Məhkəmə qərarları › İş №e-2(012)-4433/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4433/2023

28.12.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4433/2023 28.12.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Abiyev Elvin Elman oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağının alınaraq ona qaytarılması və 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh X3 ilə nikahları pozulmamışdan əvvəl birgə yaşadıqları evdə qızıl-zinət əşyalarından nikah vaxtı əldə etdikləri və ona hədiyyə olunmuş qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağı qalmışdır. İddiaçı yaşadığı evi tərk edəndən sonra Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə cavabdehlə olan nikahları pozulmuşdur. Cavabdehdə olan iddiaçının cehiz əşyalarını atası və digər qohumları onun ünvanına gedərək geri götürmüşlər. Lakin cavabdeh qızıl-zinət əşyalarını verməkdən imtina etmiş və tələb etsə də, cavabdeh bugünədək qaytarmamışdır. Bu səbəbdən də cavabdehdə olan qızıl-zinət əşyalarından qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağı alınaraq iddiaçıya verilməlidir. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının 10 avqust 2023-cü il tarixli arayışından görünür ki, cavabdeh mediasiya təşkilatına gəlməkdən imtina etmişdir. Göstərilənlərə əsasən cavabdeh X1 qızıl üzük 1,35 qram, qızıl boyunbağı 2,75 qram, qızıl klon 0,98 qram, qızıl boyunbağı 2,45 qram, qızıl boyunbağı 3,75 qram, qızıl sırğa 2,28 qram, qızıl gözmuncuğu olan boyunbağı 2,98 qram, gümüş sırğa və gümüş boyunbağının alınaraq ona qaytarılması və 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, cavabdeh X1 qızıl-zinət əşyalarından komplekt dəst olan qızıl boyunbağı, qızıl sırğa, qızıl üzük, qızıl boyunbağı və əlavə 4 qram qızıl qolbağının alınaraq İddiaçı qaytarılması, 50 manat mediasiya təşkilatına ödənilmiş pul, 50 manat dövlət rüsumu, ümumilikdə 100 manat pulun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edib iddia ərizəsində və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə yazılanların məzmununa uyğun izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddiaçı cavabdehdən ona məxsus qızıl-zinət əşyalarının geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina etmişdir. Cavabdeh cehiz əşyalarının bir hissəsini iddiaçıya qaytarmışdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh X3 iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı ilə qohumdurlar. 2020-ci ilin yanvar ayında ailə həyatı qurmuşlar. Onlar 2 (iki) il ər-arvad kimi birgə təsərrüfat aparmaqla yaxşı yaşamışlar. O, iddiaçını 2022-ci ilin yanvar ayında atasına məxsus evə qonaq kimi aparmışdır. İddiaçını döyüb atası evində aparmamış, qonaq gedib bir müddət qalmaq məqsədi ilə aparmışdır. Lakin iddiaçı atası evinə getdikdən bir həftə sonra ona zəng edərək boşanacağını bildirmişdir. Atası da ona qızını boşatdıracağını, geri qaytarmayacağını bildirmişdir. Bundan sonra isə o, nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin qətnaməsi ilə iddiaçı ilə aralarında olan nikah pozulmuşdur. İddia tələbində qeyd edilən qızıl-zinət əşyaları onun tərəfindən 2020-ci il tarixdə iddiaçıya toy hədiyyəsi olaraq verildiyini qəbul edir. Lakin həmin qızıl-zinət əşyaları onda deyil, iddiaçının özündədir. Belə ki, iddiaçı ilə aralarında mübahisə başlanandan sonra evdə baxanda qızıl-zinət əşyalarını görməmişdir. Verilmiş suallara cavabında qeyd edir ki, onlar tərəfdən ailə münasibətləri ilə bağlı hər hansı bir mübahisə və problem olmamışdır. Lakin qarşı tərəfdən onun ailə həyatı ilə bağlı söz-söhbətlər və narazılıqlar mövcud olmuşdur. Daha doğrusu iddaçı ilə birgə nikahlarından uşaq dünyaya gəldikdən sonra qarşı tərəf narazılıqlar və problemlər yaratmağa başlamışdır. Qarşı tərəfin bu mövqeyi də ailənin dağılmasına gətirib çıxarmışdır. Həmçinin qarşı tərəf ayrı evdə yaşamaq istəmişdir. Lakin bu mümkün olmamışdır. Onun ailəsinə məxsus ikinci ev mövcuddur. Atası gözdən əlildir və dövlət tərəfindən həmin ev atasına əlilliyinə görə verilmişdir. Həmin evdə isə qardaşı qalır. İddiaçı ondan boşanmaq məqsədilə evdən getdiyindən qeyd edilən qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Onun yaşadığı evə 2 otaqlı bina evidir. Onun yaşadığı evdən heç kəs qeyd edilən qızıl əşyalarını götürə və ya oğurlaya bilməz. Qızıl-zinət əşyaları evdə deyilsə, iddiaçı özü ilə evdən gedəndə aparmışdır. Çünki qızıl-zinət əşyalarının qoyulduğu mücrüdə evdə yoxdur. İddiaçı qızıl-zinət əşyalarını qoyulduğu mücrü ilə birlikdə evdən aparmışdır. Qızıl-zinət əşyalarının qoyulduğu mücrünü də birgə yaşadıqları dövrdə iddiaçı sifarişlə almışdır. Həmçinin iddiaçı hara gedibsə qızıl-zinət əşyalarını da özü ilə aparmışdır. Hətta iddiaçı ona məxsus nişan üzüyünü də özü ilə evdən aparmışdır. Sözügedən qızıl-zinət əşyalarının hansı ölkənin istehsalı olduğunu bilmir. Nikahın pozulması barədə iddia tələbinə məhkəmədə baxılarkən iddiaçı özünə məxsus cehiz əşyalarını gəlib onların evindən aparmışdır. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakılara görə iddia təmin edilməməlidir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, İddiaçı və cavabdeh X3 30 yanvar 2020-ci il tarixdə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşlar. İddiaçı nikaha daxil olduqdan sonra özünə məxsus cehiz və toy hədiyyəsi olaraq ona verilmiş qızıl-zinət əşyaları ilə birlikdə cavabdehə məxsus ünvana gəlin köçmüşdür. Cavabdeh tərəfindən iddiaçı 2022-ci ilin yanvar ayında atası evinə qonaq aparılmış, lakin iddiaçı geri qayıtmamış, atası evində qalmışdır. Bundan sonra isə cavabdeh tərəfindən nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş və Abşeron Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Hazırda iddiaçı toy hədiyyəsi olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı gəldiyi nəticəni aşağıdakı hüquq normalarına əsasən əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə görə nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələbərini müəyyən edən faktlarla və hallarla əlaqədardır; 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbi ilə əlaqədar qeyd edir ki, sübutetmə yükü üzərinə düşən iddiaçı tərəf iddia tələbində qeyd edilən qızıl-zinət əşyalarının cavabdehdə olmasını bildirsə də, bununla bağlı sübutları məhkəməyə təqdim edə bilmədi. Eyni zamanda məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş fotoşəkillər və dvd disk iddia ərizəsində qeyd edilən qızıl-zinət əşyalarının hazırda cavabdehdə olmasını təsdiq etmədiyindən sübut kimi qəbul edilə bilməz. Həmçinin işin mübahisəsiz halından görünür ki, iddiaçı evdən qovulmamış, cavabdeh tərəfindən atasına məxsus evə qonaq aparılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və təmin edilməməlidir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edilmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh X2 qarşı qızıl-zinət əşyaları tələbinə dair iddiası təmin edilməsin. İş üzrə iddiaçı tərəfindən ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: E.Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar