Azərbaycan Respublikası adından QƏRARDAD Xırdalan şəhəri İş № e-2(012)-2843/2021 06.04.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Məmmədov Elman Tofiq oğlu, İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə onun birgə nikah dövrü ərzində əldə etdiyi Abşeron rayonu, Məmmədli kəndində yerləşən, sahəsi 0,1 ha olan torpaq sahəsinin ½ hissəsi üzərində nun mülkiyyət hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, daxil olmuş mülki işin materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İddia ərizəsinin dəlillərindən görünür ki, iddiaçı qeyd edilən torpaq sahəsinin birgə nikah dövründə alınmaqla ümumi birgə mülkiyyətdə olmasını iddia edir. Eyni zamanda iddiaçı ərlə arvadın ümumi birgə mülkiyyətinin rejimini, ümumi birgə mülkiyyətdəki payların müəyyən edilməsini nəzərdə tutan Ailə Məcəlləsinin 32.1, 32., 36.1, 36.3 və 36.7-ci maddələrinə istinad etmişdir. Ümumiyyətlə, tələbin hansı formada qoyulmasından asılı olmayaraq iddia ərizəsinin məzmunundan görünür ki, iddiaçı ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə payların müəyyən edilməsini xahiş edir. Payların müəyyən ediləcəyi halda da iddiaçının adına payına müvafiq olaraq mülkiyyət hüququnu təsdiq edən Çıxarışın verilməsi qanunvericiliyin tələbidir. Belə olan halda iddia ərizəsinin sonunda iddiaçının ümumi birgə mülkiyyətdə olan torpaq sahəsinə ½ hissədə mülkiyyət hüququnun tanınması tələbini qoymasından asılı olmayaraq, hazırki iddia Mülki Prosessual Məcəllənin 39.1-ci madəsinin tələbləri baxımından müstəsna aidiyyat üzrə daşınmaz əmlakın yerləşdiyi yerin məhkəməsində baxıla bilməz. Mülki Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 39.1-ci maddəsinə görə də tikintiyə, qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, tikintinin, qurğunun, torpaq sahəsinin başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə görə verilir. Göründüyü kimi, qanunvericilik iddianın bir qayda olaraq cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilməsi qaydasını müəyyən etmiş, eləcə də bu qaydadan kənara çıxan müstəsna aidiyyət qaydasını da nəzərdə tutmuşdur. Hazırki işdən də görünür ki, iddia tələbi birgə nikah dövründə əldə edilmiş birgə mülkiyyətdə olan Abşeron rayonu,Məmmədli kəndində yerləşən torpaq sahəsi üzərində payın ½ hissədə müəyyən edilməsidir. Başqa sözlə, hazırki iddia tələbi tikintiyə qurğuya, torpaq sahəsinə mülkiyyət hüququnun tanınması, daşınmaz əmlakın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddia olmadığı üçün MPM-in 39.1-ci maddəsinini təsiri altına düşmür. İddia ərizəsində göstərildiyi kimi Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Buna görə də iddiaçı hazırki iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 152, 263, 264-cü maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınması» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 (on) gün müddətində Abşeron Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-2843/2021
Abşeron Rayon Məhkəməsi Qərardad — İş №e-2(012)-2843/2021
06.04.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver