Məhkəmə qərarları › İş №e-2(012)-783/2022

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-783/2022

18.04.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-783/2022 18.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Elman Tofiq oğlunun sədrliyi, Mirzəzadə Şəbnəm Çingiz qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı «fərdi yaşayış evinin boşaldılması və istifadə hüququna xitam verilməsi» tələbinə dair iddia tələbi üzrə mülki işə açıq məhkəmə içlasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin boşaldılması və həmin mənzilə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X5 məhkəmə iclasında izahatında bildirdi ki, X3 yekunları barədə YP № 065 saylı, 07.01.2021-ci il tarixli protokoluna əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi İddiaçı ASC tərəfindən açıq hərracdan alınmışdır. Bildirmək istəyir ki, ********** nömrəli, 07.09.2021-ci il tarixli çıxarışa əsasən, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi İddiaçı ASC-nin tam mülkiyyətinə keçmişdir. Cavabdeh hal-hazırda İddiaçı ASC-nin mülkiyyətində olan fərdi yaşayış evində yaşayır və qeydiyyatdadır. Bunun nəticəsində mülkiyyətçinin qanunla qorunan daşınmaz əmlaka dair mülkiyyət hüququ, yəni əmlaka sahiblik, ondan istifadə etmək və sərəncam vermək hüquqları məhdudlaşır. Bu səbəbdən o, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh vəkili-nümayəndəsi Vəkil məhkəmə iclasında izahatında bildirdi ki, o, iddianı qəbul etmir. Belə ki, Cavabdeh İddiaçı ASC-yə 19000-20000 manat məbləğində borcu vardır. Lakin Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinin qiyməti 30000 manat təşkil edir. Hazırda sözügedən evdə 2-si əlil olmaqla, 10 nəfər yaşayır. Cavabdeh bankdan pulu əlil ailə üzvlərinə görə götürmüşdür. Cavabdeh 2020-ci ilin noyabr ayından həbsdədir və cavabdehin hərracdan məlumatı olmamışdır. Odur ki, o, iddianın təmin edilməməsini xahiş etdi. İş materiallarında olan AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi 07.09.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. İş materiallarında olan AZE № 0******* seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, Qəribov X4 rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evində qeydiyyatdadır. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, cavabdeh İddiaçı ASC-dən kreditlə pul götürmüş, Cavabdeh məxsus Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə öhdəlik lazımınca icra edilmədiyindən məhkəmə qaydasında ipoteka predmetinə tutma yönəldilmiş, ipoteka predmeti açıq hərracdan satılmaqla ipoteka saxlayan İddiaçı ASC-nin mülkiyyətinə keçmiş və həmin hüquq AR ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi 07.09.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə İddiaçı ASC-nin mülkiyyətinə qeydiyyata alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun qalması İddiaçı ASC-nin göstərilən mənzillə bağlı hüquq və azadlıqlarının həyata keçirilməsinə həqiqətən də maneə yaradır. “İpoteka haqqında” Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Həmin Qanunun 59.4cü maddəsinə əsasən Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Qanunun mənasına görə məcburi qaydada çıxarılma üçün aşağıdakı əsaslar olmalıdır: a) mənzilə tutma yönəldilməli və o satılmalıdır; b) İpoteka qoyanın mülkiyyət hüququna xitam verilməklə münasibətlərə yeni mülkiyyətçi (hüquq sahibi) daxil olmalıdır; c) mənzildə yaşayan şəxslər alqı-satqıdan sonrakı 1 ay ərzində mənzili könüllü tərk etmədiyi halda, hüquq sahibi olan şəxs - yeni mülkiyyətçi məcburi qaydada çıxarılma barədə məhkəmədə iddia qaldırmalıdır; d) bu tələblərə yeni icraatda baxılmalıdır. Hazırki işdən görünür ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi hərracdan satılmış və X1 evdə qeydiyyatsız yaşayır. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evindən istifadə hüququna xitam verilməli və həmin mənzil boşaldılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinin tələblərinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Konstitusiyasının 33-cü maddəsinin tələbinə əsasən hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququmülkiyyətçinin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cu maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən, öhdəliklər üzrə tutma əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC-nin mülkiyyətində olan Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evinə Cavabdeh istifadə hüququna xitam verilsin. Abşeron rayonu, Qobu qəsəbəsi, Natavan küçəsi, 2 nömrəli fərdi yaşayış evi Cavabdeh tərəfindən boşaldılsın. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Elman Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar