı özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini hədiyyə alan Cavabdeh1 bağışlamışdır. İş materiallarında olan Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixində vəfat etmişdir. İş materiallarında olan 10 iyul 2021-ci il tarixli vəsiyyətnamədən görünür ki, İddiaçı ölən günədək ona məxsus olan harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakını övladı Nümayəndə2 vəsiyyət etmişdir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh1 qarşı bağışlama müqaviləsinin ləğvi barədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 2689/2019 saylı, 21 avqust 2019-cu il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Abşeron Rayon Məhkəməsinin 2(012)-599/2019 saylı, 11 mart 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)- 22/2020 saylı, xx.xx.2020-ci il tarixli qərarından görünür ki, İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə 21 avqust 2019-cu il tarixli, 2(105)-2689/19 saylı qətnaməsinin həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-634/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə2 cavabdehlər Cavabdeh1 və İddiaçı oğlu və Abşeron rayon 1 saylı Notariat Kontoruna qarşı “ev bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbinin təmin edilməməsi, Nümayəndə2 122 manat məhkəmə ekspertizası xərcinə görə pulun tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- 3292/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Nümayəndə2 verdiyi apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 2(012)-634/2021 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, işin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv baxaraq, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi Balaca Məmməd qızına məxsus olmuş, Balaca Məmməd qızı 14 yanvar 1977-ci il tarixdə vəfat etdiyindən, həmin əmlak 22 mart 1989-cu il tarixdə Abşeron dövlət notariat kontorunda 1-2-592 nömrəli, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında miras qoyanın oğlu İddiaçı adına sənədləşdirilərək qeydiyyat vəsiqəsi əldə edilmiş, daha sonra isə İddiaçı Abşeron Rayonu 1 saylı Notariat Ofisində bağlanmış xx.xx.2013-cü il tarixli 43- 2560 reyestr nömrəli bağışlama müqaviləsi əsasında özünə məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini,hazırki iddia ərizəsində cavabdeh olan oğlu Cavabdeh1 bağışlamış və Cavabdeh1 həmin evə dair dövlət reyestrindən xx.xx.2013-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə etmişdir. İddiaçı, İddiaçı vəfatından sonra isə onun hüquqi varisi Nümayəndə2 22 mart 1989-cu il tarixli 1-2-592 nömrəli vərəsəlik şəhadətnaməsini və xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsini mübahisələndirərək, İddiaçı və ya onun səlahiyyətli nümayəndəsinin ərizəsi olmadığı halda, kimsə qanunsuz olaraq həmin vərəsəlik şəhadətnaməsini və saxta ərizəni üçüncü şəxs İdarənin hüquqi varisi olduğu Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş X2, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsinə təqdim edərək həmin ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə dair İddiaçı adına 042 reyestr kitabı nömrəli, 029 inventar nömrəli qeydiyyat vəsiqəsi alınmış, sonra da həmin qeydiyyat vəsiqəsi əsasında İddiaçı etibarından sui-istifadə olunaraq həmin evin Cavabdeh1 bağışlanmasına dair Abşeron rayon 1 saylı notariat kontorunda qeyri-qanuni olaraq xx.xx.2023-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsi bağlanmış və həmin evə dair dövlət reyestrindən sonuncunun adına xx.xx.2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarış əldə edilmişdir və iddia tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 324, 337, 389 və 1321-ci maddələrinə istinad olunmuşdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Mülki Məcəllənin 527 və 528-ci maddələrinə uyğun olaraq Abşeron Notariat kontoru tərəfindən vərəsəlik şəhadətnaməsi verilmiş, lakin iddiaçı və onun hüquqi varisi həmin vərəsəlik şəhadətnaməsinin qanunazidd verilməsini iddia etsələr də bununla bağlı izahatlardan başqa məhkəməyə hər hansı sübut təqdim etməmiş, məhkəmədə sübutların tədqiqatı zamanı İddiaçı miras əmlakın qanunla müəyyən edilmiş qaydaya uyğun qəbul edilməməsi faktını təsdiq edən mötəbər sübutlar müəyyən edilməmişdir. Bundan əlavə həmçinin işin faktiki hallarından müəyyən edilir ki, miras qoyan Balaca Məmməd qızı 1977-ci ildə vəfat etdikdən sonra İddiaçı vərəsə olaraq miras əmlakı formal və qeyriformal üsulla qəbul etməklə, bağışlanma müqaviləsi bağlanana qədər miras əmlaka fakitiki olaraq sahiblik etmiş və vəfat etdiyi 18 mart 2023-cü il tarixədək həmin əmlakda yaşamışdır. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 552-ci maddəsində göstərilmişdir ki, vərəsə miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Eyni hüquqi mövqe hal-hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsində də öz əksini tapmışdır. Həmçinin miras qəbul edildiyi gündən bağışlama müqaviləsi bağlananadək 24 il ərzində vərəsəlik şəhadətnməsinin qanunsuz olması mübahisələndirilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, hazırkı iddia tələbinə qüvvədə olan Mülki Məcəllənin 1272-ci maddəsinin tələbi baxımından da hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsində göstərilmişdir ki, mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Bu barədə eyni hüquqi mövqeni A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 16 mart 2022-ci il tarixli Plenum qərarında əks olunmuşdur. Plenum vərəsəlik hüuququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1272-ci maddəsinə əsasən mirasın qəbul edilməsi və ya qəbulundan imtina edilməsi barəsində mübahisə maraqlı şəxsin bundan ötrü müvafiq əsas olduğunu bildiyi gündən iki ay ərzində açıla bilər. Mirasın qəbul edilməsi və ya mirasın qəbulundan imtina edilməsi barədə mübahisənin açılması ilə bağlı iddia müddəti deyil, kəsici müddətdir. Qanunverciliyin bu normasının məqsədi miras qoyanın ölümündən sonra onun əmlakına dair hüquqi münasibətlərin müqəddəratının mümkün qədər qeyri müəyyənlikdə qalmamasını, bununla da mülki dövriyyədə hüquqi etimad və davamlılığı etibarlı şəkildə təmin etməkdir. Buna görə də maraqlı şəxs mirası qəbulu və imtina edilməsi ilə bağlı hüquqi mübahisəyə əsas verən halları bildiyi gündən iki ay ərzində bununla bağlı mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququ itirir. Qanuna əsasə qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir. Lakin yuxarıda qeyd olunduğu kimi, tərəflər vərəsəlik şəhadətnməsindən xəbərdar olduğu halda bağışlama müqaviləsi bağlananadək 24 il ərizində mübahisələndirilməmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixli 43-560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, birbaşa 22 mart 1989-cu il tarixli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə əlaqəli olduğundan, məhkəmə vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi ilə bağlı iddia tələbinin rədd edilməsi qənaətinə və nəticəsinə gəldiyindən, həmçinin sözügedən bağışlama müqaviləsinin ləğvi ilə bağlı İddiaçı və Nümayəndə2 iddia tələblərinə baxılaraq rədd edilərək qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə işin fakitki hallarına hüquqi qiymət verildiyindən, hal-harda bağışlama müqaviləsinin etibarsız sayılmasına dair əsaslar müəyyən edilmədiyindən iddia tələbi həmin hissədə də rədd edilməlidir. Həmçinin tələb əsassız olduğundan iddiaçının cavabdehin törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi hissəsində də tələbi rədd edilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərci iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, qətetdi: İddiaçı hüquqi varisi Nümayəndə2 cavabdehlər Cavabdeh1, Abşeron Rayon 1 saylı Dövlət Notariat Kontoruna, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdeh Abşeron rayon Dövlət Notariat Kontoru tərəfindən verilmiş 22 mart 1989-cu il tarixində 1-2- 592 nömrəli vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, İddiaçı ilə Cavabdeh1 arasında Abşeron rayon Dövlət Notariat Kontoru bağlanmış xx.xx.2013-cü il tarixli 43-2560 reyestr nömrəli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, törətdiyi cinayət əməllərinin araşdırılması üçün Cavabdeh1 barəsində xüsusi qərardadın qəbul edilməsi, 100 manat dövlət rüsumu, 100 manat hüquqi xidmət xərcinin Cavabdeh1 tutularaq ona ödənilməsi barədə iddiası rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu və 100 manat hüquqi xidmət xərci İddiaçı özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə (Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1529/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1529/2023
11.09.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver