Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4688/2025 01.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, Maraqlı şəxs ilə arasında Bakı şəhəri 2 saylı Mediasiya xidmətində Mediasiya prosesinin tədbiqi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixdə MŞB/2-00455 saylı Barışıq Sazişinin 2-ci və 3-cü bəndinin təsdiq olunması, məcburi icraya yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə Ərizəçi xx.xx.2025-ci il tarixində Bakı şəhəri, 2 saylı Mediasiya Təşkilatında aralarında bağlanmış MŞB/2-00455 saylı barışıq saizişinə əsasən ilk ödəniş xx.xx.2025-ci il tarixindən hesablanmaqla növbəti hər ayın (iyun ayından hesablanmaqla) 10-dan gec olmayaraq aylıq maaşının 70 % nisbətində hissəsini övladları xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X3 aliment olaraq ödəməyi öhdəsinə götürmüşdür. Məlumat üçün bildirilir ki, Maraqlı şəxs ilə ərizəçi xx.xx.2012-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmaqla ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahdan xx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2018-ci il təvəllüdlü X5 adlı övladları vardır. Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatında keçirilən mediasiya prosesi zamanı xx.xx.2025-ci il tarixdə MŞB/2-00455 saylı mediasiya işi üzrə aralarında barışıq sazişi bağlanmış və həmin sazişin 2-ci və 3-cü bəndində maraqlı şəxs uşaqlarının saxlanması üçün yetkinlik yaşına çatanadək aylıq maaşının 70 % hissəsinin ilk ödəniş xx.xx.2025-ci il tarixindən hesablanmaqla növbəti hər ayın (iyun ayından hesablanmaqla) 10-dan gec olmayaraq aliment olaraq ödəməsi barədə öhdəlik götürmüşdür. Həmin öhdəlikdən 2 ay keçməsinə baxmayaraq maraqlı şəxs bu öhdəliyə əməl etməmiş və bu səbəbdən də həmin sazişin icraya yönəldilməsi üçün məhkəmə qaydasında təsdiq olunması barədə qətnamə qəbul olunmalıdır. Göstərilənlərə əsasən ərizə təmin edilməlidir. xx.xx.2025-ci il tarixdə MŞB/2-00455 saylı Barışıq Sazişi üzrə hər ay ödənişin edilməsi barədə ərizəçi tərəfindən maraqlı şəxsə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Maraqlı şəxs hər dəfəsində müxtəlif bəhanələr gətirərək öhdəliyindən yayınmışdır. Son olaraq ərizəçi tərəfindən Maraqlı şəxsna gecikmiş may, iyun və iyul aylarına aid aliment məbləğlərinin pretenziya qaydasında geri qaytarılmasını tələb etsə də, cavabdeh bundan imtina edərək pulunun olmadığını, başqa öhdəliklərinin olmasını bəhanə gətirərək, aliment ödənişini verməkdən imtina etmiş, Barışıq Sazişi üzrə öhdəliklərini icra etməmişdir. Ərizəçi tərəfindən Maraqlı şəxsna 10 iyul 2025-ci il tarixdə ünvanlanmış pretenziya məktubunda borc pul məbləğini 3 (üç) təqvim günü ərzində qaytarmağı, qaytarılmasa X7 İcrası üçün Təsdiq Olunması ilə bağlı məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Hal-hazırda cavabdeh (maraqlı şəxs) Maraqlı şəxs xx.xx.2025-ci il tarixdə MŞB/2-00455 saylı Barışıq Sazişi üzrə yaranmış borcunu və növbəti aylar üzrə yaranacaq aliment məbləğini ödəmək istəmir. Bununla bağlı yaranmış zərurətlə əlaqədar ərizəçi aralarında mediasiya prosesi nəticəsində bağlanmış X7 təsdiq olunması üçün məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən, ərizənin təmin edilməsi xahiş olunmuşdur. Ərizəçi məhkəməyə xx.xx.2025-ci il tarixində ərizə ilə müraciət edərək bildirmişdir ki, hazırda himayəsində azyaşlı uşaq olduğundan və uşağa tək baxdığından məhkəmə iclasında iştirakı mümkün olmayacaqdır. Qeyd olunanlara əsasən, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Belə olan halda məhkəmə işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs izahatında bildirmişdir ki, o, ərizəni qəbul edir. Belə ki, onlar arasında xx.xx.2025-ci il tarixdə Bakı Şəhəri 2 saylı Mediasiya Təşkilatında MŞB/2- 00455 saylı barışıq sazişinin 2-ci və 3-cü bəndlərini yerinə yetirməyə razıdır və həmin bəndlərin təsdiq edilməsinə etirazı yoxdur. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı Şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2- 00455 saylı barışıq sazişindən görünür ki, tərəflər-Ərizəçi ilə Maraqlı şəxs-1. Tərəflər övladları xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2018-ci il təvəllüdlü X2 ana Ərizəçi yanında saxlanılmasına, 2.Ata Maraqlı şəxs aylıq maaşının 70% nisbətində hissəsini hər ay periodik olaraq övladlarına aliment olaraq ödəyəcəyinə 3. Tərəflər qarşılıqlı olaraq ata Maraqlı şəxs 2025-ci ilin may ayı üzrə aliment məbləğini xx.xx.2025-ci il tarixində ana Ərizəçi ödəyəcəyinə, növbəti aylar üzrə aliment məbləğinin ödənilməsinin icrasının isə 01 iyun 2025-ci il tarixindən hesablanmaqla hər ayın 10-undan gec olmayaraq yerinə yetiriləcəyinə, 4. Tərəflər bu Sazişin icra edilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərindən xəbərdar olmalarına və Sazişin icra edilməməsinə görə nəzərdə tutulan məsuliyyətə dair razılığa gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından övladları-xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2021-ci il təvəllüdlü X1 anadan olmuşdur. Daha sonra tərəflər arasında münasibət pozulmuş və onlar xx.xx.2025ci il tarixli, MŞB/2-00455 saylı barışıq sazişinin 2-ci bəndinə əsasən, Maraqlı şəxs aylıq maaşının 70% nisbətində hissəsini hər ay periodik olaraq övladlarına aliment olaraq ödəyəcəyinə, 3-cü bəndinə əsasən isə Maraqlı şəxs 2025-ci ilin may ayı üzrə aliment məbləğini xx.xx.2025-ci il tarixində Ərizəçi ödəyəcəyinə, növbəti aylar üzrə aliment məbləğinin ödənilməsinin icrasının isə 01 iyun 2025-ci il tarixindən hesablanmaqla hər ayın 10-undan gec olmayaraq yerinə yetiriləcəyinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin 2-ci və 3-cü bəndlərinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli, MŞB/2-00455 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) X7 icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2025-ci il tarixli, MŞB/2- 00455 saylı barışıq sazişinin 2-ci vəı 3-cü bəndləri təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.
13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-00455 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Eyni zamanda məhkəmə iclasında maraqlı şəxs ərizəni qəbul etdiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq): 52.2. maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. 106.3. maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasından yayınan tərəfin öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də həmin hissədə təmin edilməlidir. Bundan əlavə ərizəçi barışıq sazişinin 2-ci və 3-cü bəndinin təsdiq olunmasının məcburi icraya yönəldilməsini xahiş etsə də, məhkəmə qeyd edir ki, barışıq sazişinin təsdiq edilməsinin məcburi icraya yönəldilməsi məhkəmənin səlıahiyyətinə aid deyildir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə bu hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı Şəhəri 2 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2-00455 saylı barışıq sazişinın 2-ci və 3-cü bəndləri məhkəmə qaydasında təsdiq edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Habil Əhmədov