Məhkəmə qərarları › İş №e-2(012)-4987/2025

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-4987/2025

18.08.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-4987/2025 18.08.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Rzayev Fariz Gündüz oğlunun katibliyi, Ərizəçi iştirakları ilə, Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi (Maraqlı şəxs) barışıq sazişinin təsdiq edilməsinə dair ərizə ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, onunla Maraqlı şəxs arasında Bakı 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişinin təsdiq edilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun və vəkil ilə bağladığı 500 manat müqavilə xərclərinin Maraqlı şəxs tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirmişdir ki, o, xx.xx.2017-ci il tarixdə 1 saylı Bakı “Asan Xidmət” X1 Maraqlı şəxs ilə rəsmi nikaha girərək, ailə həyatı qurmuşdur. Onların arasında olan ailə münasibətləri pozulmuş və buna görə də, onlar Bakı 12 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Bakı 12 saylı Mediasiya Təşkilatında xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı aralarında barışıq sazişi imzalanmışdır. Daha sonra nikahları Abşeron Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən pozulmuş və nikaha xx.xx.2025-ci il tarixində xitam verilmişdir. Həmin barışıq sazişinin şərtlərinə əsasən: 1. Tərəflər – Ərizəçi və Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı aşağıdakı qaydada razılıqı əldə etdilər: 1.1. Tərəflər qəbul va təsdiq edir ki, Abşeron rayonu, Höküməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də inşa edimiş yasayiş kompleksində yerləşən bina 2, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzil birgə nikah dövründə əldə edilib. 1.2. Birinci tərəf – Ərizəçi - öhdəlik götürür ki, Seriya Nº **********, reyestr nömrəsi **********97-05302- 093006 olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Birinci tərəfin mülkiyyətində olan Abşeron rayonu, Höküməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14cü km-də inşa edimiş Cənnət Park yasayiş kompleksində yerləşən bina 2, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzili sataraq satış dəyərinin 50%-ni ikinci tərəfə ödəyəcəkdir. Mənzilin satış dəyəri tərəflər arasında razılıq əsasında satışdan əvvəl müəyyən ediləcəkdir. Mənzilin alqı-satqısı məhkəmə qətnaməsinə əsasən qeydiyyat orqanında nikahın pozulmasına dair şəhadətnamə alındıqdan sonra həyata keçiriləcək. 1.3. Ödəniş nağdsız qaydada İkinci şəxsin hesabına ödəniləcəkdir. Barışıq sazişinin icra olunması ilə bağlı qanunvericilikdə müəyyən edilmiş 10 günlük müddət keçmişdir, lakin Maraqlı şəxs könüllü olaraq barışı sazişini icra etmir. Qeyd edilənlərə əsasən, o, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, ərizəçi Əsədov X2 rayon Məhkəməsinə ərizə ilə müraciət edərək, Bakı şəhəri 12 saylı Mediasiya Təşkilatında onunla bağladığı xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı Barışıq Sazişinin təsdiq edilməsi, 100 manat dövlət rüsumunun və vəkillə bağladığı 500 manat müqavilə xərcinin ondan tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədlərlə xx.xx.2025-ci il tarixində e-2(012)-4987/2025 saylı mülki işə dair vəkil müraciəti ediləndən sonra Elektron Məhkəmə sistemi vasitəsi ilə tanış olmuşdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə əsasən, Maddə 355- 23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu maddədən belə aydın olur ki, imzaladığı barışıq sazişini könüllü qaydada icra etmədiyim və ya barışıq sazişinin könüllü icrasından imtina etdiyim təqdirdə ərizəçi məhkəməyə müraciət edə bilərdi. Ərizəçi ərizəsində xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı Barışıq Sazişinin 1.1, 1.2 və 1.3-cü maddələrinə istinad edərək onun barışıq sazişini könüllü qaydada icra etmədiyini bildirir. Həmin maddələri diqqətlə oxuyandan sonra məlum olur ki, maddələr ərizəçinin özünə aiddir və əslində ərizəçi özü götürdüyü öhdəliyi bu günə kimi yerinə yetirməmişdir. xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı Barışıq Sazişində elə bir maddə yoxdur ki, könüllü qaydada icra ilə bağlı onun öhdəliyini, yerinə yetirməli olduğu hərəkətləri müəyyən etsin. Görünür ki, Barışıq sazişi mükəmməl hazırlanmayıb və “barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda” müddəasının nə əsasla ona aid olduğu məlum deyil. Eyni əsasla o da ərizəçini barışıq sazişini könüllü qaydada icra etməməkdə və ya barışıq sazişinin könüllü icrasından imtina etməkdə günahlandıra bilər. Yəni, Barışıq sazişinin könüllü icrası üçün o hansı hərəkətləri etməli idi, etməmiş və bu hallar harada öz əksini tapıb, ərizəçi öz ərizəsində bu məsələlərə aydınlıq gətirməmişdir. Mübahisəli mənzilin xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı Barışıq Sazişində göstərilən şərtlər daxilində satılması ilə bağlı ərizəçi tərəfindən ona rəsmi formada hər hansı ciddi təklif edilməmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinin təsir dairəsinə düşən və barışıq sazişinin təsdiq edilməsini əsaslandıran heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd etdiklərini nəzərə alaraq məhkəmədən Ərizəçi xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı Barışıq Sazişinin təsdiq edilməsinə dair ərizəsi təmin edilməməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6. maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçini dinləyib, maraqlı şəxsin etiraz ərizəsini nəzərdən keçirdib, mülki iş materiallarını hərtərəfli araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Bakı 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişindən görünür ki, 1. Tərəflər – Ərizəçi və Maraqlı şəxs birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı aşağıdakı qaydada razılıqı əldə etdilər: Tərəflər qəbul va təsdiq edir ki, Abşeron rayonu, Höküməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14-cü km-də inşa edimiş yasayiş kompleksində yerləşən bina 2, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzil birgə nikah dövründə əldə edilməsinə, Birinci tərəf – Ərizəçi - öhdəlik götürür ki, Seriya Nº **********, reyestr nömrəsi **********97-05302- 093006 olan xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Birinci tərəfin mülkiyyətində olan Abşeron rayonu, Höküməli qəsəbəsi, Bakı-Şamaxı yolunun 14cü km-də inşa edimiş Cənnət Park yasayiş kompleksində yerləşən bina 2, blok 1, 9-cu mərtəbə, 87 kv.m ümumi sahəsi olan 47 saylı mənzili sataraq satış dəyərinin 50%-ni ikinci tərəfə ödəyəcəyi, mənzilin satış dəyəri tərəflər arasında razılıq əsasında satışdan əvvəl müəyyən ediləcəyi, mənzilin alqı-satqısı məhkəmə qətnaməsinə əsasən qeydiyyat orqanında nikahın pozulmasına dair şəhadətnamə alındıqdan sonra həyata keçiriləcəyi və ödənişin nağdsız qaydada İkinci şəxsin hesabına ödəniləcəyinə dair razılığa gəlmişlər. -xx.xx.2025-ci il tarixli 640 nömrəli müqavilədən görünür ki, Ərizəçi Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 hüquqi yardım göstərilməsi üçün 500 manat ödəniş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 305.1.17. maddəsinə əsasən, məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, tərəflər xx.xx.2017-ci il tarixdə rəsmi nikah daxil olaraq ailə həyatı qurmuşdur. Tərəflərin birgə nikahlarından övladları olmamış və onlar xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişinə əsasən, birgə nikah dövründə əldə edilmiş əmlakın satılması nəticəsində əldə edilmiş pulun bölünməsinə dair razılığa gəlmişlər. Barışıq sazişinin şərtlərinə əsasən, saziş üzrə öhdəliklər könüllü şəkildə icra edilməli olduğu halda Maraqlı şəxs tərəfindən öhdəliyindən yayınması halları olduğundan və bu hal barışıq sazişinin, eyni zamanda, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, barışıq sazişinin məhkəmə qaydasında məcburi icrası qaydasını istisna etmədiyindən Ərizəçi barışıq sazişinin məhkəmə qaydasında təsdiq edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. “Mediasiya haqqında Azərbaycan Respublikası Qanunu”nun (bundan sonra Mediasiya haqqında Qanun adlanacaq): 1.0.1. maddəsinə əsasən, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı bu Qanunla müəyyən olunan prosesdir. 3.1.2. maddəsinə əsasən, ailə münasibətlərindən irəli gələn mübahisələrə mediasiya qaydasında baxılır. 4.1. maddəsinə əsasən, mediasiya tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədini daşıyır. Göründüyü kimi, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyən, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edən “Mediasiya haqqında Qanun” tərəflər arasında münaqişə səviyyəsinin azaldılması və onları razı salacaq şəkildə mübahisənin həllini təmin etmək məqsədi ilə qəbul edilmişdir. “Mediasiya haqqında Qanun”un: 24.6. maddəsinə əsasən, mediasiya prosesinin hər hansı mərhələsində mediator mübahisənin həlli məqsədilə tərəflər üçün öhdəlik nəzərdə tutmayan şifahi və ya yazılı təklifi irəli sürə bilər. Barışıq təklifi tərəflərin razılığı ilə verilir. 32.1.1. maddəsinə əsasən, tərəflər arasında barışıq sazişi bağlandıqda mediasiya prosesinə xitam verilir. Mülki iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişinə əsasən, mülki iş üzrə tərəflər barışıq sazişi bağlamışlar. “Mediasiya haqqında Qanun”un: 9.3.1. maddəsinə əsasən, barışıq sazişinin icrasını təmin etmək tərəflərin vəzifəsidir. 34.1. maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. maddəsinə əsasən, barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə və ya notariusa müraciət edə bilər. 34.4. maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə və ya notarius tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. maddəsinə əsasən, barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Qanunun tələblərindən görünür ki, mediasiya prosesində tərəflər arasında mübahisə barışıq sazişinin imzalanması ilə başa çatdıqda həmin saziş üzrə tərəflər sazişin icra edilməsinə görə məsuliyyət daşıyır və sazişin icra edilməməsinə görə məhkəmə qaydasında məcburi şəkildə icrasının təmin edilməsi hüququnu yaratmışdır. Ona görə də məhkəmə belə qənaətə gəlir ki, maraqlı şəxs barəsində xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişi təsdiq edilərək icrası təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli, 385 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mediasiya prosesinin həyata keçirilməsi Qaydası”nın: 12.3.1. bəndinə əsasən, barışıq sazişinin imzalandığı gündən mediasiya prosesinə xitam verilir.

13. bəndinə əsasən, barışıq sazişi Qanunun 34-cü maddəsinə uyğun olaraq icra edilir. Mülki Prosessual Məcəllənin 355-24. maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Qanunun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. Qanunun tələblərinə istinad edərək məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişinin şərtləri 10 gün müddətində maraqlı şəxs tərəfindən icra edilməli olduğu halda icra edilməmiş, bununla da, ərizəçi həmin sazişin məhkəmə qaydasında təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Mülki Prosessual Məcəllənin: 355-25.3. maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. maddəsinə əsasən, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Beləliklə, məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, qanunvericiliyin tələblərini paralel şəkildə qiymətləndirərək qeyd edir ki, öhdəliyin icrasından yayınan tərəfin öhdəliyin icrasını təmin etmək məqsədilə barışıq sazişinin təsdiq edilməsinə maneə törədən və ya bundan imtina edilməsinə əsas olan hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından ərizə əsaslıdır, ona görə də təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən ödənilmiş 100 manat dövlət rüsumu maraqlı şəxsə aid edilməlidir. Bundan əlavə iş materiallarında olan xx.xx.2025-ci il tarixli 640 nömrəli müqavilədən görünür ki, Ərizəçi Bakı Şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Nümayəndə1 hüquqi yardım göstərilməsi üçün 500 manat ödəniş etmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən, həmin məbləğ də maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220 və 305-311ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 12 saylı Mediasiya Təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/12/2024-00243 saylı barışıq sazişi məhkəmə qaydasında təsdiq edilsin. Ödənilmiş 100 (yüz) manat dövlət rüsumu və hüquqi yardım üçün vəkilə ödənilmiş 500 (beş yüz) manat pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar