Məhkəmə qərarları › İş №e-2(013)-3993/2025

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-3993/2025

05.03.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-3993/2025 05.03.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 oğlunun katibliyi ilə, İddiaçı «A-X2 Təşkilatı» MMC-nin Cavabdeh qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı «A-X2 Təşkilatı» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 7658 manat əsas overdraft borcunun və ödənilmiş 96.60 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2025-ci il tarixdə 7658 manat (ayrı-ayrı köçürmələrlə) pul vəsaitini digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenə silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. «A-X2 təşkilatı» MMC ilə "xxxx" MMC arasında bağlanan xx.xx.2023-cü il tarixli “Mülkiyyət və tələb hüququnun güzəşt edilməsi haqqında” müqaviləyə əsasən "xxxx" MMCözünün əqli mülkiyyəti hesab edilən akart məhsulununhər hansı borc öhdəliklərinə dair tələblər üzrə bütün hüquqlarını «A-X2 təşkilatı» MMC-yə güzəşt etmişdir. Bununla bağlı cavabdehə müvafiq bildiriş göndərmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsinin şərtlərinə əsasən istifadəçinin cihazı serverə bağlandığı zaman şirkət ona qabaqcadan məlumat verməklə hazırki müqavilə şərtlərinə dəyişiklik edəvə onu yeniləyə bilər. Edilmiş dəyişikliklərdən sonra onun tətbiqə daxil ilmasıvə ya ondan istifadə etməsi, sözügedən dəyişiklikləri qəbil etməsiona riayət etməsinə dair öz üzərinə öhdəlik götürməsi kimi ifadə edilir. Qeyd olunan overdraft məbləğindən cavabdeh ona məxsus hesab üzrə yol verdiyi texnikioverdraft məbləğini bu günə qədər geri qaytarmamış və öhdəliklərindən yayınmışdır. Nəticədə cavabdehin «A- X2 təşkilatı» MMC-yə 7658 manat əsas overdraft borcu yaranmışdır. İddiaçı «A-X2 Təşkilatı» MMC-dən məhkəməyə elektron ərizə daxil olmuş və həmin ərizədə qeyd ounan iddia ərizəsi üzrə təyin edilmiş məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələblərinin təmin edilməsi barədə qətnamənin çıxarılmasını xahiş etmişlər. Belə olan halda məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmişdir və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-yə məxsus xx.xx.2023-cü il tarixli istifadəçi müqaviləsini elektron olaraq (SİMA vasitəsilə) imzalamış və virtual kart əldə etmişdir. Kartın istifadəsi zamanı xx.xx.2025-ci il tarixdə 7658 manat (ayrı-ayrı köçürmələrlə) pul vəsaitini digər karta köçürmə edərkən (C2C) əməliyyatlar klirinq daxil olmadan balans artmış, sonra yenə silinməsi ilə cavabdeh artıq oturan vəsaitdən istifadə etdiyi üçün overdraftın yaranmasına səbəb olmuşdur. İş matrillarında olan «A-X2 təşkilatı» MMC-nin maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixə olan borcu cəmi 7658 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllə) 385.1-ci maddəsindən aydın olur ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 425.1-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 739.1-ci maddəsinin tələblərinə görə borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən məhkəmə belə bir nəticəyə gəlir ki, iddia təmin edilməli, müqavilədən irəli gələn ödənilməmiş 7658 manat əsas overdraft borc cavabdehdən tutularaq iddiaçı «A-X2 Təşkilatı» MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 96.60 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 7658 (yeddi min altı yüz əlli səkkiz) manat əsas overdraft borc və ödənilmiş 96.60 (doxsan altı manat altmış qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı «A-X2 Təşkilatı» MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə təqdim edildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar