Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağstafa rayonu İş № e-2(015)-563/2024 28.08.2024 AĞSTAFA RAYON MƏHKƏMƏSİ X4 Abbasovun sədrliyi, Məhkəmə iclas katibi X1 ilə, İddiaçı «Oba Market” MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi : İddiaçı MMC ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 3116,40 (üç min bir yüz on altı) manat 40 qəpik, mediasiya xərci kimi ödənilmiş 50 (əlli) manat dövlət rüsumu məbləğinin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixdən əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 329 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2022-ci il tarixində Oba – mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, “İnventarizasiya Nəticələrinə” dair Akta əsasən yekun ziyan məbləği cəmi 3681,88 (Üç min altı yüz səksən bir) manat 88 qəpik məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, yoxlamadan keçən dövrdə müvafiq güzəşt tətbiq edildikdən sonra qalıq borc 3116,40 (Üç min bir yüz on altı ) manat 40 qəpik təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir.Bununla yanaşı mediasiya prosesi keçirilmiş və həmin prosesdə hər hansı bir razılıq əldə olunmamışdır. Ona görə də iddiaçı təşkilat tərəfindən hazırki tələblə məhkəməyə müraciət edilmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı «Oba Market” MMC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edib göstərdi ki, cavabdeh İddiaçı MMC-də ilk öncə satıcı kassir vəzifəsində çalışmış, daha sonra adminstrator vəzifəsinə keçirilmişdir. Həmin vəzifədə işləyən zaman X5 haqqında müqavilə imzalamışdır. Həmin müqaviləyə əsasən mağazada əksik gəlmələr olarsa cavabdeh şəxs məsuliyyət daşıyır. 5 iyul 2022-ci il tarixdə yoxlama keçirilən zaman mağazada əksiklik müəyyən olunmuş, cavabdeh çağırılıb izahat almaq istəyərkən o, gəlməmişdir. Bununla bağlı akt tərtib edilmiş, cavabdeh həmin aktda da imza çəkməmişdir. 8 iyul 2022-ci il tarixdə cavabdehlə olan müqaviləyə xitam verilmişdir. X5 müqaviləsinin 3-cü bəndinə əsasən aktda qeyd olunub ki, aktda imza çəkməmək məsuliyyətdən azad etmir. Ona görə də qeyd etdiklərini nəzərə alıb iddianın təmin olunmasını xahiş etdi. İş üzrə iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxış iclasında iştirak etməmiş, məhkəməyə elektron qaydada ərizə göndərərək məhkəmə iclasını onun iştirakı olmadan keçirib iddianın təmin olunmasını, Cavabdeh isə məhkəmə iclaslarına gəlməmiş və heç bir üzrlü səbəb göstərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsini rəhbər tutaraq mülki işə tərəflərin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını nəzərdən keçirib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. İşdə olan sənədlərlə müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-ci il tarixdən əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və “X5” haqqında müqavilə imzalanmışdır. xx.xx.2020-ci il tarixində administrator vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 329 saylı əmrlə işdən azad edilmişdir. Bu hallar mübahisəsizdir, iş materialları ilə bu halları təsdiq edilir. Cavabdeh “Oba-Yeni Yasamal 19” mağazasında administrator vəzifəsində çalışdığı zaman inventarizasiya aparılmış və yoxlamanın nəticəsində onun cəmiyyətə zərər vurması müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticəsinə” dair akta əsasən yekun ziyan məbləği 3681,88 manat məbləğində zərər vurması məlum olmuş, cavabdehə həmin ziyandan 565,48 manat güzəşt edilmiş və 3116,40 manat ödənilməmiş ziyanlığı qalmışdır. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Ona görə də iddiaçı təşkilat Cavabdeh qarşı hazırki tələblə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İş materiallarında olan 31 yanvar 2023-cü il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticəsinə” dair akta əsasən yekun ziyan məbləği 3681,88 manat məbləğində zərər vurması məlum olmuş, cavabdehə həmin ziyandan 565,48 manat güzəşt edilmiş və 3116,40 manat ödənilməmiş ziyanlığı qalmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 191-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Qanunvericiliyə əsasən, əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyətin yaranması üçün ziyanın həqiqətən vurulduğunun aşkar olması, təqsirkarın əməlinin, yəni hərəkəti və ya hərəkətsizliyinin qanuna zidd olması və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqənin olması kimi 3 şərt müəyyən edilmişdir. Həmin Məcəllənin 191-ci maddəsinin 2-ci hissəsinə əsasən aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Bundan başqa, qanunvericiliyə əsasən, ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X5 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Belə ki, Mülki Məcəllənin 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Azərbaycan Respublikası Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1115-ci maddəsinin tələbinə görə, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticəsinə” dair akta əsasən iddiaçıya vurulmuş və ödənilməmiş qalan maddi zərərin əvəzinin 3116,40 manat məbləğdə ödənilməsi hissəsi əsaslıdır. Eyni zamanda iş materiallarında olan qəbzdən görünür ki, «Oba Market” MMC tərəfindən cavabdehə qarşı mediasiya xərci kimi 50 (əlli) manat dövlət rüsumu ödənilmiş və tərəflər arasında barışıq sazişi bağlanılmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 3.4-cü maddəsinə əsasən mediasiya prosesinin nəticəsində barışıq sazişi bağlanmadığı hallarda məhkəmədən əvvəl mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəfin və ya bu Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəfin məhkəməyə müraciət edərkən dövlət rüsumundan azad olunması məsələsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Məhkəməyə müraciət etdikdən sonra tərəflər arasında mediasiya prosesinin nəticəsində barışıq sazişi imzalanarsa, ödənilmiş dövlət rüsumu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq geri qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, Cavabdeh 3116,40 manat məbləğində maddi ziyan və 50 manat mediasiya xərci iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 213-214, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. Cavabdeh 3116,40 manat məbləğində maddi ziyan və 50 manat mediasiya xərci iddiaçı «Oba Market” MMC-nin xeyrinə tutulsun. Qətnamə rəsmi qaydada verildikdən sonra 01 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Natiq Abbasov
Məhkəmə qərarları › İş №e-2(015)-563/2024
Ağstafa Rayon Məhkəməsi Qətnamə — İş №e-2(015)-563/2024
28.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver