Məhkəmə qərarları › İş №e-2(016)-370/2024

Ağsu Rayon Məhkəməsi Qətnamə — İş №e-2(016)-370/2024

22.05.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağsu rayonu İş № e-2(016)-370/2024 22.05.2024 AĞSU RAYON MƏHKƏMƏSİ Hakim Əsgərov Anar Əlifağa oğlunun sədrliyi, Xalıqov Cavanşir Fayıq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi. Təsviri hissə: İşin halları: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cavabdehdən ona dəymiş ziyan 2.500 manat sintezatorun bazar qiymətində, 100 manat sintezatorla birlikdə verilmiş, örtük və ayaqlığın bazar qiymətində dəymiş ziyanı, tam yüklənmiş fleş kart (FAT32 sistemli) 70 manat dəyərində, sintezatorun sistem daxilində xüsusi musiqi proqramın dəyəri, proqramın dəyəri 300 manat və 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, ümümilikdə 3.000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona ödənilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh xx.xx.2023-cü il tarixində yaşadığı mənzilə gələrək, ondan KORQ PA 600 markalı, musiqi alətini (sintezator), 2 günlük istifadə üçün istəmişdir. O, həmin tarixdə sintezator və ona məxsus ayaqlıq, örtük cavahdehə təqdim olunmuş və söylənən vaxtda geri qaytarılması bildirilmişdir. Lakin söylənən müddət başa çatdıqda cavabdehlə əlaqə saxlamağa çalışsa da, bu mümkün olmamışdır. Sonradan məlum olmuşdur ki, cavabdeh ondan musiqi alətini aldıqdan sonra Ağsu Rayon Məhkəməsi tərəfindən inzibati qaydada həbs olunmuşdur. Cavabdeh inzibati həbsdən azad olduqdan sonra dəfələrlə cavabdehə istər zəng, istərsə də, sosial şəbəkələr vasitəsilə etdiyi müraciətlərə rəğmən cavabdeh ona sintezatoru qaytarmamış və bu günə kimi müxtəlif yalan variantlarla götürdüyü məsuliyyətdən yayınmağa çalışmışdır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia ərizəsində göstərilənləri müdafiə edərək bildirdi ki, Səidin kiməsə borcu olub, onun sintezatorunu da yəqin ki, borcunu vermək üçün satıb. O, sintezatoru 2018-ci ildə almağına baxmayaraq, təzə saxlamışdır. Sintezatoru 5-6 il bundan əvvəl 1.700 manata almışdır. İddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barəsində məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə - MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iddiaçının izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmənin sorğusu əsasında Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktuba əlavə edilmiş arayışdan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 1 ünvanında yaşayan İddiaçı ərizə ilə 40-cı PByə müraciət edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə qonşuluqda yaşayan Cavabdeh özünə məxsus 2.000 manat dəyərində olan sintezator musiqisi alətini iki gün müddətinə vermiş, lakin sonradan geri ala bilməmiş, bu barədə ona köməklik göstərilməsini xahiş etmişdir. Ərizəyə baxılarkən göstərilən xüsusatlar mülki xarakterli olduğundan vətəndaşa məhkəməyə müracət etməsi tövsiyə olunmuşdur. X1 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, İddiaçı onun oğludur. Cavabdehin atası da, anası da onlara gəlib-gedən adam olub. Bir gün Cavabdeh onlara gəlib oğlunun sintezatorunu 2 günlük istəmiş, o, vermək istəməmiş, lakin oğlu ürəyi yumşaq adam olduğuna görə sintezatoru vermişdir. Cavabdeh sintezatoru gətirib qaytarmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Məhkəmə nəzərə alır ki, hazırkı mübahisənin halları baxımından iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddəyə əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Məhkəmə iclasında müəyyən olundu ki, Cavabdeh İddiaçı məxsus KORQ PA 600 markalı sintezatoru ondan 2 gün müddətinə istifadə etmək üçün istəmiş, İddiaçı 1.700 manata aldığı sintezatoru, onunla birlikdə örtük və ayaqlığı və fleş kartı cavabdehə vermişdir. Lakin Cavabdeh iddiaçıdan götürdüklərini vəd etdiyi vaxta ona geri qaytarmamışdır. Bu səbəbdən, iddiaçı həmin əşyaların dəyərini cavabdehdən tələb edir. Məhkəmə iddia tələbinin “sintezatorun sistem daxilində xüsusi musiqi proqramın dəyəri 300 manat pulun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi həmin hissədə təmin edilə bilməz. Belə ki, iddiaçı sistem daxilində 300 manat məbləğində proqram təminatının olması ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. MPM-in: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 1.870 manat məbləğində vəsait alınaraq İddiaçı verilməlidir. Məhkəmə iddia tələbinin “ödənilmiş dövlət rüsumunun cavabdehdən alınması” hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə də əsaslıdır. Belə ki, MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Nəticə hissəsi: Yuxarıda göstərilənlərə və MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh sintezatorun dəyəri 1.700 manat pul, sintezatorla birlikdə verilmiş örtük və ayaqlığın dəyəri 100 manat pul, fleş kartın (FAT32 sistemli) dəyəri 70 manat pul, cəmi 1.870 manat məbləğində pul vəsaiti və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Ağsu Rayon Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Anar Əsgərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar