Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-2028/2023 02.05.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Əliyev Fərid Ələmşah oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə 02 may 2023-cü il tarixdə Xırdalan şəhərində, Abşeron Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı mənzilin təhvil verilməsi, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzilin boşaldılması, mənzilin təhvil verilməsi, eləcə də Cavabdeh MMC-nin vurulmuş maddi zərər olaraq 30.000 manat, mənəvi zərər olaraq 20.000 manat olmaqla, ümumilikdə 50.000 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırılmışdır ki, İddiaçı oğlu ilə Cavabdeh MMC arasında cəmiyyətin Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzilin tikintisi haqqında 24 sentyabr 2020-ci il tarixində müqavilə bağlanmışdır. Cavabdeh İddiaçı oğlunun adına guya onun həmin mənzilin dəyərinin ödənilməsi barədə 24 sentyabr 2020-ci il tarixində maliyyə arayışı yazılaraq verilmişdir. Daha sonra "xxxx" MMC Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək aralarında bağlanmış 24 sentyabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2022-ci il tarixli, e-2(006)-2743/2022 saylı Nəsimi Rayon Məhkəməsinin qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə çıxarılmışdır. Həmin qətnamədən Cavabdeh MMC tərəfindən apellyasiya şikayəti verilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan zaman Cavabdeh MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsindən imtina edildiyini bildirmişdir. Bakı Apellyasiya Məhkəməsi tərəfindən iddia ərizəsindən imtina edildiyi üçün xx.xx.2022-ci il tarixli 2(103)-6666/2022-ci il tarixli qərardad ilə iş üzrə icraata xitam verilmişdir. Qeyd etmək lazımdır ki, bundan sonra Cavabdeh MMC tərəfindən iddianın predmeti olan mənzilin açarları təhvil verilmiş və alqı-satqı müqaviləsi əsasında iddiaçıya məxsus olan mənzilə baxış keçirərək video qeydə almışdır. Daha sonra eyni məzmunlu mübahisə üzrə iddiaçının qardaşı X2 Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsinə müraciət etmiş, orada araşdırma aparılan zaman cavabdeh cəmiyyətin təsisçisi Fəxrəddin Hüseynov yazılı iltizam verərək 2023-cü ilin mart ayınadək olan müddət ərzində mənzili iddiaçıya təhvil verəcəyinə bildirmişdir. Lakin, 2023-cü ilin fevral ayının sonlarında yenidən iddiaçıya məxsus olan mənzilə baxmaq istəyən zaman qapının açarlarının dəyişdirildiyini müəyyən etmişdir. İddiaçı bu barədə qonşuluqda yaşayan şəxslərdən maraqlanan zaman mənzilin başqa şəxslərə satıldığını və orada artıq təmir işlərinin yekunlaşdığını öyrənmişdir. Bu barədə Cavabdeh MMC-nin direktoru və təsisçisindən maraqlanmaq istəsə də hər ikisini bir neçə gündür tapa bilməmişdir. Bununla bağlı tərəfindən edilmiş telefon zənglərinə də cavab verməkdən yayınmışdırlar. Cavabdeh MMC-nin direktoru və vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək dələduzluq etmələri, iddiaçıya məhkəmə qətnaməsi əsasında məxsus olan mənzili başqa şəxsə satması faktı ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq Cavabdeh MMC məhkəməyə gəlməmiş, səbəbləri barədə isə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, iddiaçının qardaşıdır. Qardaşı ilə Cavabdeh MMC arasında müqabilə bağlanmışdır. Həmin müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzil qardaşına təhvil verilməli idi. Qardaşı mənzilin pulunu tam ödəsə də pulun ödənilməsi ilə bağlı arayış verilsə də mənzil qardaşına təhvil verilməmişdir. Sonradan qonşu mənzillərdə yaşayan şəxslərdən mənzilin başqa şəxsə satıldığını, təmir işləri aparıldğını eşitmişdirlər. Odur ki qardaşı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Mülki işin materiallarında olan: "xxxx" MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 4-cü blok 17-ci mərtəbə 142A №-li mənzil, izolə olunmuş 2 (iki) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 77.6 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 431 (dörd yüz otuz bir) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 33337 (otuz üç min üç yüz otuz yeddi) manatdır. Maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa ediiən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur . Bu binanın -4-cü blok 17-ci mərtəbəsində, ümumi sahəsi 77.36 kv.m olan 2 (iki) otaqlı, 142A saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 33337 (otuz üç min üç yüz otuz yeddi) manat tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur. "xxxx" MMC-nin direktoru X1 ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli Mənzil Tikintisi haqqında müqavilənin surətindən görünür ki, "xxxx" MMC Abşeron rayon İH Başçısının xx.xx.2016-cı il tarixli, 38 saylı sərəncamı ilə inşa etdiyi ünvan 1 ünvanı 7-ci blok 3-cü mərtəbə 401 №-li mənzil, izolə olunmuş 1 (bir) otaqdan ibarət bir pay kimi İddiaçı təhvil verməyi, İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öhdəsinə götürmüşdür. 3.1. Mənzilin sahəsi 61.39 kv.m-dir; Mənzilin 1 kv.m-nin dəyəri 543 (beş yüz qırx üç) manatdan ibarətdir. Mənzilin ümumi dəyəri 33337 (otuz üç min üç yüz otuz yeddi) manatdır. Maliyyə arayışından görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri M.Hüseynzadə 1 ünvanında inşa ediiən yaşayış binası "xxxx" MMC şirkətinə məxsusdur . Bu binanın -7-ci blok 3-cü mərtəbəsində, ümumi sahəsi 61.39 kv.m olan 1 (bir) otaqlı, 401 saylı mənzilin pay dəyəri payçı İddiaçı tərəfindən 33337 (otuz üç min üç yüz otuz yeddi) manat tam ödənilmişdir. FAM MMC-yə borcu yoxdur. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2743/2022 saylı qətnaməsinə əsasən iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı hazırkı mübahisəli mənzillə bağlı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(103)-6666/2022 saylı qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin iddiadan imtinası qəbul edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-2743/2022 saylı qətnaməsi ləğv edilmiş, iddiaçı "xxxx" MMC-nin cavabdeh İddiaçı qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraatına xitam verilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilən sübutlara məcmu halda hüquqi qiymət verərək qeyd edir ki, İddiaçı tərəfindən mübahisəli mənzilin dəyəri tam olaraq cavabdehə ödənilməsi iddiaçı tərəfindən təqdim edilən "xxxx" MMC-nin direktoru X1 tərəfindən İddiaçı arasında bağlanan xx.xx.2020-ci il tarixli Mənzil Tikintisi haqqında mənzilə dair müqavilə və maliyyə arayışına əsasən İddiaçı tərəfindən mənzilin pulunun tam ödənilməsi və onun FAM MMC-yə borcunun olmaması tam təsdiq olunur. Göründüyü kimi iddiaçı tərəfindən mübahisəli mənzillə bağlı öhdəlik tam yerinə yetirilmiş, cavabdeh tərəf isə müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. - 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər həmin Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. - 152.6-ci maddəsinə əsasən hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. - 152.7-ci maddəsinə istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. - 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin tərəflər arasındakı müqavilə bağlanan zaman qüvvədə olan 178.8ci maddəsinə əsasən tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında bu Məcəllənin 39cu fəsli ilə nəzərdə tutulan podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. Bu zaman digər öhdəliklərlə yanaşı, satıcı (podratçı) bu Məcəllənin 144-1.4-cü maddəsində nəzərdə tutulan müqavilədə müəyyənləşdirilən müddətdə binanın tikintisini başa çatdırmaq və istismarına icazə almaq, tərkib hissəni əldə etmək istəyən şəxs (sifarişçi) isə razılaşdırılmış məbləği hissə-hissə vaxtında satıcıya ödəmək vəzifəsi daşıyır. Tikintisi başa çatmayan binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisinin (satıcının, podratçının) və (və ya) həmin binanın tərkib hissəsini əldə etmək istəyən şəxsin dəyişməsi onlar arasında yaranan münasibətlərə bu Məcəllənin 39-cu fəslində nəzərdə tutulan podrat münasibətlərinin tətbiqini istisna etməməlidir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür; 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir. Məhkəmə işin müəyyən edilən hallarına və qeyd edilən maddi hüquq normalarının tələblərinə əsasən hesab edir ki, iddia tələbi Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzilin boşaldılması, mənzilin təhvil verilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. İddia tələbinin maddi və mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanan müqavilədə müqavilənin icra müddəti göstərilmədiyindən, habelə tərəflərin izahatından göründüyü kimi mübahisəli mənzilini yerləşdiyi bina artıq tikilib qurtardığından öhdəliyin icrası gecikdirilmiş sayıla bilməz. Belə ki, MM-nin 445.1 maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş verən icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Bu əsasda məhkəmə hesab edir ki, iddia tələbi 30000 manat maddi ziyan hissəsində əsassızdır və təmin edilməməlidir. İddia tələbinin 20000 manat mənəvi zərər hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, bu hissədə iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, cavabdehdən 2000 manat mənəvi zərər görə pul tutularaq iddiaçıya verilməlidir. Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli qərarının 8-ci bəndinə görə plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməli, Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzilin boşaldılması və İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə olunmalı,Cavabdehndən mənəvi zərər görə 2000 manat məbləğində pul iddia qismən təmin edildiyindən iddiaçının ödədiyi 220 manat məbləğində dövlət rüsumunun 200 manatı Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutulub iddiaçıya verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin olunsun. Cavabdeh MMC ilə xx.xx.2020-ci il tarixdə bağlanmış müqaviləyə əsasən Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi 1 ünvanında inşa edilən yaşayış binasının 4-cü bloku, 17-ci mərtəbəsində, ümumi sahəsi 77,36 kv.metr, 2 (iki) otaqdan ibarət 142 A nömrəli mənzil boşaldılması və İddiaçı təhvil verilməsi Cavabdeh MMC-yə həvalə olunsun. Cavabdehndən mənəvi zərər görə 2000 manat, dövlət rüsumuna görə 200 manat pul vəsaiti tutulub İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №e-2(012)-2028/2023
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-2028/2023
02.05.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver