Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1978/2025 13.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Cavabdeh) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (maraqlı şəxs Cavabdeh) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla maraqlı şəxs Cavabdeh birgə nikahlarından dünyaya gəlmiş övladları-xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-cü il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixindən etibarən qazancının (əmək haqqı) 1/2 hissəsi məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən onun adına olan bank hesabına ödəməyi öhdəsinə götürməsi barədə bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, Ərizəçi maraqlı şəxs Cavabdeh ilə xx.xx.2013-cü il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin həmin nikahdan xx.xx.2014-cü il tarixdə X1, xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Qeyd edir ki, ilkin mediasiya sesiyası zamanı maraqlı şəxslə imzalanmış xx.xx.2024-ci il tarixli “Barışıq sazişi”-nə əsasən, ikinci tərəf kimi çıxış edən atası Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları: xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-cü il təvəllüdlü X2 üçün xx.xx.2024cü il tarixindən etibarən qazancın (əmək haqqı) 1/2 hissəsi məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməyi öhdəsinə götürməsi barədə razılıq əldə olunmuş və aralarında barışıq sazişi imzalanmışdır. Barışıq sazişinin 6cı bəndində qeyd olunduğu kimi saziş imzalandığı gündən 10 gün müddətinə sazişin könüllü şəkildə icra olunması qeyd olunmuşdur. Amma buna baxmayaraq maraqlı şəxs Cavabdeh sazişi könüllü icra etməkdən boyun qaçırmışdır. Ərizəçi uşaqların saxlanması üçün alimentin ödənilməsi ilə bağlı dəfələrlə maraqlı şəxsə müraciət edərək sazişin icra olunması tələb etmiş, lakin maraqlı şəxs qərəzli olaraq sazişin icra edilməsindən imtina etdiyi üçün həmin barışıq sazişinin məhkəmə qətnaməsi ilə təsdiq olunması üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Aralarında imzalanmış “Barışıq sazişi”-nin 8-ci bəndinə əsasən tərəf barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Maraqlı şəxs Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Mediasiya Şurasının xx.xx.2024-cü il tarixli, MBŞ/6-01645 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi ilə Cavabdeh-ikinci tərəf kimi çıxış edən Cavabdeh birgə nikahdan dünyaya gəlmiş övladları-xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X2 üçün xx.xx.2024-cü il tarixindən etibarən qazancının (əmək haqqı) 1/2 hissəsi məbləğində aliment haqqını birinci tərəf kimi çıxış edən Ərizəçi adına olan bank hesabına ödəməsinə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2013-cü il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X1 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibət pozulmuş və onlar xx.xx.2024-cü il tarixli, MBŞ/6-01645 saylı barışıq sazişinə əsasən, alimentin ödənilməsinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda maraqlı şəxs Cavabdeh tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MBŞ/6-01645 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər alimentin ödənilməsinə dair barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2024-cü il tarixli, MBŞ/6- 01645 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.
13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MBŞ/6-01645 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, azyaşlıların mənafeyini nəzərə alaraq, öhdəliyin icrasından yayınan valideyn tərəfindən öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Cavabdeh arasında Bakı 6 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MBŞ/6-01645 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov