Məhkəmə qərarları › İş №e-2(019)-1064/2024

Balakən Rayon Məhkəməsi Qətnamə — İş №e-2(019)-1064/2024

28.10.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Balakən Rayonu İş № e-2(019)-1064/2024 28.10.2024 BALAKƏN RAYON MƏHKƏMƏSİ Hakim Səlimov Hümbət Qamuna oğlunun sədrliyi, məhkəmə iclas katibi Dibirova Leyla Rəfail qızının katibliyi, Ərizəçi və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizəçi ərizə ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək Maraqlı şəxs1 ilə aralarında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi, birgə nikahlarından xx.xx.2018-ci ildə anadan olmuş X5 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 baxılması üçün hər ay hər uşaq üçün 180 manat cəmi -360 manat alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Maraqlı şəxs1 ilə nikahlarını 22 noyabr 2017-ci il tarixdə Balakən rayon Şərif kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyində 17 nömrə ilə rəsmiləşdirməklə evlənmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2018-ci ildə X5 və xx.xx.2021-ci il tarixdə X4 adında iki uşaqları olmuşdur. Evləndiyi ilk vaxtlarda Maraqlı şəxs1 ilə ailə münasibətləri normal olmuş, mehriban ailə kimi yaşamışlar.Daha sonra aralarında ailə münasibətləri zəminində mübahisələr baş vermiş,münasibətləri pisləşmişdir. Belə ki, Maraqlı şəxs1 ona qarşı fiziki olaraq şiddət göstərmiş,gecələr evə gəlməmiş,aliləsi ilə maraqlanmamışdır. O,mediasiyaya müraciət etmişdir.Mediasiyada nikahın pozulmasına,uşağın onun himayəsində qalmasına, birgə nikahlarından olan ik uşağın baxılması üçün hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat alimentin ona verilməsinə və uşaqların ataları ilə ünsiyyətinə razılaşmışlar. Bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalamışlar. Maraqlı şəxs1 alimenti vaxtında ödəməmiş, barışıq sazişində göstərilən tələbi icra etməmiş, eyni zamanda barışıq sazişinə riayət etməkdən imtina etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs1 məhkəmə iclasında göstərdi ki,o, Ərizəçi ilə 22 noyabr 2017-ci ildə rəsmi nikah bağlamaqla evlənmişdir. Birgə nikahlarından xx.xx.2018-ci ildə Sabrina və xx.xx.2021-ci ildə Şəmsəddin adında iki uşaqları doğulmuşdurlar.Uşaqlar ərizəçinin himayəsində yaşayırlar. xx.xx.2024-cü il tarixdə onlar Balakən rayon Mediasiya Şurasında razılığa gələrək Barışıq sazişi bağlamışlar.Həmin Barışıq sazişinə əsasən o, birgə nikahlarından xx.xx.2018-ci il tarixdə doğulmuş X3 və xx.xx.2021-ci il tarixdə doğulmuş X1 üçün hər ay hər uşağa görə 180 manat olmaqla, cəmi 360 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. O, Balakən Rayon Gənclər və İdman məktəbində məşqçi işləyir. Əmək haqqısı ödənəndə alimenti ödəyir. Alimentin ödənməsində gecikmələr bununla bağlı olmuşdur.Ərizənin təmin edilməsinə etiraz etmir. Maraqlı şəxs-Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq işə Maraqlı şəxs2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 03 sentyabr 2024-cü il tarixdə verilmiş 478 nömrəli nikah haqqında arayışın surətindən görünür ki,Maraqlı şəxs1 ilə X6 arasında 22 noyabr 2017-ci ildə 17 nömrə ilə nikah bağlanmış, nikah bağlanandan sonra arvada Filiyeva soyadı verilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 03 sentyabr 2024-cü il tarixdə verilmiş 479 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2018-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən Regional “Asan Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat Şöbəsi tərəfindən 03 sentyabr 2024-cü il tarixdə verilmiş 480 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 18 mart 2021-ci ildə anadan olmuş, atası Maraqlı şəxs1, anası Ərizəçi qeyd edilmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş Şəki 1 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/Ş1-2024-01598 nömrəli Mediasiya prosesinə xitam verilməsi barədə protokoldan görünür ki,tərəflər ilkin mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci Ərizəçi tərəfindən ödənmişdir. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli MŞŞ/Ş1-2024- 01598 nömrəli Barışıq Sazişində göstərilmişdir ki;Tərəflər Mediasiya sessiyasında iştirak etdilər: Sazişin nəticələri: 1.Tərəflər barışıq sazişi bağlayaraq nikahın pozulması- tərəflər Ərizəçi və Maraqlı şəxs1 Azərbaycan Respublikası Şərif kənd icra nümayəndəliyi tərəfindən qeydə alınmış nikahın pozulmasına hər iki tərəf razılaşdılar. Uşaqların himayəsi-Tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il doğumlu X4 və xx.xx.2018-ci il doğumlu X3 himayəsinin Ərizəçi verilməsinə hər iki tərəf razılaşdı. Aliment tələbi-Tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il doğumlu X4 və xx.xx.2018-ci il doğumlu X3 yaşayışı üçün nəzərdə tutulan aliment məbləğin hər ay hər uşaq üçün 180 AZN (yüz səksən manat) ödənilməsinə hər iki tərəf könüllü razılıq əldə etdilər. Alimentin ödəniş qaydası 01 sentyabrda ödəniləcək. Aliment ödənişi hər ay Ərizəçi kart hesabına Kart Nömrəsi: 5239 1517 4107 2879 hesabına ödəniləcək. Atayla ünsiyyət -.tərəflər Ərizəçi və Maraqlı şəxs1 birgə nikahdan dünyaya gələn xx.xx.2021-ci il doğumlu X4 və xx.xx.2018-ci il doğumlu X3 atayla ünsiyyət hüqununun hər həftə şənbə və bazar günləri saat 10:00-dən 18:00-dək olmağına razılaşdılar. Qeyd:Atayla ünsiyyət vaxtının nəzərdə tutulan saatı keçməməlidir,əgər bu hal baş verərsə tərəf hüquq Mühafizə orqanlarına müraciət edəcək. Məhkəmə ərizəçini və məhkəmə iclasına gəlmiş maraqlı şəxsi dinləyib, işdə olan sənədlərə baxaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında sübutların bilavasitə tədqiqi əsasında müəyyən edildi ki, Ərizəçi Maraqlı şəxs1 ilə nikahlarını 22 noyabr 2017-ci ildə Balakən rayon İHB Şərif kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 17 nömrə ilə rəsmiləşdirməklə evlənmişlər. Tərəflərin birgə nikahlarından xx.xx.2018-ci ildə X5 və xx.xx.2021-ci ildə X4 adında iki uşaqları olmuşdur. Nikahın pozulması ilə bağlı Ərizəçi mediatora müraciət etmiş, Mediasiya prosesində Maraqlı şəxs1 ilə hər ay hər uşağa 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment ödənilməsi ilə bağlı razılığa gəlmişlər və bu barədə xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Maraqlı şəxs1 barışıq sazişinin şərtlərinə əməl etmədiyindən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33.1-ci maddəsinə əsasən barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.1. müqavilənin tarixi və tərtib olunduğu yer; 33.1.2. tərəflər haqqında məlumat; 33.1.3. mübahisənin predmeti; 33.1.4. mediator (mediatorlar) və mediasiya prosesi mediasiya təşkilatı vasitəsilə həyata keçirildikdə mediasiya təşkilatı haqqında məlumatlar; 33.1.5. mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri; 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri; 33.1.7. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər. Həmin Qanunun 34.1-34.5-ci maddələrinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3 maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. Mülki Prosessual Məcəllənin 305.1.17-ci maddəsinə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmən xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 355-23.1-ci maddəsinə əsasən "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-23.2-ci maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə,barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmş halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Məhkəmə,bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, tərəflər arasında barışıq sazişinin nikahın pozulması, uşağın himayəsi, aliment və atanın uşaqlarla ünsiyyəti ilə bağlı bağlanmasını, Ərizəçi ərizəsində barışıq sazişinin bağlanmasını xahiş etsə də,o faktiki olaraq barışıq sazişinin alimentə aid hissədə təsdiqi üçün məhkəməyə müraciət etməsini, qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış, xx.xx.2024-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 180 manat-cəmi 360 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunmalı, ərizə qalan hissədə təmin edilməməlidir.Alimentin tutulması ,barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış aylıq ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220,234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ət etdi : Ərizə qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs1 arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi, Ərizəçi ilə Maraqlı şəxs1 birgə nikahından xx.xx.2018-ci ildə doğulmuş X3 və xx.xx.2021-ci ildə doğulmuş X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün Maraqlı şəxs1 hər ay hər uşaq üçün 180 manat, cəmi 360 manat məbləğində aliment tutularaq Ərizəçi ödənilməsinə aid hissədə təsdiq olunsun. Ərizə qalan hissədə təmin edilməsin. Alimentin tutulması, barışıq sazişinin bağlandığı vaxtdan-xx.xx.2024-cü il tarixdən (həmin tarixdən sonrakı müddət ərzində aparılmış aylıq ödənişlər nəzərə alınmaqla) hesablanmaqla icra edilsin. Qətnamə alimentin tutulmasına aid hissədə dərhal icra edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Balakən Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə Apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Hümbət Səlimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar