Məhkəmə qərarları › İş №e-2(012)-213/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-213/2025

27.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-213/2025 27.05.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Ağaşirin oğlundan “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 5000 manat (beş min manat) ödənilmiş pulun və ödənilmiş 70 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2018-ci il tarixdə Cavabdeh Ağaşirin oğlu tərəfindən etibarnamə ilə idarə olunan “Mercedes Benz C180” markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. 084823 nömrəli sığorta aktından və icbari sığorta bürosundan çıxarışdan görünür ki, hadisə zamanı “Mercedes Benz C180” markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. Yol-nəqliyyat hadisəsi nəticəsində müəyyən edilmiş yekun defekt aktına əsasən, “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 5000 AZN (beş min manat) məbləğində zərər dəymişdir. İddiaçı SŞ dəymişzərərlə bağlı iş materiallarına əlavə edilmiş 12539 saylı ödəniş tapşırığına əsasən “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı X2 oğluna 5000 manat (beş min manat) sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 3(060)-3023/2018 saylı qərarına əsasən nəqliyyat vasitəsini idarə edən Cavabdeh Ağaşirin oğlu İEXM-nin 332.4-cümaddəsi ilə təqsirli bilinmişdir. Bundan əlavə Cavabdeh Ağaşirin oğlu verdiyi izahatda da sürücülük vəsiqəsinin olmadığını etiraf etmişdir. Bu səbəbdən hesab edirik ki, 5000 manat (beş min manat) sığorta ödənişi Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməlidir.Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədiyini, maşına dəymiş zərərin məbləğinin şişirdildiyini, ən çoxu 1500 manat məbləğində olduğu bidlirmişdir. Məhkəmə, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin 3(060)-3023/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarına əsasən, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinmiş və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsi tətbiq olunmaqla, 400 (dörd yüz) manat məbləğində cərimə edilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, Cavabdeh Ağaşirin oğlu xx.xx.2018-ci il tarixdə “Mercedes Benz C180” markalı ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yolnəqliyyat hadisəsi törədərək “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 5000 manat məbləğində sığorta ödənişinin “Renault Logan” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilməsi qərara alınmışdır. Bu barədə xx.xx.2018-ci il tarixli ödəniş tapşırığı verilmişdir. İşdə olan xx.xx.2018-ci il tarixli yekun defekt aktından müəyyən edilir ki, “Renault Logan” markalı, ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 5000 manat təşkil edir. İşdə olan xx.xx.2024-cü il tarixli pretenziyadan görünür ki, iddiaçı Cavabdeh sığorta ödənişinin ödənilməsi ilə bağlı müraciət etmişdir. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli müşayiət məktubuna əsasən, qeydiyyat nömrəsi ** CZ *** olan, “Renault Logan” markalı minik avtomobilin ehtiyyat hissələrinin alınmasına və təmirinə görə, ehtiyyat hissələrinin hesabatı üzrə 3280 manat, işçilik xidməti haqqı 1100 manat olmaqla, ümumilikdə 4380 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh idarə etdiyi “Mercedes Benz C180” markalı ** EF *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2018-ci il tarixdə, saat 22:00 radələrində Bakı-Quba yolu ərazisində hərəkət edərkən “Renault Logan” markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və buna görə də barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 5000 manat məbləğində sığorta ödənişi edilmişdir. Qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 5000 manat zərər dəymişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında alınmış mütəxəssis rəyi nəticəsində dəymiş ziyanın məbləği cəmi 4380 manat dəyərində müəyyən edilmişdir. Məhkəmə lizinq obyektinə görə dəymiş zərərin məbləğini müəyyən etmək üçün bu rəyi mötəbər sübut kimi qəbul edir və hesab edir ki, cavabdehdən maddi zərərin əvəzi kimi məhz 4380 manat pul tutulmalıdır. Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh sığorta ödənişi üçün 4380 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 70 manat (xidmət haqqı ilə birlikdə) dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70 manat dövlət rüsumunun 6,2 manatı iddiaçıya, 63,80 manatı cavabdehə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin 438 manat hissəsi Cavabdeh, 62 manat hissəsi isə İddiaçı Sığorta Şirkəti ASCdən tutularaq "xxxx" MMC-nin hesabına ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh sığorta ödənişi üçün 4380 manat və ödənilmiş dövlət rüsumuna görə 63,80 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 6,20 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş qiymətləndirmə tədqiqatının dəyəri olan 500 manat pul vəsaitinin 438 manat hissəsi Cavabdeh, 62 manat hissəsi isə İddiaçı Sığorta Şirkəti ASC-dən tutularaq "xxxx" MMC-nin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar