Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-674/2025 28.02.2025 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Məmmədov Mirabbas Seyidxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyətinə qarşı «qeyri-yaşayış sahəsinin təhvil verilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 24 avqust 2021-ci il tarixli müqaviləyə əsasən onun tərəfindən inşa edilmiş ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinin onun sahibliyinə təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə məhkəmədə iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış 24 avqust 2021-ci il tarixli müqaviləyə əsasən cavabdeh ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kvadrat metr sahəni bir pay kimi qeyri-yaşayış sahəsini iddiaçıya satmış və əmlakın müqavilə üzrə müəyyən olunmuş 66000 manat dəyəri iddiaçı tərəfindən tam ödənildiyindən iddiaçıya maliyyə arayışı verilmişdir. Müqavilə şərtlərinə uyğun olaraq alınmış qeyri-yaşayış sahəsinin dəyəri iddiaçı tərəfindən tam ödənilmiş olsa da və iddiaçı əmlaka faktiki olaraq sahibliyi həyata keçirsə də, eyni zamanda orada müəyyən təmir işləri həyata keçirsə də cavabdeh qeyri-yaşayış obyektini rəsmi olaraq təhvil verməmişdir. İddiaçıya satılmış əmlakla bağlı başqa şəxslərin mübahisəsi yoxdur. Amma buna baxmayaraq iddiaçı binadakı başqa yaşayış və qeyri-yaşayış sahələrinin sahibləri ilə cavabdeh MMC arasında hər gün mübahisələrin yarandığının şahidi olmuşdur və bu hal iddiaçını da narahat edir. MMC rəhbərliyi etdiyi çoxsaylı dələduzluqlara görə hazırda həbsdədir. İddiaçı hər gün kimlərin isə aldadıldığının şahidi olur. Cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi tam yerinə yetirmir və bununla da müqavilənin 2.1-ci və 2.2-ci bəndlərinin tələblərini pozur. Cavabdehin rəhbər şəxslərinin həbsdə olmaları da onlara əmlakı rəsmi olaraq iddiaçıya təhvil verməmələri hüququnu vermir. Qeyd edir ki, xx.xx.2024-cü il tarixdə sürətli poçt vasitəsi ilə Cavabdeh MMC-yə pretenziya edərək hazırki iddia tələbi üzrə mübahisənin həll edilməsini xahiş etmişlər. Amma buna baxmayaraq MMC-dən nümayəndə iddiaçıya telefon zəngi edib onunla görüşərək həmişə olduğu kimi bəhanələrini gətirib əmlakı onun sahibliyinə verməkdən qərəzli olaraq imtina etmişdir. Odur ki, qeyd edilənlərə əsasən o, iddia tələbinin təmin edilməsini xahiş etdi. Azərbaycan Respublikası MPM-in 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə həmin maddəyə əsaslanaraq və iddiaçının vəkili-nümayəndəsinin mülki işə qiyabi icraat qaydasında baxılması barədə ərizəsini nəzərə alaraq, işə qiyabi icraat qaydasında baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan 24 avqust 2021-ci il tarixli, 0-33 saylı qeyri-yaşayış tikintisi haqqında müqavilədən görünür ki, icraçı Cavabdeh MMC Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsi, 25-ci məhəllə, 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan sahəni bir pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyriyaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüşdür. Qeyri-yaşayış sahəsinin ümumi dəyəri 66000 manat təşkil edir. İş materiallarında olan Cavabdeh MMC tərəfindən verilmiş 24 avqust 2021-ci il tarixli kassa mədaxil orderinin qəbzindan görünür ki, İddiaçı tərəfindən ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsinə görə 66000 manat məbləğində pul ödənilmişdir. Məhkəmə iddiaçının vəkili-nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddianın qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci, 425.1-ci, 431.1-ci, 442-ci, 752.1-ci və 755-ci maddələri təşkil edir. Məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 0-33 saylı qeyri-yaşayış tikintisi haqqında müqaviləyə əsasən icraçı Cavabdeh MMC ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsini bir pay kimi payçı İddiaçı verməyi, payçı İddiaçı isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və qeyri-yaşayış sahəsini qəbul etməyi öz öhdəsinə götürmüş, iddiaçı tərəfindən mənzilin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzil iddiaçıya təhvil verilməmişdir. Həmçinin iş materialları və iddiaçının vəkili-nümayəndəsinin izahatı ilə müəyyən edilir ki, iddiaçı ilə cavabdeh şirkət arasında bağlanmış 24 avqust 2021-ci il tarixli, 0-33 saylı qeyri-yaşayış tikintisi haqqında müqavilə mahiyyətinə görə həmin müqavilənin qeyri-yaşayış sahəsinin tikintisi məqsədilə bağlanması, bu səbəbdən də hüquqi təbiətinə görə müqavilənin podrat müqaviləsi olması işin mübahisə edilməyən hallarıdır. Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə görə mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 431.1-ci maddəsinə görə borclu öhdəliyin icrasının onun özündən asılı olduğu hallarda, habelə bunun bu Məcəllədən, müqavilədən və ya öhdəliyin təbiətindən irəli gəldiyi hallarda öhdəliyi şəxsən icra etməlidir. Bütün digər hallarda öhdəliyi borclunun əvəzinə üçüncü şəxs də icra edə bilər və buna borclunun razılığı tələb edilmir. Bu halda kreditorla bağlanmış müqaviləyə dəyişiklik edilməsi tələb olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 755-ci maddəsinə görə podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə bu normalara istinadən hesab edir ki, İddiaçı 24 avqust 2021-ci il tarixli, 0-33 saylı qeyri-yaşayış tikintisi haqqında müqaviləyə əsasən sifarişçi olaraq öhdəliyini tam icra etdiyi halda, cavabdeh təşkilat olaraq Cavabdeh MMC podratçı kimi ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçıya təhvil vermək öhdəliyi daşıdığı halda bunu etmədiyi üçün mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya təhvil verməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanında 1-ci blok, 1-ci mərtəbə, ümumi sahəsi 33 kv.m olan qeyri-yaşayış sahəsi Cavabdeh MMC tərəfindən İddiaçı təhvil verilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün Abşeron Rayon Məhkəməsinə ərizə verməyə haqlıdır. Hakim: Elman Məmmədov
Məhkəmə qərarları › İş №e-2(012)-674/2025
Abşeron Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №e-2(012)-674/2025
28.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver