Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-1057/2025 28.04.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh X3 vəfatına görə ödənilmiş 5.000 manat məbləğində pulun və 70 manat məbləğində ödənilmiş dövlət rüsumunun ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsində göstərmişdir ki, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə icbari sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə Forma 4 arayışına əsasən xx.xx.2017-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan «Kamaz 5511» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X6 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş icbari sığorta müqaviləsindən çıxarışdan görünür ki, sözügedən «Kamaz 5511» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində icbari sığorta müqaviləsi ilə sığortalanmışdır. İş materiallarına əlavə edilmiş sığorta ödənişini təsdiq edən ödəniş tapşırığından da göründüyü kimi İddiaçı Sığorta Şirkəti ASC X3 vəfatına görə 5000 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2018-ci il tarixli, 1(041)-39/2018 saylı Kürdəmir Rayon Məhkəməsinin hökmündən aydın olur ki, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur. Həmçinin hökmdən görünür ki, xx.xx.2017-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən qaçdığına görə CM-nin 263.2-ci və 264-cü maddələri ilə təqsirli bilinmişdir. Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüqüqü yaranmışdır. Hesab edirlər ki, 5000 manat pul Cavabdeh iddiaçı ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Sığorta Şirkəti ASC adından X2 məhkəməyə ərizə ünvanlayaraq mülki işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin 14 aprel 2025-ci il tarixli iclasında Cavabdeh iddia tələbini qəbul etmədi, sonra isə həmin məbləği ödəməkdən imtina etmədiyini bildirdi. Göstərdi ki, əslində hadisə yerindən qaçmamışdır. Hadisə baş verən vaxt onun 19 yaşı olmuş, onu sair şəxslər hadisə yerindən aralamışlar. Sonra hadisə yerinə gəlmişdir. Həmin işlə bağlı 4 ay barəsində həbs qətimkan tədbiri seçilmiş, sonra isə 4 il məntəqə tipli cəzaçəkmə müəssisəsində cəzasını çəkmişdir. Hökmlə həmçinin 3 il nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmişdir. Ötən iclasda atası vəfat etdiyi üçün məhkəməyə gələ bilməmişdir. Hazırda 27 yaşı var, işləmir, həmin məbləği ödəməyə heç cür imkanı yoxdur. Bakı Şəhərində Qaradağ rayonunda yaşayırlar. Nəzərə alınmasını xahiş edir. Məhkəmə hazırda tərəflərin iştirakı olmadan işin baxılmasını mümkün bilmişdir. Məhkəmə iddia ərizəsini öyrənib və iş materiallarını araşdırıb, hesab edir ki, iddia tələbi təmin edilməlidir. Ərizəyə əlavə edilmiş PAT ********** saylı müqavilə və 050640 saylı Sığorta Aktından göründüyü kimi «Kamaz 5511» markalı, ** KJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hadisə zamanı xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər müddətə İddiaçı Sığorta Şirkətində icbari qaydada sığortalı olmuşdur. xx.xx.2017-ci il tarixdə Kürdəmir rayonunda sığortalanmış avtomobilin törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində Nadir İskəndərov vəfat etmişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 5.000 manatdır. Kürdəmir Rayon Məhkəməsinin 01 may 2018-ci il tarixli, 1(041)-39/2018 saylı Hökmünün surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.2 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 263.2-ci maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 264-cü maddəsi ilə 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən CM-nin 264-cü maddəsi ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrumetmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələrinə əsasən təyin olunmuş əsas və əlavə cəzaları qismən toplamaqla Cavabdeh barəsində qəti olaraq 3 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzsı təyin edilmişdir. Azərbaycan Respublikası DİN-nin MAPS Şöbəsinin 07 oktyabr 2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.1998-ci il tarixdə Ağdam Rayonunda anadan olmuş və hazırda rayonun Gülablı kəndində qeydiyyatdadır. Ağdam RİHB tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-yə ünvanlanmış məktubdan görünür ki, Ağdam rayonu Gülablı kənd sakini Cavabdeh hazırda Bakı şəhəri, Qaradağ rayonu, Sənqəçal Qəsəbəsində müvəqqəti məskunlaşmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məcəllənin 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. Qeyd olunan Məcəllənin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Mülki Məcəllənin 936.2-ci maddəsinə (subroqasiya hüququ) əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortalıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Normanın mənasına görə sığorta ödənişi verildiyi andan sığortaçı hadisənin baş verməsində təqsirli olmuş şəxsə qarşı zərərçəkənin sığorta müqaviləsi üzrə faydalanan şəxsin tələb hüququnu əldə edir. İcbari Sığortalar Haqqında Azərbaycan Respublikası Qanununun 25.1.3-cü maddəsinə görə sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və /və ya/ müvafiq hallarda sığrta olunana qarşı subroqasiya hüququ icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi halında yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096 və 1097-ci maddələrinin ümumi mənasına görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, mülki hüquq pozuntusu törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır, delikt nəticəsində fiziki və ya hüquqi şəxsin əmlakına vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. Göründüyü kimi Cavabdeh hazırkı hadisənin baş verməsində təqsiri sübut olunub. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh E.X1 vəfatına görə ödənilmiş 5.000 manat məbləğində pul və 70 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrini tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh - 5.000 /beş min/ manat məbləğində pul və dövlət rüsumu kimi ödənilmiş 70 /yetmiş/ manat məbləğində pul tutulub İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən hakim : E.Bayramov
Məhkəmə qərarları › İş №e-2(013)-1057/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-1057/2025
28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver