Məhkəmə qərarları › İş №e-2(012)-801/2023

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-801/2023

14.02.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-801/2023 14.02.2023 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Kiçibəyov Fərid Faiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz sahiblikdə olan əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı qanunsuz sahiblikdə olan əmlak tələbinə dair iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, İddiaçı xüsusi mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı, JN1TBNT30Z0022835 BAN nömrəli, ağ rəngli nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyindən alınaraq iddiaçıya qaytarılması, 110 manat ödənilmiş dövlət rüsumu və digər məhkəmə xərclərinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh2 öz növbəsində, cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini almaq üçün ödədiyi 12400 manat pulun cavabdehlərdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Abşeron rayon Məhkəməsinin 14 fevral 2023-cü il tarixli e-2(012)-801/2023 saylı qərardadına əsasən, iddiaçı Cavabdeh2 cavabdehlər Cavabdeh1 və İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı xüsusi mülkiyyətindədir və buna dair AD 878799 nömrəli, xx.xx.2020-ci il tarixli qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı 2022-ci ilin oktyabr ayında mülkiyyətində olan avtomobili təmir etmək üçün həmkəndlisi Cavabdeh1 vermişdir. Cavabdeh1 İddiaçı həyat yoldaşı Nümayəndə1la həmkəndli olmaqla yanaşı, uzun illərdir ki, yaxın münasibətləri vardır. Bu səbəbdən, ona olan etibarından sui-istifadə edərək təmirlə əlaqədar nəqliyyat vasitəsini bəzi yerlərə aparmağa zərurət olduğundan ona etibarnamə verilməsini istəmişdir. Bununla əlaqədar olaraq xx.xx.2022-ci il tarixdə İddiaçı Cavabdeh1 nəqliyyat vasitəsinə dair etibarnamə vermişdir. Bundan bir müddət sonra Cavabdeh1la əlaqə yaratmaq və nəqliyyat vasitəsinin yerini müəyyən etmək mümkün olmamışdır. Daha sonra internet saytlarının birində qoyulmuş elandan məlum olmuşdur ki, nəqliyyat vasitəsi “555 Cars” adlı avtosalon tərəfindən 14300 manata satışa çıxarılmışdır. Əlaqə saxlanılan zaman bildirilmişdir ki, Cavabdeh1 tərəfindən Cavabdeh2 xx.xx.2022-ci il tarixdə etibarnamə verilmiş və nəqliyyat vasitəsini qaytarmaq fikirləri yoxdur. Bundan xəbər tutan kimi İddiaçı Cavabdeh1 verdiyi etibarnaməni ləğv etmiş, bununla da eyni zamanda, Cavabdeh2 verilmiş etibarnamə də qüvvədən düşmüşdür. Beləliklə, cavabdehlərin nəqliyyat vasitəsini satmaq niyyətləri baş tutmamış, lakin nəqliyyat vasitəsini hissələrə ayıraraq ehtiyat hissələri kimi satmaq istəyirlər. Hazırda, iddiaçıya məxsus əmlak cavabdehlərin qanunsuz sahibliyindədir və əmlakı qaytarmaqdan qəti imtina edirlər. Bu səbəbdən də, iddiaçı ona məxsus olan əmlakın məhkəmə qaydasında cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılması qərarına gəlmişdir. Ona görə də göstərilənlərə əsasən, iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılması məhkəmədən xahiş olunmuşdur. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsini müdafiə edərək təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş və əlavə olaraq, izahatında göstərmişdir ki, mübahisəli nəqliyyat vasitəsi iddiaçının mülkiyyətində olmaqla iddiaçı 2022-ci ilin oktyabr ayında həmin nəqliyyat vasitəsini yoldaşı ilə qohum, həmçinin, həmkəndli olan Cavabdeh1 vermişdir. Cavabdeh nəqliyyat vasitəsinin təmiri ilə məşğul olan şəxs olmuşdur. Cavabdeh nəqliyyat vasitəsinin bəzi detallarının təmiri üçün ona etibarnamə verilməsini bildirmişdir. Bəzi ehtiyat hissələrini Gürcüstandan almaq zərurəti yaranmış, lakin artıq məsrəf tələb etdiyindən avtomobili Gürcüstana aparıb təmir etmək daha məsləhətli olmuşdur. Ölkə xaricinə çıxmaq üçün baş etibarnamə tələb olunmuşdur. Bir müddət sonra cavabdehdən xəbər çıxmamışdır. Cavabdeh avtomobili aparmamış və satışa çıxarmışdır. Cavabdehlə əlaqə saxlanılmış və avtomobili qaytaracağı vədini vermişdir. Cavabdeh həmkəndlisi olan digər şəxslərlə münasibətdə də eyni hərəkətləri etmiş və hazırda, ölkə xaricindədir. İddiaçı bundan xəbər tutan kimi etibarnaməni ləğv etmişdir. Bu səbəbdən də qanunsuz sahiblikdə olan avtomobilini geri tələb edir. Tərəflər arasında avtomobillə bağlı alqı-satqı olmamışdır. Etibarnamənin verilməsində məqsəd avtomobilin təmir etdirilməsi məqsədi olmuşdur. Onda olan məlumata görə, avtomobil hazırda, istifadə olunur və cərimə hesablanmışdır ki, buna dair sübutlar vardır. Bu, gələcəkdə, avtomobilin dəyərinə də öz təsirini göstərmiş olacaqdır. Məhkəmə iclasında Cavabdeh2 iddia ərizəsini qismən qəbul edərək izahatında göstərmişdir ki, İddiaçı həyat yoldaşının ona verdiyi məlumata görə, iddiaçı avtomobili digər cavabdehə satmaq üçün vermişdir. O, özü avtomobil salonu işlədir. Cavabdeh avtomobili ona göstərərək satmaq istədiyini bildirmişdir. O, avtomobili pulunu verərək almışdır. İddiaçının yoldaşı Nümayəndə1 o, etibarnamə barədə sual vermişdir. Azı 4 il olar ki, gömrük bağlıdır və avtomobilin kənara çıxarılmasına icazə yoxdur. O, maraqlanmış və bildiyi qədərilə, cavabdeh “Greencard” udaraq hazırda, X1 və dostları ilə danışıq aparanda kimsəyə borcunun olmadığını bildirmişdir. O, qarşılıqlı iddia ərizəsi versə də, həmin ərizəsini geri götürür. Ona görə də qarşılıqlı iddia ərizəsini müdafiə etməyərək baxılmamış saxlanılmasını xahiş edir. İddiaçı iddiası ilə bağlı qeyd edir ki, həmin avtomobili o, özü də pulla Cavabdeh1 almış və etibarnamə ləğv olunmuşdur. Cavabdeh avtomobilin bir tanışına məxsus olduğunu və həmin şəxsin ölkə xaricinə çıxmaq üçün pul lazım olduğunu bildirərək maşını satmaq üçün təqdim etmişdir. Hesab edir ki, xarici ölkəyə getmək istəyən də məhz cavabdehin özü olmuşdur. “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hazırda, onun özündə olmaqla avtomobil sürülmür. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Mülki Prosessual Məcəllə adlanacaq) 185.5. maddəsinə əsasən, işə həmin cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib və mülki iş materiallarını nəzərdən keçirərək, məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinin İ. bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. İİ. bəndinə əsasən, mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. İİİ. bəndinə əsasən, mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Belə ki, mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: -AD № 878799 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, 2004-cü il buraxılışlı “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətindədir. -xx.xx.2022-ci il tarixli 7E-11806 reyestr nömrəli etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək Cavabdeh1 etibar etmiş və etibarnamə üzrə verilən səlahiyyətlər - sürücülük hüququ olduqda idarə etmək, bağışlamaq, ipoteka qoymaq, sərəncam vermək və digər hərəkətlər, qeydiyyata salmaq, qeydiyyatdan çıxarmaq və ərizə vermək səlahiyyəti olmuşdur. -xx.xx.2022-ci il tarixli 7E-16288 reyestr nömrəli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, İddiaçı mülkiyyətində olan “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə əldə etmiş Cavabdeh1 sonuncunun mülkiyyətində olan nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. -“Elektron notariat” avtomatlaşdırılmış informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri 26 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə 11806 reyestr nömrəsi ilə qeydiyyata alınmış etibarnamə mülkiyyətçi İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixdə xitam verilmişdir. -“Turbo.az” internet saytından çıxarılmış fotoşəkildən görünür ki, “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi satış qiyməti 14300 manat olmaqla satışa çıxarılmış və bu barədə elan paylaşılmışdır. -Sms-radar məlumatından görünür ki, xx.xx.2023-cü il tarixdə “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Abşeron rayonu Mehdiabad qəsəbəsində idarə edilərkən İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsinin tələbləri pozulduğundan 50 manat cərimə hesablanmışdır. -Elektron Məhkəmə İnformasiya Sistemindən çıxarılmış məlumatlardan görünür ki, İddiaçı Abşeron rayonu Digah qəsəbəsi Neftçi küçəsi 42 saylı evdə, Əhmədov X3 rayonu Digah qəsəbə ərazi dairəsi Digah qəsəbəsi dalan 1, H.Cavid küçəsi 1 saylı evdə, Cavabdeh2 isə Qubadlı rayonu Hal ərazi dairəsi Ballıqaya kəndində qeydiyyatdadır. Beləliklə, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlar əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı mülkiyyətində olmaqla bu barədə ona AD № 878799 saylı xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi verilmişdir. İddiaçı sözügedən avtomobili təmir edilməsi məqsədilə Cavabdeh1 etibarnamə ilə vermiş, lakin sonuncunun etibarnamə əsasında avtomobili digər Cavabdeh2 satması müəyyən olunmuşdur. Cavabdeh tərəfindən etibardan sui-istifadə edilərək avtomobil digər Cavabdeh2 satıldığından iddiaçı tərəfindən etibarnamə ləğv olunmuş və bu səbəbdən də, qanunsuz sahiblikdə olan avtomobilin məhkəmə qaydasında ona qaytarılmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra mətndə Mülki Məcəllə adlanacaq):

152. maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2. maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı əlavə protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi «Marks Belçikaya qarşı» işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir» Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı iş”də qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ «şərti və qeyri-sabit» xarakter almış olur. Eyni zamanda, Mülki Məcəllənin: 363.1. maddəsinə əsasən, bu Məcəllənin 363.3-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, etibarnamə istənilən müddətə verilə bilər. Əgər etibarnamədə müddət göstərilməyibsə, o bağlandığı gündən bir il ərzində qüvvəsini saxlayır. Bağlandığı tarix göstərilməyən etibarnamə əhəmiyyətsizdir. 363.2. maddəsinə əsasən, xaricdə hərəkətlərin yerinə yetirilməsi üçün nəzərdə tutulan və qüvvədə olma müddəti göstərilməyən etibarnamə notarius tərəfindən təsdiqləndikdə etibarnaməni vermiş şəxs tərəfindən ləğv edilənədək qüvvəsini saxlayır. 363.3. maddəsinə əsasən, nəqliyyat vasitəsinə dair sərəncam vermə hüququnu nəzərdə tutan etibarnamə bir ildən artıq müddətə verilə bilməz. 365.1. maddəsinə əsasən, etibarnamənin qüvvəsinə aşağıdakılar nəticəsində xitam verilir: 365.1.3. etibarnaməni vermiş şəxs tərəfindən onun ləğv edilməsi. Məhkəmə araşdırması zamanı tədqiq olunan sübutlar və tərəflərin izahatı əsasında müəyyən olunmuşdur ki, mübahisə predmeti olan “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2022-ci il tarixli etibarnamə əsasında Cavabdeh1 verilmiş və həmin avtomobilin xx.xx.2022-ci il tarixdə etibarnamə ilə digər Cavabdeh2 satılması Cavabdeh1 etibardan sui-istifadə etməklə satış məqsədilə satmasının sübutudur ki, bu da iddiaçının mülkiyyət hüququnun pozulması ilə nəticələnmişdir. Bеləliklə, məhkəmə iş üzrə tоplаnmış sübutlаrа məcmu hаldа hüquqi qiymət vеrib, qanunun göstərilən tələblərini rəhbər tutaraq hеsаb еdir ki, iddiaçıya məxsus olan avtomobilin qanunsuz olaraq cavabdehlərdə qalması iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırdığından iddia tələbləri əsaslıdır, ona görə də təmin edilməli, İddiaçı məxsus “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə eyni zamanda, Cavabdeh2 etibarnamə əsasında aldığı avtomobilin dəyərinə görə ödədiyi pul vəsaitinin məhkəmə qaydasında Cavabdeh1 tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmək hüququnu izah edir. Mülki Prosessual Məcəllənin:

107. maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1 maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 110 manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. İddiaçı məxsus “Nissan X-Trail” minik markalı, ** RY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunsuz sahibliyindən alınaraq iddiaçıya geri qaytarılsın. Ödənilmiş dövlət rüsumuna görə 110 (yüz on) manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı xeyrinə tutulsun. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Abşeron rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar