Məhkəmə qərarları › İş №e-2(017)-28/2025

Ağcabədi Rayon Məhkəməsi Qətnamə — İş №e-2(017)-28/2025

26.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağcabədi rayonu İş № e-2(017)-28/2025 26.05.2025 AĞCABƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ləzimov Sulduz Paşa oğlunun sədrliyi, Paşayev Babək Zahid oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi, order üzrə vəkili Ağcabədi rayon Vəkil Bürosunun vəkili Nümayəndə ştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 6000 manat borc pulun, ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili Nümayəndə iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, İddiaçı Ağcabədi rayonunun Poladlı kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan iş üzrə Cavabdeh 27 fevral 2024-cü il tarixdə 1 aya qaytarmaq şərti ilə 6.000 (altı min) manat məbləğində borc pul vermişdir. Cavabdeh 6.000 (altı min) manat məbləğində borc pul alması barədə şəxsən özü qəbz yazaraq imzası ilə təsdiq edib idiaçıya vermişdir. Cavabdeh tərəfindən ondan alınmış 6.000 (altı min) manat məbləğində borc puldan bu günədək ona heç bir məbləğdə pul qaytarılmamışdır. İddiaçı tərəfindən dəfələrlə cavabdehə aldığı borc pulu qaytarması barədə müraciət etmiş, lakin müraciətlərinin heç bir nəticəsi olmamışdır. Cavabdeh ekspertiza təyin etdirmiş, yenə də qəbzin onun tərəfindən yazılması ekspert rəyi ilə təsdiq olunmuşdur. Odur ki, məhkəmədən iddia tələbinin təmin edilməklə Cavabdeh xeyrinə 6.000 (altı min) manat məbləğində pulun, ödənilmiş 80 manat dövlət rüsumunun və hüquqi yardıma görə ödənilmiş 500 manat pulun tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmənin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə bu halda Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, Cavabdeh İddiaçı 6.000 (altı min) manat məbləğində pul borcu vardır. İş materiallarından görünür ki, cavabdehin şifahi vəsatəti üzrə borc pul almasına dair qəbzin onun tərəfindən icra oluknub- olunmamasına dair Ağcabədi rayon Məhkəməsinin 14 mart 2025-ci il tarixli, 2(017)- 1630/2024 saylı qərardadı ilə iş üzrə məhkəmə - xəttşünaslıq ekspertizası təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 14 mart 2025-ci il tarixli, 3-16/2-4/336/2025 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş mülki işin 13-cü vərəqəsində olan Cavabdeh adından olan 6.000 manata dair borc qəbzinin mətni və həmin qəbzin sonunda Cavabdeh yazısının qarşısındakı imza– Cavabdeh tərəfindən icra olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı tərəfindən 27 fevral 2024-cü ildə Cavabdeh 6.000 (altı min) manat məbləğində borc pul verilmiş, Cavabdeh öz xətti ilə bu barədə qəbz yazmış və həmin borc puldan cavabdeh tərəfindən iddiaçıya heç bir məbləğdə pul qaytarılmamışdır. Məhkəmə – imza və xəttşünaslıq ekspertizasının rəyinə əsasən 6.000 manat borcun alınmasına dair qəbz Cavabdeh tərəfindən yazılaraq icra olunmuşdur. Azərbaycan Respublikası MM-nin 739.1-ci maddəsində göstərilir ki, müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-cı maddəsində göstərilir ki, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qanunun normasından və məzmunundan göründüyü kimi qanunvericilik nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərcləri ağlabatan məbləğdə müəyyən edilməsini qeyd etmişdir. Xərclərin ağlabatan məbləği anlayışı qiymətləndirilən anlayış olub, hər bir iş üzrə konkret hallar nəzərə alınmaqla onun məzmunu müəyyən edilməlidir. Bir mülki iş üzrə ağlabatan olan məbləğ başqa bir iş üzrə ya həddən artıq, ya da həddən az məbləğ kimi qəbul edilə bilər. Mübahisənin hüququn hansı sahəsinə aid olması, nümayəndənin (vəkilin) iş təcrübəsi, hüququn konkret sahəsindən və ya konkret institutdan olan mübahisələrin həlli ilə əlaqədar işlərin aparılmasında nümayəndənin (vəkilin) ixtisaslaşması, işlərin müxtəlif səviyyəli mürəkkəblik dərəcələri, hüquqi yardımın qısa müddət ərzində göstərilməsi, habelə hüquqi yardımın hansı bölgədə (ərazidə) göstərilməsi və. sairə hallar xərclərin məbləğinə təsir göstərir. Nümayəndənin və ya vəkilin göstərdiyi hüquqi yardıma görə xərclərin ağlabatan məbləğinin müəyyən edilməsində sadalanan hallar, habelə həmin bölgədə (ərazidə) həmin kateqoriyadan olan işlər üzrə hüquqi yardımın göstərilməsinə görə ödənilən, təcrübədə formalaşmış məbləğ, məhkəmədə baxılan işin mürəkkəblik səviyyəsi, nümayəndənin, (vəkilin) iştirak etdiyi (deməli vaxt sərf etdiyi) məhkəmə hərəkətlərinin (iclaslarının) sayı və davam etmə müddəti, sərf olunan maddi vəsaitlərin həcmi, göstərilən hüquqi yardımın nəticəsi olaraq müəssisənin daha çox itkidən yaxasını qurtarması və s. aiddir. Məhkəmə hüquqi yardıma görə xərclərin ağlabatan məbləğini müəyyən edən zaman xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini xeyrinə qətnamə çıxarılanın təqdim etdiyi hesab və konkret hallar, yəni göstərilən yardımın həcmi, nümayəndələrin sayı, baxılan işin mürəkkəbliyi və s. hallarla şərtlənmişdir. Məhkəmə yuxarıda qeyd edilən qanun normaları və iş üzrə müəyyən edilmiş faktiki hallara uyğun olaraq hesab edir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən tələb edilən 500 manat hüquqi yardıma görə ödənilmiş xərcin əvəzi tam olaraq təmin edilə bilməz. Belə ki, işin mürəkkəbliyi, iddia ərizəsinin formasını, habelə vəkilin məhkəmədə iştirak etməməsini nəzərə alaraq hüquqi yardıma görə 300 manat ödənilmiş xərcin əvəzi borcludan tutulmalı yəni, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 103.1-ci maddəsində göstərilir ki, ekspertin rəyi bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Həmin Məcəllənin 217.4-cü maddəsində göstərilir ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təsdiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılmasına görə iddiaçının ödədiyi 80 manat dövlət rüsumu iddiaçının xeyrinə cavabdehdən tutulmalıdır. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul tutulmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara hüquqi qiymət verərək belə bir nəticəyə gəlir ki, İddiaçı tərəfindən Cavabdeh 6.000 (altı min) manat məbləğində borc pul verilmiş, lakin verilən borc pul sonuncu tərəfindən iddiaçıya ödənilməmişdir. Cavabdeh borclu olduğu pulun qaytarılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi pozmaqla onu icra etməmişdir. Ona görə iddia qismən təmin olunaraq cavabdehdən 6000 manat məbləğdə borc pul, hüquqi yardıma görə 300 manat və 80 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən də məhkəmə İddiaçı iddia tələbinin qismən təmin olunması qənaətinə gəldi. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213-214, 216-220, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 6000 (altı min) manat məbləğində borc pul, hüquqi xidmətə görə 300 (üç yüz) manat və ödənilmiş 80 manat dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Cavabdeh ekspertiza tədqiqatının dəyəri olan 124 manat məbləğində pul tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Ekspertiza Mərkəzinin hesabına keçirilsin. (VÖEN **********, hesab AZ41NABZ**********0********) İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Ağcabədi Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sulduz Ləzimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar