Məhkəmə qərarları › İş №e-2(019)-1032/2023

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1032/2023

25.10.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1032/2023 25.10.2023 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyi, ərizəçi Bodurova (Muradova) Səbinə Aydın qızının iştirakı ilə, Ərizəçi Bodurova (Muradova) Səbinə Aydın qızının mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs2 ilə aralarında xx.xx.2022-ci il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, xx.xx.2022ci il tarixdən başlayaraq birgə nikahlarından 11 yanvar 2018-ci il tarixdə anadan olmuş X2 və 09 yanvar 2020-ci il tarixdə anadan olmuş X3 baxılması üçün hər ay iki uşaq üçün 400 manat alimentin ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, Maraqlı şəxs2 ilə nikahlarını 28 sentyabr 2016-cı il tarixdə Balakən rayon Qeydiyyat şöbəsində 205 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından 11 yanvar 2018-ci il tarixdə X6 və 09 yanvar 2020-ci il tarixdə X7 adlı uşaqları doğulmuşdur. Evləndikləri ilk vaxtlarda Maraqlı şəxs2 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar. Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş, münasibətləri pisləşmişdir. Balakən Rayon Məhkəməsinin 2(019)-790/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən nikahları pozulmuşdur. Eyni zamanda Mediasiyada cavabdehlə birgə nikahlarından olan iki uşağın baxılması üçün hər ay iki uşaq üçün 400 manat alimentin verilməsinə razılaşmışlar. Bu barədə xx.xx.2022-ci il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs2 müəyyən müddət alimenti ödəmiş, lakin son iki ayda alimenti ödəməmiş, o, alimenti istədiyində, ödəməyəcəyini bildirmişdir. Maraqlı şəxs2 barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Qeyd edilənləri nəzərə alıb ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Maraqlı şəxslər Maraqlı şəxs2 və mediator Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə maraqlı şəxslər Maraqlı şəxs2 və mediator Maraqlı şəxs1 iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 30 yanvar 2018-ci il tarixdə verilmiş AZ-İV seriyalı 070849 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2018-ci ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Qeydiyyat Şöbəsi tərəfindən 18 yanvar 2020-ci il tarixdə verilmiş AZ-İV seriyalı 407268 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2020-ci ildə anadan olmuş, atası Maraqlı şəxs2, anası X4 qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş 08 iyul 2022-ci il tarixli barışıq sazişində göstərilmişdir ki, tərəflər qismən barışıq sazişi imzalayaraq nikahın pozulmasına razılaşdılar;birgə nikahdan dünyaya gəlmiş iki uşağın ananın himayəsinə verilməsinə razılaşdılar,alimentə hər ay iki uşaq üçün 400 AZN verməyə ata Maraqlı şəxs2 razılaşdı.Cehizlə əlaqədar heç bir problem yoxdur. Atayla görüş gününün hər gün saat 09:00-dan-18:00 olmağına tərəflər razılaşdılar. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli e-2(019)-790/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnamə ilə iddianın təmin edilməsi, iddiaçı Maraqlı şəxs2 ilə cavabdeh X4 arasında bağlanmış 28 sentyabr 2016-cı il tarixdə Balakən Rayon Qeydiyyat Şöbəsində 205 nömrə ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Məhkəmə Ərizəçi izahatını dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs2 ilə nikahlarını 28 sentyabr 2016-cı il tarixdə Balakən rayon Qeydiyyat Şöbəsində 205 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından 11 yanvar 2018-ci ildə X6 və 09 yanvar 2020-ci il tarixdə X7 adında iki uşaqları olmuşdur. Nikahın pozulması, uşağın himayəsi, aliment tələbi, ata ilə ünsiyyət və cehiz tələbinə dair tələblərlə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs2 ilə aliment məbləğinin təyin olunması ilə bağlı razılığa gəlmişlər və bu barədə 08 iyul 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs2 son iki ayda barışıq sazişində göstərilən tələbi icra etməmişdir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış, nikahın pozulması, uşağın himayəsi, aliment tələbi, ata ilə ünsiyyət və cehiz tələbinə dair 08 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilməli, barışıq sazişinin bağlandığı vaxtdan-08 iyul 2022-ci il tarixdən başlayaraq (barışıq sazişi bağlandıqdan sonra edilmiş ödənişlər nəzərə alınmaqla) hesablanmaqla 11 yanvar 2018ci ildə doğulmuş X2 və 09 yanvar 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay iki uşaq üçün 400 manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi verilməlidir. Qətnamə dərhal icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış, nikahın pozulması,uşağın himayəsi,aliment tələbi,ata ilə ünsiyyət və cehiz tələbinə dair 08 iyul 2022-ci il tarixli barışıq sazişi təsdiq edilsin. Ərizəçi ilə Maraqlı şəxs2 arasında bağlanmış 08 iyul 2022-ci il tarixli barışıq sazişinin bağlandığı gündən-08 iyul 2022-ci il tarixdən başlayaraq (barışıq sazişi bağlandıqdan sonra edilmiş ödənişlər nəzərə alınmaqla) 11 yanvar 2018-ci ildə doğulmuş X2 və 09 yanvar 2020-ci ildə doğulmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs2 hər ay iki uşaq üçün 400 manat məbləğində aliment tutularaq Ərizəçi verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar