Məhkəmə qərarları › İş №e-2(012)-1640/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1640/2025

30.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1640/2025 30.06.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, İmanlı Fatimə Mirzağa qızının katibliyi, Cavabdehin vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı dəymiş maddi ziyanın əvəzinin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 24138,97 manat pul vəsaitinin və 163 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə 12:30 radələrində idarə etdiyi özünə məxsus “KİA” markalı, ** EN *** dövlət nişanlı nəqliyyat vasitəsi ilə Lökbatan-Qobu yolu ilə qəbirstanlıq istiqamətində hərəkətdə olarkən “OBA” marketin qarşısında qəfildən yuxuya getdiyindən əks istiqamətli hərəkət zolağına çıxmış və nəticədə İddiaçı MMC-yə məxsus “Mitsubishi L200” markalı, ** AB *** dövlət nişanlı inkassa avtomobili ilə toqquşmuşdur. Hadisə nəticəsində avtomobili yol vərəqəsi ilə idarə edən "xxxx" MMC-nin sürücüsü X2 və "xxxx" MMC-də baş inkassator vəzifəsində çalışan X3 xəsarət almışdır. Faktla bağlı Abşeron RPİ-nin Təhqiqat Şöbəsi tərəfindən araşdırma aparılmış, xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Qərarın surəti təqsirkar sürücü Cavabdeh barəsində İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanması ilə bağlı akt tərtib olunmuş və həmin aktla Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ehtiyat hissələrinə görə məbləği 21975,78 manat və digər işlərə görə 7163,19 manat, ümumilikdə 29138,97 manat müəyyən olunmuşdur. "xxxx" ASC tərəfindən nəqliyyat vasitəsinin təmir edilməsi üçün ayrılmış sığorta ödənişinin məbləği 5000 manatdır. Geri qalan 24138,97 manat dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh tərəfindən bu günə qədər ödənilməmişdir. Cavabdehin təqsirli hərəkəti üzündən Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın sığorta tərəfindən qarşılanmayan 24138,97 manat məbləğində olan hissəsi və ödənilmiş 163 manat dövlət rüsumu cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İştirak etdiyi məhkəmə iclasında iddiaçının vəkili-nümayəndəsi Vəkil iddianı müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin vəkili-nümayəndəsi Nümayəndə iddianı qəbul etmədi və onun rədd olunmasını xahiş etdi. Cavabdeh da iştirak etdiyi məhkəmə iclasında iddiaya etiraz etdi və onun təmin edilməməsini xahiş etdi Məhkəmə proses iştirakçılarını və şahid ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan Abşeron rayon Pİ TŞ.-nin xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Rasim Pənahovun Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə müraciət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti hadisənin baş verməsində təqsirkar sürücü Cavabdeh barəsində Azərbaycan Respublikasının İXM-in 327.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbirlərinin görülməsi üçün Abşeron RPİ-nin DYPŞ-yə göndərilmişdir. Qərarda göstərilmişdir ki, 18 aprel 2024-cü il tarixdə Rasim Pənahov Azərbaycan Respublikası DİN-nin 102 xidməti-zəng mərkəzi sisteminə müraciət edərək Qobu qəsəbəsi qəbirstanlığın yanında “Mitsubhisi” markallı **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobillə "Kia” markalı 77-EN- 736 dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması və xəsarət alanın olması barədə məlumat vermişdir. Bundan başqa, qərarla müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 12:30 radələrində özünə məxsus olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Kia-Ceed" markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Abşeron rayonu, Qobu qəsəbəsi, Lökbatan-Qobu yolu ilə hərəkətdə olan zaman yuxulu olduğundan əks istiqamətli zolağa çıxaraq həmin yolda hərəkətdə olan sürücü X1 "xxxx" MMC şirkətinə məxsus, yol vərəqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mitsubishi L200" markalı **-AB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və toqquşma nəticəsində özünün alının sol hissəsinin sıyrıqları kimi dərəcəsi təyin edilməyən bədən xəsarətinin alması ilə nəticələnən ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Sürücü Cavabdeh «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 3-cü hissəsinin tələblərini pozmuşdur. İşdə olan "xxxx" MMC tərəfindən dəymiş zərərin hesablanması ilə bağlı tərtb edilmiş aktdan görünür ki, Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ehtiyat hissələrinə görə məbləği 21975,78 manat və digər işlərə görə 7163,19 manat, ümumilikdə 29138,97 manat müəyyən olunmuşdur. İşdə olan "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin ehtiyat hissələrinə görə məbləği, ümumilikdə 7155 manat müəyyən olunmuşdur. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli sığorta aktından görünür ki, Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin əvəzi kimi sığorta ödənişi olaraq 5000 manat vəsait İddiaçı MMC-yə ödənilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan hallarından müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü ildə idarə etdiyi "Kia-Ceed" markalı **-EN-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qobu qəsəbəsi qəbirstanlığın yanında yol-hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı iddiaçının mülkiyyətindəki Mitsubishi markalı, ** AB *** dövlət nişanlı nəqliyyat vasitəsinə zərər dəymişdir. Abşeron rayon Pİ TŞ.-nin xx.xx.2024-cü il tarixli qərarına əsasən Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Həmin yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının idarə etdiyi avtomobil əzilmiş, bir sıra detallar sıradan çıxmışdır. "xxxx" ASC tərəfindən dəymiş ziyana görə iddiaçı MMC-yə 5000 manat pul ödənilmişdir. Hazırda iddiaçı avtomobilinin xərcinə görə cavabdehdən 24138,97 manat vəsait də tələb edir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən vurulmuş zərərin əvəzinin tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin qeyd edilən 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Məhkəmə iclasında araşdırılmış sübutların məcmusu ilə müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində iddiaçının mülkiyyətindəki avtomobilə vurulmuş zərərin ümumi məbləği 7155 manat təşkil edir. Məhkəmə bu nəticəyə gələrkən hər iki tərəfin vaxtilə qəbul etdikləri "xxxx" ASC-nin zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair xx.xx.2024-cü il tarixli hesabatını daha mötəbər sübut növü kimi qəbul edir. Dəymiş zərərin 5000 manat hissəsi sığorta qurumu tərəfindən iddiaçıya ödənildiyindən, məhkəmə hesab edir ki, qalan 2155 (7155-5000) manat pul delikt törətmiş şəxsin işlədiyi Cavabdeh tutularaq İddiaçı MMC-yə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə məhkəmə iclasında tədqiq edilən sübutları araşdırıb baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş ziyanın əvəzi olaraq 2155 manat pul vəsaitinin cavabdehdən tutulmasını ədalətli hesab edərək, iddia ərizəsinin qismən təmin edilməsi qənaətinə gəlir. Dəymiş ziyanın məbləği sığorta qurumunun hesabatı ilə tamamilə təsdiq olunur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən hazırki iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən ödənilmiş 163 manat dövlət rüsumunun 41,55 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, qalan rüsum məbləği isə iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh maddi zərərin əvəzi kimi 2155 manat və dövlət rüsumu kimi 41,55 manat pul tutularaq İddiaçı MMC-yə verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Abşeron Rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar