Məhkəmə qərarları › İş №e-2(012)-283/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-283/2023

27.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-283/2023 27.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Məlahət Aslan qızının sədrliyi, Şirinova Nigar Nazim qızının katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, 1830 manat məbləğində əsas vəsaitin, qapıların demontaji zamanı yeni təmir olunan əmlaka dəyəcək maddi zərərin qarşılanması üçün 845 manat, mənəvi zərərin kompensasiyası üçün 5000 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat, iddia ərizələrinin cavabdehin ünvanına çatdırılması üçün ödənilən 55 manat olmaqla, ümumilikdə 7780 manat pulun və 97,80 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, 03 noyabr 2021-ci il tarixində mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9A saylı evin yeni təmir olunmuş 62 saylı mənzili üçün yeni otaqlararası qapıları sifariş etmək məqsədi ilə Tağıyev Şirkətinə məxsus, AZ1069 ünvan 1 ünvanında fəaliyyat göstərən TS adı: Avropa Qapıları sərgi salonuna getmişdir. Mal çeşidləri ilə tanış olduqdan sonra, rəngini bəyəndiyi bir qapı nümunəsinin materialı, üzlüyü və hazırlanma müddəti haqqında məlumat verilməsini istəmişdir. Şirkətin satış meneceri Rəhman Kərimov tərəfindən görünüşünü bəyəndiyi qapının materialı şam ağacı, üzlüyü şpon olduğunu və qapıların 15 günə hazır olacağını bildirildi. Rəhman Kərimovla aparılan danışıqlardan sonra, 5 ədəd qapı sifariş etməyə qərar vermiş və buna görə ödəniləcək ümumi məbləğin çatdırılma və quraşdırılma daxil 1718,7 manat olacağını və məbləğin 50 faizini öncədən, pulun qalıq hissəsini isə mal hazır olanda fabrikdə baxılıb tam ödəndikdən sonra ünvana çatdırılacağını bildirmişlər. 03 dekabr 2021-ci il tarixində cavabdeh tərəfindən göndərilən Rahib adlı usta ilə görüşmüş, qapıların quraşdırılması üçün mənzilin açarını təhvil vermiş, Rahib usta tərəfindən qapıların 4-cü mərtəbəyə qaldırılması üçün əlavə 30 manat pulu da ödəmişdir. Ümumilikdə qapıların quraşdırılması üçün o, şirkətə 1830 manat vəsait ödəmişdir. 05 dekabr 2021-ci il tarixində Rahib usta quraşdırma işlələrinin bitməsini bildirmişdir. Təhvil-təslim zamanı ustaya qapılarda olan qüsürları göstərsə də, cavab olaraq Rahib usta bu məsələ ilə bağlı şirkətə müraciət etmək lazım olduğunu bildirmişdir. Sifariş edilmiş qapılar qüsurlu olduğundan, bunun nəticəsində isə ona ziyan dəydiyindən iddia təmin edilməlidir. Məhkəmə gedişatında İddiaçı MPM-nin 53-cü maddəsinə istinad edərək ərizə vermiş, 5 ədəd qapının cavabdehə qaytarılması şərti ilə 1830 manat məbləğində əsas vəsaitin, qapıların demontaji zamanı yeni təmir olunan əmlaka dəyəcək maddi zərərin qarşılanması üçün 845 manat, mənəvi zərərin kompensasiyası üçün 5000 manat, ilkin mediasiya sessiyasının təşkil edilməsi üçün ödənilmiş 50 manat, iddia ərizələrinin cavabdehin ünvanına çatdırılması üçün ödənilən 55 manat olmaqla, ümumilikdə 7780 manat pulun və 97,80 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında İddiaçı iddianı müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. İştirak etdiyi məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, işin materiallarını araşdırıb, işdə olan sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin edilməməlidir. Belə ki, mülki işin materiallarından olan xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli reyestrdən çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Əli Vəliyev küçəsi, 9A saylı evin 62 saylı mənzilinin mülkiyyətçisi İddiaçıdır. İşdə olan 158 saylı, xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, İddiaçı cəmi 1769,70 manat pulu "xxxx" Şirkətinin hesabına ödəmişdir. İşdə olan "xxxx" MMC-nin ******* saylı smetasından görünür ki, 5 ədəd qapının demontaj sonrası təmir-bərpa işləri üçün ümumilikdə 845 manat vəsait tələb olunur. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 3/1730, 10/8099 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qapıların üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bərk predmetlə mexaniki təsir nəticəsində yaranmağa xarakterik çatlayıb, sınma zədələridir. İşdə olan Məhkəmə Ekspertizası Mərkəzinin 7/1393 saylı, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş İddiaçı məxsus Bakı şəhəri, Nizami rayonu, Əli Əliyev küçəsi 9A saylı ev, 62 nömrəli mənzildə 5 ədəd qapının üst və alt səthinin MDF, taxta materialı isə şam ağacındandır. Tədqiqata təqdim edilmiş 5 ədəd qapının üzlüyü şpon olmayıb, alt səthində yapışdırıcısı olan kağız materialı üzlükdür. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında iddiaçıya məxsus mənzildəki 5 ədəd qapının istehsal edilib quraşdırılması ilə bağlı münasibətlər yaranmışdır. İddiaçı bununla bağlı şirkətə məxsus sərgi salonuna getmiş, 5 ədəd qapı barədə "xxxx" Şirkətinə sifariş vermiş, buna görə şirkətin hesabına 1769,70 manat vəsait ödəmişdir. Şirkət tərəfindən 5 ədəd qapı iddiaçıya məxsus mənzildə quraşdırılmışdır. Lakin sonradan İddiaçı quraşdırılmış bu qapıların qüsurlu olmasını görmüş və verdiyi sifarişin lazımi qaydada yerinə yetirilməməsi qənaətinə gəlmişdir. O, hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatlarına və iş materiallarındakı sənədlərə məcmu halda qiymət verərək, məhkəmə hesab edir ki, 5 ədəd qapının mənzildə quraşdırılması barədə tərəflər arasında podrat münasibətləri yaranmışdır. Mülki Məcəllənin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 763.1-ci maddəinə görə əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. Həmin Məcəllənin 763.3-cü maddəsinə görə əgər podratçı yeni məmulat hazırlayarsa, sifarişçidən qüsurlu məmulatı qaytarmağı tələb edə bilər. Həmin Məcəllənin 765-ci maddəsinə görə məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. İşdən görünür ki, iddiaçı tərəfindən sifariş edilmiş 5 ədəd qapıda qüsurlar aşkarlanmışdır. Bu fakt işdəki ekspertiza rəyləri ilə təsdiq olunur. Məhkəmə iclasında İddiaçı bu qüsurların qapılar mənzilə quraşdırılan zaman əmələ gəldiyini bildirmişdir. Hər bir halda, iş materialları ilə müəyyən olunur ki, sifarişçi kimi İddiaçı qeyd edilən qüsurların aradan qaldırılması üçün şirkətdən əlavə icra tələb etməmiş, birbaşa məhkəməyə müraciət edərək sifariş üçün ödədiyi vəsaiti cavabdehdən tələb etmişdir, halbuki qüvvədə olan qanunvericiliyə əsasən sifarişçi podratçıdan xərcləri əlavə icra yerinə yetirilmədikdən sonra tələb edə bilər. İşdən görünür ki, iddiaçı qüsurların aradan qaldırılması üçün cavabdeh şirkətə ümumiyyətlə, şərait yaratmamış, onun əməkdaşlarını mülkiyyətində olan mənzilə buraxmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında podrat münasibətləri yarandığından və qüsurlu sifarişin aradan qaldırılması üçün əlavə icra tələb edilmədiyindən, bununla da hazırki mərhələdə cavabdeh öz hərəkətləri ilə iddiaçıya maddi və mənəvi zərər vurmadığından, İddiaçı "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Şirkətinə qarşı vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi barədə iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatları üçün tələb edilən cəmi 200 manat pul İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Məlahət Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar