Məhkəmə qərarları › İş №e-2(012)-428/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-428/2025

05.02.2025 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-428/2025 05.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Adıgözəlli Ülviyyə Aydın qızının katibliyi ilə, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 17 Saylı Notariat Ofisi) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 17 Saylı Notariat Ofisi) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Nümayəndə iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə İddiaçı verilmiş **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsinin tam mülkiyyətçisidir. İddiaçı həmin torpaq sahəsini və üzərində yerləşən 80 kv.m təşkil edən fərdi yaşayış evini satmaq qərarına gəlmişdir. Özünü iddiaçıya alıcının yaxını kimi təqdim edən Şahid adlı şəxs iddiaçının evinə gələrək torpaq sahəsini və fərdi yaşayış evini yaxın qohumuna almaq niyyətinin oldugunu və bunun müqabilində iddiaçıdan 500 manat məbləğində pul alacagını bildirmişdir. Bundan sonra iddiaçı həmin torpaq sahəsinə və evə baxaraq, dəyərinin 35500 manat civarında olduğunu bildirmişdir. Sonra iddiaçı Cavabdeh ilə iddiaçını tanış edərək həmin torpaq sahəsini və evə alıcı tapdığını bildirmişdir. İddiaçıya israrla bildirmişdir ki, sənin əmlakının qiyməti 30000 min uzağı 35000 min manat ancaq olar. Bundan sonra bir necə dəfə iddiaçının evinə gələrək iddiaçıya əmlakı təcili satmağını, qiymətlər düşəcəyini deməklə iddiaçını inandırmışdır ki, əmlakın qiyməti ən sonu budur. İddiaçı da razılaşmış və alqı-satqı üçün ödəniləcək məbləgin hazır oldugunu bildirmişdir. Həmin gün anasının, oğlunun və özünün yanında gətirdiyi tanışlarının iştirakı ilə iddiaçıya 13000 manat pulu iddiaçıya beh olaraq verdiyini yerdə qalan pulu natariusda ödəyəcəyini bildirmişdir. Sonra isə 13000 manat pulu iddiaçıdan geri alaraq bütöv pulu natariusda verəcəyini bildirmişlər. Tərəflər natariusa gəlmiş, orada alıcı X3 və Şahid orada bildirmişlər ki, 9000 manatı banka qoyulmalıdır. Beh kimi verdikləri qalan 4000 manatı isə iddiaçıya qaytarılmamışdır. Sonra cavabdeh iddiaçını Bakı şəhəri 17 saylı notariat ofisinə aparmış və orada Cavabdeh ilə alqı-satqı müqaviləsinin nəticələri izah edilmədən müqavilə bağlamışlar. İddiaçı savadsız qadındır. Cavabdeh isə bundan istifadə edərək, makler Şahidlə birlikdə iddiaçını aldatmışdır. Əvvəla həmin ərazidə yerləşən torpaq, (əlavə olaraq torpağın üzərində fərdi yaşayış evidə vardı) 60000 manat təşkil edir. Bundan sonra Cavabdeh və makler iddiaçıya hədə qorxu gələrək evin boşaldılmasını tələb edirlər. Sonradan iddiaçıya məlum olmuşdur ki, bu alqı-satqı müqaviləsi nisyə müqavilədir. İddiaçının isə işin əsl mahiyyətindən xəbəri olmamışdır. Cavabdeh və makler Zaur Tağıyev iddiaçını aldadaraq notariat orqanına aparmış və həmin mənzilin satılmasına nail olmuşlar. Buna görə də hesab edir ki, müıkilyyət hüququ ilə iddiaçıya məxsus olan torpaq sahəsinin alqı-satqısı barədə müqavilə qanunvericiliyin tələblərini pozmaqla bağlandığından, yəni iddiaçını aldadılaraq bağlandığından etibarsız sayılmalıdır. Qeyd edilənlərə əsasən, o, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli baxış iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, o, **********80 reyestr nömrəli, ********** qeydiyyat nömrəli ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsini almaq üçün satıcı İddiaçı ilə Bakı şəhəri 17 saylı notariat ofisində xx.xx.2024-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən, əmlakın qiyməti 35500 manatdır. Həmin məbləğin 9000 manatını iddiaçıya nağd verməyi, qalan 26500 manatı isə hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin o, iddiaçıya 13500 manat nağd, 1500 manat notarius xərci olaraq pulu Şahid vasitəsi ilə iddiaçıya vermişdir. İddiaçı əmlakı ona təhvil vermədiyinə görə o, aylıq 500 manatı ödəməmişdir. İddiaçı evdən çıxması üçün ondan 7000 manat pul tələb etmişdir. Odur ki, o, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 17 Saylı Notariat Ofisi məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəyə əsasən, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, məhkəmə işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, o, özü usta işləyir. Belə ki, qohumu Cavabdeh ona ev lazım olduğunu bildirmiş, o, isə ünvan 1ində torpaq sahəsi üzərində yerləşən evi Cavabdeh tapmışdır. Cavabdeh evi görmüş, bəyənmiş və almaq qərarına gəlmişdir. Sözügedən ev üçün Cavabdeh ona 13000 manat pul vermiş və o həmin pulu apararaq İddiaçı vermişdir. O, pulu verən zaman videoçəkiliş aparılmışdır. Daha sonra onlar notariusa getmişlər. Bu zaman iddiaçı ona verilən 13000 manatdan 4000 manatını xərclədiyini bldirmişdir. Bu səbəbdən qalan 9000 manatı Kapital Banlkın vasitəsi ilə notariusda rəsmiləşdirmişlər. Cavabdehin ödədiyi 13000 manatdan əlavə 7000 manat da ödəyəcəyi halda iddiaçı evdən çıxacağını bildirmişdir. Məhkəmə tərəflərin izahatını və şahid ifadəsini dinləyib, mülki iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirib, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********80 reyestr nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır. -Məhkəmənin sorğusuna əsasən, məhkəməyə təqdim edilmiş, sorğuya cavab məktubuna əlavə olunmuş: Bakı Şəhəri 17 Saylı Notariat Ofisi tərəfindən 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı İddiaçı qiyməti 35500 manat olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsini alıcı Cavabdeh satmağı, Cavabdeh isə bunun müqabilində satıcı İddiaçı 9000 manat ilkin ödəniş etməyi, qalan 26500 manat pulu isə xx.xx.2027-ci il tarixədək hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 19-cu bəndinə əsasən, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələrinin doğuracağı hüquq nəticələr notarius tərəfindən satıcı və alıcıya izah edilmişdir. Beləliklə, iddia ərizəsindən və işin araşdırılan hallarından məlum olmuşdur ki, iddiaçı öz mülkiyyətində olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsini Cavabdeh satmaq barədə razılığa gəlmişlər. Bundan sonra cavabdeh evi 35500 manata almağa razılaşmış və iddiaçıya 13000 manat ilkin ödəniş etmişdir. Lakin iddiaçı ərizəsində həmin pulun cavabdeh tərəfindən ondan geri alındğını bildirmişdir. Cavabdeh isə izahatında 13000 manat pul verdiyini və iddiaçının 4000 manatını xərclədiyinə görə 9000 manat məbləğinin notariusda rəsmiləşdirildiyini bildirmişdir. Tərəflər arasında, 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, cavabdehin 9000 ödəniş etmək, qalan 26500 manat pulu isə xx.xx.2027-ci il tarixədək hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürdüyü qeyd edilmişdir. İddiaçı isə bu qeyd edilənlərlə razılaşmamış və aldadıldığını qeyd etmişdir. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət edərək, Bakı şəhəri 17 saylı notariat ofisində bağlanmış xx.xx.2024-cü il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlandırılacaq): 6.1.5.maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri də müqavilələr azadlığıdır. 390.1. maddəsinə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 152.1.-152.4. maddələrinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1. maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2. maddəsinə əsasən, əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.5. maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsi İddiaçı adına mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı Şəhəri 17 Saylı Notariat Ofisi tərəfindən 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən göründüyü kimi satıcı İddiaçı qiyməti 35500 manat olan ünvan 1i ünvanında yerləşən ümumi sahəsi 0.011 ha torpaq sahəsini alıcı Cavabdeh satmağı, Cavabdeh isə bunun müqabilində satıcı İddiaçı 9000 manat ilkin ödəniş etməyi, qalan 26500 manat pulu isə xx.xx.2027-ci il tarixədək hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Qanunvericilikdən göründüyü kimi, mülki qanunvericiliyin əsas prinsiplərindən biri olan müqavilə azadlığı prinsipindən çıxış edərək məhkəmə qeyd edir ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Hazırki mülki iş üzrə də mülki iş materiallarına əlavə olunmuş Bakı Şəhəri 17 Saylı Notariat Ofisi tərəfindən 4Ə-173 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin tərəfləri satıcı İddiaçı, alıcı Cavabdeh çıxış etməklə, həmin müqavilə Bakı Şəhəri 17 Saylı Notariat Ofisinin notariusu X1 tərəfindən 4Ə-173 reyestr nömrəsi ilə qeydiyyata alınmaqla təsdiq edilmişdir. Notarius tərəfindən müqavilə tərəflərinə onların hüquq və vəzifələri izah edilmişdir. Bundan əlavə məhkəmə qeyd edir ki, Bakı Şəhəri 17 Saylı Notariat Ofisi tərəfindən 4Ə- 173 reyestr nömrə ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsində cavabdehin qalan 26500 manat pulu xx.xx.2027-ci il tarixədək hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürməsi göstərilsə də, həmin aylıq məbləği hansı tarixədək gecikdirdiyi təqdirdə, iddiaçının müqavilənin ləğvinə dair hüququnun yaranmasını göstərən hər hansı bənd qeyd edilməmişdir. Həmçinin qalan 26500 manat pulu hər ay 500 manat olmaqla ödəməyi öhdəsinə götürməsi müddəti xx.xx.2027-ci il tarixədək müəyyən olunmuş və həmin müddət hələ də bitməmişdir. Qeyd edilən hallara və qanunvericilik normalarına əsasən, məhkəmə hesab edir ki, sözügedən alqı-satqı müqaviləsi tam qanuni və əsaslı olduğundan və onun etibarsızlığına əsas olan sübutlar iddiaçı tərəfindən məhkəmə təqdim edilmədiyindən, iddia ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud ü2olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir . Eyni zamanda "Qavazov Bolqarıstana qarşı" iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq "əsaslı şübhədən kənar" sübut standartları tətbiq edilir. Beləliklə məhkəmə, işin araşdırılan hallarını tədqiq edib, maddi hüquq normalarına əsaslanaraq hesab edir ki, iddiaçının iddia tələbi sübut olunmadığından təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarına istinad edərək qeyd edir ki, iddia tələbi təmin edilmədiyindən iş üzrə ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri 17 Saylı Notariat Ofisi) qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən şikayət verilməmişdirsə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar