Məhkəmə qərarları › İş №e-2(012)-815/2021

Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-815/2021

22.07.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-815/2021 22.07.2021 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Habil Yunis oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Şahbazov Abdulla Tofiq oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh vəkili və nümayəndəsi X9 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi üzrə mülki işə Abşeron Rayon Məhkəməsində açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin açıq hərracdan satılması və satışdan əldə olunacaq pul vəsaitinin mənzilin paylı mülkiyyətçiləri olan İddiaçı və Cavabdeh arasında onların həmin mənzilə olan paylarına mütənasib surətdə, yəni bərabər hissələrdə bölünərək onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsini müdafiə edərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Tərəflər 15.06.2013-cü il tarixdə nikaha daxil olaraq Rusiya Federasiyasının Omsk vilayətinə getmiş, 25.09.2013-cü il tarixdə isə nikahlarını rəsmiləşdirmişlər. Tərəflər nikah dövründə mübahisəli predmeti olan mənzili almışlar. İddiaçı və cavabdehin bağladığı nikah 2015-ci il tarixində pozulmuşdur. Abşeron Rayon Məhkəməsinin 2(012)-558/2018 saylı 06.02.2018-ci il tarixli qətnaməsi ilə tərəflərin birgə nikah dövründə əldə etdikləri ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bölünərək, həmin mənzildə iddiaçının ½ hissədə, cavabdehin isə ½ hissədə payları müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmişdir. İddiaçı məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 21.06.2021-ci il tarixli 10/874 saylı rəyi ilə tanış olmuş və həmin rəyin müzakirəsini məhkəmənin mülahizəsinə buraxır. Ona görə də göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Cavabdeh vəkili və nümayəndəsi X11 iddia ərizəsini qəbul etməyərək izahatında göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı və Cavabdeh paylı mülkiyyətindədir. Tərəflər həmin fərdi yaşayış evini birgə nikah dövründə əldə etmiş, sonradan ailə nikah münasibətləri pozulduğundan məhkəmə qətnaməsi ilə tərəflərin hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Hazırda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışa əsasən evin ½ hissəsi İddiaçı, ½ hissəsi isə tərəflərin qızı olan X3 adına qeydə alınmışdır. Cavabdeh fərdi yaşayış evinin naturada bölgüsünü bildiyindən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməyə daxil olmuş 21.06.2021-ci il tarixli 10/874 saylı rəyi ilə də razıdır. Lakin bununla belə, iddia tələblərini qəbul etmədiyindən göstərilənlərə əsasən iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını və ona əlavə edilmiş sübutları nəzərdən keçirərək, iş üzrə toplanılmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi aşağıda göstərilənlərə əsasən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -Abşeron Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli 2(012)-558/2018 saylı qətnaməsindən görünür ki, iddia ərizəsi təmin edilmiş, Cavabdeh ilə X1 arasında bağlanmış 02 noyabr 2016-cı il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və RX seriyalı, N-0951518 saylı, qeydiyyat tarixi 08.11.2016-cı il olan çıxarışın ləğv edilməsi, ünvan 2 ünvanında ümumi sahəsi 60,4 kv.m, yaşayış sahəsi 45,5 kv.m, yardımçı sahəsi 14,9 kv.m olan 3 otaqlı fərdi yaşayış evində Cavabdeh və X6 hər birinin ½ (ikidə bir) payı müəyyən edilmiş, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı X7 ödənilməsi qət edilmişdir. -Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 saylı evin ½ hissəsi X6 adına 01.08.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi, ½ hissəsi isə X3 adına 23.09.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın dövlət reyestrində 1234 nömrəli reyestr kitabının 77 nömrəli vərəqində qeydə alınmışdır. -İddiaçı Cavabdeh ünvanladığı 19.10.2020-ci il tarixli ərizədən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin naturada bölünməsi texniki cəhətdən mümkün olmadığı üçün İddiaçı payının bazar qiymətinə uyğun olaraq alması və həmin payın dəyəri olaraq 50 000 manata alıb-almaması barədə məsələyə 3 gün müddətində cavab verməsi Cavabdeh təklif olunmuş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. -Hədiyyə verən Cavabdeh ilə hədiyyə alan X8 arasında bağlanmış 02.09.2019-cu il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinin surətindən müəyyən olunur ki, hədiyyə verən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 0.64 kv.m olan fərdi yaşayış evinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsindən ½ hissədə olan payını və ümumi sahəsi 0.01 ha olan torpaq sahəsinin tam mülkiyyət hüququ üzrə ona məxsus olan hissəsindən ½ hissədə olan payını qızı X2 mülkiyyətinə vermişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.06.2021-ci il tarixli 10/874 saylı rəyindən müəyyən olunur ki, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 78E saylı yerləşən fərdi yaşayış evinin İddiaçı və Cavabdeh hər birinə ½ (ikidə bir) hissədə olmaqla naturada ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89-un 1.1,, 2,2., 2.4., 2.9. bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, tədqiq olunan ünvan 3 saylı ev üzrə aparılmış, tədqiqatın aparılması üçün həmin evə baxış keçirilərək ölçü işləri aparılmışdır. Baxış zamanı müəyyən olunmuşdur ki, tədqiq olunan yaşayış evi iki mərtəbəli olmaqla 7 tikilidən ibarətdir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi iki tərəfdən küçə ilə, eləcədə də tikililərin ayrı-ayrılıqda (yaşayış evləri ilə) əhatə olunmuşdur. Tədqiq olunan yaşayış evinin 4, 5, 6 saylı tikililərin yaşayış otağı, 1, 2, 3 saylı tikililərinin yardımçı tikililər kimi nəzərdə tutulduğu müəyyən edilmişdir. Qeyd olunur ki, yaşayış evlərinin (mənzillərin) və həyətyanı torpaq sahələrinin tərəflər arasında bölünməsi təcrid şəkildə aparılır. Yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililəri, eləcə də həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapıları olmalıdır. Tədqiq olunan yaşayış evinin tikililərinin planlı yerləşməsini, o cümlədən torpaq sahəsinin iki tərəfdən qonşu sahələrlə (yaşayış evləri ilə), iki tərəfdən küçə ilə əhatə olunduğunu nəzərə alaraq, həmin fərdi yaşayış evinin tərəflər arasında hər birinə ½ paylara uyğun bölünməsi texniki cəhətdən mümkün deyildir. Rəydən daha sonra müəyyən olunur ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə ekspert rəyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə adlanacaq) 88-ci maddəsinə əsasən, qiymətləndirərək hesab edir ki, ekspert rəyi sübut kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 04 aprel 2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə görə, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir (Konstitusiyanın 13 və 29-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra Mülki Məcəllə adlanacaq) 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Mülkiyyətçilər tərəfindən sahiblik, istifadə və sərəncam səlahiyyətlərinin həyata keçirilməsinin ümumi xüsusiyyətləri mövcuddur: 1) paylı mülkiyyətdə olan əmlaka (əşyaya) sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir; 2) paylı mülkiyyətin mülkiyyətçisi ümumi əmlakın öz payına uyğun hissəsinə sahiblik və istifadə hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Paylı mülkiyyətdə olan əmlaka dair sərəncam verilməsi isə əşyanın bütün mülkiyyətçilərinin razılaşması əsasında həyata keçirilir; 3) razılaşma əldə olunmadıqda və paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əmlakın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə onlar öz paylarının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilərlər. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. Ümumi mülkiyyətdə pay mühüm hüquqi funksiyanı həyata keçirir. Xüsusilə, ümumi mülkiyyətin saxlanmasına çəkilən xərclərdə mülkiyyətçilər, payın həcminə müvafiq olaraq iştirak edirlər (Mülki Məcəllənin 217-ci maddəsi). Paylı mülkiyyətin iştirakçısı ümumi mülkiyyətin ideal paya mütənasib payın onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir. Paylara mütənasib ümumi əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir paylara uyğun şəkildə bölüşdürülür (Mülki Məcəllənin 216-cı maddəsi). Paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır (Mülki Məcəllənin 220.4-cü maddəsi). Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə üsulu pul kompensasiyasının ödənilməsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsi adlandırılacaq); 32-ci maddəsinə əsasən, 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 32.2. Ər-arvadın ümumi birgə mülkiyyətinə: 32.2.2. ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 35-ci maddəsinə əsasən, nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. 37.1. maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Mülki Məcəllənin aşağıda göstərilən maddələrinə əsasən: 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2.Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikah dövründə ünvan 3 saylı evi almış və tərəflərin nikahı pozulduqdan sonra Abşeron Rayon Məhkəməsinin 06.02.2018-ci il tarixli 2(012)-558/2018 saylı qətnaməsi ilə həmin mənzilə tərəflərin ½ (ikidə bir) hissədə payları müəyyən edilsə də məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilən çıxarışa əsasən, ünvan 3 saylı evin ½ hissəsinin İddiaçı, ½ hissəsinin isə X3 adına dövlət reyestrində qeydə alındığı, cavabdehin 03.09.2019-cu il tarixdə bağışlama müqaviləsi əsasında özünə aid ½ hissədə olan payını qızı X5 bağışlaması müəyyən edilmişdir. İddiaçı cavabdeh qismində Cavabdeh qeyd etdiyi halda məhkəmə araşdırması zamanı mübahisə predmeti olan mənzilin digər ½ hissədə olan payının bağışlama müqaviləsi əsasında cavabdehin öz qızına bağışlaması müəyyən edildiyindən məhkəmə iddiaçının Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olmaması qənaətinə gəlir. Belə ki, iddiaçı cavabdeh qismində X5 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olduğu halda, cavabdehi əsl cavabdehlə əvəz etməmiş, məhkəmə irəli sürülən iddia tələbləri həcmində iddia tələbinə mahiyyəti üzrə baxmalı olmuşdur. Belə ki, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Daşınmaz əmlakın paylara uyğun olaraq naturada bölünməsi tələbi üzrə rəy verilməsi xüsusi bilik tələb etdiyindən, məhkəmənin təyin etdiyi ekspertiza əsasında məhkəməyə daxil olmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21.06.2021-ci il tarixli 10/874 saylı rəyinə əsasən, Abşeron rayonu Xırdalan şəhəri Nizami küçəsində yerləşən 78E saylı yerləşən fərdi yaşayış evinin iki mərtəbəli olmaqla 7 tikilidən ibarət olması, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin iki tərəfdən küçə ilə, eləcədə də tikililərin ayrı-ayrılıqda (yaşayış evləri ilə) əhatə olunması, tədqiq olunan yaşayış evinin 4, 5, 6 saylı tikililərin yaşayış otağı, 1, 2, 3 saylı tikililərinin yardımçı tikililər kimi nəzərdə tutulduğu, yaşayış evlərinin (mənzillərin) və həyətyanı torpaq sahələrinin tərəflər arasında bölünməsinin təcrid şəkildə aparıldığı, yəni bölgü zamanı tərəflərdən hər birinin sərəncamında ayrı-ayrılıqda yaşayış və yardımçı tikililərinin, eləcə də həmin tikililərə ayrı-ayrılıqda giriş-çıxış qapılarının olması, tədqiq olunan yaşayış evinin tikililərinin planlı yerləşməsi, o cümlədən torpaq sahəsinin iki tərəfdən qonşu sahələrlə (yaşayış evləri ilə), iki tərəfdən küçə ilə əhatə olunduğu nəzərə alınaraq, həmin fərdi yaşayış evinin tərəflər arasında hər birinə ½ paylara uyğun bölünməsi texniki cəhətdən mümkün olmadığı müəyyən edildiyindən, məhkəmə ekspert rəyini mülki prosessual Məcəlləsinin 88-ci maddəsinə uyğun olaraq digər sübutlarla yanaşı qiymətləndirib və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əsas tutub hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin:

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Eyni zamanda Mülki Prosessual Məcəllənin; 107 maddəsinə görə, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.2. maddəsinə görə, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 50 manat iddiaçının özünə aid edilməlidir. Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Sadalananları və Mülki Prosessual Məcəllənin 4-cü, 7-ci, 14-cü, 36-cı, 77-ci, 88-ci, 149-cu, 150-ci və 216-236-cı maddələrinin tələblərinə əsaslanaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı Cavabdeh qarşı əmlakın naturada bölgüsü tələbinə dair iddia ərizəsi əsassız olduğundan təmin edilməsin. Aparılmış ekspertiza tədqiqatına görə 50 (əlli) manat İddiaçı tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Habil Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar