Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1726/2023 19.07.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kamranlı Günel Ramiz qızının katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı SŞ ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, “Ford Mondeo” markalı, HO 28331 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 194 manat sığorta ödənişi və 30.4 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə “Qaz 3302-18” markalı, RK 209 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Ford Mondeo” markalı, HO 28331 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində sonuncu avtomobilə maddi ziyan dəymişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. xx.xx.2020-ci il tarixli hesabata uyğun olaraq “Ford Mondeo” markalı, HO 28331 qeydiyyat nişanlı avtomobilə 244 manat ziyan dəymiş, sığorta müqaviləsinin 088832 saylı sığorta aktına əsasən isə İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq avtomobilə 244 manat sığorta ödənişini həyata keçirmişdir. Cavabdeh təqsirli olması Binəqədi Rayon DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. 244 manat sığorta ödənişindən cavabdeh tərəfindən 50 manat İddiaçı Sığorta Şirkətinə ödənilmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. İddiaçı SŞ ASC-nin məhkəməyə ünvanladığı xx.xx.2023-cü il tarixli ərizəyə əsasən, iddiaçı bütün məhkəmə iclaslarının nümayəndəsinin iştirakı olmadan keçirilib işə mahiyyəti üzrə baxılaraq iddia ərizəsinin tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, İddiaçı SŞ ASC-də PAT********** saylı sığorta şəhadətnaməsinə əsasən, xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 55000 manat dəyərində sığortalanmış, Şahin İsmayılova məxsus «Qaz 3302-18» markalı, ** RK *** qeydiyyat nişanlı avtomobilin idarə olunması nəticəsində xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində idarə olunmuş «Ford Mondeo» markalı, H 028331 qeydiyyat nişanlı avtomobilə 244 manat ziyan dəymiş və sığorta ödənişinin köçürülmə yolu ilə ödənilməsi qərara alınmışdır. -Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan görünür ki, Binəqədi DYP bildirir ki, xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində toqquşma növündə yol-nəqliyyat hadisəsi baş vermiş, "xxxx" MMC-nin mülkiyyətində olan, hadisə baş verən anda X2 tərəfindən idarə olunmuş «Ford Mondeo» markalı, H 028331 minik markalı avtomobilə zərər dəymişdir. -İnzibati tənbeh vermə haqqında 2020-ci il tarixli, TP ******* saylı qərarın surətindən görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində «Qaz 3302-18» markalı, ** RK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yol hərəkət qaydalarını pozmuş və hadisə yerindən yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törədərək 100 manat dəyərində cərimə olunmuşdur. -xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC-nin hesabına 244 manat pul vəsaiti köçürülmüşdür. -xx.xx.2020-ci il tarixli dəymiş zərərin hesablanmasına dair hesabatdan görünür ki, «Ford Mondeo» markalı, H 028331 qeydiyyat nişanlı avtomobilə dəymiş zərər olaraq 244 manat hesablanmışdır. -»Atəşgah» SŞ ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, sığorta ödənişi məbləği 10 iş günü müddətində ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatdan görünür ki, Cavabdeh Abşeron rayonu, Görədil kəndi, Nizami küçəsi, 1 saylı evdə qeydiyyatdadır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən, sürücülük vəsiqəsi hər hansı şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sənəddir. Sürücülük vəsiqəsinin təsviri, spesifikasiyası və nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. 81-ci maddəsinə əsasən, yol hərəkəti qaydaları pozuntularının törədilməsində təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda inzibati, cinayət və mülki-hüquqi məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, İddiaçı SŞ ASC-də icbari sığorta növündə sığortalanmış «Qaz 3302-18» markalı, ** RK *** qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh tərəfindən idarə edilən zaman xx.xx.2020-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu ərazisində «Ford Mondeo» markalı, H 028331 qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş və sonuncu avtomobilə 244 manat zərər dəymişdir. İddiaçı tərəfindən təqdim olunmuş qüsur aktından göründüyü kimi, avtomobilə dəymiş zərərin məbləği 244 manat müəyyən edilmişdir. Sözügedən ödəniş məbləğindən cavabdeh tərəfindən 50 manat ödəniş edildiyindən qalıq qalan 194 manat sığorta ödənişi məbləğinin İddiaçı SŞ ASC subroqasiya qaydasında tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 21.2.-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 936.1 və 936.2-ci maddələrinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin əvəzini tam həcmdə ödəməlidir. 1108.1-ci maddəsinə əsasən, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən, yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə yüz manat məbləğində cərimə edilir. Mülki iş materiallarına əlavə olunmuş 2020-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan göründüyü kimi, Cavabdeh yol hərəkət qaydalarını pozması nəticəsində «Ford Mondeo» markalı, H 028331 qeydiyyat nişanlı avtomobilə maddi ziyanın dəyməsi və cavabdehin hadisə yerindən yayınması müəyyən edilmiş, nəticədə, cavabdeh İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinin tələblərinə əsasən, hadisənin törədilməsində təqsiri sübuta yetirilərək inzibati məsuliyyətə cəlb olunmuşdur. “İcbari sığortalar haqqında Qanun”un: 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. 63.1. maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, nəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Beləliklə, məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verib qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iddia ərizəsi təmin edilməli, yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilə dəymiş zərər olaraq 194 manat sığorta ödənişi Cavabdeh subroqasiya qaydasında tutularaq İddiaçı SŞ ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2. maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3. maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh 194 (yüz doxsan dörd) manat sığorta ödənişi və 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu olmaqla, ümumilikdə, cəmi 224.4 (iki yüz iyirmi dörd manat qırx qəpik) manat pul vəsaiti subroqasiya qaydasında tutularaq İddiaçı SŞ ASC-yə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada təqdim olunduğu və ya alındığı gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1726/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1726/2023
19.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver