Məhkəmə qərarları › İş №e-2(014)-1200/2023

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №e-2(014)-1200/2023

08.09.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № e-2(014)-1200/2023 08.09.2023 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Ağdaş Rayon Məhkəməsi Hakim Sultanov Cavid Rizvan oğlunun sədrliyi, Abuşova Pakizə Müşfiq qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə nikah dövründə əldə olunmuş əmlaklar üzrə payına uyğun pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə xx.xx.2007-ci il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından Ömər adlı oğulları doğulmuşdur. Aralarında olan ailə münasibətlərinə Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli İş № 2(039)-1100/2022 saylı qətnaməsi ilə son qoyulmuş, xx.xx.2007-ci il tarixli nikah qeydi pozulmuşdur. X2 onun himayəsində saxlanılması və müvafiq alimentin ödənilməsi qət edilmişdir. Bundan başqa aralarında olan əmlak mübahisələri Yevlax Rayon Məhkəməsində davam etmiş, ancaq birgə nikah dövründə əldə etdikləri avtomobillərin bölünməsi nəzərdən qaçmışdır. Onlar ər-arvad olduqları mərhələlərdə Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixində QAZ-3110 markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil adına alınmışdır. Eyni ilə keçmiş əri ticarətlə məşğul olduğundan eyni zamanda Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixində alınmış, onun xəbəri olmadan xx.xx.2022-ci il tarixində Cavabdeh adından qeyddiyyatdan çıxarılaraq qardaşının adına sənədləşmişdir. Hal-hazırda da qardaşı Teymur Cəfərovun adına qeydiyyatdadır. Hər iki avtomobil onların birgə nikah dövründə əldə olunan daşınar əmlakdır. Ford markalı transit modelli **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, ağ rəngli, furqon tipli avtomobil əmlakın qiymətləndirilməsi MMC tərəfindən qiymətləndirilərək, bu yük avtomobilinin xx.xx.2023-cü il tarixə real bazar qiyməti 17800 manat müəyyən edilmişdir. Həmin avtomobilin rəngi gümüşü metallik, mühərrikinin həcmi 2400 sm3, yanacaq növü dizel, tipi furqon, buraxılış ili 2006-cı il qeyd edilməklə qiyməti 17800 manat müəyyən edilmişdir. Bu barədə qiymətləndirmə hesabatında tam olaraq avtomobilin qiyməti qeyd olunub. Digər avtomobil QAZ markalı, 3110 modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, qara rəngli, sedan tipli, minik avtomobilinin real bazar qiyməti 6500 manat müəyyən edilmişdir. Həmin avtomobil barəsində də qiymətləndirmə rəyi alınmışdır. Hər iki avtomobil birgə nikah dövründə əldə edilmiş daşınar əmlakdır. Qeyd olunan əmlaklar cavabdeh tərəfindən qəsdən, bilərəkdən özgəniləşdirilmiş, digəri isə hal-hazırda şəxsi istifadəsindədir. Onlar 2007-ci ildə nikaha daxil olmuşlar, xx.xx.2022-ci il tarixində rəsmi boşanmışlar, 17800 manat dəyərində olan Ford Transit markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobil xx.xx.2020-ci il tarixində birgə nikahları dövründə alınaraq, xx.xx.2022-ci il tarixində onun tərəfindən qardaşına alqı-satqı edildiyi qeyd edilir. Bütün bunlarda onun iştirakı olmadan onun icazəsi və razılığını almadan cavabdeh onun da payını qardaşı X3 adına alqı-satqı yolu ilə rəsmiləşdirməklə ona aid payını da özününkiləşdirmişdir. Aydındır ki, avtomobil boşanma ərəfəsində tez-tələsik bir addan digər ada keçirilib. Qeyd olunan avtomobilə ½ hissədə payın müəyyən edilməsini və müəyyən edilmiş payın dəyərinin 8900 manat məbləğində pulun cavabdehdən alınmasında qəti və israrlıdır. Digər avtomobildə, yəni QAZ-3110 markalı **-BD-*** dövlət qeydiyyatlı avtomobilin bazar qiyməti 6500 manatdır. Həmin avtomobilə ½ hissədə payın müəyyən edilməsini, avtomobilin yarı dəyərinin, yəni 3250 manat məbləğində pulun cavabdehdən alınmasını istəyir. Məhkəmə iclasında İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək “QAZ-3110” markalı **-BD- *** dövlət qeydiyyatlı avtomobili birgə nikah dövründə uzun müddət əvvəl etibarnamə əsasında Bərdədə yaşayan bir şəxsə satdığını, “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobili isə borcu olduğu üçün birgə nikah dövründə öz qardaşına satdığını və ailəsi üçün xərclədiyini, hazırda qardaşının istifadəsində olduğunu bildirdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, işin materiallarında olan Yevlax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(039)-1100/2022 saylı qətnaməsinin surətindən görünür ki, iddianın təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Yevlax rayon Qeydiyyat şöbəsində qeydə alınmış 22 may 2007-ci il tarixli nikah qeydinin pozulması, nikah pozularkən tərəflərin birgə nikahlarından anadan olmuş 01 oktyabr 2007-ci il təvəllüdlü X7 adlı uşağın cavabdeh İddiaçı himayəsində saxlanılması, iddiaçı Cavabdeh 08 iyun 2022-ci il tarixdən başlayaraq, 01 oktyabr 2007-ci il təvəllüdlü X5 18 yaşına çatana qədər saxlanılması üçün hər ay 140 manat məbləğində aliment İddiaçı xeyrinə tutulması qət edilmişdir. İşin materiallarında olan Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən 22 iyun 2023-cü il tarixli, ƏQ-254/2023 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin surətindən görünür ki, X3 mülkiyyətində olan “Ford” markalı, “Transit” modelli, **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Ağ” rəngli, furqon tipli, yük avtomobilinin müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 17800 manat təşkil edir. İşin materiallarında olan Əmlakın Qiymətləndirilməsinin Nəticələri haqqında Hesabata əsasən 22 iyun 2023-cü il tarixli, ƏQ-255/2023 saylı daşınar əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyinin surətindən görünür ki, Cavabdeh mülkiyyətində olan “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli, minik avtomobilinin müqayisə yanaşması ilə xx.xx.2023-cü il tarixə real bazar dəyəri 6500 manat təşkil edir. İşin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X12 İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-13-16-11/2-1983/23 saylı məktubdan görünür ki, Qaz-3110 markalı 04BD700 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu il tarixdən Cavabdeh adına qeydiyyatdadır. “Ford Transit” markalı 99UJ151 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixdə Cavabdeh adına rəsmiləşdirilmiş, xx.xx.2022-ci il tarixdə Cavabdeh adından qeydiyyatdan çıxarılmış, alqı-satqı müqaviləsi əsasında X3 adına rəsmiləşdirilmişdir və hal-hazırda da Teymur Cəfərovun adında qeydiyyatdadır. İşin materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı Ağdaş Rayon Məhkəməsinə iddia ilə müraciət etmək üçün 164 (yüz altmış dörd) manat dövlət rüsumu ödəmişdir. İşin materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli kassa mədaxil orderindən görünür ki, İddiaçı Daşınar Əmlakın qiymətləndirilməsi üçün 100 (yüz) manat məbləğində ödəniş etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh xx.xx.2007ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikah dövründə “QAZ-3110” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyat nişanlı avtomobil almışlar, lakin Cavabdeh iddiaçının xəbəri olmadan birgə nikah dövründə əldə edilmiş “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobili alqı-satqı müqaviləsi əsasında qardaşı X1. Cavabdeh ilə İddiaçı arasında bağlanmış nikah xx.xx.2022-ci il tarixdə pozulmuşdur. Hazırda iddiaçı “QAZ-3110” markalı **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobil və “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobillər birgə nikah dövründə alındığından həmin daşınar əmlakların yarı dəyəri tələb edir. Eyni zamanda, məhkəmə iclasında müəyyən olunmuşdur ki, “QAZ-3110” markalı **- BD-*** dövlət qeydiyyat nişanlı avtomobil hələ də cavabdehin mülkiyyətindədir. “Ford Transit” markalı **-UJ-*** dövlət qeydiyyatlı avtomobil isə tərəflərin münasibətləri pozulduqdan və məhkəmədə niah pozulmasına dair iddia verildikdən biraz əvvəl cavabdeh tərəfindən öz qardaşının mülkiyyətinə keçirilməsi təmin edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Qeyd olunan Məcəllənin 220.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi). Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz. “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı ilə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 17800 manat dəyərində olan “Ford” markalı, “Transit” modelli, **- UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Ağ” rəngli, furqon tipli, yük avtomobilinin yarı dəyəri 8900 manat; 6500 manat dəyərində olan “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli, minik avtomobilinin yarı dəyəri 3250 manat məbləğində pul, əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul və 164 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənn 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi təmin edilsin. İddiaçı ilə Cavabdeh ilə birgə nikah dövründə əldə etdikləri 17800 manat dəyərində olan “Ford” markalı, “Transit” modelli, **-UJ-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Ağ” rəngli, furqon tipli, yük avtomobilinin yarı dəyəri 8900 manat və 6500 manat dəyərində olan “QAZ” markalı, “3110” modelli, **-BD-*** dövlət qeydiyyat nişanlı, 2006-cı il buraxılışlı, “Qara” rəngli, sedan tipli, minik avtomobilinin yarı dəyəri 3250 manat məbləğində pul, əmlakın qiymətləndirilməsi ilə bağlı ödənilmiş 100 manat məbləğində pul və 164 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı verilsin. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağdaş Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cavid Sultanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar