Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-5193/2022 27.12.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 vəkili Vəkil1 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Abşeron rayonu 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı və Cavabdeh1 paylarının mütənasib şəkildə ayrılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə elektron qaydada məhkəməyə müraciət edərək, Cavabdeh3 cavabdeh qismində cəlb olunmaqla və iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, Cavabdeh1 ilə Cavabdeh3 arasında bağlanmış AN-1 № ******* saylı, 15 dekabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında Cavabdeh3 adına verilmiş çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tartixdə məhkəməyə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh kimi nəzərə alınmaqla və iddia tələblərinin qalan hissələrdə saxlanılmaq şərtilə, alqı-satqı müqaviləsi əsasında Cavabdeh3 adına verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra, İddiaçı Mülki Prosessual Məcəllənin 53-cü maddəsinin tələblərinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət edərək, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin cavabdeh “4 saylı Abşeron ərazi idarəsi” kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 doğma qardaşıdır. Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, X1 nikah haqqında akt qeydi aşkar edilməmiş, eyni zamanda, onun övladı yoxdur. X3 qanun üzrə vərəsələri qardaşı İddiaçı və bacısı Cavabdeh1 olmaqla iki nəfərdən ibarət olmasına baxmayaraq, ölümündən sonra Abşeron rayon 1 saylı Notariat ofisində vərəsəlik işi açılmış və mərhumun ünvan 1 ünvanında yerləşən miras əmlakına dair sadəcə Cavabdeh1 tam irs almışdır. İddiaçı vərəsəlik işinin açılmasından tam xəbərsiz olmuş və X1 doğma qardaşı olmasına baxmayaraq, Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən vərəsəlik işinə cəlb olunmamışdır. İddiaçı vərəsəlik işinin açılmasından, Cavabdeh1 tərəfindən qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınmasından ünvan 3 göndərilmiş xx.xx.2022-ci il tarixli sorğuya cavabdan sonra məlumatlı olmuşdur. Abşeron rayonu 1 saylı Notariat ofisi tərəfindən Cavabdeh1 verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən mənzilə dair İddiaçı və Cavabdeh1 paylarının mütənasib şəkildə ayrılması barədə qərar qəbul olunması zərurəti yaranmışdır. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, o, hüquqlarını müdafiə etdiyi şəxs olan iddiaçıdan maraqlanmış və iddiaçı ona bildirmişdir ki, Cavabdeh1 mərhum bacısı X6 ilə münasibəti olmamış, harda yaşadığını bilməmiş, uzun müddət bir-birilərini görməmiş və sübut olaraq, cavabdeh mərhuma dəstək olmamış, xəstə olanda yanında olmamışdır. İki bacı və bir qardaşın bir-birindən uzun müddət məlumatları olmamışdır. İki gün biri-biri ilə mehriban olan kimi, üçüncü günü mübahisələri olurdu. Bu səbəbdən də, iddiaçının mərhumun evinin olması ilə bağlı məlumatı olmamışdır. Əvvəldən məlumatı olmuş olsaydı, müvafiq tədbirlərini görmüş olardı. Hesab edir ki, cavabdeh özü də düzgün davranmamışdır. Belə ki, notariat qurumunda məlumat verildiyi halda, cavabdeh qardaşının, yəni, iddiaçının olduğunu bildirə bilərdi ki, bununla da təcrübədə notariuslar barəsində cinayət işi açılır. Həmçinin, elektron portala daxil olduqda şəxsin qohumunun kim olub-olmaması bəlli olur və bu, notariusun da vəzifəsidir ki, Təlimatda da qeyd olunmuşdur. İddiaçının bacısının yas mərasimində iştirak edib-etməməsini o, bilmir, lakin dəqiqləşmə apara bilər. Hesab edir ki, iddiaçının məlumatı olsaydı, iştirak edərdi. Saidanın oğlu zəng edərək, dayısı ilə razılığa gəlmək istədiyini və 10000-15000 manat verib məsələni həll etməyi bildirmişdir. Mənzil 50000 manata satılmış və notariusun bütün bunlardan da məlumatı olmuşdur. Mənzilə cavabdehin adına çıxarış alındıqdan sonra mənzil Cavabdeh3 satılmışdır. Hazırda, həmin mənzilin üzərinə həbs qoyulmuşdur. İddiaçı ona bu barədə müraciət etmiş və sorğu ilə müraciət edəndən sonra həmin hallar aşkara çıxmış, vərəsəlik işinin açılması və əmlakın olması barədə məlumatlı olmuşdur. Sübuta qaldıqda, məlumatlı olsaydılar, hər halda daha tez məhkəməyə müraciət edilərdi. Ümumiyyətlə, bu bacı-qardaş arasında soyuq münasibətlər olmuş, bir-birilərini xeyir-şər işlərində görərmişlər. Mərhumun harada yaşaması barədə onun məlumatı yoxdur və hesab edir ki, bu suala iddiaçı şəxsən özü cavab verə bilər. Bununla belə hesab edir ki, iddia tələbi əsaslı hesab edilməklə təmin edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 vəkili Vəkil1 iddia ərizəsini qəbul etməyərək təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, iddiaçı mərhumun evi ilə bağlı vərəsəlik işinin açıldığını, yalnız cavabdehin vərəsə kimi qeydə alındığını, Notariat kontoruna sorğu verdikdən sonra məlumat aldığını bildirmişdir. Mərhum 2000-ci ildə miras əmlakı satın almış və həmin yerdə tək yaşamaqla son illərinin üç ilini xəstə olduğundan bacısı ona kömək olmuşdur. Cavabdeh ölən günədək bacısına qulluq etmişdir. Halbuki, 22 il bundan əvvəl mənzil alınıbsa deməli, iddiaçının da bundan məlumatı olmuşdur. Lakin hesab edir ki, bunu sübuta yetirmək vəzifəsi iddiaçının üzərinə düşür. Mülki qanunvericiliyə əsasən, vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi tələbi inzibati məhkəmənin səlahiyyətinə aid olan məsələ olduğu halda, iddia tələbində sözügedən sənədin ləğvi tələbi qoyulmuşdur. Halbuki, qanunvericiliklə vərəsəlik şəhadətnaməsi mübahisələndirildikdə etibarsızlıq tələbi qoyulmalı idi. Mülki Məcəllənin 1146-cı maddəsinin tələblərinə əsasən, miras açılıbsa mirasın qəbul edilməsi proseduru başlanılır. Lakin iddia tələbindən göründüyü kimi, iddiaçı mirası qəbul etməmiş, buna cəhd göstərməmiş, faktiki qəbul etməmiş, Notariat qurumuna müraciət etməmiş və bununla da, mülki qanunvericiliyin 1272-ci maddəsinin tələbləri pozulmuşdur. Beləliklə də, iddiaçı vərəsəlik hüququnu bilə-bilə itirmişdir. Hesab edir ki, notariat kontorunun vərəsənin axtarılması ilə bağlı vəzifəsi yoxdur, lakin qanuna əsasən, ərazi üzrə məlumatı olmayan vərəsə olduqda göstərilən vəzifəni icra edir. İddiaçının mərhumun vəfatından məlumatı olmuş, yas mərasimində iştirak etmişdir. Bu barədə iddiaçıya məlumat verilmişdir. Mərhum yataq xəstəsi idi, hər gün ona bacısı qulluq edirdi. İddiaçı isə bir dəfə də olsun, bacısı ilə maraqlanmamışdır. Cavabdeh sonradan miras qalmış əmlakı digər cavabdehə satmışdır ki, bu da onun hüququdur. İddiaçını “susmuş vərəsə” hesab etməsinin səbəbi odur ki, iddiaçıya bu barədə məlumat verilmiş və iddiaçı bundan məlumatlı olmuşdur. İddiaçının mərhum bacısının mənzilinin olması barədə məlumatsız olması inandırıcı deyildir. Cavabdehlər Cavabdeh3, 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlərin nümayəndələri məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda, məhkəmə Mülki Prosessual Məcəllənin 185.5. maddəsinə əsasən, işə cavabdehlərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını nəzərdən keçirərək və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -Texniki İnventarlaşdırma Bürosu tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli 3662 reyestr nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzili X3 adına xüsusi mülkiyyət hüququ əsasında Abşeron rayonu 2 saylı Dövlət Notariat Kontorunun 3M-1-49 saylı müqaviləsinə əsasən qeydiyyata alınmışdır. -4 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 166130 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 139 nömrəli ölüm akt qeydi tərtib edilmişdir. -Cavabdeh1 ünvan 3 ünvanladığı xx.xx.2021-ci il tarixli 8İ-2336 reyestr nömrəli ərizədən görünür ki, o, xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilində yaşamış bacısı X6 vəfat etdiyindən bacısından miras qalmış həmin əmlakı qəbul etdiyini bildirmiş və başqa vərəsənin olmadığını qeyd etmişdir. -Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 05/Q- 444/69 saylı arayışdan görünür ki, xx.xx.1950-ci il tarixdə Bakı şəhərində anadan olmuş Cavabdeh1 ailə vəziyyətini müəyyən etmək məqsədilə arxiv məlumatları xx.xx.2021-ci il tarixədək “Vətəndaşlıq vəziyyəti aktları”nın avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi üzrə yoxlama aparmış və Cavabdeh1 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. -Abşeron rayon 1 saylı notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-244 reyestr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X3 vərəsəsi Cavabdeh1 miras əmlakdan tam hissədə pay almalı, şəhadətnamə verilən miras əmlak Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilindən ibarətdir. -Satıcı Cavabdeh1 ilə alıcı Cavabdeh3 arasında bağlanmış xx.xx.2021-ci il tarixli AN- İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin surətindən görünür ki, satıcı Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilində yerləşən ümumi sahəsi 29.8 kv.m olan mənzili alıcıya 30000 manata satmışdır. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarışın surətindən görünür ki, Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı fərdi yaşayış evi Cavabdeh3 adına xüsusi mülkiyyət hüququ əsasında daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. -2 saylı Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Sahəsi tərəfindən verilmiş 2021-ci il tarixli arayışdan görünür ki, mərhum Cavabdeh1 Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilində qeydiyyatda olmaqla yaşamışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu Ə.Cavad küçəsi 163A saylı evdə, Cavabdeh1 Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi H.Əliyev küçəsi döngə 1, 15A saylı evdə, Cavabdeh3 isə Qubadlı rayonunda qeydiyyatdadırlar. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh1 bir ailənin üzvü olmaqla onların mərhum bacıları X6 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X1 mülkiyyətində olan Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzili miras əmlak olaraq qalmış və həmin əmlak üzərində Cavabdeh1 vərəsəlik hüquqları tanınaraq bu barədə sonuncuya Abşeron rayonu 1 saylı Notariat ofisi tərəfindən xx.xx.2021-ci il tarixli 2V-244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Miras qalmış əmlak üzərində qanun üzrə vərəsəlik hüquqları tanınmış Cavabdeh1 həmin əmlakı alıcı Cavabdeh3 ilə bağladığı xx.xx.2021-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən, 30000 manata satmış və daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2022-ci il tarixli çıxarış əsasında sözügedən əmlaka münasibətdə Cavabdeh3 xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi, **********18-05101-083002 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Hazırda, iddiaçı həmin şəhadətnamənin, alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməklə onun da miras qalmış əmlak üzərində vərəsə kimi tanınmasını məhkəmədən xahiş etmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinin İ hissəsinə əsasən, vərəsəlik hüququ haqqında şəhadətnamə mülki qanunvericiliklə müəyyən edilmiş qaydada mirası qəbul etmiş vərəsələrin yazılı ərizəsi ilə bütün vərəsələrə və ya onların arzusundan asılı olaraq hər birinə ayrılıqda verilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra Abşeron rayonu Xırdalan şəhəri 27-ci məhəllə 13A saylı evin 52 saylı mənzilinə dair Cavabdeh1 xx.xx.2021-ci il tarixdə ərizə ilə ünvan 3 müraciət edərək mərhum bacısından miras qalmış mənzilə dair vərəsəlik şəhadətnaməsinin verilməsini xahiş etmiş və bu barədə Abşeron rayon 1 saylı Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 2V-244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, həmin cavabdeh miras qalmış fərdi yaşayış evinə münasibətdə vərəsə kimi tanınmaqla həmin əmlakdan tam hissədə pay almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq): 1243.1 maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2. maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1246. maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1255. maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. İddia tələbindən və iddiaçının izahatından müəyyən olunur ki, vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməklə onun vərəsə kimi tanınmasını xahiş edən İddiaçı iddia tələbinin əsasını mərhum bacısı X4 məxsus daşınmaz əmlakla bağlı məlumatlı olmaması ilə əlaqələndirmişdir. Eyni zamanda, iddiaçı mərhum bacısının vəfatı ilə bağlı məlumatlı olmadığını qeyd etmiş, cavabdeh isə iddiaçıya bacısının vəfatı ilə bağlı məlumat verildiyini və hətda cavabdehin mərhumun hüzr mərasimində iştirak etdiyini bildirmiş, lakin bunların əksini sübuta yetirmək vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutunu məhkəməyə təqdim edə bilməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən, Mülki Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Beləliklə də, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında iddiaçının miras qalmış əmlaka faktiki sahiblik etməsi, əmlakı faktiki idarə etməyə başlaması, başqa sözlə, miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar sərgiləməsi öz təsdiqini tapmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 oktyabr 2022-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, “Mirasın qəbul edilməsi müddəti vərəsəlik institutunun vacib aspektlərindən biri olduğu üçün bu müddətin müəyyənləşdirilməsi istər mirasın qəbulu, istərsə də ondan imtina kimi bir çox məsələlərin həlli üçün zəruridir. Mülki Məcəllənin 1248-ci maddəsinə uyğun olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Qeyd olunan qanunvericilik norması mirasın qəbulu müddətinin ötürülməsinin həmin vərəsənin vərəsəlik hüququnun xitamına səbəb olmadığını ehtiva etməklə, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddətin kəsici müddət olmasını da istisna edir. Göstərilənlər baxımından, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Burada nəzərə almaq lazımdır ki, mirasın qəbul edilməsi, habelə mirasdan imtina ilə əlaqədar müddətlərin axımı vərəsələrin vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən başlayır. Məhkəmə Plenum Qərarlarına istinad edərək məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları qiymətləndirib belə qənaətə gəlir ki, mülki iş üzrə tərəflərin mərhum bacıları X6 beyin ödemi xəstəliyindən əziyyət çəkməklə yataq xəstəsi olmuş və həmin müddətdə ona bacısı olan Cavabdeh1 qulluq göstərmişdir. Mərhumun xx.xx.2021-ci il tarixdə vəfatından sonra Cavabdeh1 vərəsəliyin açılması üçün notariat qurumuna ərizə ilə müraciət etməklə miras əmlakı qəbul etmək niyyətini açıq-aşkar sərgiləmişdir. Bu səbəbdən də, məhkəmə Abşeron rayonu 1 saylı notariat qurumunun xx.xx.2021-ci il tarixli 2V-244 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqında şəhadətnaməsinin ləğv edilməsinə əsaslar görmür. Belə ki, iddiaçı bacısının vəfatından sonra miras əmlaka vərəsəliyin açılmalı olduğunu bildiyi və ya bilməli olduğu halda, qanunla müəyyən edilmiş müddətdə notariat qurumuna müraciət etməmiş, müraciət etdiyi təqdirdə isə imtina cavabını iddia ərizəsinə əlavə etməmiş, mərhum bacısının xx.xx.2021-ci il tarixdə vəfatından sonra mirasın açıldığı gündən yalnızca xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəmə eyni zamanda, qeyd edir ki, iddiaçı bacısının yas mərasimi ilə bağlı məlumatı olmadığını və bu səbəbdən də həmin mərasimdə iştirak etmədiyini bildirsə də sübutetmə vəzifəsi daşıyan iddiaçı iddia tələbinin əsasını təşkil edən halları təsdiq edən mötəbər sübutlarını (məsələn, şahid ifadəsi) məhkəməyə təqdim etməmişdir. Halbuki, sübutetmə vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə iddiaçının miras əmlaka vərəsə kimi tanınaraq, onun həmin əmlaka ½ hissəsinə payının müəyyən edilməklə bağlı tələbinə dair qeyd edir ki, tərəflərin izahatları ilə iddiaçının miras əmlakda heç vaxt yaşamadığı, həmin əmlaka faktiki sahiblik etməyi, bu halın isə onun miras əmlakı faktiki qəbul etmək niyyətini təsdiqləyən konkret hərəkətlər olmadığı qənaətinə gəldiyindən iddia tələbləri bu hissədə də təmin edilə bilməz. Beləliklə, məhkəmə tərəflərin izahatı, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutları, eyni zamanda, Plenum Qərarlarındakı hüquqi mövqeyə istinad edərək qeyd edir ki, İddiaçı mərhum bacısı X3 xx.xx.2021-ci il tarixdə vəfatından sonra vərəsəliyə çağırılmalı olduğunu bildiyi və ya bilməli olduğu gündən qanunla müəyyən edilmiş müddət ərzində aidiyyəti notariat qurumuna müraciət etmədiyindən və bu hal onun vərəsə kimi tanınmaqla miras əmlak üzərində payının müəyyən edilməsinə əsas olmadığından iddia tələbləri əsaslı deyildir. Bununla yanaşı, miras əmlak üzərində tam hissədə pay almaqla vərəsə qismində hüquq əldə etmiş Cavabdeh1 miras qalmış əmlakı alqı-satqı yolu ilə özgəninkiləşdirməsi onun qanunla nəzərdə tutulmuş hüququ olduğundan, miras qalmış əmlaka münasibətdə mülkiyyət hüququ əldə etmiş Cavabdeh3 adına verilmiş alqı-satqı müqaviləsinin və çıxarışın ləğv edilməsinə əsas olmadığından iddia tələbləri təmin edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, miras qalmış əmlaka tam hissədə pay hüququ əldə etmiş Cavabdeh1 daşınmaz əmlakı alqı-satqı müqaviləsi əsasında digər Cavabdeh3 satmış, əmlaka mülkiyyət hüququ əldə etmiş sonuncu cavabdeh isə daşınmaz əmlakın satıcıya hansı əsaslarla keçdiyini bilə bilməzdi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 10 mart 2020-ci il tarixli Qərarındakı hüquqi möpvqeyə görə, əmlakı başqa şəxslərdən əldə edən hər bir alıcıda əqdin legitimsizliyi barədə şübhə yaranmadıqda, o vicdanlı alıcı qismində qəbul olunur. Bundan başqa, əldə olunmuş əmlaka üçüncü şəxslərin mümkün iddialarından xəbəri olmadığı hallarda da alıcı, vicdanlı hesab edilir. Mülkiyyət hüququna dair dövlət reyestrindəki yazının qanuniliyinin yoxlanılmasından sonra deyil, məhz həmin yazının mövcudluğu faktına əsasən vicdanlı alıcı əmlakın mülkiyyətçisi kimi tanınır. Gələcəkdə əqdin bağlanması anında ona mane olan hər hansı halların müəyyən olunması isə vicdanlı alıcının əmlak hüquqlarının pozulması səbəbini təşkil etməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun S.N.Məmmədovanın şikayəti üzrə 2004-cü il 27 oktyabr tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenum Qərarındakı hüquqi mövqeyə istinad edərək məhkəmə qeyd edir ki, Cavabdeh3 alqı-satqı müqaviləsinin legitimliyi barəsində onda şübhə yaranmadığından o, vicdanlı alıcı kimi nəzərdən keçirilməlidir. Bu səbəbdən də, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsinə heç bir əsas yoxdur. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyə əsasən, iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” 26 iyul 2007-ci il tarixli Qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilir (§ 68). Eyni zamanda, “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§ 93). “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında X2 və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 №li Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası «İnsan hüquqlarının və Əsas azadlıqların Müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu 2002-ci ilin aprel ayının 15-də ratifikasiya etmiş dövlət kimi Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericiliklə yanaşı, Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı Qərarının 3.1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikasının 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlik prinsipi nəzərə alınmaqla qətnamə yalnız tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması tələbinə dair iddia ərizəsi sübut edilmədiyindən təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin: 107 maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 307-311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə və Abşeron rayon 1 saylı Notariat ofisinə qarşı şəhadətnamənin ləğvi və payların ayrılması tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Habil Əhmədov
Məhkəmə qərarları › İş №e-2(012)-5193/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-5193/2022
27.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver