Məhkəmə qərarları › İş №e-2(012)-166/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-166/2023

13.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-166/2023 13.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi Teymurov Ayaz Yunus oğlunun katibliyi, İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə1 və Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə 13 fevral 2023-cü il tarixdə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsinə görə “Hyundai Accent” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən həyata keçirilən 333 AZN (üç yüz otuz üç manat) AZN sığorta ödənişi məbləği və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30.40 AZN məbləğin Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2014-cü il tarixində Cavabdeh tərəfindən idarə edilən “DONGFENG DFL 3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri Azadlıq prospektində hərəkət edərkən “Hyundai Accent” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə sonuncuya maddi ziyan dəymişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması AR DİN Baş Dövlət Yol Polis İdarəsinin 086743 X2 Protokolunda öz əksini tapmışdır. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq avtomobilə 633 (altı yüz otuz üç) manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, 300 (üç yüz) manat franşiza çıxılmaqla 333 AZN (üç yüz otuz üç) manat sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə prosesində iştirak edən İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə prosesində iştirak edən Cavabdeh iddianı qəbul etməyərək, bildirdi ki, yol nəqliyyat hadisəsində onun təqsiri olmamışdır, ona görə də, hazırkı iddianı qəbul etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Mülki işin materiallarından olan 086743 saylı, xx.xx.2014-cü il tarixli İnzibati tənbeh vermə haqqında Qərarın surətindən müəyyən edilir ki, “DONGFENG DFL 3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Cavabdeh xx.xx.2014-cü il tarixdə, saat 10:05-də Azadlıq prospektində ara məsafəsi saxlamamış, özü ilə eyni istiqamətdə hərəkət edən “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq hadisə yerindən yayınmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 151.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş, barəsində 80 manat məbləğində cərimə tənbeh növü kimi tətbiq edilmişdir. Mülki işin materiallarından olan portaldan çıxarışdan müəyyən edilir ki, İcbari Sığorta Müqavilələrinin mövcudluğunun yoxlanılması barədə axtarışın nəticələrinə “DONGFENG DFL 3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobil PAT********** saylı sığorta müqaviləsi ilə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən sığortalanmışdır. Mülki işin materiallarından olan "xxxx" ASC tərəfindən verilmiş 16 oktyabr 2014-cü il tarixli, 516/CM - 474/2014 saylı sığorta aktından müəyyən edilir ki, "xxxx" ASC-nin Sənaye filialının xx.xx.2014-cü il tarixli, 09/1394 saylı məktubu əsas götürülərək 333 (üç yüz otuz üç) manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X1 nağd qaydada ödənilmişdir. Mülki işin materiallarından olan 15 yanvar 2015-ci il tarixli, 013454 №-li sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 333 manat məbləğində sığorta ödənişinin zərərçəkən şəxs X1 ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Müvafiq qəbz mülki işə əlavə edilmişdir. Mülki işin materiallarından olan Abşeron Rayon Məhkəməsinin 2(012)-2815/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından müəyyən edilir ki, iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsi qərara alınmış və Cavabdeh xx.xx.2014-cü il tarixdə idarə etdiyi “DONGFENG DFL 3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə özü ilə eyni istiqamətdə hərəkət edən “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşması nəticəsində edən “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi ekspert qarşısında sual olaraq qoyulmuşdur. Mülki işin materiallarından olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 dekabr 2022-ci il tarixli, 9/5918 saylı ekspert rəyindən müəyyən edilir ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan 2015-ci ilin yanvar ayında tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən (xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı) “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə dəyişilməli hissələrin qiyməti 258 manat, təmir-bərpa işlərinin qiyməti 250 manat olmaqla, ümumilikdə 508 manat müəyyən edilmişdir. Mülki işin materiallarından olan xx.xx.2014-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın baş verməsi faktını təsdiqləyən arayışdan müəyyən edilir ki, avtomobillə toqquşması nəticəsində “Hyundai Accent” markalı, **-SB-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa qapısı və arxa qanadı zədələnmişdir. Mülki işin materiallarından olan 2015-ci ilin yanvar ayında tərtib edilmiş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, “Hyundai Accent” markalı, **- SB-*** dövlət qeydiyyat nişanlı avtomobilə keçirilmiş baxış nəticəsində zədələnmiş detallara görə 268 manat, görüləcək işlərə görə 365 manat olmaqla, ümumilikdə dəymiş zərərin 633 (altı yüz otuz üç) manat həcmində olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsində əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “DONGFENG DFL 3258A3” markalı, ** JF *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Azadlıq prospektində hərəkət edərkən “Hyundai Accent” markalı, ** SB *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq avtomobilə 633 (altı yüz otuz üç) manat ziyan dəyməsi müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC öz növbəsində dəymiş zərəri aradan qaldıraraq, 300 (üç yüz) manat franşiza çıxılmaqla 333 AZN (üç yüz otuz üç) manat sığorta ödənişini həyata keçirmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığı üçün iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır.Məhkəmə ekspertizasının rəyinə əsasən isə dəyən ziyanın məbləği 508 manat müəyyən edilmişdir.Ekspertizanın yəyini təkzib edən daha mötəbər sübut olmadığından, məhkəmə ziyan məbləğinin 508 manat müəyyən edilməsini lazım bilir. O halda 508 manat ziyan məbləğindən 300 (üç yüz) manat franşiza çıxılmaqla ziyanın məbləği 208 manat müəyyən edilməli və 208 manat ziyan məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalı, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə 30,40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30,40 manat dövlət rüsumunun 20 manatı Cavabdeh alınaraq İddiaçı Sığorta Şirkəti ASC -yə ödənilməlidir. Həmçinin, iş üzrə 50 manat məhkəmə ekspertizası xərci vardır kı, iddia qismən təmin edildiyindən həmin məbləğin 25 manatı cavabdehə, 25 manatı isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 208 manat və ödənilmiş dövlət rüsumuna görə 20 manat cəmi 228 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Cavabdeh 25 manat, İddiaçı Sığorta Şirkəti ASC-dən 25 manat məhkəmə ekspertizası xərci tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Cəmilə Səfiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar