Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № e-2(012)-887/2024 30.08.2024 ABŞERON RAYON MƏHKƏMƏSİ Hakim Mirhəsənli Mirnəsir Mirfazil oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclas katibi) Teymurov Ayaz Yunus oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh (Cavabdeh Salman oğlu) qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Xırdalan şəhərində, məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh (Cavabdeh Salman oğlu) qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Salmanoğlundan “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 4985,91 (dörd min doqquz yüz səksən beş manat doxsan bir qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 70,26 (yetmiş manat iyirmi altı qəpik) manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi bununla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh Salman oğlu tərəfindən idarə olunan “Mercedes Benz 303 ” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi və “Baic A115“ markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsində İddiaçı Sığorta Şirkəti ASC-də könüllü sığortalanmış “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə maddi ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq, sığortalanmış “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 100 manat azadolma məbləği çıxılmaqla 6600 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2023-cü il tarixdə yol-nəqliyyat hadisəsinin baş verməsində Cavabdeh Salmanoğlu təqsirli olduğuna görə ona qarşı subroqasiya hüquq yaranmışdır. Cavabdeh Salman oğlu tərəfindən idarə olunan “Mercedes Benz 303 ” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin icbari sığortası “Xalq“ Sığorta Şirkəti ASC subroqasiya qaydasında dəymiş zərərin 1614.09 manat məbləğini ödəmişdir. Ödənişin qalan hissəsi isə 4985.91 manat məbləği Cavabdeh Salman oğlu tərəfindən ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh (Cavabdeh Salman oğlu) məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Lakin o, iddiaçı ilə aralarında olan nikahın pozulmasına razı olduğuna dair məhkəməyə ərizə göndərmişdir. Mülki Prosessual Məcəllənin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh (Cavabdeh Salman oğlu) iddia tələbini qismən qəbul etdi və bildirdi ki, qeyd edilən qəzanı törətmişdir. Lakin avtomobilə dəyən zərər şişirdilmişdir. Məhkəmə, işdə olan hüquqi sənədləri tədqiq edərək toplanmış sübutların məcmusuna hüquqi qiymət verib, belə hüquqi nəticəyə gəlir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. İşdə olan xx.xx.2023-cü il tarixli, TP ******* saylı “İnzibati tənbehvermə haqqında” qərarın surətindən müəyyən edilir ki, xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Binəqədi rayon ərazisində Cavabdeh (Cavabdeh Salman oğlu) idarə “Mercedes Benz 303 ” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. İşdə olan xx.xx.2024-cu il tarixli sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışdan müəyyən edilir ki, Cavabdeh (Cavabdeh Salman oğlu) xx.xx.2023-cü il tarixdə “Mercedes Benz 303 ” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol-nəqliyyat hadisəsi törədərək “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə zərər yetirmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli sığorta aktından müəyyən edilir ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 6700 manat məbləğində sığorta ödənişinin “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X1 ödənilməsi qərara alınmışdır. Bu barədə xx.xx.2023-cü il tarixli ödəniş tapşırığı verilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabatdan müəyyən edilir ki, “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərcləri 6700 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 9/2041 saylı rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “Hesabat” məlumatlara əsasən baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 2013-cü il buraxılışlı Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 6175 manat müəyyən edilmişdir. Məhkəmə tərəfindən işin araşdırılan hallarından müəyyən olunur ki, Cavabdeh (Cavabdeh Salman oğlu) idarə etdiyi “Mercedes Benz 303 ” markalı, ** UH *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2023-cü il tarixdə, saat 11:30 radələrində Binəqədi rayonu ərazisində hərəkət edərkən “Chevrolet Cruze” markalı, ** PY *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və buna görə də barəsində müvafiq inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Cavabdeh tərəfindən törədilən yol-nəqliyyat hadisəsi zamanı zərərçəkmiş şəxsə İddiaçı Sığorta Şirkəti ASC tərəfindən ümumilikdə 6600 manat məbləğində sığorta ödənişi edilmişdir. Ümumi zərər məbləğindən mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 1614,09 manat çıxılmaqla qeyd olunan yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı Sığorta Şirkətinə 4985,91 manat zərər dəymişdir. Hazırda şirkət cavabdehdən həmin məbləğdə pul tələb edir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən,partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a.istifadə edilməsi, tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərəçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə ilə,nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Həmin Məcəllənin 883.1-ci maddəsinə əsasən sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Həmin Məcəllənin 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1-ci maddəsinə əsasən sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yarandığı hallar göstərilmişdir. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən bu qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subraqasiya hüququ yaranır. Tərəflər arasında yaranmış mübahisənin obyektiv həlli məqsədilə məhkəmə qərardadı əsasında keçirilmiş ekspertiza tədqiqatı nəticəsində dəymiş ziyanın məbləği cəmi 6175 manat dəyərində müəyyən edilmişdir. Bu məbləğdən 100 manat azadolma məbləği, habelə mülki məsuliyyətin icbari sığortası üzrə sığortaçı tərəfindən ödənilmiş 1614,09 manat çıxılarsa, iddianın qismən, yəni 4460,91 manat hissəsində əsaslı olması müəyyən olunur (6175-100-1614,09=4460,91). Beləliklə, qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh (Cavabdeh Salman oğlu)ndan sığorta ödənişi üçün 4460,91 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsində göstərilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, hazırkı iddia ilə məhkəməyə müraciət edilməsi üçün İddiaçı Sığorta Şirkəti ASC tərəfindən 70,26 manat (xidmət haqqı ilə birlikdə) dövlət rüsumu ödənilmişdir. İddiaçının tələbi məhkəmə tərəfindən qismən təmin edildiyi üçün, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 70,26 manat dövlət rüsumunun 5,65 manatı iddiaçıya, 64,61 manatı cavabdehə aid edilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat rüsum Cavabdeh (Cavabdeh Salman oğlu)ndan alınaraq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh (Cavabdeh Salman oğlu) sığorta ödənişi üçün 4460,91 manat və ödənilmiş dövlət rüsumuna görə 64,61 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumuna görə 5,65 manatı iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pul vəsaiti Cavabdeh (Cavabdeh Salman oğlu)ndan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Mirnəsir Mirhəsənli
Məhkəmə qərarları › İş №e-2(012)-887/2024
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №e-2(012)-887/2024
30.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver