Məhkəmə qərarları › İş №e-2(012)-203/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-203/2024

23.11.2024 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-203/2024 23.11.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Əliyev Elmir Habil oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndələri X9 və X1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək həmin torpaq sahəsinin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi üzərində Cavabdeh tərəfindən inşa olunmuş özbaşına tikintinin sökülməsi və həmin torpaq sahəsinin boşaldılması, həmçinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X5 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndələri X9 və X5 məhkəmə iclasında izahatında bildirdilər ki, iddiaçı "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsini almışdır. Bu barədə AR ƏMDK yanında DƏDRX tərəfindən xx.xx.2023-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış, ********** qeydiyyat nömrəli çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. İş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli rəyinə əsasən qeyd olunan torpaq sahəsinin koordinatları daxilində tikili aşkar edilməmişdir. Nəzərə çatdırır ki, bankın nümayəndələri tərəfindən sözügedən torpaq sahəsinə baxış keçirilmiş və torpaq sahəsinin ətrafının giriş qapısı olmadan tam hasarlanması aşkar edilmişdir. Hasarlanma faktı Abşeron rayon İcra Hakimiyyətinin "xxxx" ASC-yə ünvanladığı məktubla da öz təsdiqini tapmışdır. Onu da qeyd edir ki, hasar daxilində "xxxx" KB ASC-nin mülkiyyətində olan 0,06 ha torpaq sahəsi, o cümlədən X4 məxsus qonşu fərdi yaşayış evi mövcuddur. Mülkiyyətindəki torpaq sahəsinə giriş yalnız qonşu fərdi yaşayış evinin giriş qapısından istifadə etməklə mümkündür. Beləliklə, "xxxx" ASC mülkiyyətində olan torpaq sahəsinə müstəqil şəkildə daxil ola bilmir. Odur ki, "xxxx" KB ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, torpaq sahəsinin boşaldılması zərurəti yaranmışdır. Qeyd edir ki, hazırda "xxxx" KB ASC-nin mülkiyyətində olan torpaq sahəsinin keçmiş mülkiyyətçi Cavabdeh tərəfindən hasara alınması və bankın həmin torpaq sahəsinə müstəqil olaraq daxil ola bilməməsi bankın mülkiyyətçi kimi hüquqlarını pozur. Nəzərə almaq lazımdır ki, hazırda Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinin mülkiyyətçisi "xxxx" KB ASC-dir. Milli qanunvericilik və beynəlxalq normaların tələbləri baxımından mülkiyyət hüququ toxunulmazdır və mülkiyyətçinin həmin hüquqdan sərbəst istifadə etmək hüququ var. Beləliklə, mülki qanunvericiliyin tələblərinə görə əmlakın (əşyanın) hüquqi müqəddəratını (qanunvericilik tərəfindən müəyyən edilən istisnalar nəzərə alınmaqla) yalnız mülkiyyətçi təyin edə bilər. Göstərilənlərə əsasən onlar iddianın təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iş üzrə Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi X10 xx.xx.2023-cü il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmiş, lakin növbəti məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci və 185.6-cı maddələrinə əsasən məhkəmə işə cavabdehin və müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxmağı məqsədə müvafiq hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin RX seriyalı, ******* №-li Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına qeydiyyata alınmışdır. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-517/2017 saylı, 24 oktyabr 2017-ci il tarixli icra vərəqəsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh, X6 müştərək qaydada "xxxx" KB ASC-nin xeyrinə 08 dekabr 2014-cü il tarixli, 87B8/14-1 №-li əlavə kredit müqaviləsinə əsasən ödənilməmiş 61819,95 ABŞ dolları əsas borcu, 8534,59 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 70953,95 ABŞ dolları, 08 dekabr 2014cü il tarixli, 87B8/14-2 №-li əlavə kredit xətti müqaviləsinə əsasən ödənilməmiş 61905,60 ABŞ dolları əsas borcu, 9003,44 ABŞ dolları məbləğində faiz borcu, 600 ABŞ dolları cərimə borcu, cəmi 71509,04 ABŞ dolları, habelə dövlət rüsumu qismində ödənilmiş 30 manat və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 90 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın X7 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 80000 manat müəyyən edilməsi, Cavabdeh tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayon, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 38000 manat müəyyən edilməsi, X2 tərəfindən ipoteka ilə yüklü edilmiş Abşeron rayonu, Masazır kəndi, Əliağa Vahid küçəsi, döngə 8-də yerləşən 16 A saylı fərdi yaşayış evinə və onun yerləşdiyi 0,0225 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan ixtisaslaşdırılmış müəssisə vasitəsi ilə satılması və bankın kredit tələbinin realizə edilmiş əmlakın dəyərindən ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 72000 manat müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan 04 noyabr 2019-cu il tarixli Hərracın yekunları üzrə əmlakın alqısatqısı barədə müqavilədən görünür ki, «İxtisaslaşdırılmış Təşkilat» "xxxx" MMC-nin direktoru X12 ilə ipoteka saxlayan və əldə etmək hüququna malik olan "xxxx" X14 Səhmdar Cəmiyyətinin nümayəndəsi arasında Cavabdeh məxsus Abşeron rayonu, Masazır kəndində xüsusi mülkiyyətdə olan 0,06 ha torpaq sahəsi barədə 55/09 saylı, xx.xx.2019-cu il tarixli hərracın yekunları barədə protokola əsasən alqı-satqı müqaviləsi bağlanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsi dövlət reyestr xidmətində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə mülkiyyət hüququ üzrə "xxxx" ASC-nin adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/860 saylı ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən tikili inşa edilmədiyi müəyyən edilmişdir. Məhkəmə iddiaçı şirkətin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, mümkün və mötəbər sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia rədd edilməlidir. Beləliklə, işin faktiki hallarından göründüyü kimi iddianın qanuni əsasını Azərbaycan Respublikası Konstitusiyasının 13-cü, 29-cu maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci, 152.5-ci, 157.2-ci,157.4-cü və 180.4-cü maddələri təşkil edir. İddia tələbinin qanuni əsası dedikdə qanunun elə bir müddəası başa düşülür ki, o, qanunda göstərilən müəyyən dispozisiya şərtlərinin mövcudluğu halında bir tərəfə digər tərəfdən icranı, yəni nəyi isə etməyi və ya etməməyi tələb etməyə imkan verir. İddia tələbinin qanuni əsası prinsip etibarilə iki hissədən ibarətdir: Mücərrəd şəkildə müəyyən faktiki halların ümumi formada təsvirindən (dispozisiyadan) və həmin dispozisiyanın mövcudluğu halında qanunla nəzərdə tutulan hüquqi nəticədən. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İV bəndlərinə görə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 152.5-ci maddələrinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə ki, iddiaçı "xxxx" ASC mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə giriş qapısının cavabdehin hesabına bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, həmin torpaq sahəsinin boşaldılmasının cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etsədə,iddia tələbinin əsasını təşkil edən sübutları məhkəməyə təqdim edə bilməmiş, "xxxx" ASC mübahisəli torpaq sahəsi ilə bağlı mülkiyyət hüququ əldə etdikdən sonra,cavabdehin müdaxiləsinin nədən ibarət olması ilə bağlı hər hansı bir mötəbər hala istinad etməmişdir.Halbuki Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinin tələbinə görə həmin sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərində olmuşdur. Bundan əlavə məhkəmə həqiqətə nail olmaq üçün mübahisəli torpaq sahəsi ilə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(012)-3876/2023 saylı qərardadı ilə tikintitexniki ekspertizası təyin etmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 09 aprel 2024-cü il tarixli, 3-16-16/2-10/860 saylı ekspert rəyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri” publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssis rəyinə əsasən qeyd olunur ki, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin mülkiyyətinə verilmiş torpaq sahəsinin koordinatları daxilində Cavabdeh tərəfindən tikili inşa edilmədiyi müəyyən edilmişdir. Daha sonra Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(012)-203/2024 saylı qərardadı ilə əlavə tikinti-texniki ekspertizası təyin edilmiş, lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 25 sentyabr 2024-cü il tarixli, 3-16- 16/2-10/7358 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat xx.xx.2024-cü il tarixində Abşeron Rayon Məhkəməsinə daxil olduğunda,məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin mütəxəssisi tərəfindən hazırki mübahisənin həlli ilə bağlı aydınlıq gətirilməsi xahiş olunmuş, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 22 noyabr 2024-cü il tarixli, 3-21-3-32/2-17361/2024 nömrəli məktubunda 4 saylı Abşeron Ərazi İdarəsi, **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinə faktiki olaraq girişçıxış yolu **********73 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin daxilindən istifadə olunduğu, lakin **********04 reyestr nömrəli çıxarışla "xxxx" Kommersiya Bankı ASC-nin sənəd üzrə mülkiyyətinə verilmiş torpaq sahəsinin şimal-qərb istiqaməti faktiki olaraq vətəndaşların ümumi istifadədə olan gediş-gəliş yolu ilə sərhəddə olıduğu və həmin sərhəd hissəsindən giriş qapısının bərpa olunması mümkünlüyü göstərilmişdir ki,məhkəmə hesab edir ki,bu hal da "xxxx" ASC-yə "xxxx" ASC-in özü tərəfindən mülkiyyətində olan torpaq sahəsinə giriş qapısının bərpa olunmasına real imkan yaradır. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfındən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Azərbaycan Respublikası MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair AR Konstitusiya Məhkəməsinin 28 noyabr 2018-ci il tarixli Plenum qərarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Bundan əlavə iddia tələbinin dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi hissəsi ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən qeyd edilən məbləğ iddiaçı banka aid edilməlidir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə istinad edərək hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülməlidir: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı "xxxx" ASC-nin Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı mülkiyyətində olan Abşeron rayonu, Masazır kəndində yerləşən 0,06 ha torpaq sahəsinə giriş qapısının bərpa olunması və girişdə inşa olunmuş özbaşına tikili olan hasarın sökülərək, həmin torpaq sahəsinin boşaldılması və dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi barədə iddia ərizəsi rədd edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilən məhkəmə tikinti-texniki ekspertizasına görə 50 manat ekspertiza xərci iddiaçı "xxxx" ASCdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin aşağıdakı hesabına köçürülsün: SAP (XİİS) hesabı-X3, kod-210005; VÖEN**********; müxbir hesab AZ41NABZ********************; SFİFT BİK-CTREAZ22; Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN **********; hesab AZ34CTRE********************. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" ASC-yə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) apellyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar