Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-194/2025 27.01.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı İdrak Liseyinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İdrak Liseyinin Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İddiaçı İdrak Liseyi Cavabdeh qarşı müqavilələr üzrə mövcud olan borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, aralarında bağlanmış müqavilə üzrə 2019-2020-ci təhsil ili üzrə 1100, 2020-2021-ci illər üzrə 4550, 2021-2022-ci il üzrə 6000 manat, 2022-2023-cü təhsil ili üzrə 3000 manat və 2023-2024 cü təhsil üzrə 8500 manat təhsil haqqının, 2022-2023-cü il üzrə 1080 manat servis xidməti üzrə yaranmış borcu, ümumilikdə, 24230 manat məbləğində əsas borcu və ona uyğun hesablanmış 45770 manat miqdarında dəbbə pulu borcu, ödənilmiş 300 manat rüsumunun, yekunda 70300 manat pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməsi xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İdrak Liseyinin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, İddiaçı Bakı filialı və Cavabdeh arasında “Təhsil xidmətlərinin göstərilməsinə dair” 20 sentyabr 2022-ci il tarixli müqavilələr bağlanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı Bakı filialı X3 müqavilədə nəzərdə tutulmuş qaydada yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqı ödəməyi öhdəsinə götürür. Aralarında bağlanmış müqavilənin 5.1-ci maddəsinə əsasən, 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 manat təşkil edir. Həmin müqavilənin 4.1.1-ci maddəsinə əsasən, valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Lakin valideyn təhsil haqqını tam ödəməmiş, həmin il üçün 3000 manat borclu qalmışdır. Həmçinin valideynlə aralarında 09 fevral 2017-ci il tarixli müqavilə də bağlanmışdır. Həmin müqavilə üzrə bir təhsil ili üçün təhsil haqqı məbləği 6000 manat təşkil edir. Valideyn həmin müqavilə üzrə də öhdəliklərini tam yerinə yetirməyərək 2019-2020-ci təhsil ili üçün 1100, 2020-2021-ci il üçün 4550 və 2021-2022-ci il üçün 6000 manat borclu qalmışdır. Habelə valideynin 2022-2023-cü təhsil ili üzrə göstərilmiş servis xidmətlərinə görə 1080 manat miqdarında borcu vardır. Bununla yanaşı, aralarında bağlanmış sonuncu müqavilənin 5.1-ci maddəsinə əsasən 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 manat təşkil edir. Həmin Müqavilənin 5.4-cü maddəsinə görə, Lisey inflyasiya və digər iqtisadi proseslərə görə təhsil haqqını dəyişmək hüququnu özündə saxlayır. Məhz bu maddəni rəhbər tutaraq Lisey 2022-2023-cü il üzrə təhsil haqqını 8500 manat miqdarında müəyyən etmiş, müqavilə şərtlərinin yenilənməsi ilə əlaqədar valideyn dəfələrlə Liseyə dəvət olunmuşdur. Aralarında bağlanmış müqavilənin müvafiq maddələrinə əsasən, Lisey tərəfindən çağırıldıqda Valideyn 5 iş günü ərzində Liseyə yaxınlaşmalıdır. Lakin Valideyn bu öhdəliyinə də riayət etməmiş, xəbərdarlıqlarla yanaşı, Liseyin əməkdaşlarının da zənglərini cavabsız qoymuş, Liseyə hər hansı məlumat verməmişdir. Bugünə qədər də dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq Valideyn nə müqaviləni yeniləmiş, nə də mövcud borcunu ödəmişdir. Buna baxmayaraq şagird bu günə qədər Lisey tərəfindən göstərilən təhsil xidmətlərindən faktiki olaraq istifadə etməkdədir. Müqavilə yenilənməsi və borcun ödənilməsinə dair Valideynə dəfələrlə xəbərdarlıqlar ünvanlanmışdır. Həmçinin Təhsil haqqının artırılması ilə əlaqədar Liseyin müvafiq əmri mövcuddur. Həmin əmrdən çıxarış bu ərizəyə qoşma qismində əlavə edilir. Beləliklə, Lisey tərəfindən xidmətlər faktiki olaraq 8500 manat illik təhsil haqqı əsasında göstərilmiş, cavabdeh də bu qiymətlər əsasında xidmətlərdən bu günə qədər yararlanmışdır. Valideynin müqavilə yemləməkdən boyun qaçırması, Liseyə hər hansı məlumat verməməsi, müraciət və zəngləri cavabsız qoyması öhdəlikdən yayınma hesab olunur. Aralarında bağlanmış müqavilənin 5.5-ci maddəsinə əsasən, müddətindən və səbəbindən asılı olmayaraq şagirdin iştirak etmədiyi təhsil aylarının haqqı hər bir halda ödənməlidir. Müqavilənin 4.1.1-ci maddəsində təhsil haqqının ödənilməsi valideynin öhdəliyi qismində müəyyənləşdirilir. 4.1.6-cı maddəvə əsasən, şagirdlə əlaqəli Liseyə dəvət olunduqda 5 iş günü ərzində Liseyə yaxınlaşmaq valideynin müqavilə üzrə öhdəliyidir. 6.3-cü maddəvə əsasən, valideyn müqavilə üzrə öhdəliklərini yerinə yetirmədikdə Lisey birtərəfli qaydada müqaviləyə vaxtından əvvəl xitam verib bilər. Həmçinin, müqavilənin 3.2.7-ci maddəsinə görə, valideyn tərəfindən təhsil haqqının ödənilməsi müqavilədə nəzərdə tutulan müddətdən artıq gecikdirildikdə təhsil haqqı tam ödənilənədək Lisey şagirdin dərsə buraxılmasını və digər öhdəliklərinin icrasını dayandıra bilər. 7.2-ci maddəvə əsasən. Valideyn hər gecikdirilən gün üçün gecikdirilən məbləğin 0.2%-i həcmində dəbbə pulu ödəyir. Tərəflərindən valideyn borcunun 8500 manata uyğun hesablandığı barədə xəbərdar edlmişdir. Lakin valideyn müqavilə bağlamaqdan yayınmaqla, rəhbərlik tərəfindən müəyyən edilmiş təhsil haqqını ödəməkdən yayınmağa, beləliklə hüquqi əsas olmadan varlanmağa cəhd göstərmişdir. Qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5. maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edib, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 42-ci maddəsinə əsasən İ. Hər bir vətəndaşın təhsil almaq hüququ vardır. İİ. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. İİİ. Təhsil sisteminə dövlət tərəfindən nəzarət edilir. İV. Maddi vəziyyətdən asılı olmayaraq istedadlı şəxslərin təhsili davam etdirməsinə dövlət zəmanət verir. V. Dövlət minimum təhsil standartlarını müəyyən edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: -İdrak Liseyi ilə təhsil alacaq X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2017ci il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş qaydada Lisey şagirdə Azərbaycan, rus və ingilis bölmələrində yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 4.1.1-ci maddəsinə əsasən, valideyn təhsil haqqını tam və vaxtında ödəməlidir. Müqavilənin 5.1-ci maddəsinə əsasən, 1 (bir) tədris ili üçün təhsil haqqı 6000 manat təşkil edir. -İdrak Liseyi ilə təhsil alacaq X1 valideyni Cavabdeh arasında bağlanmış xx.xx.2022ci il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilədən görünür ki, bu müqavilədə nəzərdə tutulmuş qaydada Lisey şagirdə Azərbaycan, bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. -İdrak Liseyi tərəfindən valideyn Cavabdeh ünvanlanmış xx.xx.2023-cü, xx.xx.2023cü və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, İdrak Liseyi tərəfindən Cavabdeh müqavilə üzrə borc 5 iş günü müddətində ödənilmədiyi təqdirdə qanunvericiliyin tələblərinə uyğun tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. -İdrak Liseyinin xx.xx.2024-cü il tarixli saylı maliyyə arayışından görünür ki, 2019- 2020-ci təhsil ili üzrə 1100, 2020-2021-ci illər üzrə 4550, 2021-2022-ci il üzrə 6000 manat, 2022-2023-cü təhsil ili üzrə 3000 manat və 2023-2024 -cü təhsil üzrə 8500 manat təhsil haqqının, 2022-2023-cü il üzrə 1080 manat servis xidməti üzrə yaranmış borcu, ümumilikdə, 24230 manat məbləğində əsas borcu və ona uyğun hesablanmış manat miqdarında dəbbə pulu üzrə 45770 manat məbləğində borcu vardır. -Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş portaldan çıxarışdan görünür ki, İbadova X4 rayonu, Xirdalan şəhəri, 27 Məhəllə, ev 1 (Mebelni -1 mənzil 24 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra mətndə Ailə Məcəlləsi adlanacaq): 58.4. maddəsinə əsasən valideynlər uşaqların əsas ümumi təhsil almasını təmin etməyə borcludurlar. 58.5. maddəsinə əsasən valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. 58.6. maddəsinə əsasən dövlət valideynlərin bu hüquq və vəzifələrinə qanunda nəzərdə tutulmuş qaydada yalnız uşağın mənafeyi tələb etdiyi hallarda müdaxilə edə bilər. 60.3. maddəsinə əsasən uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. Təhsil haqqında Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən: 14.1. Təhsil müəssisəsinin təşkilati-hüquqi forması və statusu müvafiq qanunvericiliyə uyğun müəyyən edilir. 14.2. Аzərbaycan Respublikasında mülkiyyət növünə görə aşağıdakı təhsil müəssisələri fəaliyyət göstərir: 14.2.1. dövlət; 14.2.2. bələdiyyə; 14.2.3. özəl. Göründüyü kimi, pulsuz icbari ümumi orta təhsil almaq hüququ olduğu halda, özəl təhsil müəssisəsində təhsil almaq seçimini edən “təhsilalacaq” X2 valideyni Cavabdeh ilə İdrak Liseyi xx.xx.2017-ci və xx.xx.2022-ci il tarixli təhsil xidmətlərinin göstərilməsinə dair müqavilələrini bağlamış, həmin müqavilələrə əsasən, bu müqavilədə nəzərdə tutulmuş qaydada Lisey şagirdə Azərbaycan, bölməsi üzrə yüksək keyfiyyətli təhsil xidmətləri göstərməyi, valideyn isə həmin xidmətlərə görə təhsil haqqını ödəməyi öhdəsinə götürmüşdür. Hazırki müqavilələr üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı ümumilikdə 24230 manat əsas, 45770 manat cərimə borcunun tutulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Mülki Məcəllənin: 425.1. maddəsinə əsasən, tərəflərdən hər biri öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməlidir. 427.3. maddəsinə əsasən öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 741 və 742.1. maddələrinə əsasən əgər tərəflər arasındakı müqavilədə borcun qaytarılmasına dair müddət nəzərdə tutulmuşdursa, borclu aldığı kredit məbləğini faizləri ilə birlikdə həmin müddət bitənədək qaytarmalıdır. İşin digər materiallarından görünür ki, borc barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun əsas borca görə 24230 manat, cərimə borcuna görə 45770 manat borcu yaranmışdır. Cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş, iddiaya etirazına dair hər hansı sənəd və sübutlarını məhkəməyə təqdim etməmişdir. Belə ki, qanun tərəfin istinad etdiyi hallara dair sübutetmə vəzifəsini onun üzərinə qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Eyni zamanda tərəflər arasında bağlanmış müqavilənin 3.6-cı bəndinə əsasən təhsil haqqı, bu müqavilənin 3.2-ci bəndində qeyd olunmuş vaxtda və həcmdə ödənilmədiyi təqdirdə valideyn ödəmə gününə yaranmış borc məbləğinin gecikdirilmiş hər gününə görə 0.2 faiz məbləğində dəbbə pulu ödəməlidir. Müqaviləyə əsasən cərimə barədə şərtlər cavabdeh tərəfindən qəbul edilmiş, könüllü qaydada öz iradə ifadəsinə uyğun şəkildə imza etməklə müqavilə şərtləri ilə razılaşmışdır. İddiaçı isə haqlı olaraq qeyd olunan müqavilə bəndinə istinad edərək 45770 manat cərimə borcu hesablamışdır. Bununla da, işin müəyyən edilən hallarına və tədqiq edilmiş sübutlara əsasən borclu Cavabdeh həmin müqavilə üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə isə iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Bununla belə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müqavilə üzrə tənasübsüz surətdə yüksək miqdarda maliyyə sanksiyası tətbiq edilmiş və bu, tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Belə ki, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin şərh edilməsinə dair 09 iyul 2009-cu il tarixli Qərarı”nda göstərilir ki, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Bank müştərilərinin depozitləri üzrə öhdəliklərin lazımınca yerinə yetirilməsində ifadə olunan ümumi maraqla borclu şəxsin mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalət tarazlığına riayət olunmalıdır. İstinad edilən maddi hüquq normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, əsas fəaliyyəti kreditlər təqdim etməklə bu kreditlərin faizləri hesabına gəlir əldə edilməsi olan kredit münasibətlərində dəbbə pulu gəlir kimi çıxış edə bilməz. Belə ki, dəbbə pulu (cərimə) öhdəliklərin icrasının təminatı vasitəsidir, öhdəliklərin icra olunmaması halında nəzərdə tutulan maliyyə sanksiyasıdır və bu səbəbdən, onun miqdarı tənasübsüz surətdə yüksək ola bilməz. Əks halda, bu öhdəliklərin icrası üçün nəzərdə tutulan tədbirlərin mahiyyətinə zidd olardı. Ona görə də məhkəmə 45770 manat cərimənin azaldılaraq 100 manat müəyyən edilməsini qanuni, əsaslı və ədalətli olmaqla, həm də iddiaçı təşkilatın əmlak mənafelərinə, həmçinin, cavabdehin maddi, əmlak vəziyyətinə uyğun hesab edir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 300 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə, yuxarıda göstərilənləri ümumiləşdirib məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək hesab edir ki, iddia ərizəsi qismən təmin edilməli, iddiaçı İdrak Liseyi ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə 2019-2020-ci təhsil ili üzrə 1100, 2020-2021-ci illər üzrə 4550, 2021-2022-ci il üzrə 6000 manat, 2022-2023-cü təhsil ili üzrə 3000 manat və 2023-2024-cü təhsil üzrə 8500 manat təhsil haqqı, 2022-2023-cü il üzrə 1080 manat servis xidməti üzrə yaranmış borcu, ümumilikdə, 24230 manat məbləğində əsas borcu və hesablanmış 100 manat miqdarında dəbbə pulu borcu, 105 manat rüsumu Cavabdeh tutularaq iddiaçı İdrak Liseyinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 77.1. maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4. maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi qismən təmin edilsin. İddiaçı İdrak Liseyi ilə Cavabdeh arasında bağlanmış müqavilə üzrə 2019-2020-ci təhsil ili üzrə 1100 (min yüz) manat, 2020-2021-ci illər üzrə 4550 (dörd min beş yüz əlli), 2021-2022-ci il üzrə 6000 (altı min) manat, 2022-2023-cü təhsil ili üzrə 3000 (üç min) manat və 2023-2024-cü təhsil üzrə 8500 (səkkiz min beş yüz) manat təhsil haqqı, 2022- 2023-cü il üzrə 1080 (min səksən) manat servis xidməti üzrə yaranmış borcu, ümumilikdə 24230 (iyirmi dörd min iki yüz otuz) manat məbləğində əsas borcu və hesablanmış 100 (yüz) manat miqdarında dəbbə pulu borcu, 105 (yüz beş) manat rüsumu Cavabdeh tutularaq iddiaçı İdrak Liseyinə ödənilsin. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-194/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-194/2025
27.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver