Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-1991/2025 11.04.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi, İddiaçı, Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MTK -ya qarşı «Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair» mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MTK -ya qarşı «Müqavilə öhdəliklərinin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, müqavilədən irəli gələn öhdəliyini icra etməyərək ona əldən çıxmış fayda növündə maddi zərər vuran Cavabdeh MTK-dan vurulmuş zərərin əvəzi kimi 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin, eləcə də tərəfindən ödənilmiş 121,5 manat məbləğində dövlət rüsumunun onun lehimə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh MTK onunla bağladığı alqı-satqı müqaviləsi üzrə müəyyənləşdirilmiş öhdəliyini icra etməmiş, həmin öhdəliyin icra edilməməsi ona maddi zərərin vurulması ilə nəticələnmişdir. Aşağıda qeyd olunan işin faktiki halları iddia tələbinin əsaslı olduğunu, cavabdeh tərəfindən ona maddi zərər vurulduğunu, vurulmuş zərərin əvəzinin cavabdehdən lehinə tutulmasının zəruri olduğunu təsdiq edir. Cavabdeh MTK ilə onun arasında 19 aprel 2022-ci il tarixli, **********00438 nömrəli alqı-satqı müqaviləsi bağlanılmışdır. Müvafiq müqaviləyə əsasən “Satıcı”, yəni cavabdeh "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 1-ci bina. 5-ci mərtəbə, 21 (studiya) №-li, 3 otaqlı mənzili tikib “Alıcı”nın, yəni onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. O isə bunun müqabilində adıkeçən mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin cavabdehə ödənilməsini və həmçinin onun yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Müqavilə predmeti qismində çıxış edən mənzilin ümumi dəyəri 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat təşkil etmişdir ki, həmin məbləğin 20,12%-nə uyğun gələn hissəsi- 27.700 (iyirmi yeddi min yeddi yüz) manat tərəfindən ilkin ödəniş kimi cavabdehə ödənilmişdir. Razılaşdırılmış məbləğin qalan 110.000 (bir yüz on min) manata uyğun hissəsi isə onunla "xxxx" ASC arasında bağlanılacaq kredit müqaviləsinə əsasən ona veriləcək kredit məbləği hesabına cavabdeh MTK-ya ödəniləcəkdi. Müqavilə üzrə öhdəliyinin icrası, razılaşdırılmış məbləğin cavabdehə ödənilməsini təmin etmək məqsədilə "xxxx" ASC ilə 20 aprel 2022-ci il tarixli, 004 nömrəli kredit müqaviləsi bağladı. Həmin müqaviləyə əsasən bank ona 180 (yüz səksən) ay müddətində, 110.000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% (on faiz) ödəmək şərtilə kredit verməyi, o isə kredit üzrə əsas və faiz borc ödənişlərini həyata keçirməklə, kreditdən təyinatı üzrə istifadə etməyi öhdəliyinə götürmüşdür. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, hər nə qədər o hər iki müqavilə üzrə öhdəliklərə tam həssaslıqla riayət etməkdə davam etsə də, cavabdeh MTK müqavilə üzrə öhdəliklərini icra etməməkdə israr edir. Belə ki, hər ay heç bir ləngimə olmadan 1182,07 manat məbləğində kredit müqaviləsi üzrə banka ödənişlərini həyata keçirsə də, cavabdeh aralarında bağlanmış alqı-satqı müqaviləsinin 4.2.3-cü bəndi üzrə müəyyənləşdirilmiş öhdəliyini kobud surətdə pozmuşdur. Belə ki, müvafiq bəndə əsasən, “Satıcı” (cavabdeh) binanın bünövrəsi qoyulduqdan sonra 18 (on səkkiz) ay müddətində mənzili təmir edib alıcıya, yəni ona təhvil verməli idi. Diqqətə çatdırmaq istəyir ki, həmin öhdəliyin icrası üzrə müəyyənləşdirilmiş son müddətin üzərindən təqribən 15 (on beş) ay vaxt keçməsinə baxmayaraq, cavabdeh MTK hələ də mənzilini ona təhvil verməmişdir. İddia ərizəsinə əlavə olunan məlumat lövhəsi çıxarışından göründüyü kimi, kompleksə daxil olan binaların tikintisi 01 may 2022-ci il tarixində başlanılmışdır. Bu da öz növbəsində binaların bünövrəsinin 01 may 2022-ci il tarixinə kimi qoyulduğuna dəlalət edir. Eyni zamanda 2022ci ilin sentyabr ayında çəkilmiş və iddia ərizəsinə əlavə olunmuş fotoşəkillərdəki binaların o vaxtkı vəziyyəti həmin vaxtdan ən azı 4-5 ay əvvəl, aprel ayında onların bünövrəsinin qoyulduğunu göstərməkdədir. Binaların bünövrəsinin hətta daha gec, 01 may 2022-ci il tarixindən qoyulduğunu nəzərə alsaq, cavabdeh MTK müqavilənin 4.2.3-cü bəndinə əsasən ən geci 01 noyabr 2023-cü il tarixinə qədər mənzili təhvil verməli idi. Lakin, əfsuslar olsun ki, müqavilə öhdəliyinin son icra müddətindən indiyə kimi təqribən 15 ay keçməsinə baxmayaraq Cavabdeh MTK tərəfindən mənzil hələ də ona təhvil verilməmişdir. Qeyd edir ki, o razılaşdırılmış tarixdə mənzili təhvil aldıqdan sonra onu kirayə verərək əldə etdiyi kirayə haqqı hesabına aylıq kredit ödənişlərimin çox hissəsini həyata keçirməli idi. Lakin cavabdehin öz öhdəliyini icra etməməsi onu mənzildən istifadə hüququndan irəli gələcək gəlirlərdən məhrum etmişdir. AR Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 389.1, 389.3 425.1 427.1, 442.1 443.1, 443.2, 448.1-ci maddələrinə əsasən hesab edir ki, qeyd olunan işin faktiki halları və hüquq normalarının qarşılıqlı təhlili nəticəsində cavabdehin müqavilədən irəli gələn öhdəliyini icra etmədiyi, həmin öhdəliyin icra edilməməsi nəticəsində ona əldən çıxmış fayda növündə maddi zərər dəydiyi nəticəsinə gəlinə bilər. Belə ki, MTK tərəfindən müqavilənin 4.2.3-cü bəndinə uyğun olaraq mənzilin 18 ay müddətində ona təhvil verilməməsi AR Mülki Məcəlləsinin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilmədiyinə dəlalət edir. Yuxarıda da qeyd olunduğu kimi öhdəliyin icra edilməməsi onun vaxtında icra edilməməsini də özündə ehtiva edir. Halbuki cavabdeh AR Mülki Məcəlləsinin 427.1-ci maddəsinə əsasən öz öhdəliyini vicdanlılığın tələb etdiyi tərzdə icra etməli idi. Cavabdeh MTK tərəfindən mülki qanunvericiliyin müvafiq tələblərinin pozulması ilə mənə əldən çıxmış fayda növündə zərər dəyməsi arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə ki, əgər MTK müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etsə idi, o həmin mənzili başqa şəxs və ya şəxslərə kirayə verəcək, kirayə haqlarından əldə edəcəyi gəlirlər hesabına kredit ödənişlərinin çox hissəsini həyata keçirə biləcəkdi. MTK tərəfindən mənzil ona təhvil verilməsə də, o bank qarşısında öhdəliklərini öz hesabına vaxtında və vicdanlılığın tələb etdiyi tərzdə icra etdiyindən ona əldən çıxmış fayda növündə zərər dəymişdir. Yasamal rayonu ərazisində yerləşən yeni tikili binalarda üç otaqlı məznillərin orta aylıq kirayə haqlarının ***-**** AZN civarında olduğunu nəzərə alınsa, həmin intervalın ən aşağı həddi üzrə qiymətləndirmə belə onun keçən 14 ay ərzində (700 AZN x 14 ay) 10500 (on min beş yüz) manat məbləğində əldən çıxmış fayda növündə zərərə məruz qaldığını təsdiq edir. Əgər cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilsə və onun hüquqları pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir azı 10500 manat təşkil edəcəkdi. Bu mənada AR Mülki Məcəlləsinin 442 və 443-cü maddələri onun əsaslandırılmış iddia tələbinin hüquqi əsasını təşkil edir. Həmin maddələrə uyğun olaraq müqavilə tərəfinin öhdəliyini vaxtında icra etməməsi müqavilə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilirsə, həmin icra edilməmə nəticəsində dəymiş zərər də öz növbəsində zərərin əvəzinin ödənilməsini şərtləndirir. Məhkəmə baxışı dövründə İddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək müqavilədən irəli gələn öhdəliyini icra etməyərək ona əldən çıxmış fayda növündə maddi zərər vuran Cavabdeh MTK-dan vurulmuş zərərin əvəzi kimi 10500 (on min beş yüz) manat məbləğində pul vəsaitinin, eləcə də tərəfindən ödənilmiş 121,5 manat məbləğində dövlət rüsumunun onun lehinə tutulması, habelə müqavilə üzrə ona təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 1-ci bina. 5-ci mərtəbə, 21 (studiya) №-li, 3 otaqlı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi ilə bağlı öhdəliyin qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin həcminin artırılması barədə ərizə onunla əsaslandırılmışdır ki, əvvəlki tələbində zərərin əvəzinin ödənilməsi tələbi ilə yanaşı mənzilin təhvil verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması barədə tələb iddia ərizəsində nəzərdə tutulmadığından, hazırda bu mənada iddia tələbinin həcminin artırılmasını məqsədəuyğun hesab edir. Belə ki, ilkin iddia ərizəsində qeyd etdiyi kimi, cavabdeh hər nə qədər binanın bünövrəsi qoyulduqdan sonra on səkkiz ay ərzində mənzili ona təhvil verilməsi ilə bağlı öhdəlik götürmüşdüsə də, bu günə kimi həmin öhdəliyini icra etməmişdir. Onu da əlavə edir ki, ilkin iddia ərizəsinin əsaslandırma hissəsində dəymiş zərərin məbləği hesablanarkən ayların sayı yanlışlıqla 15 ay əvəzinə 14 ay kimi qeyd olunmuşdur. AR Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında İddiaçı iddia tələblərini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Cavabdeh MTK-nın məhkəməyə təqdim etdiyi etirazında göstərilmişdir ki, MTK-nın Yasamal rayonu, Alatava 1 ünvanında inşa edilən mənzillərin (SKY HOME yaşayış kompleksindəki) payçılara təhvil verilməsinin gecikməsi üzürlü səbəblərdən baş vermişdir. Belə ki, xx.xx.2022-ci tarixdə Türkiyə Respublikasının Sistem Aliminium Vetis. A.S.şirkəti ilə xx.xx.2022-ci il tarixdə və Belarusiya Respublikasının OOO «Kovçik» şirkəti ilə "xxxx" ASC arasında tikinti materiallarının (pəncərə və parket) alınmasına görə müqavilə bağlansa da həmin şirkətlərdə yaranmış çətinliyə görə malların MTK-ya göndərilməsi vaxtında yerinə yetirilməmiş, həmin müqavilələr üzrə mallar yalnız 2024-cü ilin iyul-avqust aylarında göndərilmişdir. Qeyd edilir ki, yuxarıda qeyd olunan Türkiyə Şirkəti Cavabdeh MTK ilə müqavidəsi olan "xxxx" ASC-yə qüsurlu pəncərə materialını 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar ayında göndərmişdir. Həmin materiallardan düzəlmiş pəncərələr və qapılar binadakı mənzillərə quraşdırılmış və bir müddət sonra hava ilə təmas nəticəsində məlum olmuşdur ki, həmin materiallar keyfiyyətsiz və qüsurludur. Bu barədə MTK qarşı tərəfə məlumat vermiş və tərəfin nümayəndəsi tikinti ərazisinə gələrək xx.xx.2024-cü il tarixdə tərəflərin iştirakı ilə qüsur aktı tərtib edilmişdir. Aktı hər iki tərəf imzalamışdır. Qeyd olunan səbəblərə görə tikinti materialları təkrar olaraq 2024-cü ilin iyul avqust aylarında həmin şirkət tərəfindən MTK-ya göndərilmişdir. Bundan sonra həmin materiallardan pəncərələr düzəldilərək yenidən quraşdırılmışdır. Həmçinin bildirilir ki, Belarusiya Respublikasının OOO «Kovçik» şirkəti ilə "xxxx" ASC arasında tikinti materiallarının (parket) alınmasına görə müqavilə bağlansa da həmin şirkətdə yaranmış çətinliyə görə malların MTK-ya göndərilməsi vaxtında yerinə yetirilməmiş, həmin müqaviə üzrə mallar yalnız 2024-cü ilin iul-avqust aylarında göndərilmişdir. Qeyd edilən faktları təsdiq edən mötəbər subutları (Cavabdeh MTK ilə "xxxx" ASC arasında birgə fəaliyyət haqqında müqavilə, gömrük bəyənnamələri, qüsurla barədə akt, müqavilələr və digər sənədlər) etiraza əlavə olunur. Həmçinin bildirilir ki, mənzillərin təhvilinin gecikməsi üzürlü səbəblərdən baş verməsi İddiaçı və digər payçılara məlumdur. İddiaçı iddia tələbini əsassız hesab edirlər. CavabdehMTK-nın nümayəndəsi Nümayəndə iddianı qəbul etməyərək məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə etirazla bağlı təqdim edilmiş mülahizədən görünür ki, cavabdeh MTK-nın müqavilə münasibətlərinə daxil olduğu üçüncü şəxslər tərəfindən həmin münasibət üzrə öhdəliklərinin lazımi qaydada icra edilməməsi, cavabdehlə onun arasında yaranmış münasibət üzrə cavabdehin məsuliyyətini istisna edə bilməz. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin etirazda qeyd etdiyi digər şirkətlərlə daxil olduğu mülki hüquqi münasibətlər, onunla cavabdeh arasında yaranmış mülki hüquqi münasibətlərdən müstəqil mövcud olmuşdur. Belə ki, cavabdeh daha əvvəl onunla müqavilə bağlamış və həmin müqavilə ilə mənzili binanın özülünün qoyulduğu tarixdən ən geci 18 (on səkkiz) ay müddətində təhvil verməyi öz öhdəsinə götürmüşdür. Daha sonradan cavabdeh onun, eləcə də, binanın digər sakinlərinin qarşısında götürdüyü öhdəlikləri lazımi qaydada icra etmək üçün digər xarici hüquqi şəxslərlə müqavilə münasibətlərinə daxil olmuşdur. Məhkəmənin, eləcə də, qarşı tərəfin nəzərinə çatdırmaq istəyir ki, cavabdehlə müqavilə münasibətlərinə daxil olan üçüncü şəxslərin müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi, cavabdehin onunla aralarında olan müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış mülki məsuliyyətini istisna edə bilməz. Belə olan halda cavabdeh məhz həmin xarici hüquqi şəxslərə qarşı iddia qaldırmalı, öhdəliklərin lazımi qaydada icra edilməməsi nəticəsində cavabdehə dəymiş maddi zərərin əvəzini həmin şirkətlərdən tələb etməlidir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, cavabdehin etirazında qeyd etdiyi üçüncü şəxslərlə daxil olduğu hüquq münasibətləri aralarında yaranan münasibətlərdən ayrıca qiymətləndirilməlidir. İşin faktiki hallarından göründüyü kimi, cavabdehlə onun arasında mövcud hüquq münasibəti üzrə Cavabdeh MTK mənzilin təməlin atıldığı vaxtdan 18 (on səkkiz) ay ərzində təhvil veriləcəyini öhdəliyinə götürmüşdür. Cavabdeh tərəfindən həmin müddəaya uyğun olaraq mülki hüquqi öhdəliyinin lazımi qaydada yerinə yetirilməməsi işin mübahisəsiz halıdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin ikinci bəndinə əsasən Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Yuxarıda qeyd olunan müddəaların işin faktiki halları ilə qarşılıqlı təhlili cavabdeh tərəfindən onunla bağlanmış müqavilədən irəli gələn öhdəliyinin icra olunmadığını təsdiq edir. Cavabdehin üçüncü şəxslərlə bağlanılmış müqavilələrdən irəli gələn çətinliklər ilə bağlı bir daha vurğulamaq istəyir ki, həmin şirkətlərin öhdəliyini lazımi qaydada icra etməməsi cavabdehin ona qarşı iddia qaldırması və vurulmuş zərərin əvəzinin tələb olunması yolu ilə həll oluna bilər. O, cavabdehlə 2022ci ildə cavabdeh tərəfindən mənzilin 18 (on səkkiz) ay müddətində təhvil veriləcəyi şərti üzrə müqaviləni bağlamış, daha sonra üçüncü şəxslərin onun iradəsindən kənar hər hansı hüquqa zidd davranışı onun hüquqlarının pozulmasına səbəbiyyət verməməli, cavabdeh pozuntu ilə bağlı həmin şəxslərə iddia qaldırmalıdır. Məsələnin daha anlaşıqlı başa düşülməsi üçün nümunə üzərindən izah etməyi məqsədəuyğun hesab edirik. Fərz edək ki, A şəxsi B şəxsi ilə borc müqaviləsi bağlayaraq 10000 (on min) manat məbləğində pulu ən geci 12 (on iki) ay ərzində qaytarmağı öz öhdəliyinə götürmüşdür. B şəxsi 12 ay tamam olduqdan sonra borcun qaytarılması ilə bağlı olan öhdəliyin icrasını A şəxsindən tələb etdikdə sonuncu öz öhdəliyini icra etməyərək C şəxsinin ona borcu olduğunu, lakin borcu qaytarmadığına görə də onun B şəxsinə olan borcu qaytarmadığını bildirir. Daha dəqiq desək, A şəxsi C şəxsinin ayrıca ona olan borcunu qaytarmadığını əsas gətirməklə B şəxsi qarşısında olan öhdəliyini icra etmir və C şəxsinin borcu qaytarmamasının üzrlü səbəb hesab edilməli olduğunu qeyd edir. Halbuki A şəxsi C şəxsi ilə bağlı mübahisənin həlli üçün pul tələbinə dair ayrıca iddia qaldırmalı, B şəxsi qarşısında olan borcunu da lazımi qaydada icra etməlidir. Eyni zamanda AR mülki qanunvericiliyində müqavilədən irəli gələn öhdəliklərin icra olunmamasının üzrlü hesab edilməsi anlayışı nəzərdə tutulmamışdır. Əks halda mülki dövriyyənin iştirakçıları digər şəxslər qarşısında götürdükləri öhdəlikləri icra etməkdən müxtəlif bəhanələr gətirməklə və həmin bəhanələri üzrlü səbəb kimi ifadə etməklə yayınardılar. Yalnız fors-major hallar və şəraitin əhəmiyyətli dərəcədə çətinləşməsi kimi vəziyyətlər istisna təşkil edir ki, hazırki işdə də nə, fors-major halın mövcudluğundan nə də, şəraitin əhəmiyyətli dərəcədə çətinləşməsindən söhbət gedə bilməz. Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. AR Mülki Məcəlləsinin 442.1-ci maddəsi borclunun risk dairəsinə daxil olan öhdəliklərini icra etmədiyi bütün hallar üçün məsuliyyət daşıması təsbit olunmuşdur. Cavabdeh MTK da onunla bağladığı müqavilə ilə mənzilin 18 ay müddətinə təhvil verilməsini öz öhdəliyinə götürmüşdür. Cavabdehin həmin öhdəliyi lazımi qaydada icra etməsi zamanı baş verməsi ehtimal olunan bütün problemlər (onunla bağlı baş verəcək problemlər istisna olmaqla) onun risk dairəsinə daxil olmuşdur. Belə ki, tikinti şirkəti bu sahədə ixtisaslaşmış tərəf olmaqla müqavilə üzrə öhdəliklərinin lazımi qaydada icra olunması zamanı baş verə biləcək bütün maneələri və riskləri qiymətləndirmək imkanına malik olmuşdur ki, bu mənada üçüncü şəxslərlə bağlı hər hansı hal cavabdehin onun qarşında götürdüyü öhdəliyinin icra olunmamasına bəraət qazandıra və onun məsuliyyətini istisna edə bilməz. Cavabdehin öhdəliyini icra etməməsi ona əldən çıxmış fayda növündə zərərin vurulmasl ilə nəticələnmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclaslarında ona heç bir maddi zərər vurulmadığını, bu barədə iddiaların əsassız olduğunu qeyd etsə də aşağıda qeyd olunanlar iddiasının müvafiq hissədə də əsaslı olduğunu təsdiq edir. Cavabdeh MTK tərəfindən mülki qanunvericiliyin müvafiq tələblərinin pozulması ilə ona əldən çıxmış fayda növündə zərər dəyməsi arasında birbaşa səbəbli əlaqə mövcuddur. Belə ki, əgər MTK müqavilədən irəli gələn öhdəliyini vaxtında icra etsə idi, o, həmin mənzili başqa şəxs və ya şəxslərə kirayə verəcək, kirayə haqlarından əldə edəcəyi gəlirlər hesabına kredit ödənişlərinin çox hissəsini həyata keçirə biləcəkdi. MTK tərəfindən mənzil ona təhvil verilməsə də, o bank qarşısında öhdəliklərini öz hesabına vaxtında və vicdanlılığın tələb etdiyi tərzdə icra etdiyindən ona əldən çıxmış fayda növündə zərər dəymişdir. Yasamal rayonu ərazisində yerləşən yeni tikili binalarda üç otaqlı məznillərin orta aylıq kirayə haqlarının ***-**** AZN civarında olduğunu nəzərə alsaq, həmin intervalın ən aşağı həddi üzrə qiymətləndirmə belə onun keçən 15 ay ərzində (700 AZN x 15 ay) 10500 (on min beş yüz) manat məbləğində əldən çıxmış fayda növündə zərərə məruz qaldığını təsdiq edir. Əgər cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilsə və onun hüquqları pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir azı 10500 manat təşkil edəcəkdi. Bu mənada AR Mülki Məcəlləsinin 442 və 443-cü maddələri onun əsaslandırılmış iddia tələbinin hüquqi əsasını təşkil edir. Həmin maddələrə uyğun olaraq müqavilə tərəfinin öhdəliyini vaxtında icra etməməsi müqavilə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilirsə, həmin icra edilməmə nəticəsində dəymiş zərər də öz növbəsində zərərin əvəzinin ödənilməsini şərtləndirir. Cavabdeh tərəfindən öhdəliyin icasının gecikdirilməsinin səbəbi barədə payçıların məlumatlı olması barədə etirazda qeyd etdiyi və məhkəmə iclasında səsləndirdiyi fikirlər tamamilə əsassızdır. Cavabdeh hər nə qədər özünün etirazında öhdəliklərinin vaxtında icra olunmaması barədə guya üzrlü səbəblərin mövcud olduğunu və payçıların bunlar barəsində məlumatlı olduğunu qeyd etsə də, həmin fikirlər həqiqəti əks etdirmir. Belə ki, hər dəfə mənzilin təhvil verilməməsi ilə bağlı cavabdehə məxsus ofisə yaxınlaşdığı vaxt əməkdaşlar hər dəfə fərqli bəhanələr gətirmiş, səlahiyətli nümayəndə və hüquqşünasla görüşmək istədiyi vaxt bu istəyini yerinə yetirməmişdilər. Bu barədə ən azından ona heç bir şifahi və ya yazılı formada məlumat verilməmişdir. Odur ki, yuxarıda qeyd olunanlar cavabdeh tərəfindən təqdim olunan yazılı etiraza hüquqi münasibəti və təhlili əks etdirməklə iddia tələbinin qanuni və əsaslı olmasını təsdiqləməkdədir. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: - Cavabdeh MTK ilə iddiaçı arasında 19 aprel 2022-ci il tarixli, **********00438 nömrəli alqı-satqı müqaviləsinin surətindən görünür ki, “Satıcı”, yəni cavabdeh "xxxx" MTK Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 1-ci bina. 5-ci mərtəbə, 21 (studiya) №-li, 3 otaqlı mənzili tikib “Alıcı”nın, yəni onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür. “Alıcı”bunun müqabilində adıkeçən mənzili qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada mənzil üzrə tələb olunan bütün ödənişlərin cavabdehə ödənilməsini və həmçinin onun yaşayış kompleksində xidmət göstərəcək şirkətə kommunal ödənişləri həyata keçirməyi öhdəsinə götürmüşdür. (müqavilənin 1.1-1.2-ci bəndləri) - Müqavilə predmeti olan mənzilin ümumi dəyəri 137.700 (bir yüz otuz yeddi min yeddi yüz) manat təşkil etmişdir. Müqavilə dəyərinin ilin ödənişi 20,12%- yəni, 27.700 (iyirmi yeddi min yeddi yüz) təşkil edir. Müqavilə dəyərinin qalan 110000 manat məbləğində hissəsi «Alıcı» ilə "xxxx" ASC ilə arasında bağlanacaq kredit müqaviləsin əsasən «Alıcı»ya veriləcək kreditin hesabına tam şəkildə ödənilməsi ilə həyata keçiriləcək. (müqavilənin 2.1-2.3-cü bəndləri) - Müqavilənin 3.2 bəndinə əsasən «Satıcı» müqavilədə göstərilən bütün şərtləri icra edib, binanın bünövrəsini qoyulduqdan sonra 18 ay müddətinə «Alıcı»ya mənzil təmir edib təhvil verməyi öz öhdəsinə götürür. - Müqavilənin 4.2.3 bəndinə əsasən «Satıcı» müqavilədə göstərilən öhdəliklərdən biri olan «binanın bünövrəsini qoyulduqdan sonra 18 ay müddətinə «Alıcı»ya mənzil təmir edib təhvil verməsi» öhdəliyini yerinə yetirməlidir. - "xxxx" ASC ilə 20 aprel 2022-ci il tarixli, 004 nömrəli kredit müqaviləsinin surətindən görünür ki, Cavabdeh QSC (bundan sonra “MTK” adlandırılacaq) ilə Borc verən arasında bağlanmış Birgə fəaliyyət haqqında saziş çərçivəsində Borc verən bu müqaviləyə əsasən Borc calana 180 ay müddətində (xx.xx.2037-ci il tarixədək) 110000 manat məbləğində, kreditdən istifadəyə görə illik 10% faiz ödəmək şərtilə kredit verməyi, Borc alan isə Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri Borc verənə ödəməyi, habelə kreditdən 1.2.-ci bənddə göstərilmiş təyinatı üzrə istifadə etməyi öhdəsinə götürür. Kreditin təyinatı: Saziş çərçivəsində Bakı şəhəri, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan bina 1, 5-ci mərtəbədə yerləşən, ümumi sahəsi 76.5 kv.m olan 3 otaqlı 21 nömrəli mənzilin alınması. Kredit üzrə faktiki illik faiz dərəcəsi (FİFD) illik 10.18% faiz təşkil edir. Borc alan, bu Müqaviləyə üzrə pul vəsaiti hesabına aldığı Müqavilənin 1.2-ci bəndində qeyd edilən mənzil üzərində mülkiyyət hüququ əldə etdikdən və bu hüququ dövlət qeydiyyatına alınıb müvafiq Çıxarış verildikdən sonra 30 gün müddətində Borc verənin xeyrinə ipoteka ilə yüklü edilməsini öhdəsinə götürür. Borc alanın bu Müqavilə üzrə Borc verən qarşısında öhdəliklərinin təminatı qismində xx.xx.2022-ci il tarixli 209CD**********1 saylı Girov müqaviləsi üzrə girov predmeti olan pul vəsaitləri çıxış edir. (Müqavilənin 1.1-1.5-ci bəndləri) - Cavabdeh MTK ( İ tərəf) ilə "xxxx" ASC ( İİ tərəf) arasında birgə fəaliyyət haqqında xx.xx.2022-ci il tarixli müqavilədən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksini İ tərəf inşa edib, burada yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin satışını həyata keçirir. Onların satışında təmsililik hüququ (marketinq, reklam, satış) eyni zamanda İİ tərəfə də verilir. (müqavidənin 1.1 və 1.2-ci bəndləri) Beləliklə də işin araşdırılmış halları ilə müəyyən edilir ki, tərəflər arasında mənzillə bağlı alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Həmin öhdəliklərə görə iddiaçı müqavilədə göstərilən ilkin pul məbləğini cavabdehə verməsinə, qalan ödənişlər üzrə də müqavilə üzrə öhdəliklərinə riayət etməkdə davam etməsinə istinad edərək cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəlikləri tələb etmək hüququndan, yəni müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə cavabdehin onun qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək üzrə mülki hüquqi məsuliyyəti yaranması ilə bağlı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh isə iddianı qəbul etməyərək mənzilin iddiaçıya təhvil verilməsinin gecikdirilməsini, başqa sözlə öhdəliklərinin lazımi qaydada icra olunmamasına dair üzrlü səbəbləri, yəni, Türkiyə və Belarusiya Respublikasındakı şirkətlərlə bağlanılmış müqavilələrlə bağlı yaranmış çətinlikləri, həmin şirkətlərdə yaranmış çətinliyə görə zəruri malların vaxtında təhvil verilmədiyini, malların yalnız 2024-cü ilin yay aylarına göndərildiyinə, bundan əlavə, cavabdehin bütün payçıların bundan xəbərdar olmasına, iddiaçıya qarşı qərəzli mövqe nümayiş etdirilməməsinə istinad edərək iddia tələbinin əsassız olduğunu bildirmiş və müqavilə üzrə öhdəliklərinin yerinə yetirməməsinin səbəblərinin üzürlü olmasına dair sübutlarını təqdim etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. - 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. - 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarına daxildir. -18-ci maddəsinə əsasən mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. - 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qanunun yuxarıda göstərilən normalarına əsasən öhdəliklərin lazımınca yerinə yetirlməməsi və bununla əlaqədar dəymiş ziyanın ödənilməsi onun məzmunu ilə müəyyən olunur ki, bu da Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən onun iştirakçıları arasında müvafiq müqavilənin bağlanması yolu ilə həyata keçirilir. Belə müqavilənin mövcudluğu öhdəliklərin yaranması üçün zəruri şərtdir, belə ki, onun məzmunu tərəflərin etməli olduğu hərəkətləri müəyyən edir. Həmçinin məhkəmə qeyd edir ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. mülki qanunvericiliyin sadalanan normalarının mənasına görə mülki hüquq münasibətlərində subyektiv hüququn sahibi cavabdeh kimi qoyduğu hüquqi mükəlləfiyyətlidən müəyyən davranış o halda tələb edə bilər ki, belə davranış onların arasında olan müqavilə və ya tərəflərin münasibətlərinin yaranması anında mövcud olan qanunun birbaşa göstəricisinin qüvvəsinə görə labüd olsun. AR Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin maddənin ikinci bəndinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından tərəflər arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri əsasında vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməli olsa da, hazırki iş üzrə iddiaçı tələbində cavabdehin müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsini iddia etməsinə baxmayaraq bunun məhz cavabdeh tərəfin özünün səhlənkarlırı, məsuliyyətsizliyi nəticəsində baş verməsi ilə bağlı ona ziyan vurulmasına dair mötəbər və tutarlı sübutlar təqdim etməmişdir. Belə ki, əvvəla cavabdeh tərəf iddianı qəbul etməsə də Yasamal rayonu, Alatava 1 ünvanında inşa edilən mənzillərin (SKN HOME yaşayış kompleksindəki) payçılara təhvil verilməsinin gecikməsini etiraf edərək bunun üzürlü səbəblərdən baş verməsi ilə, yəni, birgə əməkdaşlıq müqaviləsi üzrə müqavilə əsasında fəaliyyət göstərdiyi "xxxx" ASC-nin binanın inşa edilməsi ilə əlaqədar tikinti materiallarının (pəncərə və parket) alınmasına görə müqavilələr bağlamış tərəflərin (Türkiyə Respublikasının Sistem Aliminium Vetis. A.S. və Belarusiya Respublikasının OOO «Kovçik» şirkətləri) müqavilə öhdəliklərini vaxtında yerinə yetirməməsi ilə əsaslandırmışlar. Bundan əlavə, cavabdeh tərəf inşa edilmiş binadakı mənzillərə düzəlmiş pəncərələr və qapıların keyfiyyətsiz və qüsurlu olması ilə əlaqədar qüsur aktları tərtib etməklə onların yeniləri ilə əvəz olunmasına nail olsa da, digər materialların Belarusiya Respublikasının OOO «Kovçik» şirkətindən göndərilməsi ilə əlaqədar çətinliklərin yarandığı üçün, başqa sözlə malların MTK-ya göndərilməsinin vaxtında yerinə yetirilmədiyindən mənzillərin təhvil verilməsində ləngimələr olması araşdırma zamanı öz təsdiqini tapmışdır. Beləliklə də müəyyən edilmişdir ki, cavabdeh müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin vaxtında yerinə yetirməməsi məhz obyektiv səbəblərdən baş vermişdir. Məhkəmə iddiaçının cavabdehlə müqavilə münasibətlərinə daxil olan üçüncü şəxslərin müqavilədən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməməsi, cavabdehin onunla aralarında olan müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsi nəticəsində yaranmış mülki məsuliyyətini istisna edə bilməməsinə dair dəlili ilə əlaqədar qeyd edir ki, əvvəla cavabdehin məhz həmin xarici hüquqi şəxslərə qarşı iddia qaldırması onun hüququdur. Həmçinin də iddiaçının bu dəlili cavabdehlə aralarında olan müqavilədən irəli gələn öhdəliklərinin icra edilməməsinin uzun müddət ərzində davam etməsi və ya onun səhlənkarlığı, məsuliyyətsizliyi və ya digər formada qərəzli münasibəti nəticəsində baş verdiyi halda bu xüsusata müəyyən mənada əsaslı sayılıb-sayılmamasına hüquqi qiymət verilməsi müzakirə oluna bilərdi. Lakin hazırki iş üzrə cavabdehin iddiaçı qarşısında öhdəliyini yerinə yetiməmək üçün müxtəlif bəhanələr gətirməklə və həmin bəhanələri üzrlü səbəb kimi ifadə etməklə yayınması kimi halların mövcudluğu öz təsdiqini tapmamışdır. İddiaçının müqavilə üzrə öhdəliklərini yerinə yetirməsinə və yetirməkdə də davam etməsinə istinad edərək cavabdehdən konkret olaraq müqavilədə qeyd edilmiş 18 ay keçsə də mənzilin ona verilməməsi ilə ona maddi ziyan vurulmasına dair irəli sürdüyü dəlilləri məhkəmə əsassız sayır. Belə ki, əvvəla məhkəmə qeyd etməyi zəruri sayır ki, hamıya bəllli olan hal odur ki, tikinti işlərinin aparılması və inşaat işləri tikinti aparan şirkətə materialların vaxtında və keyfiyyətlə verlməsindən birbaşa asılıdır. Bu materialların göstərilən qaydada təminatında yaranan qüsurlar nəticəsində binanın inşasında müəyyən çətinliklərin də yaranması labüddür ki, bunun da nəticəsində inşaat işləri aparan tərəf müqavilədə nəzərdə tutulmuş mənzili və ya obyekti təhvil vermə müddətlərinə özündən asılı olmayan obyektiv səbəblərdən riayət edə bilmir. Bu səbəbdən təhvil vermə müddəti, məsələn 2 il nəzərdə tutulursa, bu 3 ilə qədər, yaxud daha artıq müddətə kimi uzadıla bilər. Mülki qanunvericiliyə görə bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclunun onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlik daşımasını müəyyən etsə də, məhkəmə hesab edir ki, hazırki iş üzrə müqavilə üzrə öhdəlik götürmüş cavabdehin inşa etdiyi binadakı mənzilləri vaxtında təhvil verə bilməməsinin ondan asılı olmayan səbəblərdən baş verməsindən əlavə, təhvil vermək istiqamətində faktiki olaraq gördüyü işlər onun iddiaçı qarşısında öhdəlikləri icra edilmədiyi səbəbindən maddi ziyanla bağlı cavabdehlik daşımasına hüquqi əsas yaratmır. Belə ki, iş üzrə cavabdeh iddiaçıya mənzili binanın bünövrəsi qoyulandan sonra 18 ay ərzində təhvil verməsinə dair öhdəlik götürsə də, yuxarıda sadalanan hallar nəticəsində bu gecikmənin məhz obyektiv səbəblərdən olması müəyyən edilmiş, hətta cavabdeh tərəf müəyyən sakinlərin də alqı-satqı müqavilələrini nümunə kimi təqdim edərək iddiaçıdan başqa digər sakinlərin bu ləngimənin səbəbləri ilə bağlı qarşılıqlı anlaşmaya gəldiklərini bildirmişdir. İddiaçı ona maddi ziyan vurulmasının əsası kimi həmçinin hazırda başqa yaşayış yeri olmasa da, verilən suala cavab olaraq qoşümunun evində yaşamasını, kirayə haqqı ödəməməsini göstərmiş, lakin mənzilin ona vaxtında təhvil verməməsi nəticəsində mənzilinin kirayə verib gəlir əldə edə bilməməsinə istinad etmişdir. Məhkəmə iddiaçının onun təbirincə deyilsə əgər cavabdeh tərəfindən müqavilə öhdəliyi icra edilsə və onun hüquqları pozulmasa idi, adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirin azı 10500 manat təşkil edəcəyinə, həmin mənzili başqa şəxs və ya şəxslərə kirayə verəcək, kirayə haqlarından əldə edəcəyi gəlirlər hesabına kredit ödənişlərinin çox hissəsini həyata keçirə biləcəyinə dair dəlillləini ehtimal kimi qiymətləndirir və hesab edir ki, onun Yasamal rayonu ərazisində yerləşən yeni tikili binalarda üç otaqlı məznillərin orta aylıq kirayə haqlarına dair təqdim etdiyi internetdən çıxarışların iddiasının əsaslı olmasını təsdiq etmir. Həmçinin məhkəmə qeyd edir ki, kredit ödənişlərinin ödənilməsi iddiaçının müqavilə üzrə öhdəliyi olmaqla bu mənzilin yuxarıda qeyd edilən hallara əsasən vaxtında təhvil verilməməsi və təhvil veridəcəyi halda belə onun kirayəyə verilib-verilməməsindən birbaşa asılı hal deyildir. Məhkəmə iddiaçının maddi zərər vurulması ilə bağlı izahatlarına ümumilikdə qiymət verərək hesab edir ki, bu izahatı özü-özlüyündə iddianın əsaslı olması üçün yetərli sübut kimi qəbul edilə bilməz. Çünki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin də Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə daha sonra qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. MPM-nin tələblərinə əsasən işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Həmçinin qanunvericiliyə əsasən hər bir kəs pozulmuş və ya pozulmasını iddia etdiyi hüququnun məhkəmədə müdafiəsini tələb edərkən həmin tələbi əsaslandıran faktları, sübutları da tələbin təmin edilməsi təqdim etməli, məhkəmə də həmin tələbə onu əsaslandıran sübutlar əsaslandıran faktlar əsasında hüquqi qiymət verməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Bununla bağlı məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır. Bu halda həmçinin işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə müqavilənin tərəflər arasında hüquq və vəzifələrin yaranması, dəyişdirilməsi və xitam edilməsi üçün qanuni əsas olmaqla, mülki dövriyyə iştirakçıları arasında münasibətlərin tənzimlənməsində və mübahisələrin həlli zamanı müəyyənliyinin təmin olunmasında xüsusi qüvvəyə malik olmasın nəzərə alınmalı olması baxımdan hesab edir ki, təqdim olunmuş rəsmi hüquqi sənədlərdə və yazılı müqavilələrdə əks olunmuş məlumatları təkzib edən tərəfin dəlilləri yalnız həmin dəlillər bir-birinə uyğunluğu, tamlığı, işə aidliyi, mümkünlüyü, obyektivliyi, mötəbərliyi və qanuniliyi xassələrinə malik olduğu və ən əsası, rəsmi sənədlərdə əksini tapmış bu məlumatların həqiqiliyini şübhə altına almaq üçün kifayət etdiyi təqdirdə qəbul oluna bilər. Məhkəmə Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından hesab edir ki, iddiaçı iddiasının maddi ziyan vurulması hissəsinin əsaslı olması ilə bağlı öz hüquqi mövqeyini sübut edilə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etməmiş, araşdırma zamanı Cavabdeh MTK tərəfindən mülki qanunvericiliyin müvafiq tələblərinin pozulması ilə iddiaçıya əldən çıxmış fayda növündə zərər dəyməsi arasında birbaşa səbəbli əlaqənin mövcudluğu da sübuta yetirilməmişdir. Məhkəmə tələbin müqavilə üzrə ona təhvil verilməsi nəzərdə tutulan Bakı şəhəri, Yasamal rayonu, Alatava 1 ünvanında yerləşən yaşayış kompleksində inşa olunan 1-ci bina. 5-ci mərtəbə, 21 (studiya) №-li, 3 otaqlı mənzilin cavabdeh tərəfindən ona təhvil verilməsi ilə bağlı öhdəliyin qoyulması hissəsi üzrə qeyd edir ki, cavabdehin belə bir öhdəliyi artıq tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulub və onun da bu öhdəliyi icra etməkdən imtina etməsi və ya belə niyyətinin olmaması araşdırma zamanı müəyyən edilməmişdir. Cavabdeh tərəfin bildirdiyinə görə təhvil vermə ilə bağlı yaranmış obyektiv çətinliklən aradan qalxan kimi iddiaçı kimi digər gözləyən sakinlərə də mənzilləri təhvil veriləcəkdir. Bu səbəbdən məhkəmə tələbin qeyd edilən hissəsini də əsassız sayır və eyni zamanda hesab edir ki, cavabdeh hazırki qətnamə qanuni qüvvəsini aldıqdan sonra cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri qəsdən və ya qərəzli formada yerinə yetirmədiyi halda bu öhdəliklərin icrası ilə bağlı hüquqlarının pozulmasına dair iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” qərarının izahına əsasən istənilən məhkəmə aktının qanuni və əsaslı tanınması üçün zəruri şərt onun ədalətli olmasıdır, belə ki, ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi ilə ədalətin qələbəsi aşkar görünməlidir. Mülki Prosessual Məcəllənin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Beləliklə, mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından iddia tələbləri əsassızdır və təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 358- 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-1991/2025
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-1991/2025
11.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver