Məhkəmə qərarları › İş №e-2(012)-3848/2024

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-3848/2024

01.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-3848/2024 01.10.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1863.5 (min səkkiz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində sığorta ödənişinin, 38.64 (otuz səkkiz manat, 64 qəpik) manat məbləğində dövlət rüsumunun və 0.4 (qırx qəpik) xidmət haqqınının, cəmi 1902.54 (min doqquz yüz iki manat, 54 qəpik) mannat məbləğində pulun tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də “Nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətininin icbari sığortası” növü ilə sığortalanmış “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2014-cü il tarixdə tərəfindən idarə edərkən yol-nəqliyyat hadisəsi törədilmiş və nəticədə "xxxx" ASC-də (bundan sonra ASC) “avtokasko” risklərindən sığortalanmış "xxxx" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə maddi zərər dəymişdir. Diqqətinizə çatdırırıq ki, qeyd edilən sığorta hadisəsi nəticəsində "xxxx" markalı, ** VM *** markalı dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərlə bağlı tərəfimizdən 6863,50 (altı min səkkiz yüz altmış üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. ARDİN BDYP-nin tərtib etdiyi 0.06.2014-cü il tarixli, CYP 160373 saylı inzibati xəta haqqında protokola əsasən hadisənin törədilməsində “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Həmin məbləğin 5000 (beş min) manat məbləğində olan hissəsi cavabdehin məsuliyyətini “icbari sığorta” qaydasında sığortalamış "xxxx" ASC tərəfindən ASC-yə ödənildilmiş, 1863.5 (min səkkiz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pul bu günədək ASC-yə ödənilməmişdir. İddia ərizəsinə əlavə edilmiş fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə xx.xx.2013-cü il tarixli, MİB-HO0056-1/14 saylı sığorta şəhadətnaməsinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtomaşın ASC tərəfindən 11766 (on bir min yeddi yüz altmış altı) manat məbləğində sığorta etdirilmiş, şərtsiz azadolma məbləği hər bir hal üzrə 300 (üç yüz) manat müəyyən edilmişdir. İddia ərizəsinə əlavə edilmiş zərərin hesablanması aktından müəyyən olunur ki, "xxxx" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə 9082 (doqquz min səksən iki) manat məbləğində zərər dəymişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderinin surətindən müəyyən olunur ki, "xxxx" markalı, ** VM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin aradan qaldırılması üçün ASC tərəfindən 6863,50 (altı min səkkiz yüz altmış üç manat 50 qəpik) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İddia ərizəsinə əlavə edilmiş 30 iyun 2014-cü il tarixli CYP 160372 saylı inzibati xəta haqqında protokolun surətindən müəyyən olunur ki, hadisənin törədilməsində cavabdeh X3 təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXMin 151-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmişdir. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4335/2023 saylı qətnaməsindən müəyyən olunur ki, sözügedən sığorta hadisəsinə görə cavabdehdən "xxxx" ASC-dən iddiaçı "xxxx" ASC-nin xeyrinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi və 485 (dörd yüz səksən beş) manat məbləğində dəbbə pulunun tutulmasına dair hissədə iddia tələbi əsaslı hesab edilmişdir. İddia ərizəsinə əlavə edilmiş Bakı Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(113)-4335/2023 saylı iş üzrə icra vərəqəsinin surətindən və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından müəyyən edilir ki, "xxxx" ASC tərəfindən qeyd edilən məbləğin ASC-yə ödənilməsi təmin edilmişdir. xx.xx.2024-cü il tarixli geriyə tələb məktubundan və həmin məktubun ünvana çatdırılmasını təsdiq edən xəbərnamədən müəyyən olunur ki, cavabdehdən 1863.5 (min səkkiz yüz altmış üç manat, əlli qəpik) manat məbləğində pulun geri ödənilməsi tələb edilmişdir. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçı məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etmədi. O, bildirdi ki, tələb edilən borcla razı deyil, iddia müddəti keçmişdir və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. Məhkəmə cavabdehi dinləyib, iddia ərizəsini, iddia müddətinin tətbiq edilməsi barədə ərizəni və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Belə ki, iş materiallarından olan Azərbaycan Respublikası DİN Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunmuş CYP 160372 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Babək prospekti mərmər qranit mağazasının qarşısında arxadan yüksək surətlə hərəkət edən Hyundai Sonata markalı 90VM094 dövlət nömrə nişanlı avtomobili vurmuşdur. Hadisə zamanı bədən xəsarəti alan olmamışdır. İş materiallarından olan 01.10.14-cü il tarixli 634/14-CM 480/14 nömrəli sığorta aktından görünür ki, sığorta olunmuş "xxxx" (** VM ***) markalı avtomobil xx.xx.2014-cü il tarixində Bakı şəhəri Nizami rayonu Babək prospektində yolnəqliyyat hadisəsinə uğramışdır və nəticədə avtomobil maddi zərərə məruz qalmışdır. "xxxx" ASC tərəfindən texniki baxışdan keçirilmiş "xxxx" (** VM ***) markalı avtomobillə bağlı zərər 9082 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından olan xx.xx.2014-cü il tarixli 14951 nömrəli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinini icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilənə halın baş verməsi faktını təsdiqləyən arayışdan görünür ki, xx.xx.2014-cü il tarixdə saat 16:45-də Bakı şəhəri, Babək prospektində yol nəqliyyat hadisəsi baş vermişdir. İş materiallarından olan fiziki şəxslərin sahibliyində olan minik avtomobillərinin tam sığortası üzrə MİB-MAR-0003-0/13 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, Hyundai Sonata markalı 99VM094 dövlət nömrə nişanlı avtombil 11766 manat dəyərində sığorta edilmişdir. İş materiallarından olan 01.10.14-cü il tarixli zərərin hesablanması aktından görünür ki, X1 məxsus "xxxx" markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2014-cü il tarixində hesablanmış zərər 6802 manat müəyyən edilmişdir. İş materiallarından olan 01.10.14-cü il tarixli qəzaya uğramış avtomobilin qalıq hissəsinin qiymətləndirilməsi aktından görünür ki, xx.xx.2014-cü il tarixdə göstərilən avtomobil yol-nəqliyyat hadisəsinə uğramış və nəticədə avtomobili yararsız vəziyyətə düşmüş ehtiyat hissələrinin və təmir xərclərinin ümumi məbləği 9082 manat təşkil etmişdir. Tərəflərindən avtomobilin qalıq hissəsinin qiymətləndirilməsinə dair müvafiq tədbirlər görülmüş, bütün zərəri araşdırmalar aparılmış və nəticədə avtomobilin qalıq hissəsinin dəyəri 3137,60 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından olan xx.xx.2014-cü il tarixli kassa mədaxil orderindən görünür ki, "xxxx" ASC X2 6863,50 manat sığorta ödənişi edilmişdir. İş materiallarında olan Cavabdeh xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, hazırki iş üzrə iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. İşin məhkəmə iclasında müəyyən edilən hallarından aydın olur ki, tərəflər arasında yaranmış mülki hüquq münasibətlərinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1108.1-ci maddəsində nəzərdə tutulmuş yüksək təhlükə mənbəyi tərəfindən sığortalıya vurulmuş zərərin əvəzinin həmin Məcəllənin 1114-cü maddəsinə müvafiq olaraq reqres qaydasında iddiaçı tərəfindən tələb edilməsi təşkil edir. Belə ki, Mülki Məcəllənin 1108.1-ci maddəsinin tələbinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki şəxs yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludur və zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Təsvir olunanlarla müəyyən edilir ki, xx.xx.2014-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh tərəfindən idarə edilən “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" markalı ** VM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq ona ziyan vurmuşdur. Hadisənin səbəbləri tam təfsilatı ilə aydınlaşdırılarkən müəyyən olunmuşdur ki, “Toyota Prado” markalı, ** SL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh təqsirli bilinərək, həmin vaxt qüvvədə olan AR İXM-in 151-1.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilmiş, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillə ziyan dəymiş, həmin ziyana görə ümumilikdə 6863,50 manat məbləğində pul xx.xx.2014-cü il tarixli ödəniş tapşırığına əsasən ödənilmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin xeyrinə 5000 (beş min) manat məbləğində sığorta ödənişi ödənilmişdir. Beləliklə, iddiaçı vurulmuş ziyanın əvəzi olaraq qalıq qalmış 1863,50 manat pulun cavabdehdən tutulmasını xahiş edir. Bununla belə, işdən görünür ki, cavabdeh tərəf hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İş materialları ilə müəyyən olunur ki, tərəflər arasındakı münasibətlər xx.xx.2014-cü il tarixdə yaranmışdır. İddiaçı baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobillə dəymiş ziyana görə ümumilikdə 6863,50 manat məbləğində pulu xx.xx.2014-cü il tarixli ödəniş tapşırığına əsasən ödəmiş, bununla da sığorta şirkəti onun tərəfindən sığortalanmış avtomobilə görə edilmiş sığorta ödənişi məbləğinin avtomobili idarə etmiş şəxsdən, yəni cavabdehdən tələb olunmasına dair subroqasiya hüququ əldə etmişdir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, iddianın tələbetmə müddəti "xxxx" ASC tərəfindən ötürülmüşdür. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1 və 377.2-ci maddələrinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehi vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan mübahisə ilə bağlı iddiaçı iddia müddətini ötürmüşdür. Ona görə də bütün hallarda iddia təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki işin materiallarında olan ödəniş qəbzindən müəyyən edilir ki, iddiaçı "xxxx" ASC tərəfindən iddia ərizəsinin verilməsinə görə cəmi 38,64 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia tələbi təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar