Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-313/2025 28.01.2025 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Rafiq Rəşid oğlu, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı pul tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında ərizəyə baxaraq məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3200 manat sığorta ödənişi məbləğinin, 52 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, «Audi Q7» markalı, **-BT-*** dövlət qeydiyyat nişanlı avtomobil avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növündə sığortalanmaqla, İddiaçı Sığorta Şirkəti ASC-dən sığorta təminatı almışdır. xx.xx.2021-ci il tarixdə X2 idarə etdiyi «Audi Q7» markalı, **-BT- *** dövlət qeydiyyat nişanlı avtomaşınla yol-nəqliyyat hadisəsi törədərək «Mercedes Benz C 180» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və nəticədə «Mercedes Benz C 180» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomobilə və iş üzrə Cavabdeh sağlamlığına az ağır zərər dəymişdir. Hadisə nəticəsində İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq «Mercedes Benz C 180» markalı, ** XS *** dövlət qeydiyyat nişanlı avtomaşına görə 1700 manat, Cavabdeh sağlamlığına dəyən zərərə görə isə 1500 manat məbləğində sığorta ödəniş həyata keçirilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 1(051)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, zərərçəkmiş şəxs Cavabdeh öz ifadəsində X3 qarşı heç bir tələbi olmadığını və ona dəymiş maddi ziyanın Ş.Musayev tərəfindən tam ödənildiyini bildirmişdir. Göründüyü kimi, Cavabdeh həm Ş.Musayevdən, həm də icbari sığortası olan İddiaçı Sığorta Şirkəti ASC-dən ödəniş almışdır. Cavabdehə pretenziya qaydasında xəbərdarlıq edilməsinə baxmayaraq, tələb olunan 3200 manat məbləğində pul vəsaitinin geri ödənilməsi ilə bağlı heç bir tədbir görməmişdir. Cavabdeh əsassız varlanma nəticəsində əldə etdiyi 3200 manat məbləğində pul vəsaiti alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 284-5.1-ci maddəsinə görə ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Məhkəmə iş üzrə təqdim olunmuş materialları yoxlayaraq, iddia ərizəsinin dəlillərini və iddiaya qarşı əsaslandırılmış etirazın olmamasını nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 1091.1-ci maddəsindən aydın olur ki, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Mülki Məcəllənin 1091.2-ci maddəsinə əsasən, Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Mülki Məcəllənin 1092.1-ci maddəsinə əsasən, Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: Mülki Məcəllənin 1092.1.1-ci maddəsinə əsasən, bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya Mülki Məcəllənin 1092.1.2-ci maddəsinə əsasən, əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Mülki Məcəllənin 1092.2-ci maddəsinə əsasən, əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Mülki Məcəllənin 1092.3-cü maddəsinə əsasən, varlanmış şəxs qaytarmanın tələb olunduğu anda daha özünün varlı olmadığını sübut edərsə, bu Məcəllənin 1092.1 və 1092.2-ci maddələrinə uyğun iddiaların irəli sürülməsi istisna edilir. Varlanmadan əvvəl və ya bilavasitə varlanma zamanı bunun üçün hüquqi əsasın olmadığını bilən varlanmış şəxsə bu qayda şamil edilmir. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 13.1-ci maddəsinə əsasən, İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır. Hamin Qanununun 13.2-ci maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün mülki məsuliyyətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır. Hamin Qanununun 13.3-cü maddəsinə əsasən, Bu Qanunun məqsədləri üçün fərdi qəzadan icbari sığortada müvafiq sığorta müqaviləsində müəyyən edilmiş hallarda baş verən fərdi qəza nəticəsində sığorta olunanın sağlamlığına zərər dəyməsi sığorta hadisəsi sayılır. «İcbari Sığortalar haqqında» Azərbaycan Respublikası Qanununun 25.2-ci maddəsinə əsasən, Bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxs işlərin təhlükəsiz aparılmasına əmək müqaviləsi, mülki hüquqi müqavilə və ya muzd əsasında müəyyən tapşırığın yerinə yetirilməsi üçün müvafiq əmlakı işlətməsi, idarə etməsi və ya digər qaydada istifadəsi üçün ona verən sığortalının (sığorta olunanın) nəzarəti altında fəaliyyət göstərdiyi və ya fəaliyyət göstərməli olduğu halda, subroqasiya hüququ həmin sığortalıya (sığorta olunana) qarşı da istifadə edilə bilər. Məhkəmə qeyd edir ki, Cavabdeh əmlakına və sağlamlığına dəyən zərərə görə qanuni əsaslarla İddiaçı Sığorta Şirkəti ASC tərəfindən müvafiq olaraq ödənilmiş 1700 manat və 1500 manat məbləğində sığorta ödənişin geri tələb edilməsi qanunda nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, Cavabdeh Mingəçevir Şəhər Məhkəməsində cinayət işinə baxılan zaman məhkəmə iclasında təqsirləndirilən şəxs X1 şikayətinin və tələbinin olmaması, ona dəymiş ziyanın ödənilməsinin deməsi iddia tələbinin təmin olunmasına əsas ola bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında («Delcourt Belçikaya qarşı» iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, «Piersack Belçikaya qarşı» işüzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, «X4rşı» işüzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bununla bağlı hüquqi mövqeyini belə ifadə etmişdir: «Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir». Azərbaycan Respublikası MPM-nin 284-5.3-cü maddəsinə görə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Qeyd olunan Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda iş üzrə ödənilmiş 52 manat dövlət rüsumu iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə q ə t e t d i: İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı cavabdehdən 3200 manat sığorta ödənişi məbləğinin, 52 manat ödənilmiş dövlət rüsumu və 0.40 manat xidmət haqqının tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 52 manat dövlət rüsumu İddiaçı Sığorta Şirkəti ASC-yə aid edilsin. Qətnamədən surəti tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Rafiq Məmmədov
Məhkəmə qərarları › İş №e-2(013)-313/2025
Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-313/2025
28.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver