Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-166/2024 25.01.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin (bundan sonra İddiaçı Sığorta Şirkəti ASC) Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «Nissan X-Trail» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat pulun və ödənilmiş 70.40 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2018-ci il tarixdə idarə etdiyi «VAZ 21074» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə, yol nəqliyyat hadisəsi törədərək, «Nissan X-Trail» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş ziyanı aradan qaldıraraq, «Nissan X-Trail» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 5000 manat məbləğində ödəniş həyata keçirmişdir. Cavabdeh xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı avtomobili sürücülük hüququ olmadan idarə etdiyinə görə İddiaçı Sığorta Şirkəti ASC-nin cavabdehdən həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ vardır. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. İddiaçı Sığorta Şirkəti ASC-dən məhkəməyə ərizə daxil olmuş və həmin ərizəsində qeyd olunan iddia ərizəsini müdafiə etdiklərini bildirərək işə onların iştirakı olmadan baxılmasını və müvafiq qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikası MPM) 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2018-ci il tarixli 053346 №-li sığorta aktının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC-də xx.xx.2018-ci il tarixdən, xx.xx.2019-cu il tarixə kimi sığortalanmış Vaz 210744 markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilin toqquşduğu «Nissan X-Trail» markalı ** BT *** dövlət nömrə nişanlı avtomobilə dəyən zərərin məbləği 5380.00 manat müəyyən edilmiş və X1 ogluna ödənilməsi qət edişdir. İş materiallarında olan xx.xx.2018-ci il tarixli 089912№-li yekun hesabatdan görünür ki, «Nissan X-Trail» markalı, ** BT *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün tələb olunan ehtiyyat hissələrinin cəmi 4380.00 manat, təmir xidməti 1000 manat, ümumi məbləğ isə 5380.00 manat məbləğində qiymətləndirilmişdir. İş materiallarında olan 02 avqust 2018-ci il tarixli ödəniş tapşırığının surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən X1 ogluna 5000 (beş min) manat pul ödənilmişdir. İş materiallarında olan Ağdam RPŞ-nin YPX-nin inispektoru polis kiçik serjantı L.Salahovun «İnzibati xəta haqqında» xx.xx.2018-ci il tarixli, İXP ******* saylı protokolunun surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.2-ci və 332.3-ci maddəsi ilə təqsirli bilinmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin xx.xx.2022-ci il tarixli № O-A-2022-1209 nömrəli məktubundan görünür ki, Cavabdeh borcunu ödəməsi barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilib. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, bu Qanunun Xüsusi bölməsində hər hansı sığorta növü üzrə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta hadisəsi baş verərkən sığortalının və ya sığorta olunanın, yaxud onların nümayəndəsinin, etibar etdikləri şəxsin əmlakı (binanı, tikilini, avtonəqliyyat vasitəsini, cihazı, qurğunu, avadanlığı və s.) alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə istismar etməsi halında Sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququ yaranır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 21.2-ci maddəsinin tələbinə görə başqa şəxs tərəfindən vurulmuş zərərin həcminə həm də hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər də daxildir. Mülki Məcəllənin 936.1-ci maddəsinə əsasən, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Mülki Məcəllənin 936.2-ci maddəsinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş soğortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Mülki Məcəllənin 936.3-cü maddəsinə əsasən, faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. Mülki Məcəllənin 936.5-ci maddəsinə əsasən, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Mülki Məcəllənin 936.6-ci maddəsinə əsasən, həyat sığortası siniflərinə və fərdi qəza sığortasına aid olan hallarda subroqasiya hüququ tətbiq edilmir. Mülki Məcəllənin 1096-cı maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci madəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Mülki Məcəllənin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslnadırır. Şərh olunanlara əsasən, məhkəmə sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, Cavabdeh 5000 manat məbləğində pul İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iddiaçı tərəfindən ödənilmiş 70.40 manat dövlət rüsumu iddia təmin edildiyindən cavabdehə aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat sığorta ödənişi və ödənilmiş 70.40 (yetmiş manat qırx qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-166/2024
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-166/2024
25.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver