Məhkəmə qərarları › İş №e-2(013)-627/2024

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №e-2(013)-627/2024

04.04.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № e-2(013)-627/2024 04.04.2024 AĞDAM RAYON MƏHKƏMƏSİ Ağdam Rayon Məhkəməsinin hakimi Məmmədov Rafiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclasının katibi İsmayılov Tural Fəxrəddin oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı əmlak tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan buraxılış ili 2008-ci il olan, DAF FAR XF 105 YÜK markalı ** DK *** dövlət qeydiyyat nişanlı yük avtomobilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və məhkəməyə iddia qaldırılması üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi icraata qəbul edilərək, qanuna müvafiq prosessual hərəkətlər edilmiş, məhkəmə iclasının vaxtı və yeri müəyyən edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddianı müdafiə edərək, xx.xx.2021-ci il tarixdə, yaxın tanışı vasitəsilə Cavabdeh 40 000 manat dəyərində olan “DAF FAR XF 105” yük markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili alqı-satqı müqaviləsi bağlayaraq aldığını, daha sonra Cavabdeh ona müraciət edərək maşınla bir neçə günlük işi olduğunu, işlərini həll edən kimi maşını ona qaytaracağını söylədiyini, özünün bununla razlaşmadığını, lakin vasitəçi olan tanışının onu sakitləşdirdiyini, lakin aradan 3 ilə yaxın vaxt keçməsinə baxmayaraq hələ də avtomobili ala bilmədiyini, bu səbəbdən də məhkəməyə müraciət etmək qərarına gəldiyini bildirdi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianın əsasız olduğunu, İddiaçı tanımadığını, İddiaçılə avtomobilə dair heç bir razılaşması olmadığını və ondan avtomobilə dair heç bir pul vəsaiti almadığını, İddiaçı izahatında göstərilənlərin yalan və uydurma olduğunu, belə ki, əvvələr ona məxsus olmuş “DAF FAR XF 105” yük markalı, ** DK *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Xırdalan şəhərində yerləşən “Of Baron” adlanan ərazidə fəaliyyət göstərən ehtiyyat hissələri satan X1, R.Cəfərov isə həmin avtomobilə dair ehtibarnamə verilməsini tələb etdiyi üçün etibarnaməni xx.xx.2021-ci il tarixdə R.Cəfərovun adına verdiyini, R.Cəfərov isə onun verdiyi etibarnamə əsasında sözügedən avtomobili İddiaçı satdığını, xx.xx.2021-ci il tarixdən sonra həmin avtomobilin onda olmadığını və avtomobilin harda olmasından xəbəri olmadığını bildirdi və iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını və çıxışlarını dinləyib, iş materiallarını araşdıraraq, belə qənaətə gəlir ki, iddia təmin edilməməlidir. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi «Sporronqun və Lonnrotun İsveçrə qarşı» qərarında və bundan sonra qəbul etdiyi qərarlarda mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: mülkiyətçinin mülkiyyət hüququnun mövcüd olması, mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması, mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş verib-verməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların «de fakto» baş verməsi aydınlaşdırılmalıdır. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin maddənin mənasına görə bu cür iddia qaldıran iddiaçılar bir-biri ilə üzvü əlaqədə olan 2 halı: tələb etdiyi əmlakın ona məxsus olmasını və başqasının həmin əmlaka qanunsuz yiyələnməsini sübut etmişdir. Məhkəmə tərəfindən İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən, yəni ona məxsus avtomobilə cavabdehin qanunsuz yiyələnməsini təsdiq edən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da İddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddianın qanuni əsası olmadığına görə həmin iddia təmin edilməməlidir. Yenə Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə dövlət rüsumu kimi ödənilmiş 100 manat məbləğində pul iddia təmin edilmədiyindən iddiaçıya aid edilməlidir. Məhkəmə odur ki, şərh edilənlərə və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrinə əsaslanaraq, q ə t e t d i: İddiaçı Cavabdeh qarşı xüsusi mülkiyyətində olan buraxılış ili 2008-ci il olan, DAF FAR XF 105 YÜK markalı ** DK *** dövlət qeydiyyat nişanlı yük avtomobilin cavabdehin qeyri-qanuni sahibliyindən alınaraq ona qaytarılması və məhkəməyə iddia qaldırılması üçün ödədiyi 100 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona ödənilməsi barədə iddia ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən tərəflərə surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rafiq Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar